SON DƏQİQƏ:

Brüsselin yolu Soçidən keçir

  357   |  
Şriftin ölçüsü  

Paşinyan az qala marşrutu qarışıq salmışdı

Şərq Tərəfdaşlığının dekabrın 15-də Brüsseldə keçiriləcək sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin də görüşü nəzərdə tutulur. Görüş barədə razılıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin hər iki ölkə rəhbəriylə apardığı telefon danışığından sonra əldə edilib. Ötən həftənin sonlarına doğru yayılan bu məlumat bölgədəki prosesləri diqqətlə izləyən ekspert və siyasətçilər üçün əsl sürpriz oldu. Çünki indiki mərhələdə belə bir formatda hər hansı bir görüşün baş tutacağına gümanı gələn bir kimsə tapmaq xeyli müşkül məsələydi.

Bu ərəfədə gözlər daha çox Kremlə dikilmişdi. Odur ki, hamının 10 Noyabr Bəyannaməsinin ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulmuş, amma Ermənistanın sabotajı və çığallığı ucbatından təxirə salınmış görüşün təkrar anonsuna kökləndiyi bir vaxtda rəsmi Brüsselin mərəyə girməsi gözlənilməz effekt doğurdu və xeyli suallar yaratdı. Xatırladaq ki, yuxarıda haqqında danışdığımız noyabr görüşünün yeri və vaxtı barədə konkret informasiya verilməsə də, hər üç ölkənin yüksək səviyyəli rəsmiləri öz açıqlamalarında belə bir görüşün keçiriləcəyinə və orda kommunikasiyaların açılması, eləcə də delimitasiya və demarkasiya prosesinin başlaması barədə sənədlərin imzalanacağına açıq eyhamlar vururdular.

Dünən televiziyada yerli qəzetlərdən birinin müxbirinin sualına cavab verən Paşinyan gec də olsa bu eyhamların həqiqət olduğunu açıq mətnlə təsdiq elədi, ancaq bildirdi ki, təslimçilik sənədinin imzalandığı 9 noyabr tarixinin erməni xalqından ötrü ağır bir gün olduğunu nəzərə alaraq həmin görüşdən imtina edib. Ancaq proseslərin sonrakı dinamikası göstərdi ki, “erməni xalqının iztirabları”nı arqumentə çevirmək əslində gözdən pərdə asmaqdan ötrü uydurulmuş məhrəm bir nağıldı, əsas

səbəb, heç şübhəsiz, Brüsseldən gözlənilən görüş təklifinin gəlişindən ötrü vaxt udmaq imiş.

Daha sonra sözü gedən görüşün noyabrın axırlarında keçiriləcəyi barədə xəbərlər yayıldı. Görünür, Kəlbəcər istiqamətində vəziyyətin bir günün içində qəfil pisləşməsi, yeni müharibə qığılcımlarının az qala, bütün bölgəni bürüməsi həmin görüşü ertələmək üçün ermənilərin quraşdırdığı növbəti təxribatdan başqa bir şey deyilmiş. Çünki son günlər həsrətlə Brüssel görüşünün anonsunu gözləyən Paşinyan hər vəchlə Moskvanın vasitəçiliyindən yayınmağa çalışırdı. İndi sərhəddə vəziyyətin qəfildən bu dərəcədə gərginləşməsinin müdafiə nazirliyindəki dəyişikliyin fonunda güclənmiş daxili çəkişmələrin, yoxsa Paşinyanın Putinin təkbaşına vasitəşiliyi ilə hər hansı sənəd imzalamaqdan yayındırmağa çalışan xarici havadarlarının təzyiqlərinin həlledici rol oynadığını bizə yalnız təxmin eləmək qalır.

Amma Putin çətinliklə əldə etdiyi üstünlüyü heç kimə, xüsusilə öz əzəli və əbədi rəqiblərinə güzəştə gedəcək qədər sadəlövh birisi deyil. O, Paşinyanın hiyləgər manevrlərindən vaxtında duyuq düşdü və indi onun Brüsselə Soçidən aldığı təlimat və imzaladığı sənədlərlə yollanacağı heç kimdə şübhə doğurmur.

Beləliklə, dekabrın 16-na kimi hər hansı fors-major situasiya yaranmasa “yevrosiyasətçilər”in çoxdan can atdıqları “yevrogörüş” baş tutacaq və Qərb uzun fasilədən sonra özünü formal da olsa yenidən Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə dürtüşdürməyə çalışacaq. Ona görə “formal da olsa” deyirik ki, bölgədə yaranmış yeni hərbi-siyasi reallıqdan sonra nizamlanma prosesindən kənarda qalmış, bir növ “ofsayta” düşmüş ABŞ və Avropa Birliyi öz vasitəçilik missiyasını reanimasiya etməkdən ötrü bundan sonra da belə çarəsiz təşəbbüslərdə tez-tez bulunacaq. Şübhəli məqam həmin təşəbbüslərin nə qədər effektli olacağıyla bağlıdı ki, indiki halda bu yöndə o qədər də nikbin proqnozlar üçün ciddi əsaslar yoxdu. Və bu acı reallıq təşəbbüskarların özləri üçün də bəri başdan gün kimi aydın olduğu üçün Rusiyanın oyun qaydalarını tam olaraq qəbul eləməyə məhkumdular.

Qərb bu münaqişənin gedişinə birbaşa müdaxilə etmək imkanında olmasa da, onun cözülməsinə təsir etmək üçün həmişə geniş rıçaqlara malik olub, bəzi dönəmlərdəsə hətta həlledici söz sahibinə çevrilib. 44 günlük müharibədən sonra o özünün əvvəlki imkanlarını itirdiyinin fərqindədi və hazırkı vurnuxmaları, bölgəyə dal qapıdan girmək çabaları da bu acı reallığı mümkün qədər tez dəyişmək istəyindən doğur. Amma Rusiya artıq Ermənistan-Azərbaycan platformasını az qala öz toxunulmaz bağçası sayır və bəzi açıqlamalarda opponentlərinə ünvanladığı lütfkar jestlərə baxmayaraq, onları bura buraxmaq fikrində deyil. Elə bu səbəbdən Qərb dövlətlərinin öz varlığını xatırlatmaq üçün hər fürsətdə verdiyi bəyanatlar da artıq bölgədə formalaşmış “köhnə-yeni” dizaynın qopardığı tozanağın fonunda görünməz və eşidilməz olub.

Qərbin bu münaqişəni ermənilərin xeyrinə həll eləmək istəyi lap başlanğıcdan heç kimə sirr deyildi. Sadəcə, Azərbaycanın qətiyyətli mövqeyi və Birinci Qarabağ Müharibəsindəki uğurlarından başı gicəllənən rəsmi Yerevanın Dağlıq Qarabağın ərazisiylə kifayətlənməyib sülh danışıqlarını faktiki olaraq bloklaması, hətta son illər “yeni müharibə, yeni ərazilər” sevdasına düşməsi həmin planların gerçəkləşdirilməsinə mane oldu. Ərköyün övladını yola gətirə bilməyən havadarlar vasitəçilik missiyasını yalnız atəşkəsə riayət edilməsinin vacibliyi haqqında qulaqları döyənək etmiş çağırışlar və neytrallıq ritorikasına söykənən boz bəyanatlarla bitmiş hesab elədilər. Bu isə prosesi mümkün qədər uzatmaqla unutdurmaq və dolayısıyla ermənilərin ərazi iştahlarını təmin etmək siyasətindən başqa bir şey deyildi.

