adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Oktyabr 2021 12:15
1367
MƏMLƏKƏT
A- A+

Tarixdə Azərbaycan qadınları

Fotoda Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilovadır. Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 2-də Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur.

Firidun bəyin ailəsi Şuşada adlı-sanlı bir ailə olduğu kimi, Badisəba xanımın da ailəsi, ümumiyyətlə nəsli Qazaxda sayılıb-seçilən nümunəvi ailələrdən-Vəkilovlardan idi

Badisəba xanım Vəkilova öz vəsaiti hesabına 1918-ci ildə Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açmışdır. 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən Gəncədə güllələnən Firidun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətini davam etdirmişdir. O, Bakı Pedaqoji Texnikumunda müəllim işləməklə yanaşı, pedaqoji institutda da təhsilini davam etdirərək ali təhsil almışdır.

Badisəba xanım 1925-ci il mayın 1-də Maarif Komissarlığının əmri ilə Zaqatalaya göndərilmiş və orada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir. 1929-cu ildə isə Badisəba xanım Quba Pedaqoji Texnikumunun yaradıcısı olub. Bu fədakar, maarifpərvər xanım 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olmuş, yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında əvəzsiz xidmətlər göstərmişdir.

Badisəba xanımın yaradıcısı və direktoru olduğu 2 saylı uşaq evinə Şəkidə hamı “Badisəba ananın uşaq evi” deyir.

Firidun bəyin ölümündən sonra onun əsərlərinin çapı edilməsi üçün Badisəba xanım mücadilə aparıb. 1925-ci ildə Firidun bəyin “Azərbaycan ədəbiyyatı” kitabını repressiyadan qoruyub, sonradan çap üçün “Azərnəşr”ə verib.

 

Zaur Əliyev