adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bu kino ki var...-İltifat Hacıxanoğlu yazır.

İltifat HACIXANOĞLU
217809 | 2021-06-18 09:54

Azərbaycan dilinin ifadə imkanları rus dilinin imkanlarından heç də geri qalmır, səslənmə baxımından da həmçinin. Fəqət, rusların dublyaj elədiyi hər hansı xarici filmə tamaşa eləyəndə adama elə gəlir ki, elə rus dilində çəkilib. Azərbaycanda indi dublyaj edilən filmlərə baxanda isə şəxsən məndə dublyajın səviyyəsi o dərəcədə qıcıq yaradır ki, ekrandakı görüntülər o qıcığın içində itib-batır və öz əhəmiyyətini tam itirir, kanalı dəyişib, filmin ardına baxmıram...


Təbii ki, burada söhbət diktor mətnindən yox, əsl dublyajdan gedir və "əsl dublyaj" deyilən şey əslində, filmin ilkin səsləndirilməsinə bərabər bir işdir. Yəni, bu işə ciddi hazırlıq getməlidir, uyğun aktyor seçimi olmalıdır, səs sahibi özünü tərcüməçi kimi yox, ən azı dublyor kimi hss etməlidir, hələ ifaçı kimi demirik.

İndi çəkilən bəzi "əldəqayırma" teleseriallardan fərqli olaraq əsl kino praktikasında film əvvəl çəkilir, sonra səsi yazılır. Keçmiş SSRİ dövründə bütün kinostudiyalarda, o cümlədən "Azərbaycanfilm"də də çəkilişilər rus dilində aparılırdı, ilk variant da rus dilində səsləndirilirdi, sonra isə milli dilə dublyaj edilirdi. Məsələyə hələ təkcə bu tərəfdən yanaşanda, Azərbaycan kinosunun necə böyük bir dublyaj təcrübəsinə malik olduğu üzə çıxır.

Bəziləri deyə bilərlər ki, "səsyazma zamanı hər bir aktyor öz rolunu səsləndirirdi və bu da onun üçün elə bir problem deyildi". Bəs onda Səməndər Rzayev Aleksandr Kalyagini ("İstintaq"), Şahmar Ələkbərov Mixay Volontiri ("Tütək səsi"), Həsənağa Salayev Ələddin Abbasovu ("Dəli Kür"), Yusif Vəliyev Adil İsgəndərovu ("Axırıncı aşırım") necə səsləndirirdi?

Səslərin və diksiyanın emosional təsiri filmin bədii və estetik təsir gücünü səciyyələndirən cəhətlərdəndir. Səs və diksiya rolun xarakterindən tutmuş, aktyorun konfiqurasiyasına qədər hər şeyi tamamlamalıdır. Misal üçün deyək ki, Kərbəlayi İsmayılın obrazını ("Axırıncı aşırım") Yusif Vəliyev yox, yüksək tezlikli səsə malik və diksiyasında qüsur olan başqa bir aktyor səsləndirsəydi, onda nəinki həmin obraz, hətta bütün film bədii dəyərini itirmiş olardı...

Əgər ötən əsrin 70-ci illərində "Azərbaycanfilm"də dublyaj edilmiş filmlərdən bir-ikisini yada salsaq, onlarla müqayisədə indiki dublyaj işinin nə qədər miskin görkəmdə olduğu nəzərə çarpar. Şübhəsiz ki, Az.TV-nin arxivində "Müqəddəs Lukanın qayıtması", "Azadlıq" və s. filmlərin dublyaj variantları indi də saxlanılır.

Yuxarıd qeyd etdiyimiz və qeyd etmədiyimiz çoxlu sayda cəhətləri nəzərə alaraq tam əminliklə hesab edə bilərik ki, Azərbaycanda çox güclü dublyaj məktəbi olub. Bəs hara yoxa çıxıb o məktəb, nə gəlib onun başına?

Hesab edirik ki, suala cavab tapmaqdan ötrü əvvəlcə dublyajı şərtləndirən cəhətləri yada salmaq lazımdır.

Dublyajın ilk şərti odur ki, dublyor kino aktyoru olmalıdır. Belə ki, teatr aktyorlarının əksəriyyətinə xas olan xaraterik bir cəhət var ki, onlar səhnədə yüksək tonda danışmağa vərdiş eləyiblər. Çünki səhnənin qaydasına görə, tamaşaçı aktyorun pıçıltısını da eşitməlidir. Bu da onlarda vərdiş halını alır və teatr aktyoru dublyaj zamanı mikrofon qarşısında da səhnədəki kimi danışır.
İkincisi, dublyorların sayı ən yaxşı halda personajların sayı qədər, ən pis halda isə əsas personajların sayı qədər olmalıdır.
Üçüncüsü, dublyorun ampluası personajın xarakteri ilə, səs tembri və tezliyi, diksiyası, improvizasiya qabiliyyəti əsas ifaçı ilə maksimum yaxınlıq təşkil eləməlidir. Məsələn, bir anlıq təsəvvür edək ki, İbrahim Tatlısəsi Pərviz Bağırov, yaxud Georgi Vitsini Yusif Vəliyev dublyaj edir. Hər iki halda dublyajın necə gülünc alınacağını təsəvvür etmək çətin deyil.

Dördüncüsü, proses zamanı nitqlə bərabər personajın çıxardığı başqa səslər də (ağlamaq, gülmək, ah çəkmək, inilti və s.) dublyaj edilməli, qalan bütün səslər (musiqi, gurultu, fon səsləri və s. səs effektləri) orjinalda olduğu kimi saxlanılmalıdır.
Beşincisi, dublyor öz sözlərini əzbərləməlidir, yazılı mətn isə onun qarşısına yalnız yaddaş kimi qoyulmalıdır.
Altıncısı, mətnin tərcüməsi kalka yolu ilə yox, filmin janrına uyğun ədəbi-danışıq dilində aparılmalı, bundan sonra son variant (lent variantı) işlənməlidir. Məsələn, yazılışda bir cür, nitqdə ayrı cür deyilən sözlər (Moskva-Maskva, kompromis-kampramis, avtomobil-avtamabil və s.), söz sonluqları (gəlmişsiniz-gəlmisiz və s.) və s. qaydaya salınmalıdır. Çünki kino həyatın bədiiləşdirilmiş bir parçasıdır, həyatda isə heç kəs kitab dilində danışmır.
Və sair...

Dublyajın texniki tərəfinə gəlincə, xatırlatmaq istərdik ki, son illərdə dublyaj işi texniki baxımdan xeyli asanlaşmış və ucuzlaşmışdır. Belə ki, videotexnika meydana çıxana qədər kinonun səsi kadrlara paralel gedən səs cığırına yazılırdı, sonra lent xüsusi laboratoriyada uzun bir prosedur keçib, hazır olurdu. Səsi dəyişdirməkdən (dublyaj etməkdən) ötrü lent mütləq dəyişməli idi. Bu isə çox çətin və üzücü iş idi. Kino lenti də çox qiymətli material idi. 10-12 dəqiqəlik bir barabanın 80-100 rubl (bir aylıq əmək haqqı qədər!) qiyməti var idi və fiziki baxımdan da çox yer tuturdu. 90 dəqiqəlik bir filmin təxminən 30-40 kq "ağırlığı" olurdu.
İndi isə bu  iş kompüterləşdirilib.

Deməli, belə çıxır ki, texniki baxımdan elə də böyük problem yoxdur.
Bəs onda nə baş verib? Niyə dublyaj işi bizdə bu qədər səviyyəsizdir?

Bizə elə gəlir ki, problem haqqında nəticə çıxarmaqdan ötrü heç də dublyaj studiyalarını gəzib, kimlərisə sorğu-suala tutmağa lüzum yoxdur. Yəni üzə çıxan məhsul özlüyündə çox suallara cavab verir.
Əvvəla, səs sahiblərinin nitqindən hiss olunur ki, dublyaj hazırlıqsız həyata keçirilir, yəni dublyorlar mətni kağızdan oxuyurlar və nitq onların içindən gəlmir. Kağızdan oxunan nitq isə təbii ki, içdən gələn nitqin effektini verə bilməz.
İkincisi, dublyorların əksəriyyəti heç bir kino təcrübəsi olmayan teatr aktyorlarıdır ki, bu da dublyaja yuxarıda qeyd etdiyimiz nöqsanı gətirir.

Üçüncüsü, dublyajlarda lazımi sayda aktyor iştirak etmir. İyirmi-otuz personajı vur-tut iki-üç dublyor səsləndirir ki, nəticədə dublyaj diktor mətnindən yuxarı səviyyəyə qalxa bilmir. Lakin peşəkar kino aktyorlarının hər biri lazım gələndə istənilən sayda personajın öhdəsindən gələ bilirdilər. Bir dəfə AzTV-də hind filminə baxırdım. Dublyajda iştirak edən Ramiz Məlikov üç-dörd personajı səsləndirirdi və replikalar arasında elə ustalıqla manevr edirdi, adama elə gəlirdi ki, üç-dörd aktyor danışır. Və yaxud Eldəniz Rəsulovun iştirak etdiyi dublyaj olunmuş filmə baxanda səsi tamaşaçını o an cəlb edir.Amma çox təəssüf ki, indi bu cür aktyorlarımızı barmaqla saymaq olur...

Televiziyaların nəzdində son vaxtlar yaradılmış dublyaj studiyalarının da işini qənaətbəxş hesab etmək çətindir. Onların məhsullarını uzaqbaşı bədii tərcümə adlandırmaq olar. Həzərə almaq lazımdır ki, hansısa görüntünün nəzərdən qaçması hər vaxt ola bilər, fəqət, səs effektinin (nitq, musiqi, gurultu və başqa akustik hadisələrin) diqqətdən yayınması nadir hallarda baş verir.
Yəni, tamaşaçı adətən görüntü qüsurundan daha tez səs qüsurunu "tutur". Kobud şəkildə desək, gözü aldatmaq olar, amma qulağı aldatmaq çətindir. Məhz buna görə də dublyaj qüsuru gözəl görüntünün üzərinə kölgə salır.
Bir cəhəti də xatırlatmaq yerinə düşər. Son vaxtlar dublyaj edilən filmlərin azərbaycanca mətnindən asanlıqla hiss olunur ki, bu tərcümələrin müəllifləri kinodramaturq yox, adi tərcüməçilərdir. Bizcə, filmləri kinodramaturqlar tərcümə etsələr, dublyaj daha keyfiyyətli alınar. Çünki kino dilinin incəliklərini onlar daha yaxşı bilirlər.
Həhayət, bütün sahələrdə olduğu kimi, sözügedən sahədə də maliyyə probleminin olması və bütün nöqsanların bu problem ucbatından meydana çıxması mümkün olan haldır. Lakin beş-on nəfər peşəkar insan bir yerə yığışıb güclü bir dublyaj studiyası yaratsa, şübhəsiz ki, qısa bir vaxt ərzində dublyaj bazarında hakim mövqe tuta bilərlər. Çünki, keyfiyyətli mal heç vaxt yerdə qalmır.
 

 

 

 

TƏQVİM / ARXİV