adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Mart 2016 12:33
103981
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Köçəri ruhlar"

Dünyanın həm qara, həm ağ üzündə bizlərlə bərabər dolaşanlar – ruhlar və onların canı tərk edəndən sonra aqibətindən tarix boyunca danışılıb, hələ bundan sonra da danışılacaq. O danışanlardan biri də niyə biz olmayaq?! Tarixin qatlarına ruhlarların quş tükü kimi yüngül "tən”ləri ilə səyahət edib Adəm oğlunu bu qədər narahat edən mövzuya öz payımızı qataq. Rubrikamızın budəfəki mövzusu reinkarnasiya – ruhun təkrar qayıdışı və bədənlənməsi, yaxud ruhun bir bədəndən digərinə keçməsidir. 

Reinkarnasiya latın sözü olub "yenidən diriliş” deməkdir. Amma bu latın sözünün özünü yenidən dirildən hind fəlsəfəsidir. Hind fəlsəfəsinə görə, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Reinkarnasiya ilə yanaşı, karma inancı da çoxallahlı dinin əsasını təşkil edir. Karma inancı hinduizm, buddizm və çaynizm kimi dini inanclarda əhəmiyyətli yer tutur. Sanskrit dilinə mənsub olan karma sözü "hərəkət” mənasını verir. Hind fəlsəfələrində karma anlayışı səbəb-nəticə qanunu kimi tanınır. Buna görə də karmaya inanan insan öldükdən sonra başlayan yeni həyatındakı müvəffəqiyyətlərinin, ictimai mövqeyinin və ya həyat tərzinin əvvəlki həyatındakı davranışlarına və əxlaqına bağlı olduğuna inanır. Karmanın əsasında isə insanın ölümdən sonra dünyaya yenidən başqa bir bədənlə gəlməsi və bu ölüb-dirilmənin müntəzəm olaraq davam etməsi mənasını verən reinkarnasiya inancı var.



Amma hindlərlə yanaşı eskimoslar, hindular və digər tayfaşəkilli kiçik xalqlar da belə hesab edirlər ki, doğulan uşağın bədəninə yeni ruh deyil, onun ölmüş qohumunun xüsusən də baba və ya nənəsinin (ulu da ola bilər) ruhu daxil olur. Bu ideya antik Yunan filosofları tərəfindən də qəbul edilərək əsərlərində kifayət qədər böyük yer tutub. Sokrat, Pifaqor, Platon, Plutarx kimi mütəfəkkirlərin reinkarnasiya ilə bağlı bəzən bir-birinə zidd, bəzən də zəncirvari şəkildə təsdiqlənən fikirləri mövcuddur. Məsələn, bugünkü gündə də hər kəsə məlum olan Pifaqor cədvəlində insanın doğum ili, ayı və gününün müxtəlif şəkildə hesablanaraq ruhunun ona qədər neçə bədəndə olmasına dair hesablamalar var. Hazırki numeroloqların stolüstü cədvəlidir desək, yanılmarıq.

Platonun fikirləri hind fəlsəfəsi ilə üst-üstə düşür. Yəni növbəti həyatda insan ruhu öz əməllərinə görə heyvan bədənində canlana bilər. Bu dünyada əyyaşlıq və oğurluq edən uzunqulağa, ədalətsiz və qəddar adam yırtıcı heyvana, zəhmətkeş insan isə arı və ya qarışqaya çevrilə bilər.

Reinkarnasiya yəhudilikdə də qəbul olunur. Xüsusilə XII əsrdən etibarən ruh köçürülməsi bu dinin hətta əsasını belə təşkil etməyə başlayıb. Bəzi kabbalistlər hind fəlsəfəsi üzərində – ruhun növbəti həyatda heyvan bədənində təşəkkül etməsi – öz fikirlərini yürüdüblər. XIII əsrdən etibarən bu mövzuda çoxsaylı kitablar yazılıb, qollara ayrılan yəhudi məktəbləri formalaşıb. Bəzi yəhudi cərəyanları isə belə hesab edirlər ki, ruh bir şərtlə başqa bədənə köçə bilər: o da əgər bu dünyada missiyasını başa vurmayıbsa, onun əvvəlki cismi öz əcəli ilə deyil, insan əli ilə öldürülüb, ömrü yarıda qoyulubsa. Bundan başqa, Kabbalada Adəmin ruhunun Nuha, sonra İbrahimə və nəhayət Musa peyğəmbərə köçdüyü bildirilir.

İslam dini ruh köçünü inkar edir. Məhəmməd Peyğəmbərə (s.ə.s) bununla bağlı suallar verəndə bu fikri qətiyyətlə rədd edib. Bəzi təriqətlər isə reinkarnasiyanı qəbul edir. Türklər qızılbaşların (səfəvi şiələri) ruh köçünə inandığını deyirlər. Əslində sonuncu imamın yeni bədəndə dirlicəyini buna misal göstərmək olar. Amma müqəddəslərin bu cür dirilişi fikri digər dinlərdə də mövcuddur. İslam mütəfəkkirlərindən Ömər Xəyyamın reinkarnasiya ilə bağlı düşüncələri rübailərinin demək olar ki, əsasını təşkil edib.

Xristianlıqda isə ənənəvi möminlər inanmasalar da,  New Age (Yeni nəsil) xristianlar bu inancı qəbul ediblər. Spiritualistlər İncilin ilk versiyalarında reinkarnasiya ilə bağlı təsdiqlərin olduğunu, sonradan həmin hissələrin bunda marağı olan möminlər tərəfindən çıxarıldığını iddiia edirlər. 

Qərbi Avropa xalqlarının folklorunda ruh köçü əsas mövzulardandır. Xüsusən də Norveç, Danimarka, İsveç, İslandiya nağıllarında bu mövzuya sıx-sıx rast gəlmək olar. Amma ən çox Asiya xalqları – Hindistan, Çin, Tailand, Banqladeş inanclarında, eləcə də Cənubi Amerika və Afrika şamanizmində reinkarnasiya ana xətt təşkil edir. 



Qərb spiritualisti Yan Stivenson iddia edir ki, 5 yaşına qədər uşaqlar əvvəllər hansı bədəndə olduqlarını yaxşı xatırlayırlar. İnsan böyüdükcə cisminin əvvəlki sahiblərini və getdiyi yerləri yuxusunda görə bilər. Elə fransız dilindən dünyaya yayılmış "dejavyu” da təxminən eyni mənanı verir. (Dejavyu barədə daha ətraflı sonrakı buraxılışımızda olacaq)  Yəni insan bir yerə gedərkən daha öncələr burda olduğunu hiss edir, ərazini tanıyır, halbuki bu yerə ilk dəfədir ki, səyahət edir. Yan Stivensonun fikirlərinə misal olaraq bir real hadisəni nümunə göstərək: ABŞ-ın Ohayo ştatında 5 yaşlı Lukе Ruelman adlı uşaq valideynlərinə bildirmişdi ki, əvvəllər Pam аdındа bir qadın olub. Yanğın zamanı ölüb. Valideynləri əvvəlcə fikir vermək istəməsələr də, uşağın davamlı olaraq bunu iddia etməsindən sonra araşdırma aparıblar. Qəribədir ki, uşağın dediklərinin həqiqət olduğu ortaya çıxıb. Pam adlı qadının 22 il öncə yanğında öldüyü məlum olub.

Valideynlərinin dediyinə görə, uşaq 2 yaşından bəri alovdan çox qorxurmuş. Öncə düşünüblər ki, bu adi uşaq qorxusudur. Amma 2-3 ildən sonra tamamilə sərbəst danışmağa başlayandan oğlan ruhunu daşıdığı qadından bəhs edib. "Mən gözəl qadın idim, baxımlı idim. Gözəl saçlarım, bəzək-düzək əşyalarım vardı”, - deyə israr edirmiş. 

Anası Erika ilk dəfə Pamın kim olduğunu soruşanda isə aldığı cavabdan şoka düşüb: "Mənim əvvəlki bədənim... Öləndən sonra cənnətə düşdüm. Tanrını görüb, onunla söhbət etdim. Bu dünyada işimin hələ bitmədiyini deyib, geri yolladı. Amma əvvəlki bədənim tamamilə yararsız, tanınmaz hala düşdüyü üçün başqa bədən verdi. Cənnətdə gözümü yumdum, oyananda gördüm ki, bu dünyadayam, amma körpəyəm. Bir az üzüldüm, amma fikirləşəndə ki, həyata yeni başlayacam, bu məni rahatladı”, - bu cümlələr 5 yaşında uşağa aiddir. Elə insanları heyrətləndirən də bu olub.

Araşdırmalardan belə bəlli olub ki, uşağın anlatdığı Pam (Pamela Robinson) 1993-cü ildə Çikaqoda bir oteldə çıxan dəhşətli yanğında yanıb, instinktiv olaraq, canını qurtarmaq üçün özünü yuxarı mərtəbədən ataraq ölüb. Həmin yanğında 19 nəfər ölmüşdü.

Reinkarnasiya mövzusu ədəbiyyata da təsirsiz ötüşməyib. Bu günə qədər bir çox böyük yazarlar ruh köçməsinə öz əsərlərində yer veriblər. Bunlardan Cek London (Adəmə qədər), Çarlz Dikkenz (Deyvid Kopperfild), Onore de Balzak (Serafit), Ceyms Coys (Uliss), Riçard Bax (Conatan Livinqston adlı qağayı) və digər yazıçılar köçəri ruhlardan ilhamlanıblar.

Elə kinomatoqrafiya da bu mövzu ilə xeyli diqqət çəkib. Azərbaycanda da çox sevilən Argentina serialı "İkinci həyat”, Hindistan istehsalı "Om Şanti, Om”, Hollivud filmləri "Mumiya qayıdır”, "Avatar: Ange haqında əfsanə”,  "Diriliş” və s. ekran əsərlərində reinkarnasiya qan donduracaq maraqla çoxsaylı tamaşaçıların marağını çəkib. 


Şəfiqə ŞƏFA