SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: Füzulidə «Son zəng»

  57768   |  
Şriftin ölçüsü  

Horadiz şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sədaqət İsmayılzadənin çıxışı çoxlarını kövrəltdi

Bu il ümumtəhsil məktəblərini 84 mindən çox məzun bitirir. Yəni, orta məktəblə, müəllimlərlə vidalaşan 11-cilər bu qədərdir. Onların hansı hisslər, hansı duyğular, hansı yaşantılar keçirdiyi mənim üçün çox doğmadır. Ən azından ona görə ki, biz də məzun olmuşuq və biz də indiki 11-cilərin sevincini, kədərini düz 50 il bundan əvvəl yaşamışıq və düz 50 il bundan əvvəl Bəhməndəki orta məktəbdə və direktorumuz rəhmətlik Əvəz Əliyevin nəzarəti altında «Son zəng» keçirmişik.  Hələ də elə bilirəm ki, kimsə gəlib məni ayağa qaldıracaq, sorğu-suala tutacaq və yaxşı cavab vermədiyimə görə Əvəz müəllim əsəbləşəcək. Hərçənd ki, heç vaxt nə direktorumuz rəhmətlik Əvəz müəllim, nə də digər müəllimlərimiz məndən narazı qalmayıblar. Əksinə bütün fənlərdən yaxşı oxuduğuma görə «5» yazıblar.

Görün hardan gəlib hara çıxdım. Məktəb illərinin xatirəsi düz məni 50 il bundan əvvələ apardı, gözümün önündən 50 il bundan əvvəl mənə dərs demiş bütün müəllimlər keçdi və sinif yoldaşlarım yadıma düşdü. Çox kövrək, çox kədərli, çox nisgilli anlardı... Və hər dəfə «Son zəng»də mən bu hissləri yaşayıram. Yenə yadıma sözləri Kəmalə Abıyevaya məxsus olan Lalə Məmmədovanın ifa etdiyi «Məktəb illəri» şeirindən bir parça düşür:

 Məktəb illəri…
Ömrümün ən şirin duyğulu qayğısız günləri…
Hər anı bir ömrə bərabər sehirli günləri…
Ən təmiz arzulu günləri….

...Nə qədər kövrək, nə qədər həyəcanlı anlar. Bu anları Füzuli rayonunun Horadiz şəhərindəki 1 nömrəli  tam orta məktəbin məzunları da yaşayırlar. Ona görə ki, bu gün onlar 11 il  oxuduqları məktəblə, müəllimlərlə vidalaşırlar.  Bir vaxtlar bu məktəbə əməkdar müəllim, gözəl pedaqoq və böyük ziyalı Hafiz Tahirov direktorluq edib. Və bu məktəbdə çox gözəl nizam-intizam və yüksək sağlam mühit yaradıb. Amma o, 5-6 aydır ki, Allahın dərgahına qovuşub. Buna baxmayaraq, həmin məktəbdə onun qoyduğu ənənə və işıqlı yol davam etdirilir. Bütün müəllimlər çox həyəcanlı və narahat idi. Təkcə onlar həyəcanlı deyildi, həm də 11-cilər narahat idilər. 

...Bir azdan məktəbin həyətində 11-cilər əllərində gül dəstəsi görünməyə başlayır... Bir azdan onlar daha da çoxalır və əllərində gətirdikləri qızılgül dəstəsinin ətri ətrafı öz gözəlliyinə qərq edir... Bir azdan 11-cilər hamısı yavaş-yavaş bir yerə toplaşır... Gözlərdə sevinc və kədər... Bəzilərinin dodaqları səyriyir... Və bu da çox təbiidir. Onların qəlbini, ürəyini duymaq o qədər də çətin deyil. 11-cilər «Son zəng»də kövrək çıxışlarla bir daha sinif yoldaşlarını və tədbirdə iştirak edənləri kövrəldirlər. 

