adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Bir üzü qaranlıq, bir üzü işıqlı dünya

FAİQ QİSMƏTOĞLU
35062 | 2021-07-22 12:22

Dünya yaranan gündən bir üzü qaranlıq olub, bir üzü də işıqlı. Yəni, şər qurtaran yerdən xeyir başlayıb, xeyir bitən yerdən isə şər baş qaldırıb və dünyanın qanunları zaman-zaman insanları sınağa çəkib, onları kədərləndirib, sevindirib və həmişə də düşündürüb. Təbii ki, insan varsa, orda dərd də olur, qəm də olur, kədər də, sevinc də. Yəni dünyada nə varsa, hər şey insan üçündür. Biz insanlar da Allah-Təalanın bizə verdiyi nə varsa, hamısı ilə razılaşmalı, hər açılan səhərimizə, udduğumuz havaya, yediyimiz çörəyə, içdiyimiz suya şükür eləməliyik!...

...Kəndimizə nə vaxtdan idi getmirdim. Axırıncı dəfə 2020-ci ilin noyabrın 8-də olmuşdum. Düzdür, bibim nəvəsi şəhid Elçin Süleymanovun həmin günü 40 məclisi idi. Bir gözümüz ağlayırdı, bir gözümüz də qələbə sevinci ilə gülürdü. Elə məclisdə olanda möhtərəm Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xəbərini eşitdik. Hamı yas məclisində ayağa qalxdı, bu qələbə münasibətilə şəhidlərin ruhuna əl çaldı və sevinc, kədər göz yaşları ilə bu anları yaşadıq...

...O vaxtdan bəri tay kəndə gedə bilmirdim. Bu müddət ərzində neçə-neçə qohumum Allahın dərgahına qovuşmuşdu. Sözün düzü, yas məclislərinə gedə bilmədiyimdən çiynimdə ağır yük hiss edirdim. Həm də qohum-əqrəbanın yanında gözükölgəli idim. Axır ki, iyulun 15-də cümə axşamı Bəhmənliyə getdim və bir-bir Allahın dərgahına qovuşmuş qohumların məclisində iştirak elədim. İlk gedişim əmim nəvəsi Qarabalanın yas məclisi oldu. Atası Habil kişi, anası Bəxtimə bu dərdi necə çəkirlər bir Allah bilir, bir də özləri. 24 yaşında nişanlı olan Qarabala bir nadan sürücünün səhvi üzündən avtomobil qəzasında həlak olub. Biz toy gözləyirdik. Gözləyirdik ki, Qarabalının toyu olacaq və biz də toya gedəcəyik. Amma indi onların ağır dərdinə çiyin veririk. Habili, dayısı İlhamı və digərlərinin dərd içində necə çabaladığını hiss edirik və bu dərdə çiyin verərək mən Qarabalanın atası Habili qucaqlayıb bağrıma basıram. Göz yaşlarımızı saxlaya bilmirik. Qohumlar da bizə qoşulur. Dostum Arif də qəhərini boğa bilmir. O da dəsmalı ilə yaşarmış gözlərini silir. Bir-bir qohumların hamısına başsağlığı veririk. Deyirlər ki, dərd bir yerdə çəkiləndə daha yüngül olur. Çox sağ olsun bütün qohumlar, bu dərdi  bir yerdə çəkirlər. Hava isti keçsə də, dərdin ağırlığı bu istiliyi yaddan çıxarır, yəni, dərd havanın istisindən də bizim üçün çox ağırdı...

... İnsanlar bir-birinə söykək olanda onların yaşama ümidi bir qədər də artır. Ordan çıxıb kəndimizin ağsaqqallarından biri olmuş Rizvan kişinin il mərasiminə gedirik. Orda da qohum-əqrəba masanın arxasında əyləşib. Biz yas yerinə çatanda molla  «Quran» oxuyurdu. Məclisdəkilərə başımızla salam verib, kənar bir yerdə əyləşirik. Sonra doğmalarım Süleyman müəllim və Təbriz gəlib bizim yanımızda əyləşir. Molla «Quran» oxuyandan sonra günorta vaxtı olduğuna görə ehsan da verilir. Əlim süfrəyə uzanmır, sanki boğazımda nəysə ilişib qalıb. Amma qohumum Süleyman müəllim deyir ki, yoldan gəlmisiz, bir tikə çörək yeyin. Görürəm sürücü dostun Arif də sənə çox sədaqətlidi, həm də yorğundu. Bir tikə çörək yeyin, həm yorğunluğunuz çıxsın, həm də bir qədər sakitləşin. Bu sözlərdən sonra bir tikə çörək, bir tikə də pendir götürərək, yemək yeyirik. Süleyman müəllim onu da deyir ki, Təbriz, mən gedirəm iş dalınca, sən qonaqları  tək buraxma. Mamam oğlu Təbriz həm dini yaxşı bilir, həm də «Qurani-Kərimdən» tam xəbərdardır. Boynuna qoyuram ki, gedək o biri yaslara, orda da «Quran» oxuyarsan. Hərçənd ki, bibim oğlu ürək əməliyyatından təzə çıxıb və səhhəti də o qədər yaxşı deyil. Amma buna baxmayaraq bütün kəndin xeyir-şərində iştirak edir.

...Ordan durub tanınmış jurnalist, daha doğrusu, hərbi ekspert Rəşad Süleymanovun yaşadığı evə yollanırıq. Çünki Rəşad da 7 ay bundan əvvəl dünyasını dəyişib. Çox istedadlı və savadlı jurnalist idi. Həm I Qarabağ savaşında, həm də II Qarabağ müharibəsində cəbhədə döyüş mövqelərində olmuş, çox maraqlı müsahibələr və reportajlar yazmışdı. O yeganə jurnalistlərdəndi ki, Müdafiə Nazirliyinin nöqsanlarını da göstərməkdə çəkinməzdi. Nə vardısa, hamısını, düzü düz, əyrini əyri qələmə alardı. Elə ədalətli və prinsipial mövqeyinə görə də Azərbaycan jurnalistikasında öz yeri vardı. Bu da Rəşadgilin evi. Atası Məhəmməd müəllim hava isti olsa da, bizi görən kimi həyətə düşür və evə dəvət edir və evdə divardan Rəşadın  böyük portreti asılıb. Bu portret deyir ki, Rəşad ölməyib, o, həmişə olduğu kimi yenə sağdır. Atası Məhəmməd müəllimə, anasına başsağlığı veririk. Çay gətirirlər, ancaq içə bilmirəm. Çünki Rəşad mənə həddindən artıq çox yaxın idi. Daha doğrusu, onunla biz ruh dostu idik. Ürəyində heç vaxt heç kimə qarşı paxıllıq, xəbislik olmayıb. Əksinə, onun ürəyində həmişə sevgi və məhəbbət olub. Atası Məhəmməd müəllim deyir ki, məndən Aqil Abbasa salam söylə, onun «Batmanqılınc» romanı mənim çox xoşuma gəlib. Şuşanı azad edən oğlanlar o batmanqılıncın nəvələri, nəticələridi. Mən də deyirəm ki, sənin sözlərini müəllimə çatdıraram. Başsağlığı verib həyətə düşürük. Ordan isə digər yas yerlərinə gedirik...

