adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: PƏNAH XANIN  YARATDIĞI AZAD İQTİSADİ ZONA

AQİL ABBAS
109981 | 2021-07-10 11:19

Çox təəssüf ki,  biz hələ Pənah xanı yaxşı tədqiq etməmişik. Sıfırdan Şimali  Azərbaycanda ən güclü bir xanlığın təməlini qoyan və sonra az qala  bütün  Şimali Azərbaycanda söz sahibinə  çevrilən bu şəxs haqqında yalnız ötəri  olaraq  bədii əsərlərdə  və bir də «Qarabağnamə»lərdə müəyyən  məlumatlar  oxuyuruq.

İndi qarşıdan  Şuşa şəhərinin  salınmasının 270 illiyi gəlir. Bununla bağlı  Möhtərəm Prezident İlham Əliyevin  müvafiq sərəncam və göstərişləri var.

2017-ci ildə Qarabağ xanlığının yaranmasının  270 ili tamam olsa da  ölkədə  hər hansı bir  tədbirlərin və ya elmi konfransların  keçirildiyinin  şahidi  olmadıq. Hərçənd ki o vaxt  bu barədə nəinki bir  neçə yazı yazdm, hətta Parlamentdə də  çıxış etdim.

Biz Qarabağın  270 illiyini  keçirməsək də, ermənilər Xankəndinin Stepanakert adlandırılmasının  95 illiyini  təntəntə ilə qeyd etdilər, xarici ölkələrdən də 3-4 «KamAz»  nümayəndə yığıb gətirdilər.

Nə isə, bunlar  keçib. Dünən dünəndə qaldı, biz sabaha  baxmalıyıq, amma dünənki kimi  baxmamalıyıq. İndi Qarabağ azad olunub, daha gözəl günlər  irəlidədi.

Mən tamamilə  başqa bir  məsələyə toxunmaq istəyirəm.

Möhtərəm Prezident Ələtdə  azad iqtisadi zonanın təməlini qoydu. Bu azad iqtisadi zonanın Azərbaycan iqtisadiyyatının inkişafında necə böyük bir  rol oynayacağı barədə həm Möhtərəm Prezidentin  çıxışında ətraflı  qeyd edilib, həm də mütəxəssislərin  çıxışlarında  açıq-aydın göstərilib, təkrar etmək istəmirəm.

Amma  mən sizə  tarixdən  bir  örnək gətirmək  istəyirəm.

Ağdam həqiqətən Dünyanın Ən  Varlı Şəhəri idi. Bunun kökündə bilirsiniz nə dayanırdı? Pənah xan hakimiyyətini  qurduqdan sonra ilk fərmanlarından biri, indiki dillə desək, Ağdamda azad iqtisadi zona yaratması oldu.

Niyə məhz Ağdamda? Bu barədə də dəfələrlə yazmışam, olsun təkrar, təkrar  biliyin anasıdır. Ağdam şəhəri Qarabağ xanlığının düz  mərkəzində yerləşir. Deyirlər  bütün yollar  Romaya gedir, əslində bütün  yollar  Romaya  getmir, amma Qarabağın bütün yolları Ağdamdan keçir. Ağdamdan Bərdəyə 48 km., Ağcabədiyə 48 km., Füzuliyə 48 km., Şuşaya 37,  Xankəndinə 25, Tərtərə 30, Ağdərəyə 32, Kəlbəcərə 80, Laçına 73, Yevlağa 70, Beyləqana bir yol 80, ara yol 65, Horadizə 70 və sair və ilaxır. Yəni Ağdam  Qarabağın  düz mərkəzində yerləşir, ona  görə də Pənah xan  oranı seçir.

Və Xan «azad iqtisadi zona»nı  necə yaratdı? Fərmanda göstərdi ki, bu şəhərdə heç bir ticarət  obyektindən, heç bir  sənətkardan (dəmirçi, dərzi, misgər, dulusçu və sair və ilaxır) vergi tutulmayacaq. Bu şəhərə kim, indiki dillə desək, investisiya qoysa ona torpaq veriləcək və ondan da vergi tutulmayacaq. Bu şəhərə  mal gətirib, mal aparan  tacirlərdən də vergi tutulmayacaq. Bu barədə  Türkiyə və İran  məxəzlərinə söykənərək  «Batmanqılınc» romanımda da yazmışam.

Və beləliklə, Qarabağda nə qədər  fərasətli və imkanlı adamlar vardı, hamısı  üz  tutdu Ağdama. Həm şəhər  sürətlə  inkişaf etdi, həm də ticarət və sənətkarlıq inkişaf elədi. Və beləliklə, Ağdam Dünyanın Ən Varlı Şəhərinə çevrildi.  Təkcə bircə faktı  qeyd edim ki, Ağdamın məşhur bazarında və onun  ətrafında 100-dən çox dəmirçi dükanı vardı. Şəhərdə  200-dən çox dərzixana vardı ki, paltar  tikdirmək  üçün gərək  növbəyə dayanaydın. 100-dən çox profilaktoriya  vardı. Ən yaxşı  maşın ustaları  ağdamlılar  sayılardı və indi də elədi…

… Bir dəfə dostum Mehman  Cavadoğlunun  «06»sını  babat vurub əzmişdim. Göndərdim  Ağdama – qardaşıma ki, bunu təmir elətdir. Üstündən iyirmi gün keçmiş qardaşım zəng elədi ki, maşın  hazırdı, gəlin aparın. Mehmanla getdik Ağdama.

Profilaktoriyada yağın  içində eyni rəngdə, yəni ağ, beş «06» dayanmışdı.  Mehmana dedilər ki, get maşınını götür. Mehman öz maşınını  təzə maşınların içindən  seçə bilmədi. Elə bil indicə  zavoddan  buraxılmışdı. Nə isə…

… Bütün Qarabağ, nəinki Qarabağ, Ermənistan və Gürcüstandan da  alış-veriş  üçün Ağdama  üz tuturdular. Şənbə-bazar elə bir  tünlük  olurdu ki, ağdamlılar  özləri həmin gündə bazara  çıxmazdılar. Ətraf rayonlar da  öz məhsullarını  satmaq  üçün Ağdama  gətirirdi.

Rəşad Məcidin atası Müseyib dayı Ağcabədidə Rayponun  sədri idi.  Həmişə  Ağcabədidə ticarətin zəifliyindən  gileylənirdi və deyirdi:

- Rəhmətliyin  uşağı qəndi, çayı, arağı da gedib Ağdamdan alırlar, özü də Ağcabədidən  baha qiymətə. Elə bil  Ağcabədidə qənd, çay, araq  tapılmır.

Mən Pənah xanın Ağdamı necə dirçəltməsi barədə  qısaca da olsa yazdım.

Və niyə yazdım? İndi görün Ələt azad iqtisadi  zonası  Azərbaycana  hansı töhfələr verəcək.

Və sonda. Möhtərəm Prezident  İlham Əliyev  Ağdamda  100 minlik qeyri-adi bir şəhər tikir. İnşallah, tezliklə yenə Ağdam  Dünyanın Ən  Varlı Şəhərinə çevriləcək və yenə Qarabağın  paytaxtı olacaq.

TƏQVİM / ARXİV