Məktəbin 11 a sinif şagirdi Sədaqət İsmayılzadənin kövrək notlar üzərində köklənmiş çıxışı tədbirdə iştirak edənləri kövrəldir. Təbii ki,  Sədaqət İsmayılzadə 11 il bu məktəbdə oxuyub. İbtidai sinif müəllimlərini, ayrı-ayrı fənn müəllimlərini, onların çəkdiyi əziyyəti dilinə gətirərək kövrələ-kövrələ deyir: «Müəllimlərim, mən sizi valideynlərim qədər çox istəyirəm, çünki siz bizim hər birimizin üstündə yarpaq kimi əsmisiniz, bütün dəcəlliyimizə, şıltaqlığımıza dözmüsünüz və axırda da bizi gətirib bu mərtəbəyə çatdırmısınız. Biz göydə Allaha, yerdə valideynlərimizə və müəllimlərimizə minnətdarıq ki, əziyyətimizi çəkiblər. Və biz də çalışacağıq ki, onların zəhmətini, əziyyətini həyatda dəyərləndirək. Yaxşı təhsilimizlə, seçdiyimiz peşə və sənətlə bu vətənə, bu xalqa, bu millətə xidmət edəcəyik və ən nəhayət, sonda bu gözəl anları -  «Son zəng»i bizə bəxş etdiyinə görə Təhsil naziri, hörmətli Emin Əmrullayevə öz minnətdarlığımı bildirirəm. Mənim sinif yoldaşlarım da bu sevincli anlara görə bir daha Təhsil nazirinə və digər qurumlara öz təşəkkürlərini bildirirlər»...

...Bir-birinin ardınca digər məzunlar da çıxış eləyirlər. Onların da çıxışları müəllimlərə və əziyyət çəkən digər ziyalılara minnətdarlıqla bağlı idi. Çıxış edən hər bir məzun bu xoş anlara görə özlərini xoşbəxt sayırdılar. 

Füzuli rayonundakı 46 nömrəli tam orta məktəbdə də «Son zəng»ə hazırlıq çox yüksək səviyyədə görülmüşdü. Tədbirdə məktəbin müəllimləri və 11-cilər iştirak edirdilər. Onu da bildirək ki, ötən il bu məktəbi bitirmiş neçə-neçə məzun müxtəlfi ali məktəbin tələbəsi adını qazanıb. Bu il 11-cilərin Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən keçirilmiş buraxılış imtahanında bir neçə şagird yüksək bal toplayıb. Tədbiri məktəbin direktoru Gülnaz Məmmədova açır və 11-ciləri salamlayır. O deyir ki, siz bu 11 ildə çox çətinliklərlə üzləşmisiniz. Çünki bizim məktəb Bakı şəhərində fəaliyyət göstərir. Çətin, elə  də şəraiti olmayan bir yerdə təlim və tədrisi yüksək səviyyədə təşkil etmək o qədər də asan deyil. Şükürlər olsun ki, ötən ilin sentyabrın 27-dən noyabrın 10-a qədər torpaqlarımızın azadlığı uğrunda gedən İkinci Qarabağ Savaşında Füzuli rayonu da erməni işğalından tam azad olunub. Yəqin ki, növbəti illərdə bu «Son zəng»i biz doğma elimizdə, obamızda keçirə biləcəyik. Ancaq məni sevindirən odur ki, bizim məzunlar çətin şəraitdə də olsa, bütün elmi biliklərə və texnologiyaya yaxşı yiyələnib, müəllimlərimizin zəhmətini itirməyiblər. Eyni zamanda elə şagirdimiz var ki, biz onlara qəbul imtahanında çox böyük ümidlə baxırıq. Çünki onlar savadlıdılar və seçdikləri ixtisasa uyğun olaraq yüksək bal toplaya bilərlər. 

Gülnaz Məmmədova və digər müəllimlər 11-cilərin çıxışını eşitdikcə daha da kövrəldilər. Amma onlara təsəlli verən odur ki, 46 nömrəli məktəb cəmiyyət və vətən üçün savadlı, tərbiyəli və vətənpərvər gənclər yetişdiriblər. Üstəlik də məktəbin hər bir müəllimi və məzunu Təhsil Nazirliyi tərəfindən yaradılmış bu «Son zəng» tədbirinə görə nazir Emin Əmrullayevə öz minnatdarlıqlarını bildirdilər.

Rayonun Böyük Bəhmənli kəndindəki Allahyar Əliyev adına tam orta məktəbdə də «Son zəng» çox böyük coşğu və sevinclə keçirilib. Bir faktı qeyd edək ki, bu məktəb rayonun nümunəvi təhsil ocaqlarından sayılır. Çünki hər il həmin məktəbi bitirən çoxlu sayda məzun ali və orta ixtisas məktəblərinə daxil olurlar. Elə məzun var ki, 600-ə yaxın bal toplayıb. Bu isə o deməkdir ki, məktəbdə təlimin, tədrisin keyfiyyəti çox yüksəkdir. Məktəbin direktoru Həsən Rzayev çox tələbkar, tədrisin və təlimin səviyyəsini yüksəltməyə çalışan təcrübəli bir pedaqoqdur. Onu da qeyd edək ki, hər il məzunlarla bağlı «Son zəng» olanda burda qeyri-adi bir aura yaranır. Ən azından ona görə ki, bu məktəbin zəngin və müasir bir tarixi var. Bu tarix də onunla bağlıdır ki, hər bir şagird vətən üçün, millət üçün, dövlət üçün canından belə keçməyə hazırdır. Məktəbin bir neçə məzunu Azərbaycanın azadlığı, müstəqilliyi yolunda, eləcə də 1-ci və 2-ci Qarabağ savaşında şəhid olub və onların da xatirəsi həmişə pedaqoji kollektiv tərəfindən xatırlanır. O, abidənin önünə tər gül dəstələri, çiçəklər düzülür. 

Həsən Rzayev «Son zəng»də çıxış edərək bir daha müəllimləri və 11-ciləri təbrik edir. Düzdü, onun çöhrəsində bir kədər də var. Amma bir müddətdən sonra o kədəri, o nisgili, sevinc hissləri, xoş duyğular əvəz edir. Həsən müəllim çıxışında bir daha məzunlarına inandıqlarını və onların etimadlarını doğruldacaqları fikrini səsləndirir. Deyir ki, buraxılış imtahanlarında yüksək bal toplayan məzunlarımız çoxdur. Ancaq biz inanırıq ki, qəbul imtahanında məzunlarımız daha yüksək bal yığaraq ən nüfüzlü ali təhsil ocaqlarının tələbəsi olacaqlar. Üstəlik də mən bir bəhmənli oğlu kimi öz məzunlarımla, öz şagirdlərimlə həmişə qürur duymuşam. Çünki onlar bizim çəkdiyimiz zəhməti, əməyi heç vaxt itirməyiblər. Həyatın sınaqlarından, bərkindən, boşundan çıxaraq yeni bir dünyaya qədəm qoyublar. Və sevinirəm ki, bizim savadlı, tərbiyəli, vətənpərvər məzunlarımız çoxdur. 

Bu da «Son zəng»... Bu da kövrək anlar, kövrək dəqiqələr və bu kövrək anlar, kövrək dəqiqələr bir az da çöhrələrdə sevinclə əvəzlənəcək... Və bir azdan o kədərli notları 11-cilərin gülüşləri, sevincləri dəyişəcək... O gülüşləri, o sevincləri ki, onlar bundan sonra da yaşayacaqlar. Həyatın dilini tapanları, çətin andan çıxanları, müəllimlərini unutmayanları dünya da çox istəyir. Və 11-cilər bu dünyanın astanasından və pəncərəsindən boylanıb onları gözləyən işıqlı yola doğru addımlayacaqlar. Yolunuz işıqlı, nurlu olsun 11-cilər!
  

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK