adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 May 2015 15:49
49062
RUBRİKA
A- A+

"Yadların doğma sözü"

"Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə hikmətli sözlərin bu dəfəki təqdimatında bolqar atalar sözləri olacaq. Əvvəlcə bu xalq haqqında məlumat verək:

Bolqarlar – Cənubi Slavyan xalqıdır. Erkən orta əsrlərdə Balkan slavyanlarının, türk toplumu olan bulqarların və frakiyalıların qarışığından yaranıblar. Belə iddia edilir ki, "bolqar” sözü osmanlı türklərinin bu xalqa verdiyi addır (türklərdə - bulqar). Bildirilir ki, əslində "bulqar” deyil, "bulyar”dır. Yəni yarını bul, tap. Sözün belə yarabmasına səbəb isə bu xalqın məhz qarışıq izdivacdan yaranmasıdır.

Bolqarlar öz ölkələrində 8 milyona yaxındır. Onlardan 6 milyonu etnik bolqarlardır. Bundan başqa, Ukrayna, Moldaviya, Rusiya, Serbiya, Macarıstanda da kifayət qədər bolqarlar yaşayır.  

Bolqarların dünyaca məşhur simalarına gəlincə, təkcə görücü Vanqanın adı kifayət edər. Bütün dünya hələ də onun dəqiq proqnozlarını danışır.

Bundan başqa bir çox ölkələrdə istifadə olunan kirill əlifbasının yaradıcıları Kirill və Mefodiy qardaşları da bu xalqın nümayəndəsi olublar.    

 

Bolqarıstan haqqında maraqlı məlumatlar:


* Bolqarıstan kiril əlifbasının rəsmi istifadə olunduğu ilk ölkədir.

* Dünyada ilk kompüter yaradıcısı Bolqar mütəxəssis – Con Vinsent Atanasov olub.

* Bütün dünyada "hə” kimi qəbul olunan başın yuxarı-aşağı hərəkəti bolqarlarda əksinədir, yəni "yox" deməkdir. Başın sağa-sola yırğalanması isə "hə” anlamına gəlir. Bu da Bolqarıstana gələn turistlərdə çaşqınlıq yaradır.

* Bolqar adətində doğum günündən sonra ad günü də keçirirlər. Çünki bolqarlar uşağa adı dərhal qoymurlar. Bu, 1 həftə - 1 ay arasında ola bilər.

* Bolqarıstan Avropada arxeoloji qazıntılara görə 3-cü yerdədir. Birinci yerdə isə Yunanıstan və İtaliya gəlir.

* XX əsrə qədər bolqarların 80%-i kəndlərdə yaşayırdı. Çünki Bolqarıstanın əsas gəliri kənd təsərrüfatı sahələrindədir.

*Bolqarıstanın ərazisində 4000-ə yaxın mağara var.

*Dünyanın ən hündür kaktusu Bolqarıstanda bitir. Onun hündürlüyü 7 metrdir.

* Dünyanın ən qoca palıdı da Bolqarıstandadır – 1650 yaşı var.

 


İndi də  bolqar atalarının söz mirası:

  

Qış günəşinə, qadın gülüşünə inam olmaz.

Qadın kölgə kimidir, onu təqib edəndən qaçar, önündəkinin arxasınca gedər.

Kişi yaşını gizlədəndə, qadın isə gizlətməyəndə qocaldığı bilinər.

Şərabla başlayan dostluq bir geçə çəkər.

Meyxanada yazılan söz, cənnətdə oxunmaz.

Kömür sönsə də, odunun alışmasına kömək edər.   

Qızıl taxtın ölənə nə faydası?!

Gülər üz - qızıl açardır.

Böyük anbar, kiçik ölçəklə dolmaz.

Bir çılpağı min zirehli soya bilməz.

Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar.

Ətin dadını bilən çoban itindən xeyir gəlməz.

Ac köpək sürünü qorumaz.

Göydəki ulduzları deyil, yerdəki sürülərini bir daha say.

Kim nə etsə özünə qayıdar.

Parlayan hər şey qızıl deyil.

Torbada nə varsa, şorbada da o var.

Bir olsun, pir olsun.

Bəxt səndən küsəndə sən onunla barışmağa çalış.

Dayçanı nalladıqlarını görən qurbağa da ayağını qaldırdı.

Qalxıb enməkdənsə, oturduğun yerdə qal.

Kiçik qazanclar sərvət gətirər.

Qardaşların sərvəti bərabər həddə olanda mehriban olarlar.

Zaman və sel heç kimi gözləməz.

Şən yoldaş yolu qısaldar.

 

Şəfiqə Şəfa