adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyun 2021 09:00
69236
İQTİSADİYYAT
A- A+

44 GÜNLÜK MÜHARİBƏ VƏ AZƏRBAYCAN-GÜRCÜSTAN İQTİSADİ ƏLAQƏLƏRİNDƏ YENİ  PERSPEKTİVLƏR

Azərbaycanın ərazi bütövlüyünün bərpası işğaldan azad olunmuş torpaqlarda infrastrukturun bərpası və yenidən məskunlaşdırılmanın həyata keçirilməsini zəruri etməklə yanaşı, eyni zamanda böyük iqtisadi əhəmiyyətə malikdir. Bəllidir ki, işğal səbəbindən bu bölgənin təbii sərvətlərindən uzun illər boyunca istifadə edilməyib.  

44 günlük müharibədə Azərbaycanın qalib gəlməsi təkcə torpaqlarmızın işğaldan azad edilməsi baxımından deyil, həm də regionun iqtisadi inkişafına ciddi təsir göstərəcək yeni iqtisadi inkişaf amillərinin formalaşması ilə böyük əhəmiyyət kəsb edir.  Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya etməkdir.   

Bölgədə infrastrukturun bərpasında iştirak etmək və iqtisadi inkişafına sərmayə yatırmaqda artıq xarici investorlar da maraqlıdır. Müharibənin qısamüddətli olması və Azərbaycan hökumətinin təhlükəsizlik zəmanəti bu bölgəyə sərmayə yatırmaq istəyən xarici investorların marağını daha da artırır. Müharibədən dərhal sonra “Azerenerji”nin İtaliyanın “Ansaldo Energia” şirkəti ilə azad edilmiş torpaqlarda enerji infrastrukturunun yaradılması barədə müqavilə imzalaması da bunun əyani sübutudur.

Bölgə zəngin təbii sərvətlərə malik olması ilə yanaşı, həm də bərəkətli torpaqlarında kənd təsərrüfatı məhsullarının yetişdirlməsi və bu istiqamətdə iqtisadi baxımdan səmərəli istehsal zəncirinin formalaşdırılması baxımından da geniş imkanlara malikdir. Burada bölgənin zəngin su ehtiyatlarına malik olması da mühüm rol oynayır.  

Bölgənin iqtisadi potensialının yüksəldilməsində mühüm rol oyanyacaq sahələrdən biri də turizmdir ki, bu sahədə də böyük potensial vardır. Bölgədə turizm sektorunun çiçəklənməsi, yeni iş yerlərinin açılması və ölkəyə xarici investorların cəlb edilməsi deməkdir. 

Təbii ki, bölgənin yenidən qurulmasında və iqtisadi dirçəlişində iştirak etmək üçün maraq göstərən ölkələr çox olsa da, əsasən strateji tərəfdaş və dost ölkələrə daha çox üstünlük veriləcəkdir. Bu mənada Gürcüstan   mühüm əhəmiyyət kəsb edir.  Azərbaycan və Gürcüstan bir-biriylə sadəcə qonşu dövlətlər deyil, həm də dost və qardaş, strateji tərəfdaş ölkələrdir. Azərbaycan və gürcü xalqlarının dostluğunun tarixi çox qədimdir və bu dostluq zaman-zaman çox sınaqlardan üzüağ çıxıb.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi dəyərləndirərək demişdir:  “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik”.

Bildiyimiz kimi, son illərdə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsi artan xətt üzrə inkişaf etməkdədir. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir. İki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri inkişaf edir.

Dediklərimizin sübutu kimi, Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə dair bəzi göstəricilərə diqqət etmək kifayətdir. «SOCAR Energy Georgia» MMC 2006-cı ildən Gürcüstanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Gürcüstan iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq investisiya qoyub və dövlət xəzinəsinə 1,7 milyard ABŞ dolları məbləğində vergi ödəyib. Bu gün şirkət bütün Gürcüstan ərazisində 770 mindən çox qaz istehlakçısına xidmət edir. Ölkədə SOCAR brendi ilə 111 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

SOCAR-ın Gürcüstandakı Kulevi neft terminalı vasitəsi ilə  ("Black Sea Terminal") 2008-ci il mayın 16-dan bu günədək (16 may) 28 mln. ton neft və neft məhsulları ötürülüb. Bu müddət ərzində terminalın ilkin saxlama gücü 360 000 kubmetrdən 402 000 kubmetrədək artırılıb. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

Gürcüstan cari ilin ilk 4 ayında Azərbaycandan neft və neft məhsulları idxalını artırıb. Gürcüstanın Milli Statistika İdarəsinin bu barədə verdiyi məlumatda bildirilir ki, Gürcüstan 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 27,5 milyon ABŞ dollarlıq 59 min ton neft və neft məhsulları idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz çoxdur.

Yenə Gürcüstan Milli Statistika İdarəsinin hesabatından bəlli olur ki, 2020-ci  ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 92 813,8 min ABŞ dolları dəyərində 609 009,4 ton qaz idxal edib.

Gürcüstandan idxal olunan mal və məhsulların həcmində də artım müşahidə olunur. 2020-ci ilin  ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 18.9 milyon ABŞ dolları dəyərində öz istehsalı olan mal və məhsullar ixrac edib.  Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövründə Gürcüstanın Azərbaycana yerli istehsal mal və məhsullar ixracının dəyəri 16 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk üç ayı ərzində Gürcüstanın Azərbaycana  ən çox ixrac etdiyi yerli istehsal mal və məhsullar azotlu mineral və ya kimyəvi gübrələr, canlı iribuynuzlu mal-qara və şəkərli qazlaşdırılmış süfrə suları olub.

İki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Bundan başqa, mədəni, humanitar sahədə də iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış, digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi mövcuddur. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birlərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat-kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir.  

Müasir şəraitdə regional inteqrasiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi bu gün dünyada yaşanan maliyyə, iqtisadi və sosial böhranın neqativ təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirilməsində, regionun imkanlarından daha səmərəli istifadə olunmasında, eləcə də, ölkələrimizin davamlı sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanla Gürcüstanın siyasi-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi həm ölkələrimiz, həm də bütünlükdə region üçün olduqca önəmlidir. 

Hər iki respublikanın dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı hörmət və maraq, xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq və dostluq münasibətləri, eləcə də hər iki ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması uğurlu regional əməkdaşlığı şərtləndirən başlıca amillərdir.

Müasir dövrdə Azərbaycan və Gürcüstan arasında ticarət əlaqələrinin, qarşılıqlı investisiya fəaliyyətinin getdikcə daha da dərinləşdiyi müşahidə olunur. Müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır.

Qarabağın işğaldan azad edilməsi Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasında mühüm rol oynayacaq və təbii ki, bu, həm də region ölkələri, əsasən də Gürcüstanla iqtisadi əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Xüsusilə də kənd təsərrüfatı və turizm sahəsində yeni əməkdaşlıq perspektivləri yaranmaqdadır. Bu isə, təbii ki, iqtisadi qurumlar və iş adamları ilə yanaşı, elm adamlarının – iqtisadçı mütəxəssislərin qarşısında da böyük vəzifələr qoyur. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişaf istiqamətləri və işğaldan azad olunmuş torpaqların iqtisadi potensialının qiymətləndirilməsi, düzgün elmi təhlillərin aparılması və perspektiv inkişaf proqnozlarının verilməsi bu gün olduqca vacibdir.

İki qardaş ölkə arasında siyasi və mədəni əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin səmərəliliyinin artırılması üçün iqtisadçı alimlərin təhlillərinə və elmi proqnozlarına böyük ehtiyac var. 

Qarabağın bərpa və inkişafı həm də ölkənin geniş imkanlarına və yerli iqtisadiyyatın zəngin tarixi keçmişinə əsaslanan real bir məqsəddir və bu zəfər Azərbaycanın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərəcəkdir.

 

Elşad  Çobanlı

“Odlar Yurdu” Universitetinin

İqtisadiyyat və iqtisadi münasibətlər

 kafedrasının müəllimi