adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Sentyabr 2021 12:56
1329
İQTİSADİYYAT
A- A+

Təhsil haqqı- valideynlərin kabusu

Bu günlərdə Azərbaycanda valideynlərin ən böyük qayğısı övladlarının tələbə adı qazanmasıdır. Valideynləri ən çox narahat edən məsələ isə ödənişli əsaslarla ali və yaxud orta ixtisas təhsil müəssisəsilərində təhsil haqqın məbləğinin yüksək olmasıdır. Azərbaycanda xüsusi karantin rejimi dövründə təhsil, əsasən, distant qaydada gerçəkləşdirilir. Tələbələr son üç semestr boyunca dərslərə onlayn qaydada - uzaqdan qatılıblar. Bununla belə, universitetlərə və kolleclərə ödənən təhsil haqqı məbləği əvvəlki qaydada saxlanılıb. Bu məqam özəlliklə iqtisadi durumun çətinləşdiyi şəraitdə istər tələbələrdə, istərsə valideynlərdə narazılıq doğurub. Axı ötən il ərzində Azərbaycanda əhalinin nominal gəlirlərində, ölkə üzrə ümumdaxili məhsulun və orta aylıq əməkhaqqı miqdarında azalma, işsizlərin sayında isə artım qeydə alınıb. 
Nəzərə almaq lazımdır ki, iqtisadi böhran olmayan şəraitdə də Azərbaycandakı təhsil haqqı məbləğləri qonşu ölkələrlə müqayisədə yüksək olub. Təhsil nazirinin müavini ötən il mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda ali təhsil ocaqlarında illik təhsil haqqı orta hesabla 2 min 290 manatdır (1 min 347 ABŞ dolları). Ötən ilin sonunda ölkədə orta aylıq əməkhaqqı 704 manat (414 dollar) olub. Bu o deməkdir ki, ali təhsil müəssisələrində bir illik təhsil haqqı orta aylıq nominal əməkhaqqından 3.2 dəfə çoxdur. Ancaq qonşu ölkələrdə bu məsələ ilə bağlı vəziyyətə baxdıqda aydın olur ki, orta aylıq nominal əməkhaqqının təhsil haqlarına nisbətindəki fərq Azərbaycanla müqayisədə daha aşağıdır. Məsələn, ötən il Gürcüstanda dövlət universitetlərində birillik təhsil haqqı 2 min 250 lariyə (720 dollar) olub. Həmin vaxt ölkədə orta aylıq əməkhaqqı 1 min 204 lariyə (382 dollara) bərabər idi. Deməli, orta aylıq əməkhaqqı və orta illik təhsil haqqı arasındakı fərq cəmi 1.8 dəfə olub. Rusiyada orta illik təhsil haqqı məbləği 138 min rubl (1 min 791 dollar), orta aylıq əməkhaqqı miqdarı isə 48 min rubl (620 dollar) səviyyəsində olub. Yəni, aradakı fərq 2.8 dəfəyə bərabər olub.
Azərbaycanda universitetlərin maliyyələşməsi büdcədən dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına həyata keçirilir. Son illər bir neçə dövlət universitetinə "publik hüquqi şəxs" statusu verilib. Bu status həmin təhsil ocaqlarına kurs açmaq, konsaltinq xidmətləri təklif etmək, elm tutumlu layihələr həyata keçirmək kimi fəaliyyətlərlə müstəqil şəkildə məşğul olmaq yetkisi verir. Ancaq yenə də təhsil haqqından kənar mənbələr Azərbaycan universitetlərinin gəlirlərinin cüzi bir hissəsidir. Universitetlərdə təhsil haqqından savayı digər gəlir qaynaqlarının azlığı onları təhsil haqqından son dərəcə asılı duruma salır. Beləcə, yüksək təhsil haqqı məbləğləri qaçılmaz olur və dolayısıyla istəyən hər kəs ali təhsil almaq imkanından məhrum qalır.
Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, 2019-2020-ci tədris ilində Azərbaycanın dövlət universitetlərində 169 min 15 tələbə təhsil alıb. Onlardan 100 min 858 nəfəri, yəni bütün tələbələrin 59.7 faizi təhsil haqqını müqavilə əsasında tam ödəməklə, yəni ödənişli təhsil alıb. Bu göstərici 2018-2019-cu dərs ilində 58.1 faiz olmuşdu. 2019-2020-ci tədris ilində dövlət universitetlərində təhsil alan 169 min tələbə ilə yanaşı, daha 18 min 639 tələbə qeyri-dövlət ali təhsil ocaqlarında təhsil alıb. Bu da o deməkdir ki, ölkədə ali təhsil alan 190 min nəfərə yaxın tələbənin təxminən hər 10 nəfərindən yeddisi hər il təhsil haqqı ödəmək məcburiyyətindədir.

Keçmiş təhsil naziri Misir Mərdanov da “Adalet.az”-ın suallarını cavablandırarkən təhsil haqqlarının yüksək olmasından narazılığını dilə gətirdi:
“Mənim sözün düzü indiki qiymətlərdən xəbərim yoxdur. Amma düşünürəm ki, biz təhsil haqqı məsələsində xaricilərlə bəhs etməməliyik. Biz bu xalqın güzəranını yaddan çıxarmamalı, ayağımızı yorğanımıza görə uzatmalıyıq. Ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqı müəyyən ediləndə sadə insanların aldığı əmək haqqı nəzərdən qaçmamalıdır”. 
Azərbaycanda insanların əksəriyyətinin aylıq gəlirinin aşağı olduğunu bildirən M.Mərdanov təhsil haqqlarını müəyyənedərkən buna xüsusi diqqət verilməsinin vacib olduğunu əlavə etdi: “Deyək ki, ayda 1000-1500 qazanan adam ailəsini dolandırsın, yoxsa ildə 4-5 min manata övladını oxutdursun? Nəzərə alsaq ki, Azərbaycan ailəsində uşaqların arasındakı fasilə 2-3 ili keçmir, bəzən valideyn eyni vaxtda 2-3 övladını oxudur. Onda necə olsun? Yaxud ucqar kənddə yaşayan insanların aylıq gəlirləri göz önündədir, onlar neynəsinlər? Ailəsini saxlasın, yoxsa övladını oxutsun? Elə bir orta rəqəm müəyyən edilməlidir ki, sadə Azərbaycan vətəndaşı övladına ali təhsil almasında  əziyyət çəkməsin”.
M.Mərdanov vaxtilə Bakı Dövlət Uiversitetində rektor olarkən ən yuxarı məbləğ i 2 milyon manat, indiki məzənnə ilə 400 manatı keçmədiyini dedi. “Amma indi eşidirəm ki, bu gün 7-8 min manat illik təhsil haqqı var. Mən Təhsil naziri olanda da özəl universitet rəhbərlərinə tapşırırdım ki, məbləği təyin edəndə insanlarımızı da düşünüsünlər”,- deyə keçmiş nazir bildirdi.

Bir zamanlar  Azərbaycan İlahiyyat İnstitutunun rektoru işləmiş, millət vəkili Ceyhun Məmmədov mövzu barədə danişarkən Azərbaycanda bu gün ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqının kifayət qədər yüksək olduğunu qeyd etdi.
“Eşitdiyimə görə, bu gün ali təhsil müəssislərində 7-8 min manata qədər qalxır. Hətta elə kolleclər var ki, orda təhsil haqqı illik  800-1000 manat civarındadır. Nəzərə almaq lazımdr ki. ali məktəblərdə təhsil alanların əksəriyyəti bölgələrdən gələn gənclərimizdir. Elə gənclərimiz var ki, valideynlərinin həmin məbləği ödəmə imkanı yoxdur. Təhsil haqqının yüksək olması bir çox hallarda gənclərimizə istədikləri sahə üzrə ali təhsil almasına əngəl olur”. 
Millət vəkilinin sözlərinə görə, təhsil haqqlarının yüksək olması səbəbindən bəzi valideynlərin övladlarını xaricdə oxutmağa üstünlük verməsinə səbəb olur: “Məsələn, Rusiyada, Ukraynada və Türkiyəin bir çox ali məktəblərində təhsil haqqaları Azərbaycanla müqayisədə çox-çox bəzən dəfələrlə aşağıdır. Bu bir yandan yaxşıdır, hər il minlərlə Azərbaycan gənci ali təhsil almaq üçün xaricə üz tutur. Amma bununla yanaşı kifayət qədər mailyyə vəsaitinin ölkəmizdən çıxmasına səbəb olur. Hesab edirəm ki, bu baxıman yüksək təhsil haqqları məsələsinə yenidən baxılmalı, sadə Azərbaycan vətəndaşının cibinə uyğun olmalıdır. Digr tərəfdən təhsil haqqı təhsil müəssisəsinin verdiyi ali təhsilin səviyyəsinə uyğun olmalıdır”.

Картинки по запросу Vüsalə Ağabəyli

Təhsil eksperti Vüsalə Ağabəylinin sözlərinə görə, ümumiyyətlə,  son dövrlər, nəinki təhsil işçiləri, o cümlədən, sadə vətəndaşlar da abituriyentlərin Azərbaycan universitetlərinin əksəriyyətində təhsilə olan marağının əvvəlki illərlə müqayisədə çox-çox azaldığını müşahidə edirlər. Bunun bir çox səbəbləri var. 
“Bunlardan biri də yüksək təhsil haqqı məsələsidir. İllik təhsil haqqına 2000-2500 manat ödəyən tələbə 4 ildən sonra isə əmək bazarında özünə yer tapmır. Bununçün də, onun təhsilə xərclədiyi pul və vaxt hədər gedir. Xarici ölkələrdə daha ucuz və daha keyfiyyətli təhsil ala biləcəyini qət edənlər isə ölkədən uzaqlaşırlar. Bəs 2500 manat təhsil haqqı ödəyən tələbənin aqibətini araşdıran varmı? Dərslərin keyfiyyəti, fənni tədris edən müəllimlərin peşəkarlığı və məzun olmuş şəxsin əmək bazarında fəaliyyəti. Bu üç məsələ çox önəmlidir və bir-biri ilə zəncirvari bağlıdır. Əgər qeyd etdiyimiz məsələlər təmin olunursa, onda həqiqətən də, həmin təhsil haqqını ödəməyə dəyər, əks halda isə bu, sadəcə çərçivədə qalan diplom sevdasına xidmət edəcək. Bugün elə kadrlar var ki, əgər kadr demək olarsa onlara, qeyri-peşəkarlıqları ilə "ad-san" qazanıblar, lakin təhsilin və tədrisin kökünü baltalamaqda israrla davam edirlər. Təəssüf ki, belə kadrlara göz yumulur və ixtiyarına səlahiyyətlər verildikcə, nəinki təhsil haqqından heç verilən təhsilin keyfiyyətindən danışmaq mümkün deyil. Bəzən kor-təbii şəkildə yeni ixtisaslar açırlar və təhsil haqqı olaraq da "2000 olsun bunun təhsil haqqı ya 2500?, Qoy elə 2500 olsun" şəklində keyfiyyətsiz müzakirələr aparılır. Sorğulayan isə olmur ki, nəyin əsasında, hansı kriteriyaların əsasında 2500, yaxud 3000 manat? Həmin yeni ixtisası təşkil etmək üçün kifayət qədər peşəkar kadr, müəllim varmı, dərs vəsaitləri, tədris mühiti, auditoriya, texniki avadanlıqlar həmin bu 2500-3000 manatı əhatə edirmi? Gələcəkdə bu tələbə haralarda təmsil oluna biləcək? Problemlər baxın, bunlardır. İnanın ki, yüksək keyfiyyətli təhsilə verilən pul gələcək üçün sərmayə olur, itki yox. Kadrların qeyri-peşəkarlığı isə ən diqqətçəkən məsələdir. Çünki təhsil-tədris prosesinin tənzimlənməsinə nəzarəti nə həmin 2500 təhsil haqqı ödəyən tələbə, nə əziyyətlə gecəsini gündüzünə qatıb yeməyib içməyib həmin pulu toplayan valideyn, nə də kənar sadə vətəndaş həyata keçirir. Məhz qeyri-peşəkar iş bölgüsü və naşı təşkilatdır ki, bugünün tələbəsi sabahın əmək bazarında özünü doğrultmur”,- deyə V.Ağabəyli bildirdi.
Sonda onu da qeyd edək ki, təhsil haqqı qiymətlərinin hər kəsə uyğun olmaması son nəticədə ölkədə ixtisaslı kadr çatışmazlığı doğurur. Eyni səbəbdən ali təhsil ala bilməyən tələbələrlə yanaşı, hətta universitetə qəbul olan tələbələrdən də hər il yüzlərləsi təhsil haqqını ödəyə bilmədiyindən universitetdən xaric edilir. Azərbaycanda ali təhsilə çıxış imkanın məhdudluğu problemi artıq uzun müddətdir ki, gündəmdədir. Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 15 və yuxarı yaşlı əhalinin hər min nəfərinə 134 ali təhsilli vətəndaş düşür. Bu göstərici həm region, həm də dünya ortalamasının təxminən iki dəfə gerisindədir. Hətta hökumətin hazırladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" adlı sənəddə də qeyd edilib ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Belə ki, 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmləşib. Bu səbəbdən özəl sektorda ixtisaslı işçi qüvvəsi çatışmazlığı problemi yaranıb.

İltifat HACIXANOĞLU