adalet.az header logo
  • Bakı 11°C
20 Sentyabr 2021 14:19
1563
GÜNDƏM
A- A+

QEYRİ-SƏLİS MƏNTİQ KƏHKƏŞANINDA KAMİLLƏŞƏN ŞƏXSİYYƏTİN UCALIĞI

İFTİXAR

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

[email protected]

 

İnsan və zaman! Zaman və şəxsiyyət! Şəxsiyyət və amal! Amal və əməl! Əməl və nüfuz! Nüfuz və ucalıq! Ucalıq və vicdan! Vicdan və İNSAN!..

Bütün bunlar riyazi tənliklər düsturu kimi bir-birinə zəncirvari şəkildə bağlılıq təşkil edir. Bu bağlılıq öz kamillik həddinə qədər yüksələ və möhkəmlənə bilirsə, büdrəmir, dağılmırsa, o zaman bu kriteriya insandan-insana qədərki geriyə dönüşü olmayan məsafədə mükəmməllik fenomeninə yüksəliş həddinin fəth edilmə dəyərini qazanır. Mükəmməlliyin yalnız və yalnız uca Tanrıya xas olduğunu inkar etməsək, onu da anlamaqda çətinlik çəkmərik ki, insanın Allaha qovuşa bilmək qüdrəti də məhz yuxarıda qeyd etdiyimiz düsturda özünü tapa bilir. “İnsanı təbiət yaradır, lakin onu cəmiyyət inkişaf etdirir və formalaşdırır” (V.Q.Belinski). Ancaq cəmiyyətin formalaşdırma məhvərində insanın genetik xüsusiyyəti və ana bətnində mənimsədiyi cəhətlər də mütləq rol oynayır.

Bu kriteriyaya insanın təfəkkür dünyasında özünü tapmış düşüncə aspekti də daxildir. Yəni, müxtəli cür düşünən insan varlığı özünü öz idrak və təfəkkür aləminin bazası ilə ifadə edir. Bu baxımdan səlis düşüncə ilə özünü realizə edənlər və qeyri-səlis məntiqlə yaşayıb-yaradanlar həmişə bir-birinə zidd nöqtələrdən baxır və həmişə mübarizədə olurlar. Səlis düşüncənin arealı məhdud, qeyri-səlis düşüncənin hüdudu sərhədsiz olur. Ona görə də səlis düşüncə sahibləri konkretlik həddindən o tərəfə çıxa bilmirlər, qeyri-səlis düşüncə sahibləri isə fəzalarda istənilən qədər qanad çala biləcək qüdrətdədirlər. İkincilər öz çoxşaxəli yaradıcılıq zənginliyi ilə həm fərdi yaradıcılıq imkanlarını, həm də şəxsiyyət bütövlüyünü yetkinləşdirə bilirlər. Klassik nümunələr öz-özlüyündə bütöv bir çərçivədə nümunəvi olur. Ancaq qeyri-səlis düşüncənin məhsulları öz rəngarəngliyi, çoxxətti fəlsəfi dərinliyri və çoxşaxəli yaradıcılıq qayəsi ilə zəngin çalarlarla cilalanırlar ki, o cilalar çözülməyə başladıqda sonu olmayan bir yol kimi daim insanı irəliyə aparır.

Azərbaycan teatr sənətinin inkişafına töhfələr verməklə bütün yaradıcılığı boyu əvəzsiz xidmət göstərən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı zaman-zaman yetişdirdiyi qüdrətli sənətkarları, görkəmli şəxsiyyətləri ilə tarixin səhifələrində öz imzasını mötəbər yerə qədər yüksəldə bilmişdir. Bununla yanaşı, İrəvan Teatrı öz nüfuzlu şəxsiyyətləri, görkəmli sənət fədailəri hesabına həm də Azərbaycan teatr sənətini qədim türk torpağı olan İrəvan şəhərində yaradılmış Ermənistan adlı dövlətdə, xalqımıza qarşı qərəzli mövqedə dayanan millət arasında, bütün maneələrə baxmayaraq, ən çətin şəraitdə layiqincə təmsil edə bilmişdir. Bu xidmətin belə mötəbər mərhələyə çatmasında, teatr yaranan gündən etibarən sənət korifeyləri ilə yanaşı, həm də teatr mexanizmini dərindən bilən görkəmli teatr rəhbərləri də az rol oynamamışdır. Əksinə, mən deyərdim ki, hətta bu teatrın belə özünəməxsus uğurlu inkişaf mərhələsinə gəlib çatması, ağıllı, bacarıqlı, istedadlı, həssas düşüncəli teatr rəhbərlərinin teatrın iş prinsiplərini doğru-düzgün qura bilməsi nəticəsində əldə olunmuşdur. Məhz ona görə, teatr və Ermənistandakı yaradıcı soydaşlarımız, ermənilər tərəfindən ən son həddə qədər inkişaf etdirilən qərəzçilik mövqeyinin qaynar mühitində belə öz qüdrətli fəaliyyətlərini qoruyub saxlaya bilmişlər.

Ermənistanda və ermənilər arasında yaşamaq fədakarlıq idisə, hələ gənc yaşlarında bu fədakarlığı öz üzərinə bütün məsuliyyəti ilə götürmüş və bu günə qədər həmin fədakarlığı davam etdirən, tutduğu yolda nəhəng işlər görən və böyük şəxsiyyətə çevrilən, İrəvan ədəbi mühitinə və 1967-1984-cü illərdə İrəvan Teatrına rəhbərlik etmiş Hidayətin (Orucov Hidayət Xuduş oğlu) apardığı məqsədyönlü fəaliyyət isə böyük dözüm və iradə tələb edən bir cəsarət nümunəsi idi; “insanlar cəsarətlə girişdikləri işlərdə isə daha çox uğur qazanırlar”(U.Şekspir). Cəsarətlə şücaət birləşdikdə isə mahiyyət möhtəşəm olur.

Biz, oxuduğumuz tarixin səhifələrində ədəbiyyat nümayəndələrinin öz xalqları uğrunda necə mücadilələr apardığının şahidiyik. Belə müəlliflərin siyahısı genişdir. Mən, bizə yaxın tarixin, həm də, Sovetlər İttifaqının qılıncının kəskin olduğu bir zamanın içində öz milli kimliklərini yüksək tutan iki nəhəng türk oğlunu nümunə göstərməklə fikrimi isbat edəcəm. Qırğızların və Qazaxların böyük oğulları, dünyaca məşhur, ən əsası isə təpədən-dırnağa qədər milli mövqeyi sarsılmaz olan, “...ən adi hadisələri qlobal səviyyəyə qaldırmağı, ona ən yüksək fikir zirvəsindən baxmağı bacaran, “insan zəkası”nı bədii obraza çevirən” (B.Vahabzadə) Çingiz Aytmatov və “oxucuların nəzərində sovet şairlərinin (bəziləri istisna olunmaqla) ənənəvi mövzu və forma modelini əsasən qəbul etməyən şair “görkəmi” ilə daha çox fərqlənən” (E.Quliyev) Oljas Süleymenov bütün qadağalar zəncirini həm öz yaradıcılıq miqyasları, həm də şəxsiyyət qüdrətləri ilə xıncım-xıncım edə bilirdi. Həmişə, ermənilər arsında öz şəxsiyyət bütövlüyü və yaradıcılıq qüdrəti ilə seçilən, kəskin qələm sahibi olan, daim cəsarətlə danışan Azərbaycanın görkəmli ziyalısı Hidayət Orucovu düşünərkən gözlərim önünə ilk olaraq məhz Ç.Aytmatov və O.Süleymenov gəlir. Çünki Ermənistan adlanan respublikada, həm də Sovet İttifaqının, quruluşun əleyhinə yazılan yazılara görə heç kəsi bağışlamadığı bir zamanlarda Hidayət, cəsarəti və kəskin tənqidi ədəbi nümunələri ilə, həm də sanballı şəxsiyyəti ilə elə boy vermişdi ki, ermənilər onu dəfələrlə sıradan çıxarmağa çalışsalar da, nail ola bilməmişdilər. Çünki Hidayət də qazax və qırğız oğulları qədər cəsarətli və qorxmaz, yaradıcılığı tutarlı. milli təəssübkeşliyi möhkəm, iradəsi güclü, əqidəsi düz şəxsiyyətdir.

Azərbaycanın böyük ziyalılarından olan Hidayət təkcə Ermənistanda deyil, Azərbaycanda da sayılıb-seçilən sima kimi tanınırdı. Çünki o, İrəvan Teatrının nüfuzunu elə miqyasa yüksəltmişdi, özünün yaradıcılıq kredosu ilə elə müstəviyə qalxmışdı və İrəvan mədəni-mühitini elə səviyyəyə çatdırmışdı ki, ona görə də erməni millətçilərini daim narahat edən Qərbi Azərbaycanlıların təəssübkeşi kimi onun adı SSRİ coğrafiyasında elə cür tanınırdı ki, bu şöhrət Hidayətin bir azərbaycan türkü kimi onun şəxsiyyət miqyasını müəyyən edirdi. Odur ki, Hidayət müəllim haqqında söz düşərkən göz önünə haqlı olaraq nəhəng simalar gəlir.

Hidayətin bir şəxsiyyət kimi düyaya baxışı geniş, düşüncə arealı çoxxətti və çoxşaxəli, rəngarəng olduğu üçün yaradıcılığındakı müxtəliflik onun qeyri-səlis düşüncə sahibi olduğunu isbat edir və bu cəhət onun şəxsiyyətnin yetkinləşməsini və kamil insan həddinə çatmasını təmin etmişdir. Hidayət – cəsarətli qələmi ilə yaradıcılığına rənglər qatmış jurnalist, şair, nasir, publisist, dramaturq, sanballı dövlət xadimi, bilikli teatr xadimi, nüfuzlu ictimai xadim, səriştəli diplomat, vətənə və dövlətçiliyiə sədaqətlə bağlı vətənpərvər və milli təəssübkeşliyi yüksək olan böyük ziyalıdır. Akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, “... Ədəbi şəxsiyyətin (ümumən şəxsiyyətin!) ədəbi əsərlərdə, demək olar ki, itdiyi, laübalı həyat, düşkün xarakter (əslində xaraktersizlik!) nümayiş etdirməklə yazıçının məhz bu cür olmalı olduğunu israrla sübut etməyə çalışdığı bir dövrdə Hidayətin təbii, səmimi yaradıcılığı arxasında dayanan möhkəm, qüdrətli şəxsiyyəti yalnız bədii deyil, eyni zamanda ictimai-siyasi “mən”i hələ Ermənistanda yaşayıb fəaliyyət göstərdiyi illərdən özünü aydın göstərirdi” (İ.P.).

Bütün bu keyfiyyətlər yalnız bir halda bir şəxsiyyətdə cəmlənə bilir ki, o şəxsiyyətin daxili dünyası məhdud imkanlarda sıxılıb qalmır, əksinə geniş areala açıq olur. Hidayət müəllimin də təfəkkürü və idrakı məhz geniş arealda qol-qanad açma imkanındadır. Belə imkanlar isə dediyimiz kimi, yalnız qeyri-səlis düşüncə sahiblərinə məxsusdur. Məhz “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin banisi Lütfü Zadə özünün müasir və dünyəvi nəzəriyyəsi ilə bunu sübut etmişdir ki, konkretləşməmiş cavabların sürəti iti, mənzili sonsuzdur.

Hidayətin yaradıcılığında yer tutan bir neçə nümunəni misal gətirməklə dediyimiz fikrin həqiqətini ortaya qoymuş oluruq. Məsələn, şair şeirlərindən birində belə yazır:

“Bizim aramızda bir inam vardı,

Bəlkə də müqəddəs bir yalan vardı,

Yaddan çıxarmazdıq heç axşam, səhər

İki dəfə ikin...

altı eyləyər.”

Öncə, birinci iki misraya diqqət yetirək. Bir-birinə zidd olan, “inam”la, “yalan”ı müqəddəs duyğular müstəvisinə qaldıraraq, eynilik səviyyəsində tutmaq və bu həqiqətə uyğun olmayan əhvala oxucunu inandıra bilmək, məhz qeyri-səlis anlayışdan doğur. Sonrakı iki misra isə tam olaraq qeyri-səlis düşüncənin məhsulu olduğunu açıq şəkildə ifadə edir. Yəni, iki dəfə ikinin dördə bərabər olduğunu bildiyimiz halda, müəllif, altıya bərabər olduğunu söyləyir. Bu o deməkdir ki, bərabər rəqəmlərin cavabı öz həqiqətini aşa bilirsə, demək ki, öndə geniş meydan dayanır. Müəllif belə düşüncələri ilə özünün qeyri-səlis idrakı barədə oxucusuna aydın mesaj verir.

Hidayətin dramaturgiyasında da, onun qeyri-səlis düşüncə sahibi olduğu diqqətdən kənarda qalmır. O, klassik formada yaratdığı dram əsərləri ilə ədəbiyyata gəlsə də, əsərlərinin heç də hamısı konkret hadisələr hüdudunda qalmır. Müəllifin “Bu dünyanın adamları” komediyası tam absurd komediya olmasa da, finalın cəfəng nəticəsi absurd elementlərin cücərtisini özündə ehtiva edə bildiyini göstərir. Absurdizm isə, qeyr-səlis düşünən beyinlərin məhsuludur.

1882-ci ildən fəaliyyətə başlamış İrəvan Azərbaycan Teatrının varlığından öz ideologiyasının təbliği məqsədi ilə uzun illər, kifayət qədər yararlanan, lakin həmişə xalqımıza qarşı düşmən mövqedə dayanan Ermənistan Sovet Sosialist Respublikası qərəzlə, 1951-ci ildə teatrı qapatmasına baxmayaraq, 1967-ci ildə yerli ziyalıların təşəbbüsü və Azərbaycan Sovet Sosialist Respublikasının səyi nəticəsində, bu qədim sənət ocağının bərpasına dair sərəncam vermək məcburiyyətində qaldı. Lakin atdıqları addımdan peşiman olan erməni millətçiləri, yenicə ayaqlanmağa başlayan, az zaman işində formalaşan teatrın kollektivi arasına hərc-mərclik toxumu səpdilər. Bu məqsədyönlü siyasətdən baş çıxara bilməyən o dövrdəki səriştəsiz rəhbərliyin bacarıqsızlığı nəticəsində kollektiv sürətlə dağılmağa başladı. Bir tərəfdən də bu vəziyyəti daha da qızışdırmaq məqsədi ilə Ermənistan hakim dairələri Azərbaycandan dəvət olunmuş aktyorlara söz verdikləri sosial şəraitlə onları təmin etmədilər.

Ermənilər tam arxayın düşdükdən sonra ki, teatrın dağılmaq təhlükəsi qaçılmazdır, onda gözə kül üfürmək məqsədi ilə teatrın fəaliyyətinin davam etdiriməsində guya maraqlı olduqlarını göstərməyə çalışdılar. Erməni millətçi hökumət məmurları həssas bir oyun oynadılar. Ermənistanda fəaliyyət göstərən, Kommunist Partiyasının orqanı olan yeganə azərbaycandilli “Sovet Ermənistanı” qəzetində yenicə jurnalistlik fəaliyyətinə başlamış və elə ilk gəlişindən böyük ümidlər verən gənc, istedadlı bir jurnalisti – Hidayət Orucovu, öz doğma peşəsindən ayıraraq, heç bir teatr səriştəsi olmadığı halda, hələ gənc ikən sözün əsl mənasında bataqlığa atmaq məqsədi ilə, İrəvan Teatrına rəhbər vəzifəyə təyin etdilər.

Əslində gənc Hidayətin yerində kim olsaydı öz isti yuvasından – respublikada böyük nüfuzu olan, qılıncının dalı-qabağı iti kəsən, nə qədər olmasa da dövlətin bütün imtiyazları və qayğısı ilə əhatələnən redaksiyadan heç kim ixtisasına uyğun olmayan və taleyi naməlum olan bir müəssisəyə rəhbər vəzifəyə getmək üçün cürət etməzdi. Gənc Hidayət düşündü, daşındı, əslində yenicə başladığı və az zaman kəsiyində əldə etdiyi uğurlu jurnalistlik karyerasını yarımçıq dayandıraraq, öz taleyini böyük təhlükə qarşısına atmaqdan çəkinməyərək, milli mənafe xatirinə, dədə-babalarımızın min bir əziyyətlə o günə qədər gətirib çatdırdıqları və böyük çətinliklə bərpasına nail olunan, bir də qapadılsa, güman ki, haçansa yenidən bərpasına nail olunub-olunmayacağı şübhə altında olan bu qocaman sənət ocağını “ölüm” təhlükəsindən qurtarmaq üçün razılıq verdi; bu razılıq zamanın yeni inkişaf meyllərinin də formalaşmasına təkan vermiş oldu. Nəzərə alsaq ki, onun şəxsiyyəti arealında perspektivi elə gənc yaşlarından görünürdü, belə qənaətə gəlmək olar ki, həqiqətən də onu qarşıda daha yüksək məqamlar gözləyirdi. Tanınmış psixoloq A.Q. Maslov qeyd edirdi ki, “...hər bir şəxsiyyətin gələcəkdə mövcud olması üsulu ali mənəvi dəyərlərə canatma olmalıdır və əgər cəmiyyət belə bir şəxsi yetişdirə bilməsə, axırı yoxdur. Fərdin şəxsi niyyətləri, ideal istəkləri onun davranışının məzmununu təşkil edir, fəaliyyət motivasiyasını formalaşdırır” (A.Q.Maslov).

Doğrudan da həmin dövrə Hidayət şəxsiyyətinin bu günkü ucalıq prizmasından yanaşsaq, əslində bir tərəfdən bu perspektivi görən, Hidayətin kəskin qələminə, onun yeni nəfəslə boy verən şeirlərinə, təmkinli, cürətli xasiyyətinə, hər kəsə nəsib olmayan layiqli görkəminə qısqanclıq mövqeyindən baxan həmkarları, digər tərəfdən də onun perspektivindən təhlükəyə düşən erməni millətçi məmurları gənc Hidayətin dördüncü hakimiyyət meydanından uzaqlaşdırılmasını təmin etmək üçün, onun daha tez zərbəyə məruz qala biləcəyi bir işə, teatra direktorluq vəzifəsinə getməsinə çalışdılar və bu məsələ baş tutdu.

Redaksiyaya ilk gəlişindən özünün fərqli düşüncəsi ilə seçilən kəskin qələmli jurnalist, təmkinli və istedadlı gənc kimi və gələcəkdə Ermənistan hakim dairələrinə ciddi narahatçılıq törədə bilən nüfuzlu bir azərbaycanlı kimi görünən,

 

Hidayət və quruluşçu rejissor Nəsir Sadıqzadə “Məhəbbət yaşayır hələ...” tamaşasının premyerasında. 1976-cı il

 

erməni qənimçisinə çevrilməsindən təhlükələnən erməni şovinistləri onu qalmaqallı və artıq hərənin bir tərəfə pərən-pərən düşdüyü, darmadağın olmaq həddinə çatmış, qeyri-peşəkar bir gənc əlində bərpası mümkün olmayan bir müəssisəyə – teatra, oradaca it-bat olması üçün rəhbər vəzifəyə göndərərkən, onların ağlına belə gəlməzdi ki, 24 yaşı hələ tamam olmamış, heç bir teatr və idarəçilik təcrübəsi olmayan, lakin gözlənilməz gedişlərlə ətrafı heyran qoya bilən qeyri-səlis düşüncə sahibi Hidayət Xuduş oğlu Orucov bu meydanda, on altı il müddətində teatrı, heç bir şəraiti olmadığı halda Qafqazda nümunəyə çevriləcək bir sənət ocağı halına gətirmək üçün teatrda elə bir islahat başlayacaq ki, bu islahatın nəticəsində İrəvan Teatrı bütün maneələrə, çətinliklərə və şəraitsizliyə rəğmən, yarandığı gündən bəri heç vaxt yüksəlmədiyi bir intibah zirvəsinə boy verəcək, hətta bu islahat o zamanlar Ermənistan Respublikasi Mədəniyyət Naziri tərəfindən erməni teatrlarına nümunə kimi göstəriləcəkdi.

 

“İmzalar içində” tamaşasının premyerasından sonra N.Həsənzadə ilə Hidayət

“Sovet Ermənistanı” qəzetində.

Lakin söylənilən və göz önündə olan bu uğurlu yüksəliş bir həqiqədir və bu həqiqət İrəvan Teatrının taleyində teatrın kollektivi üçün Hidayət müəllimin qazandırdığı mühüm hadisə kimi əbədi yaşayan bir tarixdir.

Fikrimcə bu tarix – Hidayət Orucovun redaksiyadan İrəvan Teatrına deportasiya edilməsi, Qafqaz teatrları sırasında birincilər cərgəsinə yüksələn İrəvan Teatrının həqiqətən də istər öz məhvərindən çıxarılmış ənənələrinin bərpa olunması, istər yeni repertuar planının çağdaş dövrə uyğun mərhələyə çatdırılması, istər truppanın peşəkarlaşdırılması və istedadlı mütəxəssislərlə yetkinləşdirilməsi, istər Azərbaycan ədəbi nümunələrinin, o cümlədən gənc dramaturqların teatra cəlb olunması və bununla da yeni dramaturq nəslinin yetişməsini təmin etmək, Azərbaycan teatr və ədəbi mühiti ilə sıx əlaqələrin yaranmasına nail olmaq, teatrda istər inzibati və texniki kadrların püxtələşməsi üçün sağlam iş mühitinin yaradılması, istər Ermənistanda yeganə Azərbaycan teatrı olduğu üçün çoxjanrlı tamaşalar hazırlanması və bununla da Qərbi Azərbaycanda soydaşlarımızın bütün cəhətlərdən mənəvi tələbatını ödəməyə çalışmaqla azərbaycanlıların torpağa bağlılıqlarına bu istiqamətdə təminat yaratması, istər milli mədəniyyətimizin başqa xalq arasında yüksək meyarda təmsil olunmasını qoruyub saxlanması nöqteyi nəzərindən, istər əvvəlki illərdə teatrın yaşaması üçün fədailik göstərmiş insanların müqəddəs əməlinin şərəflə davam etdirilməsi məqsədinə can yanğısı ilə yanaşaraq qorunmasını təmin etmək kimi vacib məsələlərin həyata keçirilməsi baxımından İrəvan Teatrının taleyinə Tanrı tərəfindən göndərilmiş bir qismət idi.

Baxın, yuxarıda sadalanan bütün çoxşaxəli mətləblərin əsrarəngizliyi birmənalı şəkildə Hidayətin bir yaradıcı insan və şəxsiyyət olaraq qeyri-adiliyinin, qeyri-səlisliyinin təcəssümüdür.

Çox ola bilsin ki, onun redaksiyaya gəlişindən əndişələnən və yerini itirə biləcəyindən təhlükəyə düşən, sonradan onun İrəvan Teatrına – bataqlığa getməsinə sevinən bəzi insanlar, redaksiyada onu yüz cür tələ ilə təhlükəyə salmağa cəhd edəcəkdilər. Və buna nail ola da bilərdilər və ya hər şey tərsinə də baş verə bilərdi. Bunlar bir illiyuziya olaraq bizə naməlum qalır. Lakin həqiqət burasındadır ki, redaksiyadan ayrılma, Hidayət müəllimi özünün fəhmi və fərasəti hesabına uğurlu bir ömür yolunun yolçusuna, İrəvan Teatrını Qafqazda nüfuzlu bir sənət ocağına çevirdi, və bu teatr “...Azərbaycan ədəbi-mədəni mühitinin ayrılmaz parçası kimi movcudluğunu qoruyub saxladı” (Hidayət).

Vəzifəsinə mənliyi kimi münasibət göstərən bu gənc vətənpərvər insan Azərbaycan teatr və ədəbi mühitinin diqqətini İrəvan Teatrına cəlb etdirdi. Teatrı Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Anar, Əkrəm Əylisli, Mehdi Məmmədov, Ağakişi Kazımov və bu kimi bir sıra nüfuzlu ziyalıların yaradıcılıq meydanına çevirdi. Əlaqələrin inkişaf miqyası genişləndikcə İrəvan Teatrı mərkəzin (Moskva) də diqqətini çəkməyə başladı. Mötəbər teatr xadimləri mərkəzdən İrəvan Teatrının tamaşasının sorağı ilə İrəvana təşrif buyururdular və onlar, heç bir şəraiti olmadığı halda belə yüksək bədii keyfiyyətə malik böyük tamaşaların ərsəyə gətirilməsindən heyrətə düşdüklərini açıqca etiraf edirdilər. Bu uğurlardan – mərkəzdən gələn qonaqların erməni teatrlarının deyil, məhz Azərbaycan teatrının tamaşalarına diqqət göstərməklərindən narahat olan erməni məmurları, mötəbər yığıncaqlarda bütün şəraitlərlə təmin olunmuş və dövlətin bütün qayğıları ilə əhatələnmiş erməni teatrlarına İrəvan Azərbaycan Teatrının təcrübəsindən yararlanmağı tövsiyyə edir, hətta erməni teatrlarının rəhbərlərinə təpinirdilər.

 
   

 

İrəvan Teatrında oynanılan şair-dramaturq Bəxtiyar Vahabzadənin “İkinci səs” tamaşasının yaradıcı heyəti. 1971-ci il.

 

Bu gerçəklik isə, Hidayətin uca şəxsiyyətinin və bu ucalığın timsalında İrəvan Azərbaycan Teatrının, eləcə də, İrəvan mədəni mühitinin tikanlı kollar arasından boy verib yüksələn Xan Çinara bənzər möhtəşəmliyinin miqyasının göstəricisi idi. Kollektivin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində görülən tədbirlərə etiraz səsini ucaldan, yüksək təşkilatçılıq qabiliyyətinə malik Hidayət direktor kimi uzun illər teatrda səmərəli fəaliyyət göstərdi, nəhəng imperiyada təcrübəli teatr rəhbərlərindən biri kimi geniş aspektdə tanındı.

Beləliklə, 1978-ci ilə qədər yüksək nailiyyətlər əldə edən İrəvan Teatrının dövlət statusu almasının 50 illik yubiley tədbirlərinin zamanı yetişdi. Şübhəsiz ki, o vaxtlar bu yubileyin keçirilməsi çox müşkül məsələ idi. Şovinist erməni məmurları İrəvanda Azərbaycan teatrının nəinki yubileyinin, hətta kiçicik bir tədbirin belə keçirilməsinə qısqanclıqla baxırdılar. Həm də bu tədbir Ermənistan Sovet Sosialist Respublikasının çıxaracağı fərmanla həyata keçməli idi. Belə çətin bir məsələ, Ermənistan Respublikasından boy verən, bütün tərəflərdən uca görünən teatrın rəhbərinin əlahiddə nüfuzu bahasına başa gəldi. 1978-ci ildə İrəvan Teatrının afişaları Bakının küçələrini bəzədiyi kimi, tamaşaları da Tağıyev Teatrının səhnəsində teatr ictimaiyyətini vəcdə gətirmişdi. Qərbi Azərbaycanda, erməni millətçiləri arasında, şəraitsiz bir binada, yarandığı gündən köçəri həyat keçirən bu teatr öz tarixi keçmişi ilə, qoruyub saxladığı ənənələri, yüksək professionallığı və dəyərli sənət nümunələri ilə sanki böyük imtahan qarşısında idi. İmtahandan əla qiymətlərlə çıxıb tamaşaçıların uzun müddət xatirəsində iz buraxan bu teatr (o anlar mənim yaxşı yadımdadır!) sözün əsl mənasında qürurla öz dəyərini aldı. O vaxt Respublikaya rəhbərlik edən möhtərəm Heydər Əliyevin diqqət və qayğısı ilə teatrın bir neçə aktyoru fəxri adlarla təltif olundu. Bu, məhz Hidayət Orucovun teatrda apardığı düzgün iş prinsipinin, məhz teatrı qəlbən sevərək ona can yanğısı ilə münasibət göstərməsinin, bir də milli qürurunun ucalığına verdiyi dəyərin nəticəsi idi. Axı belə olmasaydı, bu teatr Hidayət Orucovun rəhbərliyi zamanı öz intibah dövrünü yaşamazdı, uzunillik tarixinin mükəmməl salnaməsinin zirvəsinə qədəm qoya bilməzdi. “Kim ki, zamanın axınından öyrənməyib, o daha heç bir müəllimdən heç nə öyrənə bilməyəcək” Hidayətin öyrəndiklərini ona, ana bətindəcə Allah tərəfindən verilən qeyri-adiliyin qüdrəti və həyata iti zəkası ilə baxışının mənimsəmə bacarığı nəsib etmişdi.

Onu da qeyd edim ki, bu gün də teatrımız Hidayət müəllimin apardığı istiqamətdə öz yolunu davam etdirir və teatrımızın səhnəsində görkəmli ədibin əsərləri şövqlə oynanılır. Biz, sənətkarın yeddi pyesini (“Məhəbbət yaşayır hələ...”, “Durnalar qayıdanda” adı altında “Məni qınamayın”, “Bu dünyanın adamları”, “Vətəndən ağırdı vətənin yükü”, “Burdan min atlı keçdi” “İrəvanda xal qalmadı”, “Ömürdən uzun gecə”) tamaşaya hazırlamışıq. Həmin tamaşalar mövzu müxtəlifliyi, məzmun dərinliyi, estetik qayəsi, fəlsəfi yükü, bədii tutumu, milli koloriti və rəngarən xüsusiyyəti ilə tamaşaçı rəğbəti qazanmaqla, səhnəmizin ən uzunömürlü tamaşaları sırasında yer alır.

Hidayətin həyat və yaradıcılığı, ədəbi-bədii, publisistik və ictimai-siyasi fəaliyyəti ilə tanış olduqda inanmaq olmur ki, kiçik zaman kəsiyində adi bir insan bu qədər böyük iş görə bilər. Mədəniyyətimizin, ədəbiyyatımızın elə bir sahəsi yoxdur ki, Hidayətin orada izi olmasın. O, hansı sahədən keçibsə, orada özünəməxsus, unudulmaz iz qoyub. “İz salmaq, iz qoyub getmək isə hər adama nəsib olmur. Bu iş ancaq yaradıcı şəxsiyyətlərin payına düşür” (A.Xələfov). Həm də, Hidayət müəllim kimi dərin zəkaya malik, qeyri-adiliyi ilə seçilən yaradıcı şəxsiyyətlərin...

Teatrın kollektivi 1980-cı il.

 

İrəvan Teatrı öz varlığının bir hissəsi hesab etdiyi Azərbaycanın böyük ziyalısı, nəhəng şəxsiyyəti, özünəməxsus üslubda yaratdığı monumental bədii yaradıcılığı ilə seçilən, həmişə böyük hisslər və duyğularla yaşayan Hidayət müəllimin yüksək amallarının, milli təəssübkeşlik məfkurəsiinin, böyük azərbaycançılıq ideyalarının, məhz İrəvan Teatrının ürək çırpıntıları ilə birgə döyündüyünü həmişə hiss edir. Hidayət müəllimin zəka bəhrəsi ilə formalaşan və bu gün də həmin yolla irəliləyən İrəvan Teatrının bu qiymətli xüsusiyyəti ümummilli ideyalara xidmət baxımından çox önəmlidir və böyük şəxsiyyətləırimiz məhz bu cür təəssübkeşliklə öz həqiqi kimliyini bizi sevən və sevməyənlərə qəbul etdirə bilir. Yeri gəldikcə Hidayət müəllim üçün doğma olan bu sənət ocağına öz mənəvi qayğısı ilə kollektivin hər an yanında olduğunu hiss etdirən böyük yazıçı yaratdığı yeni pyesləri ilə teatrın repertuarının zənginləşməsinə köməklik göstərir. Hidayət müəllim böyük amallarla yaşayan sənətkar olaraq, bu teatrın təəssübkeşliyinə hər zaman, özünə, öz şəxsiyyət dəyərinə münasibət kredosu kimi baxır.

Mövzuları yaşadığımız cəmiyyətdən götürülmüş dram əsərlərinin tamaşalarının müvəffəqiyyətlə keçməsi, təbii ki, ilk növbədə müəllifin “həyat, cəmiyyət, insan haqqında qayğıkeş, həssas sənətkar və vətəndaş mühakimələri ilə” dəyərlidir. Dramaturq Hidayətin dram yaradıcılığı poetik yaradıcılığının üzvi davamı olduğu qədər, həm də Azərbaycan teatrının keçən əsrin 60-cı illərdən sonrakı real durumu və tələbləri ilə bilavasitə bağlıdır. “Dramaturgiya Hidayətin yaradıcılığında adi sınaq deyil, o, bu janra həmişəlik gəlmişdir, başqa sözlə desək, şair Hidayət adının qonşuluğunda bir ad məskən salmışdır – dramaturq Hidayət!”. (İ.Kərimov). Çünki qeyri-səlis düşüncə sahiblərinin bütün yaradıcılıqları boyu istəsələr də istəməsələr də bədii təfəkkür bazalarından istiqamət götürən düşüncə arealları çoxşaxəli və rəngarəng bədii-polifoniyada əhatələnir. Məhz Hidayət müəllimin yaradıcılığında bu bədii-polifoniya aydın şəkildə görünür.

Hidayətin bütün pyeslərində müəllifin fəal həyat mövqeyi güclüdür. Onu bir dramaturq kimi sevdirən əsas cəhət cəmiyyət və şəxsiyyət problemini obrazların psixoloji münasibətlərində axtarmasıdır. Dramaturq şəxsiyyətin mənəvi-əxlaqi xüsusiyyətlərini onun ictimai fəaliyyətinin siyasi mahiyyəti ilə vəhdətdə götürür. Fikir və ifadə aydınlığı Hidayət dramaturgiyasının mühüm cəhətidir. Sadəlik, qeyri-səlis təfəkkür rəngarəngliyi və səmimilik onun ustad imzasıdır...

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ifasında “İrəvanda xal qalmadı” tamaşasının premyerası. 2017-ci il.

 

Yazıçı həyat hadisələrini mürəkkəb qarşılıqlı əlaqələrilə, insan xarakterlərini isə müxtəlif, təzadlı xüsusiyyətlərilə birlikdə araşdırır. Dramaturqun pyeslərinin mövzuları, mövzuya yanaşma və onu təhliletmə yolları, cəmiyyətin üzvü olan, müəllifin poetik dünyasını, saf və səmimi arzularını təcəssüm etdirən qəhrəmanları çağdaş dövrümüzdə də öz yaşarlılığını qoruyub saxlaya bilirlər. Həyat, cəmiyyət, şəxsiyyət haqqında həssas sənətkar və vətəndaş mükalimələri aparıcı mövzu kimi Hidayətin bütün əsərlərində mövcuddur. Hidayətin dramaturgiyası poeziyasının üzvi davamı kimi, həm də bu dramaturgiyanın qaldırdığı problemlər ədəbi və bəşəri olduğu səbəbindəndir ki, onun pyeslərini müasir Azərbaycan dramaturgiyası və teatrı kontekstində də aktual edir. Dramaturq şəxsiyyətin mənəvi-əxlaqi xüsusiyyətlərini onun ictimai fəaliyyətinin siyasi mahiyyəti ilə vəhdətdə götürür. Hidayətin dramaturgiyası ötən əsrin ikinci yarısı və yaşadığımız əsrin əvvəllərində milli teatr hərəkatının genişlənməsində özünəməxsus rol oynadığını, milli mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etdiyini isbatlayır.

Azərbaycanın son onillərdə yaşadığı mürəkkəb tarixi prosesləri şəxsi taleyinin bədii süzgəcindən keçirən Hidayət yaradıcılığının qayəsini vətəndaşlıq pafosu, milli mənsubiyyət, torpağa, elə-obaya bağlılıq, vətən təəssübkeşliyi təşkil edir. Həqiqətən, ötən əsrin 80-90-cı illərində Ermənistanın Azərbaycana hərbi təcavüzünün qanlı-qadalı günlərində respublikamızın sayılıb-seçilən ziyalıları, dövlət xadimləri, sənətkarları arasında Hidayətin publisistikası öz kəsəri, sərtliyi və mübarizliyi ilə başqalarından kəskin fərqlənirdi. O, sözün vaxtını da, vaxtın, zamanın sözünü də məqamında seçə bilir. Çünki dönə-dönə vurğuladığımız kimi Hidayət yaradcılığındakı cəsarət hökmü həmişə öz qüdrəti ilə fərqlənmişdir. Nəhəng bir dövlətin quruculuq prinsiplərinin puç olduğunu həmin dövlətin dünyaya geniş meydan oxuduğu dövrdə, heç bir cəzadan qorxmayaraq önun ideya daşıyıcılarının gözlərinin içinə söyləmək və kəskin mövqedə dayanmaq, bir müəllif üçün nə qədər çətin də olsa, belə mövqe həmin şəxsiyyətin idrakında bərkimiş həyat amalıdır və Hidayət Orucov bütün dövrlərdə öz amalına sədaqətini itirməmişdir. Ona görə də Hidayət yaradıcılığı və şəxsiyyəti hər zaman ucada dayanır.

Bütövlükdə isə Hidayətin ömür yolu və yaradıcı fəaliyyəti Azərbaycan ədəbiyyatının, teatr sənətinin və ümunən Azərbaycan mədəniyyətinin milli bədii sərvətidir. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov söyləyirdi ki, “Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin müqabilində əldə etmək olar” (M.F.Axundov). Haqqında söhbət açdığım qəhrəmanımın yaxşı əməllərinin nəticəsi olan, bizə bəxş etdiyi yazılarında, çıxışlarında, tutduğu qətiyyətli mövqeyində də dünyaya qlobal baxışının tərənnümünün təzahürü, mənə, onun insan-ziyalı nümunəsi dəyərini qazandığı fikrimdə olmağıma əsas verir və bütün araşdırmalar bu fikri təsdiqləyir.

Məhz ona görədir ki, Hidayət müəllim haqqında düşünərkən, yuxarıda da qeyd etdiyim kimi ilk növbədə insanın gözləri önündə Ç.Aytmatov və O.Süleymenov şəxsiyyətlərinin bütövlüyünü xatırladan nəhəng bir şəxsiyyətin obrazı canlanır. Bu obraz, Qeyri-səlis məntiq kəhkəşanında kamilləşən şəxsiyyətin ucalığı, görkəmli Azərbaycan türkünün bütün parametrlərdən görünən parlaq nümunəsi, nəhəng simasıdir.