adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Sentyabr 2021 10:50
1112
ANALİZ
A- A+

Unudulmaz aktyor İlham Əsgərovun nağıl kimi dünyası: 6 il əvvəl...

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, bədii qiraət ustası  İlham Əsgərovu tamaşaçılar "Sarıköynəklə Valehin nağılı" (1980) televiziya tamaşasında görənlər elə o vaxtdan  simasından abır-ismət süzülən , utancaq, ağır təbiətli bu gənci tanıdılar, sevdilər. Böyük yazıçı  İlyas Əfəndiyev sanki bu əsərini məhz  İlham Əsgərovun (Valeh) və Zenfira Nərimanovanın (Sarıköynək) boyuna biçilmişdi. Yəqin ki, bir çoxunuz unutmamısınız televiziya tamaşası uşaqlıqdan bir-birilərini sevən və ailə quran Sarıköynəklə  Valehin  acı taleyi haqqındadır. Lakin onların bir-birinə olan məhəbbəti hər bir çətinliyə qalib gəlir və onların xoşbəxtliyinə heç bir qüvvə mane ola bilmir. Bax, həmin tamaşadan sonra institutlardan məzun olan gənclərin bir çoxu işləmək üçün rayonlara təyinat alırdı. Çünki özlərinə Valehi, Sarıköynəyi  ideal seçmişdilər.


Aktyor İlham Əsgərov istedadlı aktyor idi. Onun çəkildiyi bütün tamaşa və filmlər mütəxəssislər tərəfindən  uğurlu sənət əsəri olaraq dəyərləndirilir.


Adalet.az xəbər verir ki, İlham Əsgərov 1958-ci il iyul ayının 16-da Masallı rayonunun Xançobançı kəndində anadan olub. O, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İlham Əsgərov ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb.

 

 

Onun böyük ustalıqla ifa etdiyi Əli (M.İbrahimov "Közərən ocaqlar"), Ərəb (H.Cavid "İblis"), Əbubəkir (N.Həsənzadə "Atabəylər"), Həbib, Nicat, Anaşkin, Doktor Altay, İbrahim xan, Məhəmməd xan (İ.Əfəndiyev "Büllur sarayda", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Qarabağnamə", "Hökmdar və qızı"), Loğman və Əmir, Sabutay, Nadir (B.Vahabzadə "Fəryad", "Rəqabət"), Fransa kralı (U.Şekspir "Kral Lir"), N.Nərimanov (Ə.Əmirli "Mesenat") Həbibi (M.Seyidzadə "Füzuli və Əsmər"), Piri baba (S.S.Axundov "Qaraca qız") və başqa obrazlar təkcə İlham Əsgərovun yaradıcılıq müvəffəqiyyəti olmayıb, milli teatrımızın tarixinin parlaq səhifələrini təşkil edir.


İstedadlı aktyor Azərbaycan Dövlət Televiziyasında U.Şekspirin "İki veronalı", İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı", B.Vahabzadənin "Kimdir haqlı", A.Qəhrəmanovun "Səndən xəbərsiz", M.Süleymanlının "Fatehlərin divanı" teletamaşalarında Valentin, Valeh, Fərrux, Fikrət, Bilgə xan kimi yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" və "Əlahiddə vəziyyət" bədii filmlərində uğurla çəkilib. O, radionun məşhur "Bulaq" verilişinin unudulmaz aparıcılarından biri idi.


Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 2000-ci ildə Respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Prezident mükafatçısı idi. Yeri gəlmişkən, İlham Əsgərovun Yeganə xanımla evliliyindən Fidan adlı qızı var.
Aktyor uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu.

Xalq artisti  2010-cu ilin dekabrında beyin insultundan müalicə olunub. Sevilən aktiyor 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib və doğulduğu ata yurdu Masallı rayonunun Xoşçobanlı kəndində dəfn olunub.

 Xatirələr

 Əməkdar artist Sənubər İsgəndərli həmkarını belə xatırlayır "Onun insanlığı, mədəniyyəti, sənətkarlığı haqqında heç kim fərqli bir söz deməyəcək. Sözün əsl mənasında İlham çox abırlı insan idi. O, uşaqla uşaq, böyüklə böyük ola bilirdi. Sonuncu dəfə onunla üç gün bundan öncə görüşdük. Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı.

 

Eyni tamaşada oynadıq, amma oynadığımız personajların bir-birinə aidiyyəti olmadı, bir sözlə, eyni tamaşada olsaq da, eyni səhnəni paylaşmadıq. Elə son dəfə bunu dedi, qulaqlaşdıq. Mən bilmədim ki, bu, bizim sonuncu görüşümüz olacaq. Allah ona rəhmət eləsin".
Mərhum aktyorun sənət yoldaş xalq artisti Nurəddin Mehdixanlı: “Insanlar var ki, öləndən sonra heç kimin yadinda qalmırlar. Sadəcə özləri üçün yaşayıb, unudulurlar. Amma insanlar da var ki, həyatda çox yaşamırlar, ancaq dərin iz buraxılırlar, heç vaxt unudulmurlar. İlham ikincilərdən idi. O, fikirləri, əməlləri, əxlaqı ilə yaddaşda qalıb.
Bütün mənalarda çox əxlaqlı bir insan idi. Bəlkə də çox az saylı adamlardan idi ki, yalan danışmırdı və bacarmırdı. Pisə pis, yaxşıya yaxşı deyirdi. Yaxşı iş üçün sevinirdi”deyə xatirələrində bildirib.

Unudulmaz sənətkar, gözəl insan İlham Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq. 

 


Əntiqə Rəşid

Digər Xəbərlər