adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyun 2021 13:25
82794
MÜSAHİBƏ
A- A+

“Bəşəriyyət öz mövcudluğunu don kixotlara borcludur” – MÜSAHİBƏ

Müsahibimiz yazıçı, jurnalist, “Hədəf Nəşrləri”nin redaktoru Cavid Qədirdir. Onunla jurnalistika və ədəbiyyat barədə söhbətləşmişik:

- Cavid, uzun illərdir,“525-ci qəzet”də çalışırsan...

- Bəli. Universiteti bitirəndən “525-ci qəzet”in əməkdaşıyam.Hazırda “Hədəf Nəşrləri”ndə çalışsam da, “525-ci qəzet”lə əməkdaşlığımız davam edir.Düzdür, ixtisasca jurnalistəm, nəzəriyyəni də pis bilmirəm.Praktika baxımındansa “525-ci qəzet”də püxtələşmişəm.Özümü “525-ci qəzet”in yetirməsi hesab edirəm. Ümumiyyətlə, “bütün qələm adamları jurnalistika məktəbi keçməlidir” fikrindəyəm. Çünki lakoniklik, birbaşalıq, az sözlə çox məsələni ifadə etmək baxımından jurnalistika əvəzsizdir. Bir məsələ də var ki, jurnalistika yaradıcı insanı tükəndirir. Hekayə, roman ola biləcək mövzular köşə ilə sərhədlənir.

- Müasir, çap mediasının ölüm yatağında olduğu dövrdə qəzetçilik necə hissdir?

- Jurnalistikaya yeni başladığım illərdə bir treninqə qatılmışdım. Mühazirə deyənlərdən biri çox iddialı şəkildə bildirdi ki, 5 il sonar bütün qəzetlər tarixə çevriləcək. İştirakçılardan bir neçəsi hətta panikaya düşdü (gülür).Mənsə çox sakit şəkildə etdiraz etdim ki, çap mediası bu qədər asan məğlub etmək olmayacaq. O vaxtdan artıq 10 ilə yaxın vaxt keçir. Qəzetlərsə elə əvvəlki kimi çap olunur.Dediyim odur ki, çap mediası hələ uzun illər mövcud olacaq. Hazırda əsas qorxu qəzetlərin yox, ümumilikdə jurnalistikanın “ölməsi” olmalıdır. Çünki jurnalistika az qala bütün sahələrində sosial şəbəkələrə uduzur, onlardan asılı vəziyyətə düşür. Hətta çoxdan düşüb. 5 il əvvəl media orqanlarının rəhbərləri sosial şəbəkələri çox da ciddiyə almırdılar. Amma müəyyən büdcəsi olan mətbu orqanlar sosial media menecerləri ilə işləyir, buna vəsait ayırırlar. Təxminən 8-10 il əvvəl çox məşhur informasiya agentliyində feysbuka blok qoyulmuşdu. Hazırda isə həmin agentlik az qala bütün işini feysbuk üzərində qurub.

- “525-ci qəzet”ə kim gəlir, şair-yazıçıya çevrilir. Bəzən zarafatyana sual veririk ki, görəsən orada şeir, esse, nəsr yazmaq kimi öhdəçilik yoxdur?

- İroniyan anlaşılandır.Amma o qədər də korrekt deyil(gülür).“525-ci qəzet” gündəlik siyasi-ictimai qəzet olsa da, bir çox ədəbi-mədəni media orqanından ədəbiyyata, mədəniyyətə daha yaxındır.Həftədə iki dəfə ədəbiyyat əlavəsi ilə çıxır.Digər üç gündə də həmçinin müəllif yazıları dərc olunur.Özün də yaxşı bilirsən ki, hazırda imzası kifayət qədər tanınan yazıçı və şairlərin xeylisi “525” məktəbi keçiblər.Bu siyahıya tanınmış jurnalistlərin də çox böyük əksəriyyəti daxildir.Ona görə də “525-ci qəzet”də işləmək üçün üz tutanların böyük əksəriyyəti ən azından nəsə cızma-qara edir.Aralarında, əlbəttə, istedadlı olanlar da kifayət qədərdir. Deyəsən, bircə sən “kurasiya”mızdan bir qədər kənarda qalmısan (gülür).

- “Hədəf Nəşrləri”nin əməkdaşısan. Orada işin nədən ibarətdir?

- Bədii redaktor kimi fəaliyyət göstərir, eyni zamanda mətbuatla əlaqələri koordinasiya edirəm. Bundan başqa, tərcüməçiliklə də məşğulam.

- Bir ara mədəniyyət yönümlü “Parafraz” portalını işlətdin. Heç bir gəlir olmadan aylarla ədəbi cameə üçün çalışdın.Deyəsən, axırda yoruldun...

- Hə, “Parafraz” portalı yəqin ki, ən çox enerjimi qoyduğum, üzərində əsdiyim layihəmdir. 2017-ci ilin sentyabrından 2019-cu ilin iyununadək – təxminən iki il təkbaşına idarə etmişəm. Əlbəttə, kömək edənlər həmişə olub: tərcümədən tutmuş, xəbər yazmağa qədər. Kömək edənlərin hamısını saysam, bir alaylıq adam edər (gülür). Amma əsas işi tək görürdüm. Saytın idarəsi, redaktə, müsahibələrin götürülməsi, müəlliflərlə iş və s. Onu da deyim ki, bu işi bir qəpiksiz, sıfır büdcə ilə görmüşəm. Rəşad Məcid də sağ olsun, əlavə sayt işlətməyimə mane olmayıb.Hətta bəzən özü də material verib.

“Parafraz”ı ictimai əsaslarla idarə etsəm də, ədəbi cameədə müəyyən çəki qazanmışdı.Hətta bəzi vacib materialları döşünə döyən ədəbi media orqanlarından daha tez yayımlayırdım.Hamının bəh-bəhlə təriflədiyi o qəzet və saytlar dəfələrlə materiallarımı da oğurlayıblar (gülür). İki il sonra artıq yorulduğumu hiss etdim. “ucsuz-bucaqsız azlığ”ın çox da ucsuz-bucaqsız olmadığını gördüm və “səhra böyüyüb” “Parafraz”ı uddu.

- Don Kixotluqla bir yerə varılmadığını öyrəndin?

- “Don Kixotluq” ifadəsi çox vaxt istehza kimi səslənir.Amma əmin ol, don kixotlarsız həyat cəhənnəm olardı.Məncə, bütün bəşəriyyət öz mövcudluğunu don kixotlara borcludur.Məsələn, bizim Gürşad kimi tanıdığımız göytürk qəhrəmanının 40 igidlə birlikdə Çin imperatorunun sarayına hücumu da bir növ don kixotluq deyildimi? İndiki vəziyyətdə isə Azərbaycanda kitab işi ilə məğul olmaq elə Don Kixot kimi yel dəyirmanı ilə döyüşməyə bərabərdir.

- Hərənin bir cür istifadə etdiyi sosial şəbəkədən bir qrup insan kitab reklamı ilə məşğuldur. Məsələn, “Kitabsevərlər” qrupunuz var. Kifayət qədər aktivdir, maraqlı müzakirələr gedir.Digər amillərin daha üzdə olduğu sosial şəbəkələrdə bununla hansı işləri görə bilirsiniz?Hansı müsbət effektləri var?

- 2013-cü ildən “Kitabsevərlər” qrupunun üzvüyəm. 2014-cü ildən isə real müzakirələrə qatılırıq. Bir çox layihələrimiz, müzakirələrimiz olub.Bu layihələrə gənclərin qələm təcrübələrindən ibarət antologiyanın çapından tutmuş, tərcüməyə, gənc yazarların kitablarının çapına, unudulmaqda olan əsərlərin yenidən nəşrinə, xeyriyyə tədbirlərinə qədər bir çox addımı misal göstərmək olar. 2015-ci ildən bu günə qədər sıfır büdcə ilə 22 kitab çap etdirmişik.Gördüyümüz heç bir işdən təmənna güdməmişik.Çalışmışıq ki, ədəbiyyata, kitaba bir töhfəmiz olsun. Elə bu məqsədlə “Parafraz Nəşrləri” adlı layihəyə start verdim. Layihə çərçivəsində 3 kitab nəşr etdim.Amma “Hədəf Nəşrləri”ndə işə başladıqdan sonra layihəni davam etdirmək etik olmayacağından fəaliyyətini dayandırdım. Bu günlərdə isə “Parafraz” brendini yaşatmaq adına onlayn kitab evi yaradıram. “Oxu ki, tabın olsun” sloqanı ilə yola çıxmaq fikrim var.

 

Jurnalistikanın “bədbəxt etdiyi” dəstədənəm

 

- Xeyli kitabın tərcüməçisi, redaktorusan. Bu kitablardan hansını xüsusi şəkildə tövsiyə edirsən.

- Açığı, sən demiş, siyahı xeyli uzundur. Amma məncə, redaktorluğunu etdiyim ən yaxşı əsər Daniel Kuinin “İsmayıl” romanıdır.Əsər adı bircə dəfə də çəkilməyən qəhrəmanımızın İsmayıl adlı meymunun şagirdi olmasına razılıq verməsilə başlayır.Əlbəttə, təxminən yarımtonluq qorillanı sinif otağında burnunun üstünə sürüşdürdüyü eynəyinin şüşəsi altından dərsə gəlməyənləri axtarıb onlara “qaib” yazdığını təsəvvür etmək bir qədər çətindir.Heç romanda belə, bu situasiyaya dair kiçicik də olsa işarə vurulmur.Qorilla-İsmayıl dərsini telepatiya vasitəsilə gerçəkləşdirir.Əsər boyu qəhrəmanımızla telepatik bağların köməyilə kainatın yaradılış tarixini incələyir. İkinci kitab isə yenə də redaktəsini etdiyim, mənim təşəbbüsümlə transliterasiya olunaraq latın qrafikalı əlifba ilə nəşr edilən Nodar Dumbadzenin “Mən günəşi görürəm” əsəridir. Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi ilə yaşayan Sosoya adlı 12 yaşlı oğlanın dilindən danışılır. Sadə kənd həyatı, mehriban insanlar, məişət problemləri əsərin qayəsini təşkil edir. Bir neçə səhifə çevirəndən sonrasa kontekst bir qədər dəyişir - müharibə, cəbhədə həlak olanlar, onların gözüyaşlı ailələri, arxa cəbhə, işçi qüvvəsi çatışmadığından bəhərsiz qalan torpaqlar, həlak olanların qara kağızlarıyla birgə arxadakıların qaralan həyatları - insan faciəsi.

Şəxsi qənaətə gəlincə, əsər uşaqlığımdan bir parçadı. Hər dəfə günəşə gözüm qamaşmadan baxanda xatırladığım, baş qəhrəmanı Xatiaya aşiq olduğum, Supsanın soyuq sularında üzdüyüm, Gürcüstanın ucqar dağ kəndində qarğıdalı yığdığım, ən yaxın dostumun qollarımda öldüyü əsər...

Və əsəri oxuyub dünyanı, yaradılışı, hər şeyi, hər şeyi, hər şeyi sevməmək mümkünsüzdü.

Sonuncu – üçüncü kitab kimi redaktə etdiyim Robert Bloxun “Psixo”sunun adını çəkmək istəyirəm.Norman Beyts adlı cavan oğlanın həyatından bəhs edən bu kitab Alfred Hiçkok tərəfindən çəkilmiş “Psixo” klassik trillerinə əvəz olunmaz motiv bəxş edib və müasir qərb mədəniyyətindəki yeni “bədheybət” kultuna həyat verib “Psixo” psixoloji roman-trilleri müasir Avropa ədəbiyyatı və kinematoqrafiyasında ən çox sitat gətirilən əsərlərdən biridir.

- Sırf öz yaradıcılığın hansı yöndə gedir?

- Mən jurnalistikanın “bədbəxt etdiyi” dəstədənəm (gülür). Çox az yazıram. Tənbəlliyim də var. Üstəlik, işdən vaxt qalmır.Bir məsələ də var ki, yazsam da, yazmasam da ədəbiyatın içindəyəm.Azərbaycan ədəbiyyatının “mətbəx”inə bələdəm.Redaktor kimi fəaliyyətə başlayandan bu bələdlik bir qədər də artıb.Artıq heç kəsin boğazdan yuxarı ədibliyinə inanmıram.Ümumiyyətlə, bizim ədəbi cameədə hamı özünü dahi hesab edir.Amma mətnini açırsan ki, çürük qoz kimi bir qəpiyə dəyməz.Bu yaxınlarda çox yuxarıdan gedən yazıçılardan birinin tərcüməsini redaktə edirdim.“Eşqiylə oda yaxar” ifadəsini türkcədən “eşqiylə otaq yandırar” kimi tərcümə etmişdi (gülür).

- Gənc Ədiblər Məktəbi-2-nin müdavimlərindənsən. Daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv oldun...

- Aha, maraqlı dövr idi. O toplantılara qədər ədəbiyyata “çəhrayı gözlük”dən baxırdım. Elə bilirdim ki, ən təmiz adamlar elə ədiblərdir.Amma “mətbəx”ə bələd olduqca gördüm ki,qalan bütün sahələr ədəbiyyatın yanında toya getməlidir (gülür).Gənc Ədiblər Məktəbindən sonra AYB-yə üzv oldum.Prezident təqaüdünə layiq görüldüm.Ardınca Gənclər və İdman Nazirliyi tərəfindən Ədəbiyyat üzrə “İlin gənci” seçildim.Amma bütün bunlarla yanaşı, bu cameədənuzaq durmaq lazım gəldiyini dərk etdim. Ona görə də mümkün qədər kənarda dayanır, az da olsa, yazır, daha çox işimlə məşğul oluram. Çalışıram ki, “dartma yaxam cırıldı” adamlardan və mövzulardan kənar dolanım.Bütün hallarda isə çalışıram ki, qazanan ədəbiyyat olsun.

Söhbətləşdi: Emin PİRİ