Mamam oğlu Təbriz deyir ki, gəl, burdan gedək rəhmətlik Məmməd müəllimgilə, ordan da keçərik onun əmisi oğlu Nurəddinin yas yerinə. Maşına əyləşib Məmməd müəllimgilə gedirik. Orda da mamam oğlu Təbriz «Yasin» oxuyur. Çaya dəvət edirlər, içmirik. Keçirik digər qapıya. Orda da Nurəddinin məclisidi. Burda da «Yasin» oxunur. Onlara da təsəlli verib qalxmaq istəyəndə Füzuli rayonun Ağsaqqallar Şurasının sədri, böyük ziyalı və gözəl insan Zülfüqar Əliyev gəlir. Zülfüqar həkim Məmməd müəllimin qardaşı, Nurəddinin əmisioğludur. Elə mənim də əmim oğludu. Öz oturuşu, öz duruşu ilə həmişə el-obanın hörmətini, nüfuzunu qazanıb. Ağır olsa da, bu yas məclislərindən çıxanda bir daha rəhmətə gedən qohumların doğmalarına başsağlığı veririk. Allah-Təaladan onlara can sağlığı, sevincli günlər arzulayırıq...

Bu kədərli notlardan sonra dünyanın sevincli anlarını yenidən yaşayırıq və yenidən sanki bu dünya öz qapısını üzümüzə açır. Füzulidə çox möhtəşəm və tarixi işlər görülür. Füzuli Hava Limanı tikilir. Rayonun Şükürbəyli kəndindən Zəngəzura, Naxçıvana böyük yolun çəkilişinə başlanılıb. Bu elə-belə yol deyil ha! Bu, beynəlxalq əhəmiyyətli, dünya miqyaslı «İpəkyoludu». Və bu yolu da Türkiyənin tikinti şirkətləri inşa edir. Dağların sinəsini yarıb bu yolu çəkmək elə də asan deyil. Birdən partlayış səsi eşidirik, diksinən kimi oluruq. Yanımızdakı bələdçilərdən biri deyir ki, qorxub eləməyin, bu nə düşmən mərmisinin səsidir, nə də qəfil açılan minanın. Dağlarda yol çəkilişində istifadə olunan partlayışlardır. Dağı partladıb ordan tunel çəkmək istəyirlər. Çünki dağdan keçən yollar elə-belə yollar deyil, orda tikinti işləri görmək üçün bəzən partlayıcı qurğulardan da istifadə olunur ki, dağ aralansın və orda tikinti üçün şərait yaransın. Sanki bura bir vaxtlar böyük Səməd Vurğunun «Muğan» poemasında təsvir etdiyi yeni tikilən Mingəçevir şəhərinə bənzəyir. Orda da bir zamanlar Boz dağı yarıb şəhər salıblar və tikiblər və möhtəşəm bir görünüş inşa ediblər. O vaxtın qəhrəmanı olan Maniya və Sarvanlar indi bax bu yeni tikilən Şükürbəyli, Zəngəzur, Naxçıvan yolunda çalışırlar. Havaların nə qədər isti keçməsinə baxmayaraq, iş dayanmır, ağır texnikalar – bulduzerlər, ekskovatorlar, çınlıq, qum və tikinti materialı daşıyan iri yük maşınları öz işlərindədilər. Bu cür möhtəşəm tikintinin həyata keçirilməsi bizcə XXI əsrin ən möhtəşəm işlərindəndir desək, səhv etmərik və bu tikinti tarixə qızıl hərflərlə yazılan anlardan olacaq.

 Füzulidə insanlar bu günə və sabaha çox ümidlə baxırlar. Ən azından onların bütün torpaqları işğaldan azad olunub və tezliklə o insanlar yurdlarına dönəcəklər. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də həmişə xalqın, camaatın arasında olub, onların problemləri, çətinlikləri ilə maraqlanıb. Mütəmadi olaraq kəndlərdə və yaşayış sahələrində səyyar görüşlər keçirib, elə insanların çox problemləri də həmin görüşlər zamanı həllini tapıb. Həftənin beşinci günüdür. İcra hakimiyyətinin qabağında bir neçə nəfər başçı ilə görüşmək istəyir. Onun köməkçilərindən biri olan Elşad müəllim hamını hörmətlə, nəvazişlə qarşılayır. Bir nəfər olsun belə diqqətdən kənarda qalmır. Birbaşa başçı ilə telefon əlaqəsi yaradır. Elə adam var dərdini telefonda Alı müəllimə deyir. Alı müəllim də öz məsləhətlərini verir və problemi həll edir. Başqa vətəndaşları ilə qısa zaman ərzində qəbul edərək dinləyir, onların üzləşdiyi problemi öyrənir  və bu problemin həll olunması üçün aidiyyatı müəssisə və idarələrə göstərişlərini verir. Qəbula kim gəlibsə, hamısını icra başçısı diqqətlə dinləyir və onların bütün məsələlərinin həll olunmasına nail olur. Bir nəfər olsun belə diqqətdən kənarda qalmır. Təbii ki, icra başçısının insanlarla bu cür yüksək səviyyədə münasibəti və onlara hörmət bəsləməsi həmin adamların yaddaşında xoş izlər qoyur və icra hakimiyyətinə qəbula gələn insanlar razılıq hissi ilə oranı tərk edirlər...

Əmim oğlu və orta məktəb yoldaşım Zülfüqar Məmmədov həmin günlər kənddə idi. Qarabalanın yas məclisində görüşəndə dedi ki, vaxtın olsa, bizə gələrsən, bir stəkan çay içərik. Vaxtın az olmasına baxmayaraq, bir zaman tapdım və axşamüstü dostum Ariflə onu Bəhməndəki Quruçayın vadisində evində görüşdük. Düzdür, ora birinci dəfə idi gedirdim. Amma o yerlər, o yurdlar mənim üçün çox doğma idi. Bizim uşaqlığımız Quruçayda, onun yaxınlığındakı yarğanlarda keçib. Bu yarğanları sel gələndə yaratmışdı, indi həmin yerlər həyətyanı sahələrə çevrilib. Zülfüqar əmioğlu da orda özünə gözəl bir ev tikib. Həyətində bir-birindən bənzərsiz meyvə ağacları, yaşıllıqlar əkib. Hətta heç harda olmayan zeytun da var o həyətdə. Bu da təsadüfi deyil, çünki Zülfüqar müəllim ömrünün böyük bir hissəsini «Azərsun»da zeytun istehsalı ilə bağlı keçirib. Özü də çox savadlı və istedadlı mütəxəssis olub. Bir az çay içəndən, bir az qarpız, bir az da yemiş yeyəndən sonra həyətə düşürük. O, bir-bir böyütdüyü ağacları bizə göstərir və deyir ki, bax, bu yerlər bizim uşaqlıqda oynadığımız, gəzdiyimiz yerlərdir. Onun bal kimi bir oğlan nəvəsi bizə yaxınlaşır. Balaca kardon yeşikdə üç dövşanı var. Biri ağdır, ikisi qara. Deyir ki, baba, istəyirsən bu dovşanları birini sənə verim, apar nəvənə. Deyirəm çox sağ ol, Allah səni saxlasın! Uşağın alnından öpürəm, o da məni qucaqlayır. Deyəsən, qan çəkir. Həmin günü Zülfüqar müəllimin oğlu Vidadi də kəndə gəlmişdi. Çox tərbiyəli və ziyalı oğlandı, həm də gözəl həkimdi. Bir sözlə, mən Zülfüqar əmioğlugildə olanda dünyanın gözəlliyini, şirinliyini və böyüklüyünü gördüm. Bir daha gördüm ki, bir üzü qaranlıq dünyanın, bir üzü də işıqlı imiş. Bu işığı doğma yurdum Füzulidə, Bəhmənlidə, hər evdə, hər eşikdə gördüm və hiss elədim. Hiss elədim ki, hələ yaşamağa dəyər, hələ dünyanın işıqlı günlərini biz çox görəcəyik. Biz görəcəyik ki, Azərbaycan dünyanın ən qüdrətli, ən güclü ölkəsidir və dünyanın ən qüdrətli ölkəsi ilə həmişə fəxr edəcəyik, qürur duyacayıq...

TƏQVİM / ARXİV