Qarabağ münaqişəsi keçmiş sovetlər məkanında yeganə münaqişəydi ki, ABŞ və AB onun cözülməsini nəinki Rusiyaya etimad edib və edir, hətta bu yolda onunla istənilən işbirliyinə getməyə belə həmişə hazır olub. Əsl nonsesdi, canavar kimi ağız-ağıza yatan barışmaz rəqibləri bir araya gətirən qəribə platformadı. Ona görə də hazırda nizamlama prosesinin Rusiyanın əlində olması Qərbin maraqlarına uyğundu, ancaq Kreml sahibinin “status” söhbətini hələ ki dilinə gətirməməsi onları bərk

narahat edir. Avropanın nüfuzunu çoxdan itirmiş Minsk qrupunu yenidən nizamlama prosesinə qoşmaq təşəbbüsləri də elə burdan qaynaqlanır. Hərçənd, Azərbaycan gorbagor olmuş status məsələsinin yenidən gündəmə gəlməsinin marağında deyil, bunun ən azından Fransanın hərəkətləri konteksində legitimliyini çoxdan itirmiş Minsk qrupu formatında müzakirəsinin isə heç marağında deyil.

Ortaq erməni sevgisinin olmasına rəğmən Rusiyayla Qərbin Ermənistan-Azərbaycan münaqişəsinin cözülməsinə fərqli baxışları var. Regionda marağı olan bütün güclərin son davranışları, xüsusilə rəsmi Terevandan gələn açıqlamalar göstərir ki, yaxın günlərdə Zəngəzur yolunun açılması gerçəkləşəcək. Hələlik bu yolun statusu haqqında konkret bilgilər olmasa da Paşinyanın son açıqlamaları göstərir ki, adam dəhliz variantına köklənməyib, bu variantı yaxın buraxmaq istəmir. Hələlik, bunu opponentlərinin təzyiqlərindən sığortalanmaq üçün söylədiyi, yoxsa öz qəti fikri olduğu da bilinmir. Ancaq onun nə deməyindən asılı olmayaraq, heç şübhəsiz söhbət dəhlizdən getməlidi. Rəsmi Yerevanı buna məcbur etmək üçün Azərbaycanın əlində “Dəmir yumruq”dan tutmuş, Laçın dəhliziylə Zəngəzur dəhlizinin statusunu eyniləşdirmək kimi xeyli təsir rıçaqları var. Hadisələrin gedişi göstərir ki, həm Soçidə, həm də Brüsseldə bu məsələ ətrafında ümumi razılıq əsasında hər iki tərəfi qane edəcək razılaşma əldə olunacaq.

Rusiyayla Qərbin Ermənistana, xüsusilə Dağlıq Qarabağ məsələsinə münüsibətində nə qədər oxşarlıqlar olsa da fərqli məqamlar da çoxdu. Qərb, xüsusilə Fransa konkret dilə gətirməsələr də həmin bölgənin Ermənistana birləşdirilməsi və ya Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin yaradılmasında, bir sözlə, münaqişənin məhz bu sonluqla birdəfəlik həllində maraqlıdı. Rusiyaya isə bölgədə öz hərbi iştirakını təmin eləmək üçün münaqişənin illərlə uzanması sərf eləyir. O forpostunun yox, özünün yanğısını söndürməyin peşindədi və nə qədər ki, əlinə başqa fürsət keçməyib bu göydəndüşmə “sülhməramlı işğal” şansından imtina eləmək fikrinə düşməyəcək. Bir sözlə, Rusiyanın ermənilərin tərəfində olması Qərbin maraqlarına nə qədər uyğun gəlsə də, prosesi tam olaraq onun ixtiyarına buraxmağa da tərəddüd edir.

Laçın dəhlizinin açılışından sonra Üçtərəfli bəyanatın indiyə kimi həll olunmamış, havadan asılı qalmış bir mühüm bəndinin də yerinə yetirilməsinə başlamaq lazımdı. Bu, Azərbaycan üçün çox vacibdi və delimitasiya və demarkasiya ilə birlikdə onun da həllini tələb eləmək lazımdı. Söhbət erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasından gedir. Avtoritar liderlər tez-tez sözlərindən qaçan olsalar da, imzalarının şərəfini həmişə uca tutmağa çalışıblar. Bu bəyanatda da Putinin imzası var və ümid edirik çi, ədalət naminə yox, həm də imzasının şərəfini qorumaq naminə bu məsələnin də həllini təmin etməlidi.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-27
2021-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK