SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Cığatel İsaqızı ilə

  50969   |  
Şriftin ölçüsü  

Zamana bütün yaraları sağaldan loğman, hər şeyi yoluna qoyan hökmran deyirlər. İnsan zamanı təsvir, tərənnüm, hətta giley-güzar etmək üçün ona nə adlar verməyib ki! Amma həmişə zamanın böyüklüyünü hiss edir. Özünü onun bir hissəsi, axınında bir damlası sanır. Onu da dərk edir ki,  zaman aldıqlarının mütləq əvəzini qazandırır, sadəcə səbr edib zamanın ona gülümsəməsini gözləmək lazımdır. Elə həmsöhbətimin dediyi kimi, "Zaman da, tale də  Allahın əlindədir, dolanıb, gəzib yenə son nöqtəmiz ona qayıdacağıq. Qonağımızı tanıyaq:

Şairə Cığatel İsaqızı  - 1965-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Yaradıcılığa 1988-ci ildən başlayıb, 1998-ci ildən etibarən dövri mətbuatda çap olunur. "Könüllərə yol gedək”, "Deyirlər bəxtimi görənlər olub”, "Yaxşı ki, xəyallar gözə görünmür”, "Sevmək beləmi olur”, "Seçilmişlər” adlı kitabları işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bundan başqa, bir çox ədəbi məclislərin üzvüdür. Şeirlərinə mahnılar bəstələnib, tanınmış müğənnilər tərəfindən oxunur.

Bir çox mediya mükafatlarının, o cümlədən "Qızıl qələm” mükafatının laureatıdır.

 

...Və Cığatel İsaqızının zaman anlayışı:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman insan ömrünün paralel yaşam tərzidir. Zaman insan doğulandan ölümünə qədər onun əhatə edən prosesdir. Bizim həyatımızın, nəfəsimizin başqa şəklidir və ya bir hissəsidir.


– Bizi əhatə edən zamandan başqa, hər bir insanın özünəməxsus daxili bir zamanı da olur...

– Bəli, nə yaxşı ki, insanın öz daxili zamanı var: öz dünyasını, öz qayda-qanununu qurduğu, özünün idarə etdiyi zaman. Daxili zamanımızda hər şey başqa cür dövr edir, bəzən xarici zamanla heç uzlaşmır. Zahiri zamanda yaşaya bilmədiklərimizi, başa çatdıra bilmədiklərimizi, heç olmasa, öz zamanımızda yaşayırıq. 


– Biri var zamana uyğunlaşmaq, biri də var zaman axınının tərsinə getmək. Bunlardan hansı sizə daha çox uyğundur?

 

"Zamana tabe olub, amma o zamanın ümumi axınından fərqlənirəm”

 

– Mən zamanın axarına qoşulsaydım, onda Cığatel olmazdım, ümumi axının bir damlası olardım. Başqalarına qoşulub, onların zaman çərçivəsində nə etdiklərini qətiyyən edə bilmərəm. Nə də zamanı durdura və ya geri də qaytara bilərəm. Dolayısı ilə zamana tabe olub, amma o zamanın ümumi axınından fərqlənən insanam. Demək olar ki, ortaq məxrəcdəyəm.


– Ümumiyyətlə belə fikir formalaşıb ki, yaradıcı insanlar zamana tərs gedən insanlardır, elə onları fərqləndirən də budur...

– Təbii ki, bəlkə də, elə onların daha çox yadda qalması məhz bu cəsarətləri ilə bağlıdır. Axına tərs getməyi mən belə anlayıram: tutaq ki, zamanın özüylə gətirdiyi ümumi, amma xoşagəlməz qaydalara, haqsızlığa, ədalətsizliyə mütləq etiraz edirsən. Ən azından yaradıcılıq yolu ilə. Elə axına etiraz etdiyimiz zamanda, qələm işə düşür: əsərlər, şeirlər yaranır. Əlbəttə ki, yeni zamanın gətirdiyi müasirlik, tərəqqi gözəldir. Dünya inkişaf edir və bu inkişafdan, yeni texnologiyadan geri qalmaq mümkün olmur. Ulu öndərimizin gözəl bir sözü var: "Keçmişi qoru, gələcəyini qur”. Keçmişimizdə qazanıb adət-ənənə kimi qoruduqlarımızı tapdalamaq olmaz. Mən öz gələnəklərimizi yaşadılmasının, gələcəyə ötürülməsinin bir qələm adamı olaraq həmişə müdafiəçisi olmuşam.    



– Bəs zamana uyğunlaşmaq necə, asandırmı? Kimlər bunu bacarır?

– Yaşadığı zamana uyğunlaşan insanlar, əlbəttə ki, bacarıqlı, ağıllı insanlardır. Amma hər kəsin, necə deyərlər, öz zamanı olur. Zamanın nəbzindən anlayır ki, bu, onun baş çıxaracağı bir dövrandır.


– Hər kəsin öz zamanı demişkən: elə adamlar da var ki, onlar yaşadıqları zamandan uzaq olurlar. Başqa bir zamanın insanı olduqlarını deyirlər. Bəzən biz özümüz də bunu açıq-aydın hiss edirik. Bu, sizcə nədən qaynaqlanır?

– İnsan öz zamanı ilə razılaşmayanda özünə başqa zaman arzulayır. Fikirləşir ki, başqa zamanda doğulsaydı başqa cür olardı. Hər bir zamanda, hər dövranda insanın razılaşmadığı məqamlar olur. Bizim arzuladığımız o keçmiş zamanlarda da insanlar "eh zəmanə pisləşib, adamlar korlanıb” deyə gileylənirdilər. Bu həmişə belə olacaq. Amma insanın öz dövranında işi yaxşı gedəndə, rast gətirəndə deyir, elə mənim zəmanəmdi. Eyni anda biri zamandan narazı, digəri razı ola bilər. Ona görə düşünürəm ki bu fərdi yanaşmadır.


– Amma əksər insanın ürəyindən keçir ki, zaman maşını mövcud olsaydı başqa bir zamana səyahət edərdi. Şairə Cığatel hansı zamanı görmək istərdi?

– Niyə məhz keçmiş? Elə adamlar var ki, gələcəyi arzulayır...


– Əlbəttə, elə də olur...

 

"Gələcəyin yenilikləri gözəldir, amma mütləq fəsadları olur

 

– Amma sırf məndən söhbət gedirsə, heç vaxt gələcəyi görmək arzusunda olmamışam. Gələcəkdən qorxuram. Vaxtilə gələcəyi gözləyə-gözləyə çox peşman olmuşam, qəribə xoşagəlməzliklərlə rastlaşmışam. Bəlkə də, gələcəkdə insanların daha da cılızlaşmasından, dəyərlərin itməsindən ehtiyat etdiyim üçün qorxuram! Gələcəyin yenilikləri gözəldir, amma bütün yeniliklərin mütləq fəsadları da olur. Amma keçmişi çox sevirəm. Hətta onu gözümün önündə canlandırmağı da bacarıram. Bunu ilk dəfə olaraq sizə deyirəm: dəfələrlə bölgələrimizdə qədim abidə və ya komplekslərdə olmuşam. Dərhal həmin dövr kino lenti kimi gözümün önündən keçir. Hətta nəinki tarixi bina, bəzən çoxdan qalmış mebellər, 30-40 il bundan öncə dəbdə olan pərdələr görürəm, həmin illərə qayıdıram. Muzeyləri çox sevirəm. Məsələn, Səməd Vurğunun  ev muzeyinə getmişdim. Onun geydiyi paltosuna, papağına, ayaqqabısına, bəlkə bir saat tamaşa elədim. Təsəvvür edirdim ki, onu necə geyinib, necə istifadə edib, sanki o anlara qayıtmışdım.   


– Bir ədəbiyyat adamı olaraq, zamanı öz şeirlərinizdə necə əks etdirmisiniz?

– Çox toxunmuşam:

Saat-saat zaman gedir ömürdən

 

Və ya:

 

Zaman-zaman ağlamaqdan usandım

Bircə kərə görən gülsəm, olarmı?

Qalaq-qalaq sinəm üstə dağ olan

Kədəri sevincə bölsəm, olarmı?

 

– Zamanla bağlı şeirlərinizdə, giley-güzar üstünlük təşkil edir...

– Giley, əlbəttə ki, şeirlərdən, ümumilikdə insan ömründən əksik olmur:

 

Bu şair ömrüdür yaşayıram mən,

Hələ öz ömrümü yaşamamışam.

Şair yükünü daşıyıram mən,

Hələ öz ömrümü yaşamamışam.

 

Bu kimin ruhudu hopub canıma?

Bu kimi qanıdı çöküb qanıma?

Bu kimin haqqıdı düşüb boynuma?

Hələ öz ömrümü yaşamamışam.

 

Həqiqətən özüm üçün yaşamamışam, övlad üçün, ailə üçün, yaradıcılıq üçün, hətta zaman üçün yaşamışam, özümdən başqa... Zamandan ona görə gileyliyəm ki, özümə ondan pay ala bilmədim.


– Doğrudanmı, zaman qadının ən böyük düşmənidir?

– Yaş üstünə yaş gəlir, əlbəttə ki, bu qadınları qorxudur. Qadın zamana qalib gəlmək istəyir. Amma mən heç vaxt yaşımı gizlətməmişəm. Həmişə yaşımı da demişəm və bu yaşa görə də cavan qalmağımla fəxr etmişəm. Düzdür, yaşı düşündükcə, istər-istəməz kövrəlirəm, ancaq ötən günlərdə yaşamadıqlarıma görə, edə bilmədiklərimə görə kədərlənirəm. Bəlkə də, nəticə olaraq elə gəlib qorxuya söykənir. Əslində, yaşlandıqca insan müdrikliyə doğru gedir. O da var ki, bəzi insanlar doğulandan necədirsə, ölənə qədər də o cür qalır. Necə deyərlər, quyuya su tökməklə sulu olmur. Yəni, zaman belə insanları cilalaya bilmir, onlar elə yonulmamış da qalırlar.

 

"Heç vaxt zamana qalib gələ bilməmişəm

 

– Zamanın sizdən qopardıqları çox olub, yoxsa verdikləri?

– Mən çox qəribə tale yaşamışam və heç vaxt zamana qalib gələ bilməmişəm və ya obrazlı desək, ona sözümü keçirə bilməmişəm. Yəni ömrüm də ipə-sapa yatan ömür deyil.

 

Şairdən soruşursan, işin-sənətin nədi?

Hansı məktəb oxudun, indi niyyətin nədi?

Oxudum, oxuyuram, deyim hikmətim nədi?

Süleymandan başladım, hələ Şeyx Sənandayam

Mən həyat məktəbində, hər gün imtahandayam.

 

– Bu imtahan prosesində özünüzü necə hiss edirsiniz?

– Artıq hər şeyə alışmışam. Hazıram. Şıltaq taleyə, amansız zamana boyun əymişəm. Zaman mənə bu 50 ildə 150 ili yaşadıb. Vaxtilə çox etiraz etmişəm, indi də bəzən çırpınıram, amma zaman öhdəsindən gələ biləcəyin bir güc deyil. O öz bildiyini mütləq edəcək. Ona görə də cox vaxt heç nəyi planlaşdırmıram, zamana buraxıram, çünki vaxtı gələndə, yetişəndə hər şey özü yoluna düşəcək. İmtahansa, davam edir.  


– Vaxt itkisi ilə bağlı təəssüfləriniz, "kaş ki”ləriniz olubmu?

– Əvvəllər çox olub, indi artıq fikir verməməyə çalışıram. Nə olacaqsa olacaq. Və ya keçmişdə olub bitib, indi təəssüflənməklə nəyi geri qaytarmaq olur ki? İndi bu günümlə yaşayıram. Evdən çıxanda deyirəm ki, ilahi, ağlımı başımdan alma, nə göstərəcəksənsə yaxşı göstər.

 

"Zamandan umacağım yoxdur


– Zamandan ən çox nə gözləyirsiniz? Bundan sonrakı həyatınızda zamanın hansı hədiyyəsi, sürprizi ürəyinizcə olar?

– Ehh, əvvəllər o qədər gözləmişəm ki! İndi zamandan umacağım yoxdur. Bircə ömrümü-günümü həsr etdiyim övladlarımdan, ailəmdən yalnız və yalnız məhəbbət gözləyirəm. İndi də, gələcəkdə də. Taleyim məni o qədər dağlara-daşlara çırpıb ki, nələrin olacağını da bilmək olmur. Kənardan baxan bəxtəvər deyir.

 

Çoxları bəxtəvər söyləyir sənə

Kim bilir çəkirsən nələr, Cığatel,

Ormanında min ovçu var silahlı,

Köksündə ahular mələr, Cığatel.    

 

Amma bu o demək deyil ki, mən ancaq zamandan giley edirəm. Belə baxanda elə mən də özümü bəxtəvər sayıram. Heç bir arxam olmadan qələmim tanındı, şeirlərim sevildi, xalq hörmət edir. Bir qələm adamı üçün bundan gözəl nə ola bilər ki!


– Kimi dilləndirirsən, vaxtın uçmağından gileylənir. Siz necə, vaxtın tempini tuta bilirsiniz?

– Vaxt doğurdan da uçur, göz açıb-yumunca sanki hər şey geridə qalır. Belə götürəndə özüm kimi qaçaraq, hər şeyə tələsib, işləri yoluna qoymaq istəyən adam tanımıram.  Çox tələskən, eyni zamanda qoçaq adamam. Amma yenə də vaxt tapmıram. Hər şeyə yetişə bimirəm.


– Ən çox nəyə vaxt ayırırsınız?

– Son zamanlar tədbirlərə, müsahibələrə, verilişlərə daha çox vaxt ayırıram. Belə getsə şeir məndən küsəcək. İşlərin çoxluğundan şeirə vaxt ayıra bilmirəm. Ona görə çox vaxt bütün işlərimi bitirəndən sonra, gecələr yazıram. 


– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Ən böyük tövsiyəm: qiraətə, təhsil almağa çox vaxt ayırsınlar. Belə olanda insan keçmişini də unutmaz, gələcəyini də doğru, istiqamətlənmiş, savadlı şəkildə qavrayar, gələcəkdən düzgün olanı mənimsəyər. Böyük sözü dinləsinlər. Şair demiş: "Ey cavanlar, qocaların xətrinə dəyməyin, ay qocalar cavanlara yol açın”. Təbii ki, nəsillərarası münasibət qarşılıqlı olmalıdır. Zaman da, tale də  Allahın əlindədir, dolanıb-gəzib yenə son nöqtəmiz ona qayıdacağıq. Nə zamandan, nə Allahdan küsün. Paxıllıq etməyin. Allahdan istəməyə, arzu etməyə davam edin, tez ya gec mütləq verəcək, hər işin, hər olacağın öz zamanı var.

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa     

    

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK