adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 May 2015 14:09
49366
RUBRİKA
A- A+

"Ədalət"in vaxtı: Ramiz Novruzla

Çoxlarımız bizə biçilən zamanın, bəlkə də, böyük hissəsini özümüzü tapmağa həsr edirik. Amma elə insanlar da var ki, ömür yolunun ta başlanğıcında, zamanın astanasında kim olacağını anlayır, qarşısına məqsəd qoyur. "Ədalət”in vaxtı”nın bu dəfəki qəhrəmanı ömrünü sənətə, səhnəyə həsr etmiş şəxslərdəndir. Zamanın seçilən və sevilənlər sırasına saldığı qəhrəmanı yaxından tanıyaq:

Xalq artisti Ramiz Novruz – 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. İlyas Əfəndiyevin "Şeyx Xiyabani", "Mahnı dağlarda qaldı", "Hökmdar və qızı", Hüseyn Cavidin "İblis", Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Mir Cəlalın "Dirilən adam" və s. tamaşalarında rol alıb.

R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.


...Və Ramiz Novruzla zaman yolçuluğu:

 

"Zaman köhlən atdır, qovduqca daha sürətli qaçır

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zaman konkret deyil, çox geniş anlamdır. Zaman sanki bir köhlən atdır, qovduqca daha sürətli qaçır. Arxasınca düşüb nə qədər yetişmək istəsən də bacarmırsan. Zaman insan, cəmiyyət həyatında ən vacib amildir, çünki məhz onun içərisində həyat, cəmiyyət mövcuddur və yaşamını davam etdirir. Bir səhnə adamı kimi deyə bilərəm ki, zamanın aktyor taleyində özünəməxsus yeri var.  Çünki aktyor fəaliyyəti zamandan çox asılıdır: vaxtı ötürmək, zamanından özünü sübut etməmək həmin aktyor üçün ürəkaçan olmur. Belə bir söz var: "Aktyor qəlbi oynanmamış rolların qəbiristanlığıdır”.  Gənc vaxtı deyək ki, Romeonu oynaya bilməyən, özünü bu rol üçün təsdiqləyə bilməyən bir aktyor 50 yaşında əlbəttə ki, bu rolu ala bilməz və bu obraz onun üçün əlçatmaz bir keçmişdə, zamanın məzarlığında qalar.

 

– Həm də görünüş baxımından ola bilər, aktyor üçün bu çox vacibdir...

– Əlbəttə, zamanın insan üzündə, vücudunda qoyduğu izlər bir aktyorun fəaliyyətində mütləq öz sözünü deyəcək, həm də onun xeyrinə yox.

 

– Bizi əhatə edən zamandan başqa, hər bir insanın öz daxili zamanı da var: öz qaydaları, öz saatı, qrafiki ilə işləyən zaman. Ramiz Novruz öz daxili zamanında hardadır, bu zamanı necə tənzimləyir?

– Bəli, həm qaydaları, həm saatı, həm də öz ritmi var. Mənim daxili zamanım həmişə elə yaşadığım zamana, məqama uyğun olaraq tənzimlənib. Düzü, mənə həmişə nostalji hisslərlə yaşamaq gülünc gəlib.

 


"Daxilən gənc olan insan həmişə gələcəyi düşünür

 

– Amma yaradıcı insanlarda nostalji hissləri həmişə daha güclü olur...

– Yaradıcı və yaşlanmış, hətta köhnəlmiş insanlarda bu belə olur. Keçmişin xiffətini çəkirlər, çünki artıq o vaxtki kimi fəaliyyət göstərə bilmirlər. Amma daxilən gənc olan insan cismani olaraq neçə yaşında olursa olsun həmişə sabahı, gələcəyi düşünür. Bəzən cavan insanlar belə heç görmədiyi illərin xiffətini çəkirlər, onları anlamaq olmur?! 90 yaşında insanlar var ki, bu günün gəncləri ilə bir düşünür. Ona görə insanların öz daxili zamanını, onun ritmini duymaması mənə qəribə gəlir. Düşünürəm ki, insan nə bacarırsa bu gün eləməlidir. Yaponların gözəl bir atalar sözü var: "Keçmiş zaman artıq keçib, gələcək isə olmaya bilər. Ona görə də indiki zamanla yaşamaq lazımdır”. Böyük yazıçı Çingiz Aytmatovun da zamanla bağlı yaxşı sözü var: "Problemlərin həllini gələcəkdə düzələcək deyə, gələcək nəsillərin üzərinə buraxa bilmərik. Çünki gələcəyimiz bizim bu gün nə edəcəyimizdən çox asılıdır”. Düşünürəm ki, zaman qarşısında hər bir insan məsuliyyət daşımalıdır.

 

– Yeri gəlmişkən, yaşadığı zamanla razılaşmayanlar və ya özlərinə başqa dövran arzulayanlar da olur. Başqa zamanın, başqa məkanın insanı olduğunu iddia edirlər. Belə insanlarla yəqin rastlaşmısınız.

– Bu insanlarda daha çox fantaziya bolluğundandır. Keçmişi arzulamaq daha çox acizlik əlamətidir. Amma gələcəyi arzulayırsa, bu yəqin ki, kosmik təxəyyüldür, hardasa irəlini görmək, ən azından onun xəyalını qurmaq bacarığıdır. Məsələn, mənim atam müharibə veteranı idi. Berlinə qədər gedib çıxmışdı. Amma heç vaxt şücaətlərindən danışmazdı. Halbuki heç düz-əməlli döyüşməmiş insanlar müharibədən elə danışardılar ki, oranı görmüş atam belə çaşıb qalardı. Yəni bəzi insanların təxəyyülü həqiqətən də elə güclü olur ki, görmədiyi, olmadığı yerləri, zamanları belə istədiyi kimi bəzəyir. Misalı həm də ona görə gətirdim ki, atam sizin dediyiniz kimi öz sadəliyi, saflığı, təmizliyi və digər dürüst cəhətlərinə görə, nə məkanına, nə də zamanına aid insan deyildi. Ona baxanda hiss olunurdu ki, sanki başqa zamanda, başqa ölkədə doğulmalıydı.

 

"Qazanc məsələsində zamanı üstələyirəm

 

– Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

– Yəqin ki maddi-cismani olaraq aldıqları çox olar. Amma mən maddiyata "bəs” deməyi bacaran insanam. Həmişə də yorğanımın uzunluğunu bilib, ayağımı uzatmışam. Övladlarıma da bunu tövsiyə etmişəm. Amma mənim də zamandan aldıqlarım az deyil. Yaxşı dostlar qazanmışam, gözəl ailəm var. Əgər bu gün tanınan, sevilən aktyoramsa, hələ də müqəddəs saydığım səhnədə, sevdiyim işdə çalışıramsa, deməli qazanc məsələsində zamanı üstələyirəm. Həm də bunları zəhmətlə, dişimlə-dırnağımla qazanmışam, ona görə də mənə çox əzizdir.   

 

– Zamandan daha nələr gözləyirsiniz, nə istərdiniz?

– Ən əsas hər şeyin gerçək olmasını istərdim. Sənətimiz, teatrımız daha arzulanan olsun, insanlar başdansovdu yox, ürəklə gəlsinlər, maraq artsın. Teatral atmosferin daha da inkişaf etməsini arzulayıram. Teatr üçün daha çox əsərlər yazmaq, tamaşalar hazırlamaq istəyirəm. Aktyor işinə daha böyük diqqət ayrılsın. Ümumilikdə ölkəmizdə, millətimizdə mədəni intibahın baş verməsini istərdim.

 

– Vaxtınızı necə bölürsünüz? Fəaliyyətiniz çoxşaxəlidir, hər şeyə vaxt ayıra bilirsiniz?

– Məndə belə bir xasiyyət var: teatrla məşğul olanda, televiziya və ya kinoyla əlaqəni kəsirəm. Yəni televerilişlərdən uzaq oluram, filmə çəkilmirəm. Ya da əksinə. İşlədiyim teatrda da qrafik qaydalar tələb olunmadığına, aktyorlar üçün sərbəst şərait yaradıldığına görə özümə, yazılarıma ayırmağa kifayət qədər vaxtım qalır. Belə məqamlarda – özüm özümlə tək qalıb daxilimdə hesabat iclası keçirməyi çox sevirəm. Gördüklərimi, yaşadıqlarımı analiz edirəm. Bəzi yazılarımı belə analizlərdən sonra ərsəyə gətirmişəm.

 

– Maraqlıdır, belə məqamların bəhrəsi nə olur, nədən yazırsınız?

– İlk hekayəmdə, aktyor olmaq istəyən bir gənc oğlanın sadəlövhlüyündən, müqəddəs saydığı səhnəyə gəlib ordakı həqiqətləri görərək, aktyorları tanıyaraq ümidlərinin qırılmasından söhbət gedir. Çox sevdiyi bir aktyordan elə kobud hərəkət görür ki, bu onda ruh düşkünlüyü yaradır. Burda deməyə çalışmışam ki, ömür boyu yaxşı rollarda oynamış, insanların təfəkküründə alicənab bir şəxs kimi qalmış aktyor həyatda da belə olmaq məcburiyyətindədir, bu onun tamaşaçı qarşısında borcudur. Tamaşaçı sevdiyi aktyora yaxınlaşıb ondan avtoqraf istəyəndə onunla qətiyyən kobud davranmaq olmaz, çünki o, bəlkə də həmin aktyoru ömründə bircə dəfə görəcək və hafizəsinə gördükləri hopacaq.   

 


– Razıyam, həmişə qəhrəman adam kimi rollarda tanıdığım bir aktyorun həyatda qorxaq olduğunu görsəm, şəxsən bir tamaşaçı kimi onu bir daha izləmərəm, üstəlik rola, əsərə, müəllifinə də inamım itər...

 

– Tamaşaçının məhəbbətini, təsəvvürünü, kobud desək, zorlamaq olmaz. Ən azı, bir akyor yaxşı insan olmağı bacarmalıdır. Bundan başqa, zamanın ağrıdıcı məqamlarından, xüsusilə 20 Yanvar hadisələrində, Qarabağ müharibəsində xalqımızın başına gətirilənlər həmişə müraciət etdiyim mövzulardır. "At ilinin birinci ayı” adlı bir pyes yazmışdım. Gəncə teatrı səhnələşdirdi. "Hələ "sevirəm” deməmişdilər” pyesi isə Qarabağ müharibəsinə aid, o zamanın acınacaqlı durumu, ordumuzun aciz vəziyyəti məni qələmə sarılmağa məcbur etmişdi. Yazıçılıq iddiasında olmamışam, sadəcə məni ağrıdan, qəlbimə toxunan məsələləri teatr dili ilə çatdırmağa çalışmışam. Eyni zamanda tarixi-coğrafi məkan adları, xüsusilə bu günə qədər yanlış bildiyimiz adlar, sözlər mənim diqqətimi çəkir, onları araşdırıram.

 

– Tarix də elə zamandır. İnsan tarixi yazır, araşdırır, idarə edir, bəs zamanı necə?

– Zamanı yox, müəyyən dönəmdə insan təfəkkürünü, yaşam tərzini idarə edə bilən insanlar olub. Zamanı bu cür yönəldən insanlar keçmişdə də olub, indi də var ki, xalqa, cəmiyyətə istiqamət verən insanlardır. Yaxud da zamanı cəmiyyətə uyğunlaşdırıblar.

 

– Zəmanəsinin qəhrəmanı da yəqin ki, bu insanlardır...

– Cəfər Cabbarlının "Aydın” Pyesində belə bir fikir var ki, "Zamanın uçurumlarını tarix boyu bir neçə insanlar adlayıb keçə bilmişlər ki, onlarla da tarix daima fəxr edir”. Əlbəttə, uçurumları, çətinlikləri aşıb, xalqını arxasıyca aparan insanlar məhz zəmanəsinin qəhrəmanlarıdırlar. Böyük İskəndər, Şah İsmayıl Xətai, Teymurləng, Napaleon və başqaları zamanın qəhrəmanları olmaqla yanaşı həm də zamana diktə edən insanlardır.


– İnsan onu necə dərk edir ki, məhz onun zamanıdır, vaxt onun üçün işləyir?

– Bax burda o bayaq dediyimiz daxili zaman işə düşür, insan öz daxili zamanın ritmini, başqa sözlə desək intuisiyasını işə salır və bunu hiss edir. Zaman özü də sanki belə insanları görüb, ortaya çıxardır. Vəziyyəti yetişdirir, elə bir eksterimal vəziyyət yaranır ki, dünənə qədər adi insan həmin vəziyyəti dərhal qiymətləndirib ortaya atıla bilir. Belə insanlar zamanı bəzəyə biliblər.

 

"İnsan yaşadığı zamanı tanımalıdır”

 

– Zamanla ayaqlaşmaq necə, asandımı?

Zaman düzgün dəyərləndirilsə, müdrik düşünülsə, məncə ayaqlaşmaq, çətin olmaz. İnsan yaşadığı zamanı tanımalı, onu dərk etməli, öz rolunu orda görməlidir. Bizim çoxumuz bacarmadığımız işlərlə məşğuluq. Hər kəs öz bacardığı işlə məşğul olsa, əlbəttə ki, vaxt bizə işləyər, xeyrimizə olar. Vaxtı ləngitmək olmaz. Millət olaraq, ümumilikdə zamanlamanı düz seçmirik. Bəlkə bizim saflığımızdan, sadəlövhlüyümüzdən irəli gəlir. Nəriman Həsənzadənin "Pompeyin yürüşü” əsərində deyildiyi kimi: "Tarix bizim olub, tarixi yazan isə özgələr”. Yəni bir növ uzaqgörənliyimiz azdır. Gələcəyi çox düşünmürük. Elə bu günümüzdə də çox şeyi başdansovdu edirik. İstedadımız, sərvətimiz çox olduğu üçün həndəvərimizdə dolananlar da bundan istifadə edib. Məmməd Arazın şeirində deyildiyi kimi, "Bir zərrənin işığına milyonlar şərik”. Azərbaycan həmin o zəngin zərrədir, işığımıza şərik olmaq istəyənlər çoxdur. Bu mənada insanların arzularını, tarixini oğurlamaq elə onun zamanını oğurlamaq deməkdir.

 

–Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

– Vaxtdan qiymətli heç nə yoxdur. Ustad Şəhriyarın məşhur şeirində belə bir bənd var:

 

Heydərbaba, alçaqların köşk olsun

Keçmişlərin gələcəyə məşq olsun,

Bizdən sonra gələnlərə eşq olsun,

Övladımız məsləkini, məzhəbini danmasın,

Hər içi boş sözlərə aldanmasın.

 

Məncə bu bənd yeni nəslə ünvanlanan tövsiyələri özündə cəmləyir. İçi boş sözlərə aldanıb zamanı qurban verməyin.

 

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa