adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Mart 2015 12:44
44712
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında rus atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Ruslar - Slavyan xalqlarından biridir. Ruslar hindavropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Dünya üzrə yəxmini sayları 160 milyondur. Son siyahıyaalmada Rusiya əhalisinin sayı 142 milyon 857 min nəfər qeydə alınıb. Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi,Volqaboyu, Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları,Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağlarıdır. 

Bundan başqa çox sayda rus Ukraina (9 mln.), Azərbaycan (150 min) Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min), ABŞ (3,5 mln.), Kanada (500 min), Belarus (800 min) və bir sıra başqa ölkələrdə, daha çox şəhərlərində yaşayırlar.

Etiqadı - əsasən pravoslav xristianlığıdır. 

Ruslar apardıqları bütün müharibələrin böyük əksəriyyətini qazanmaqla, dünya xalqları arasında və tarixin bütün dövrlərində mübariz xalq kimi tanınıblar. Amma rusları dünyada həm də onun bənzərsiz ədəbiyyatı, elmin müxtəlif sahələrdə qazandıqları uğurları tanıdıb. Rusiyalı yazıçı və şairlər dünya ədəbiyyatının zənginləşməsində böyük rol oynayıblar. Demək olar ki, dünya onların kitablarına müraciət edib, onlar haqqında oxuyub və yaratdıqları əsərlərə, sözün əsl mənasında heyran qalıb. Fyodr Dostoyevski, İvan Turgenev, Anton Çexov, Vladimir Nabokov, Mixail Şoloxov, Mixail Lermontov, Mixail Bulqakov, Maksim Qorki kimi yazarları, Aleksandr Puşkin, Aleksandr Blok, İvan Bunin, Sergey Esenin, İvan Krilov, Anna Axmatova kimi şairləri, Mixail Lomonosov, Dmitriy Mendeleyev, İvan Seçenov, Aleksandr Popov kimi alimləri bu xalqın hərtərəfli böyüklüyündən xəbər verir.

Siyahını daha da uzatmaq olardı, amma əsas məsələyə - rus xalqının tarixindən bu günə süzülən atalar sözlərinə göz ataq:

 

Axmaq cavan arvadı ilə fəxr edər, ağıllı doğma anası ilə.

Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən.

Az bilərsən - daha asan yatarsan.

Beyin fikirləşəndə dil istirahət edər.

Bəxtli adamın xoruzu da yumurtlar.

Arvad ağıllı olsa, ailə güclü olar.

Harada şeytan müvəffəqiyyətsizliyə uğrasa ora qadın göndərərlər.

Qadınlarda və sərxoşlarda gözyaşı ucuzdur.

Həqiqəti hamı tərifləyir, amma hamı demir.

İki dovşan dalınca qaçsan, heç birini də tuta bilməzsən.

Qocalana kimi öyrənmə, ölənə kimi öyrən.

Savaşa gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün.

Sağlam və pullu olmaq, xəstə və kasıb olmaqdan daha yaxşıdır.

Xəstəyə qızıl yataq belə kömək etməz.

Tənbəllik bütün eyiblərin anasıdır.

Tülkü bilir toyuğu harada axtarmaq lazımdı.

Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir.

Yalan xəbərlə dünyanın o başına gedərsən, amma qayıda bilməzsən.

Yeddi dəfə ölç, bir dəfə kəs.

Ağlanılacaq zaman da vardır əyləniləcək zaman da...

Ən yaxşı meymundan belə adam düzəldə bilməzsən.

Xoşbəxtlik ömürlük, əzab sonsuz deyil.

Gülmək qarın doyurmaz.

Eşq gözlərdən başlar.

Tutulmayan oğru deyil.

Qar yoxsa izdə yoxdur.

Kim çox səbəb söyləyirsə, o çox yalan danışır.


Şəfiqə Şəfa