adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O mahnılardan bal süzülür...

FAİQ QİSMƏTOĞLU
1516 | 2021-09-27 12:11

...Elə musiqilər, elə mahnılar var ki, əlli il, yüz il keçsə də, o müsiqilər və mahnılar insanın yaddaşında əbədi iz qoyur. Daha doğrusu, el dilində demiş olsaq, o musiqilərdən və mahnılardan bal damır. Əgər belə olmasaydı, bizim çox sevdiyimiz və tarixə qızıl hərflərlə düşmüş musiqilərimiz belə uzun ömürlü olmazdı...

...Mənim özüm də az-çox musiqidən xəbərdar adamam. O musiqi ki, insanın ürəyinin sarı siminə toxunur, qəlbini ələ alır, dərdini və kədərini unutdurur və o dərdi, kədəri, həyat eşqi, sevgi əvəz edir, deməli, o mahnılar zamanından və məkanından asılı olmayaraq, həmişə dinləniləcək...

Bugünlərdə yaxın dostum Elminlə görüşüb, bir stəkan çay içəndə çox qəribə bir hadisənin şahidi oldum. Onun telefonunda Azərbaycanın böyük bəstəkarlarından olan Məmməd Cavadovun «Qarabağ lövhələri» musiqisini eşitdim. Və xahiş etdim ki, qoy o musiqiyə bir də qulaq asım. Və təkrar o musiqini dinlədim. Sanki o musiqidə Üzeyir Hacıbəylinin səsini, nəfəsini və musiqisini eşitdim. Çünki bəstəkar Məmməd Cavadov Üzeyir bəyin tələbəsi olub və təbii ki, onun keçdiyi məktəb də yaradıcılığına Üzeyir bəyin izini qoyub. Hər bir məktəb istər-istəməz uzun illər keçsə də, o insanın həyatında və yaradıcılığında qırmızı xətt kimi əbədi bir, unudulmaz iz qoyur...

...Musiqi, mahnı o vaxt qəlbimizə yatır ki, o bulaq suyu  kimi bizim qəlbimizi və ürəyimizi sərinlədir. Daha doğrusu, bir qana dönüb damarımızla ürəyimizə və beynimizə axır. Damarımızla ürəyimizə və beynimizə axan bu qan bizi düşündürür, yaşadır və sabaha böyük həvəslə addımlamağı ruhlandırır...

Məmməd Kərim oğlu Cavadov sıradan bir bəstəkar olmayıb. O, 1912-ci ildə Qarabağın Qarabulaq şəhərində (indiki Füzuli şəhərində) anadan olub. Təbii ki, bu torpağın havası, suyu güllərinin və çiçəklərinin ətri onu həmişə ilhamlandırıb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunun nəfəs alətləri şöbəsində alıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq  və nəfəsli alətlər şöbələrinə imtahansız qəbul olunub. Və bu müddətdə o, Şərqin böyük bəstəkarı Üzeyir Hacıbəylidən dərs alıb. Eyni zamanda Üzeyir bəyin təşkil etdiyi  Azərbaycan Dövlət Simfonik Orkestrində, Xalq Çalğı Alətləri (notlu) Orkestrində, Azərbaycan Dövlət Caz Orkestrində Niyazi, Tofiq Quliyev, Rauf Hacıyev, Tacəddin Manafzadə, İsmayıl Kələntərov, Rauf Quliyev və başqaları ilə birgə solis-saksafonçu kimi çalışıb.

Çox maraqlıdır ki, Məmməd Cavadov harda işləyibsə, harda çalışıbsa, orda çox böyük yeniliyə, orijinallığa imza atıb. O, Naxçıvanda işləyəndə də, Füzulidə, Ağdamda da və Lənkəranda fəaliyyət göstərəndə də bir bəstəkar, bir ifaçı, bir direktor, bir rejissor və bir yaradıcı ziyalı kimi heç kimə bənzəməyib və özünün dəst-xəttini qoyub. Elə bu dəst-xətt də onu həmişə Azərbaycan musiqi ictimaiyyətinə sevdirib.

Əlbəttə, yaradıcı insan olmaq və orijinal musiqilər bəstələmək və onu milyonlarla tamaşaçılara sevdirmək elə də asan iş deyil. Amma bayaq dediyimiz kimi, Məmməd Cavadov harda olubsa, öz nəfəsi, öz yaradıcılıq yolu ilə digərlərindən seçilib. Onun Naxçıvan haqqında sözləri Hüseyn Əzimiyə məxsus möhtəşəm «Naxçıvan» mahnısı var. Xalq arasında  bu mahnıya «Barı Naxçıvan» deyirlər. Məmməd müəllim o mahnını o qədər özünəməxsus və o qədər kolaritli hazırlayıb ki, illər keçsə də, o mahnı həmişə xalqımız tərəfindən böyük sevgi ilə qarşılanıb. Hətta Naxçıvanın ən böyük ziyalıları bu mahnıya sevgi ilə yanaşırlar. Məhz bu sevginin nəticəsidir ki, yaxın vaxtlarda Şuşada keçirilmiş «Xarı Bülbül» Musiqi Festivalında Naxçıvandan gəlmiş musiqiçilərin ifasında həmin mahnı çox möhtəşəm səsləndirildi. Bu isə o deməkdir ki, ürəkdən, qəlbdən və insanın iç dünyasından gələn musiqilər dağlardan süzülüb gələn bulaq suyu kimi tər-təmiz olur. Bulaq suyu içiləndə necə isti havada adama ləzzət edirsə, bax, belə mahnılar da dinlənəndə adamın ürəyinə sarı yağ kimi yayılır...

Mən Məmməd Cavadovu həyatda görməmişəm. Ancaq onun barəsində çap olunmuş «Barı Naxçıvan»ın 100 yaşlı bəstəkarı» kitabını oxuyandan sonra tanımışam. Əslən Şuşadan olan bu böyük kişi öz əzəməti, öz ağayanalığı, öz böyük ürəyi ilə həmişə seçilib. Ümumiyyətlə, musiqi aləmində belə ağayana kişilər az-az olur. Məsələn, mən üçüncü sinifdə oxuyanda qonşumuzda Abbasın oğlu Soltanın toyu idi. Dedilər ki, Ağabala Abdullayev gələcək. Biz də onun adını eşitmişdik, ancaq üzünü görməmişdik. Ağabala Abdullayev də Abbasın oğlu Məhəmmədlə yaxın dostluq edirdi. Həyətdə mağar qurulmuşdu. Adam əlindən iynə atsan, yerə düşməzdi. Bir də gördük, «Volqa»dan bir əzəmətli kişi, onun arxasınca iki oğlan düşdü. Sən demə, bu əzəmətli kişi Ağabala Abdullayev, o, iki uşaq isə onun oğlanları Zöhrab və Nizami imiş. Ağabala Abdullayev ağayana addımları ilə mağara girdi, əlindəki qavalı masanın üstünə qoymuş çırağa sarı tutdu, sonra elə bir möhtəşəm «Zabul-segah»ı  oxudu ki, buna quşlar da qanad saxlayıb qulaq asardı. Hərçənd ki, mən uşaq olduğuma görə, «Zabul-segah»ı nə olduğunu bimirdim. Amma görürdüm ki, kəndimizin sayılıb-seçilən kişilərinin hamısı sanki göyün yeddinci qatındadır...

Bax, belə kişilər həmişə həm musiqimizin, həm də xalqımızın tarixində öz qızıl izlərini qoyublar. Məmməd Cavadovu tanıyanlar onun nə qədər müdrik, nə qədər istedadlı və nə qədər alicənab bir insan olduğunu dönə-dönə vurğulayıblar. Bəli, ancaq böyük insanlar böyük də musiqilər yarada bilər...

...O böyük bəstəkarın o qədər gözəl mahnıları, pyesləri, tamaşaları var ki, onları saymaqla qurtarmaq olmaz. «Qarabağ lövhələri», «Naxçıvan», «Sən məni duymayanda», «Getmə, ceyran», «Sülh marşı», «Vətən», «Sülh istəyirik», «Gözəl Füzuli», «Qalxmaq vaxtıdır», «Şəhidlər xiyabanı», «Özünə güvən», «Sevən deyil», «Qarabağ», «Kəklik», «Olurmuş», «Küləklər», «Gözlə məni», «Nə tez unutdun məni», «Nə qaldı», «Təkcə səni», «Bizim festival», «Şuşada», «Bənövşə», «Bir cüt ulduzdur gözləri», «Lənkəran», «İnciyib», «Gəncliyim», «A dağlar», «Düşüncələr», «Addımla əsgər»... Yüzlərlə bir-birinə bənzəməyən və tarixdə iz qoyan mahnılar və musiqilər... Hamısı Məmməd Cavadovun ürəyinin, qəlbinin və iç dünyasının çiçəkləri, gülləri və gözəllikləridir...

Məmməd müəllimin bir böyüklüyü də ondan ibarətdir ki, caz musiqisinə çox böyük önəm verib. Hansı ki, o dövrlərdə bu musiqini ifa etmək və onu yaşatmaq elə də asan deyildi. Çünki Sovet dövründə caza və onun inkişafına bir maneçilik vardı. Bu da onunla bağlı idi ki, həmin musiqi standartlardan kənara çıxır. İnsanların təfəkküründə və düşüncəsində yeni bir dünya yaradırdı. Bu dünyanı Sovet dövründə görmək istəmirdilər. Amma Məmməd Cavadov bu musiqini 1941-ci ildə saksafonda çox gözəl səsləndirdi və o, ilk dəfə alt saksafonda «Çahargah» muğamını ifa etdi. Xalq artisti, professor Tofiq Quliyev Məmməd müəllim barəsində öz tarixli fikirlərini deyib. Təbii ki, bu cür ifalar orkestrin repertuarını zənginləşdirir, ona yeni kolorit gətirirdi.

Çoxlarımızın yaxşı yadındadır. Caz musiqisini təbliğ edən Vaqif Mustafazadə uzun müddət ölkəmizdə qəbul olunmadı. Hətta ona dedilər ki, bu nə eybəcər musiqidir, səsləndirirsən. Dünyanın qəbul elədiyi, amma Sovet ideologiyasının qəbul etmədiyi bu musiqini Məmməd Cavadov və Vaqif Mustafazadə bu xalqa sevdirməyi bacardı. Hətta Vaqif Mustafazadəni efirə buraxmırdılar ki, sən bığını və saçlarını qırxdır. Ümumiyyətlə, hər iki sənətkar standartları sevməyən və həyata fərqli baxışları olan sənətkar idi.

Bəstəkarın oğlu Azər Cavadov ilə uzun müddətdir dostluq edirik. Bu yaxınlarda da bir yerdə görüşdük, söhbət elədik, bir daha Məmməd dayını yada saldıq. Qəribəsi odur ki,  Məmməd Cavadov özü sağ olmasa da, musiqiləri yenə yaşayır və səslənir. «Xarı bülbül» kimi möhtəşəm festivalda «Naxçıvan» mahnısı səslənirsə, deməli, bəstəkar Məmməd Cavadov da  yaşayır. Azər müəllim dedi ki, bir vaxtlar atamdan soruşdular ki, qələbə çalıb torpaqlarımızı azad etsək, sən qalib mahnını yazarsanmı? Atam da dedi ki, həmin mahnı mənim beynimdədir. Təki qələbəmiz olsun, mən də o mahnını yazım. Amma ömür vəfa etmədi. O mahnı səslənməsə də, Şuşada «Naxçıvan» mahnısı səsləndi.

Deməli, xalq ruhundan, xalq məhəbbətindən qida almış mahnılar heç vaxt yaddan çıxmır, unudulmur və elin-obanın həm xoş, həm də kədərli günlərində həmin mahnılar yenidən səslənir, insanların qəlbində həyat eşqinə təkan verir və sabaha ümidi artırır. Bax, Məmməd Cavadovun bütün mahnıları bu ruhda bəstələnib. O ruhda ki, orda Azərbaycan xalqının nəfəsi, səsi və yaşamı var. Nə vaxta qədər ki, bu xalq var, o vaxta qədər də bu mahnılar və musiqilər olacaq...

TƏQVİM / ARXİV