Aqil ABBAS: AZƏRBAYCANDA  MƏHLƏ  ÇEMPİONATI  DAVAM EDİR

AQİL ABBAS
2042 | 2021-09-20 15:26

Əvvəl  futbol  üzrə  Azərbaycan  çempionatı  vardı, özü də  onda qəpiyə güllə  atdığımız vaxtlar idi. Futbolçuların  maaşından  da  danışmağa dəyməzdi, amma can qoyurdular, oynayırdılar. «Qarabağ» bəzən səfər oyunlarına  rayonlararası  sərnişin  avtobusları ilə gedirdi. Regionlarda özəl  futbol komandaları  formalaşmışdı:  Gəncədə «Kəpəz», Mingəçevirdə «Toxucu», Yevlaxda «Yunçu», Naxçıvanda «Araz», Tovuzda «Turan», Şəmkirdə «Şəmkir», Qusarın «Şahdağ»,  Zaqatalanın da «Simurq» adlı bir gözəl  komandası  vardı, Masallıda «Viləş», İmişlidə «MKT-Araz», Qazaxda «Göyəzən», Bərdədə «Pambıqçı» (sonra  nədənsə adını  dəyişib  mənasız bir ad qoydular, «ABN», nə isə…) və Azərbaycan  çempionatına gözəllik qatan «Xəzər- Lənkəran».

Sonra AFFA nə təhər  filfilo elədisə  bu komandalar  qaldı kənarda, klubların  sayı  düşdü  8-ə və oldu  Bakı  çempionatı.  Bakı  çempionatı  adına «xələl» gətirən «Qəbələ»nin də  sıxıb  suyunu   çıxartdılar, «Xəzər- Lənkəran»ın gününə  salmaq istədilər, amma bacarmadılar. «Qəbələ özünü  toparladı  və bu gün liderdi. Arzu edirik ki,  belə də  davam eləsin.

Bəli, qəpiyə güllə atdığımız vaxtlarda ölkədə futbol vardı. Elə ki neft kəmərlərindən  birini  futbolumuza yönəltdilər, Azərbaycan  çempionatı  getdi  fələyin badına, daha  dəqiq desək, AFFA-nın  badına. 

Və indi Bakı çempionatını da  döndəriblər  məhlə çempionatına Keşlə, Zirə, Bayıl,  Masazır…

Moskva  beş komanda saxlaya bilmir, maşallah, Bakı  beş  komanda  saxlayır.  Əslində  Sumqayıt da  elə Bakıdı.

Bir maraqsız da birinci  liqa  yaradıblar region  komandalarından. Yüksək liqanın da  əvəzedicilərini bu liqaya  əlavə ediblər. Əslində birinci liqanın  çempionu  növbəti ildə  yüksək  liqada   oynamaq hüququ qazanır.  Amma bu günədək  bunun şahidi olmamışıq. Bəhanə də region komandasının   müəyyən vəsaitinin  olmamasıdır.

Axırıncı yeri tutan  komandanı  yüksək liqada saxlamağa nə ehtiyac var və nə məcburiyyət  var? Həmin komandaya ayrılan vəsaiti  buyurun, çempion olan  region komandasına verin.

Məhəmməd Füzuli region  komandaları  üçün necə deyir:

 

AFFA bipərva, SOCAR birəhm, futbol  bisükun,

Dərd çox, həmdərd yox, AFFA qəvi tale zəbun!

TƏQVİM / ARXİV