Aqil ABBAS: PREZİDENT QARA QARAYEVƏ NƏ DEDİ? 

AQİL ABBAS
2484 | 2021-10-18 18:00

Möhtərəm prezident İlham Əliyevin xalq tərəfindn böyük coşğu ilə sevilməsinin səbəbi təkcə müdrik bir siyasətçi kimi, bir sərkərdə kimi  44 gün ərzində  torpaqlarımızı Ermənistanın  30 illik işğalından azad etməsi, ölkəni  dünyanın söz sahibinə, qüdrətli dövlətlər sırasına çıxarması deyil, həm də  xalqla görüşlərində  həddindən  artıq səmimi olması, insanların ürəklərini boşaltması  üçün şərait yaratması, incə yumoru  və zarafatlarıdı.

Ayın 17-də Füzulinin  işğaldan  azad olunmasının 1-ci ildönümü ilə əlaqədar şəhərin təməl daşının qoyulması  münasibətilə  keçirilən  tədbirdə çox maraqlı söhbətlər  oldu.  Tədbir iştirakçılarının  hamısı öz ürək sözlərini   prezidentlə və eləcə də 1-ci vitse-prezident, Heydər Əliyev  Fondunun  prezidenti  Mehriban xanım Əliyeva ilə  bölüşə bildilər.

Yeri gəldikcə həmin  görüşdə baş  verən  maraqlı  hadisələr barədə yazılar  yazacam.

Bu gün həmin o maraqlı  hadisələrdən  birini  oxuculara  çatdırmaq istəyirəm.

Görüşdə «Qarabağ» komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edirdi. Qara 1 yaşında  bu şəhəri, daha dəqiq desək, doğulduğu  Horadiz kəndini  ailəsi ilə  tərk edib və 28 ildən sonra azad ölkənin  azad olmuş torpaqlarının  azad bir sakini kimi doğma  yerlərdəydi. Onun sevincini təsəvvür etmək  çox çətindi.

Həmin gün «Qarabağ»ın «Sabah»la oyunu vardı. oyun da axşam  saat 7-yə 15 dəqiqə  qalmış başlamalı idi. Çox həyəcanlı idi ki, qayıdıb oyuna  çata biləcək, ya yox. Ürəyinin yarısı  doğma Füzulidəydi, yarısı da doğma  komandasında. Bu çətin  oyunda  komandasını tək qoymaq istəmirdi.

Möhtərəm prezident Qara Qarayevlə görüşərkən birinci sözü bu oldu ki, «Qarabağ» hamımızın komandasıdı , komandanı hamımız sevirik və həmişə uğurlar  arzulayırıq. Mən də dedim ki, Möhtərəm  Prezident,  bu gün «Qarabağ»ın oyunu var, axşam saat 7-də,  Qara  çalışır ki, görüşdən  sonra oyuna  çatsın,  komandasını  tək qoymasın.

Prezident güldü, Qaranı da  sıxdı özünə və dedi:

- Qurbana zəng edin, deyin ki, prezident  deyir ki, Qara  gəlib   çatmayana kimi  oyunu  başlamasınlar.

Möhtərəm  Prezidentin  bu incə yumor və zarafatı Qaranın  üzündə çiçəklədi.

Qara özünü  oyuna çatdırdı, amma yol  yorğunluğunu  nəzərə alıb Xoca, yəni Qurban Qurbanov  həmin gün onu  oyuna buraxmadı.

«Qarabağ» 2:1 hesabı ilə  «Sabah»a qalib gəldi.  Ayın  21-də  Avropa  çempionatları oyunlarında «Qarabağ» «Kayrat»ı qəbul edəcək. İnşallah, Qara  həmin oyunda  Prezidentin ona  və «Qarabağ»a olan  sevgisini gözəl oyunu ilə  doğruldacaq.

TƏQVİM / ARXİV