SON DƏQİQƏ:

Otuz ildən sonra... - Firidun Ağazadə yazır

  52734   |  
Şriftin ölçüsü  

(selfi-esse)

 

“Ah, Lotta!...”.

“Ah, İr! Butulkadan viski içənim, sən niyə belə etdin?...”. 

“Gəl, indi sevək biri-birimizi... Onda olmayıb, indi olsun...” – otuz ildən sonra elektron poçtuma yazdığı ilk məktublardan biri belə idi. İr məni sevməyə çağırırdı... Və mən onu yenidən sevdim, otuz ildən sonra. Qınamayın, bu, evli qadını sevmək deyildi, bu öz sevgimi qaytarmaq haqqı idi. 

...Dünyanın bu qarışıq vaxtında “İr və Miki” romanını yazmağa başladıq. Mənə “Miki” adını İr vermişdi. Gəncliyimdə məşhur yunan müğənnisi Mikis Teodorakisi çox sevdiyimi biləndə dedi ki, “Mən də onu çox sevirdim, gəl, sənə “Miki” deyim. Gəncliyimiz ayrı düşdü, amma indi “ta buraxmam”. 

...İlk görüşümzdə onu öpdüm, nə desə yaxşıdı: “Belə öpüşməyi hardan öyrənmisən?... Bə deyirdin... heç nə bilmirəm... ailəcanlıyam, nə bilim nə?..”. Mən bu suala necə cavab verim, bilmədim.  Elə öz sözü ilə cavab verdim: “Dramatikləşdirmə,..”

Biz necə qorxurduq, ilahi!? Qorxur... və sevirdik. Qorxa-qorxa sevirdik, sevə-sevə qorxurduq. Özü də dünyanın düz vaxtında yox, dünyanın bu qarışıq vaxtında. Neyləyək, indi əlimizə girəvə düşmüşdü, əldən verdiyimiz vaxtın acığına, indi daha şiddətlə sarılırdıq biri-birimizə. Vaxtın cızdağını çıxarırdıq. Mən bir az Verter, o bir az - Lotta. Amma Baba yaşında və Nənə yaşında. Biri-birimizi tez-tez acılayırdıq – bizim sevgimiz seytnot vəziyyəti idi və bu, əsəbilik gətirirdi bizə. Rəssam dostumun İçərişəhərdəki emalatxanasında (bundan sonra Emal) hər dəfə görüşəndə gecikmiş ağuşlar içində pıçıldayırdı: “Miki, biz niyə tələsirik e..? Qoy, uzansın da... Miki, uzat bu dəmləri... Qurban olum, tələsməyək də... “Uzadaq ömrünü hər bir anın da”. Heç istəmirəm evimizə gedim. Mən o evə niyə gedim ki?.. Sevgisiz... Mənsə sevmək istəyirəm... sev-mək... Başa düşürsən?..”. Və istər-istəməz “Amma yaman qorxuram...” sözləri. Ardınca yenə: “Miki, qorxma... Bax, sənə qorxma deyirəm, amma özüm qorxuram. Beş-altı il əvvəl olsaydı... Hansı cəhənnəmdə idin?! Gec axtardın məni... İndi də ki, yaşımdan, başımdan qorxuram... Deyəcəklər, qəhbə qudurub... Deyirsən, qaçaq. Gedib bağında qalım, bir ay, beş ay, bir il, heç tapmasınlar bizi. Qəzetlər bir sensasiyalı xəbər yaysın: “Cütlük haradasa Abşeron bağlarında daldalanır...”. Yox, Miki. Bizdən “cütlük” çıxmadı... Kim deyir ki, mən səninlə bağa gedirəm? Yox, elə bu Emal bəsimizdi. “Master və Marqarita”nı oxumusan?” “Yarısına qədər” - dedim. “Bax, orada sevgililərin bir zirzəmisi var... mənim də başıma gəldi bu. Qoy, Emal mənim zirzəmim olsun. Hərdən gəlib baş-başa burda qəribsəyək, doluxsunaq... Sevgisiz günlərin əvəzini çıxaq. Bu özləmin belini qıraq... Gizli sevgi daha şirin. Bəs, sonra? Bu, sevgi romanı deyil, Miki. Bizimki həyat romanıdı, həyata keçmiş romandı, di, gəl başa sal insanları... 30 il əvvəl nə olub, indi nə baş verir... Yox, qorxuram. Sənin üçün çox qorxuram, Miki... ”. 

“Miki, yaxşı yazı, gözəl portret də yaradıcı insan üçün orqazm kimidi. Ehtizazı, çırpıntıları ilə qanadlandırır, uçurur adamı, bihuş edir... Və ilahi bir nəşə, zövq verir adama. Titsianın rəsmləri kimi. Mən Avropada doğulsaydım, “Veneranın doğulması”nı daha ekspressiv çəkərdim. Mənim ekspressiyam çox güclüdür, Miki. Sən yaz, yaza bilirsən. Niyə yazmırsan? Sən də ruh adamısan, yazmalısan... Amma şeir yazma... Onsuz da yazanlar çoxdur. Yaxşı? Yazma sən, yaxşı oxucu kimi qal. Sən yaxşı oxucusan. Amma heç yerə də getmə. İncitmə məni. Sən mənə lazımsan, məni başa düş. Heç kimdən anlayışım olmadı, barı sən sabit biri ol. Məni hamıdan çox sən başa düşürsən... Lazımsan mənə! Amma acılama məni. Yaralama. Onsuz da içim cırmaq-cırmaq...”.

Bir gün zəng edib dedim ki, “İr, sizin əvvəllər yaşadığınız evi sökürlər... sizin mərtəbəyə çatıblar”. Dedi ki, bu xaraba dünyada mənim onsuz da sökülməmiş yerim qalmayıb... Sən də sökmə məni... “Sökülməmiş” sözündə hansı saiti hansı saitlə dəyişirsən, o da sənə qalmış...” (oxucu, bu eyhamın mənasını axtarma, onu yalnız ikimiz bilirik). 

İr möhtəşəm qadındır. Monumental qadındır. Sevgi qadınıdır... Sevginin, sevməyin anatomiyasını necə gözəl bilir?! Deyirdi: “Hisslər vəhşi at kimidi, Miki. Onları yüyənsiz buraxmaq olmaz. Verterə, Lottaya baxma. Bizim cəmiyyətimizdə həyat şərtləri başqadı, əzizim. “Beşmərtəbəli evin altıncı mərtəbəsindən, Təhminədən danışanda deyirdi: “Təhminə heç mənim dırnağım olmaz... İntəhası yazıb əbədiləşdirən yoxdu da...”. Bir az keçincə: “Amma sən münasibətlərimizi dramatikləşdirmə, Miki, Belə olub da...”. Mən səbirsiz bunları başa düşəcək halda deyildim. 

O, sevgi üçün ölürdü. Sevmək üçün ölürdü. Sevimli olmaq hər bir qadının arzusudur. Böyük qadındır. Amma bizim kişi sifətli cəmiyyətimizdə Qadın “Böyük” ola bilərmi? Haşa! Haşa və kəlla! Çünki dünyamız da kişi üzlü, kişi sifətlidir. Belə bir cəmiyyətdə qadının “Böyük” olması, tutalım, Hürrəm Sultan (Osmanlını fəth edən xoxol qızı) olması müşkül! Bizim sevgili günlərimizdə televiziyada Türkiyənin “Möhtəşəm yüz il” serialı gedirdi. Bu film həm də böyük bir sevgi dastanıdır. Təsadüfdürmü? İr lap Sultan kimi möhtəşəm qadındır - sözü, fikri, arzusu, düşüncəsi, fırçası ilə. İstəyi, iti hissiyyatı, ləyaqəti, təşəxxüsü, narsisliyi, iddiası, duyumu, qələmi ilə. Tez-tez sevgi mövzusunda az qala dalaşırdıq. Daha çox həftəsonu günlərdə, Weekend-də. Bizim Weekend davalarımız vardı... Mənə töhmət edir, deyirdi: “Yenə başladı bu Weekend sindromu? Bu sindrom məni öldürəcək!.. Bu Weekend mənim axırıma çıxacaq!.. Qoy, heç olmasa ağlayım yanında bir az. Məni başa düş. Biz bir yerdə, bir evdə ola bilmərik. Amma lazımsan mənə. Axı, deyirdin, sən bu Nənəyə evlənməyə hazırsan... Döz də,... döz və çək bu sevgisizlik ağrısını... Mənim kimi sevgisiz yaşa, nə çəkdiyimi bilərsən... Belə olub da... Belə olub! Miki, tələsmə..., amma yanımda ol... ”. 

...Yenə həftəsonu idi. Şamaxıdan mənə zəng gəldi: “Miki, məni Şamaxıya gətiriblər, Pirquluya... guya ki, havamı dəyişim.... Guya pirə gətiriblər, depressiyamı dağıdırlar. İstəmirəm... Dedim, sənin səsini eşidim. Mən səni çox sevirəm... eee... çox istəyirəm. Amma bu istək sevgidən ucadır, biləsən.... Gəlmə-eləmə ha, axtarıb eləmə... Sevmək istəyirdim, amma qorxa-qorxa sevmək qismətim oldu... Belə olub da. Belə olub...”. Bu son sözlər tez-tez gərək olurdu bizə. Sonralar “Mənə Şamaxıdan zəng elə bir də... Mənə Şamaxıdan bir də zəng elə...” misralarını tez-tez deyəcəyəm... Ürəyi parçalana-parçalana.

...Mənsə çox səbirsiz idim, illərin hayfını çıxmaq istəyirdim. Öz əvəzimə də, onun əvəzinə də. Bizimki sevgi deyildi, sevgi davası idi. “Sən niyə onda demədin? Niyə qorxmusan o vaxt? Mən axmaq da təkəbbürlüyəm çox. Narsis, yəni. O vaxt isə gözüm heç kimi görmürdü...”. Və bir an sonra: “Miki, amma gözlərim çox iridi, hə? Belə gözlər harda var? Gözlərimin güzgüsündə bir özünə bax... Yaxşı da... gəl öpüm səni... Yox, yox, sən öp məni.. Sən bunu bacarırsan...”. Beləcə, sevgi davamız bitmirdi. Əsas mövzu bu idi: Sevmək istədiyini niyə sevmək olmaz? Azad sevgi nədir? Biz indi biri-birimizi niyə sevə bilmərik?” Halbuki özü sevir, sevgi üçün ölürdü, sevmək üçün ölürdü. Hər şeyi adı ilə deyirdi, sevə-sevə deyirdi: “Miki, indi biz biri-birimizi istəyə bilərik, sevə bilmərik. Dəlisən, axı, çox gecikmişik... Axı, mən başqasının arvadıyam, özü də Nənə yaşında... Sən də Baba yaşında...”. Gözlərini yumub “Amma bu istək sevgidən də ucadır, biləsən!” pıçıldayırdı. 

“İnternews” xətti ilə xarici ölkələrdən birinə müxbir getmək fikrim vardı. Avstriyada, Zalsburqda yerləşəcəkdim. İr bu fikirdən qanad açmışdı: “Oralara getsən, ailəni, uşaqları da apararsan? Çəpəki və mənalı baxırdı mənə. “Ailə ilə çətin olar. Amma yaxşı olardı... mən də tez-tez gələrdim yanına... Orda Emal da olacaq?..”. Bu son sözləri deyib, can ala-ala gülümsünürdü. Azadlıq üçün də ölürdü, sevgi üçün necə ölürdüsə”.  Hürr və sevgi ilə yaşamaq... yazmaq, yaratmaq, ekspressionist və ruhani bir ömür yaşamaq istəyirdi... İntibah dövrü rəssamlarını dəlicəsinə sevirdi. “Bircə stəkan da yuya bilməyən” bu gecikmiş sevgim... “Miki, mən bircə stəkan da yuya bilmirəm, boşansam, bir yerdə yaşasaq, necə olar..?” – ilk məktublarının birində yazmışdı mənə. Yəni, xəbər verirdi ki, bu cür qadındır. “Belə qadını kim sevər?” - gülə-gülə özünə ironiya edir və gecikmiş ağuşlar içində bihuş olurdu... “Belə qadını mənim kimi axmaq sevər”- deyirdim. “Sən Qadın deyilsən, sən Madınsan!” Ona “Madın” deməyimi həmişə vurğulayır, qabardır, bir az da fəxr edirdi... “Kimin belə adı var: “Madın”?! Mənə yaxşı ad qoymusan!” Yumulu gözlərinə baxırdım... Nə boyda göz qapaqları vardı? “İr, nə iri gözlərin var? Həm də qəşəng...” - deyirdim. Ardınca layla kimi oxurdum qulağına: “Qoy, girim gözlərinə, Gözlərini ört, yatım. Baxışların tutyadır, Gözlərimə sürt, yatım. Lay-lay, İrim, a laylay! Bircəm, birim, a lay-lay”. Biz belə xoşbəxt idik. “Otuz ildən sonra belə xoşbəxt olmaq hər aşiqin işi döy!” – zarafatlaşırdıq. Heyhat, yenə qorxurduq... Sevə-sevə qorxurduq. Qorxa-qorxa sevirdik... 

“Mən onu iyirmi səkkiz yaşda sevmişdim. Onda on doqquz yaşı vardı onun... Otuz ildən sonra sevgimə cavab gəldi... Mənim əlli səkkiz yaşım vardı, onun qırx doqquz... Mən baba idim, o - nənəyaşlı... Nə dadlı bir sevgimiz vardı, İlahi?!... Bütün sevgilərin başı... Frederik Beqbeder deyir ki, “Məhəbbət üç il yaşayır...”. 30 il qabaq qəlbimdə boy atan o sevgi fidanını nəzərə almasaq, mənim gündəliyimdə bu müddət 3 il 3 ay oldu...  Beqbeder 3 ay səhv etmişdi. Amma elə həmin 3 ay məni xoşbəxt elədi...

O, tanınmış bir qadındır. Amma ən böyük sevgiləri elə tanınmışlar yaşamış... Qay Yuli Sezar və Kleopatra, Aleksandr Puşkin və Natalya Qonçarova, Anna Axmatova və Nikolay Qumilyov, İvan Turgenev – Polina Viardo, Corc Sand - Frederik Şopen, Bernard Şou – Stella Patrik Kempbell, Sergey Yesenin – Aysedora Dunkan, Aleksandr Düma (oğul) – Mari Düplessi... 

  ...İr mənə çox doğmadır. Doğmalardan da yaxındır. Beləcə, bu nənəyaşlı, babayaşlı, gizli sevgimizi sirr kimi əzizləyə-əzizləyə bəsləyirik. Deyirsiz, dramataikləşdirməyim?  Göndərmədiyim bir məktubun son sətirləri belədir: “Hər doğmanın bir adı var, Söylə, sənin adın nədir? Ruhum belə doğmalıqdan, Ay insafsız, divanədir...”.  

Sonra... Sonrası olsaydı nə vardı ki?..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK