adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Iyun 2016 15:20
122937
RUBRİKA
A- A+

Dünyanın qara üzü: "Yer fırlanmağını dayandırsa..."

Bəşəriyyətin qiyamət qorxusunun tarixi bəlkə də özünün yaranma dövrü ilə üst-üstə düşür. Günümüzə qədər neçə dövran dəyişib, neçə zaman keçib, amma hər dövrdə qiyamətin məlum əlamətlərini görüb xoflanmışıq. Bu işdə mövhümatçıların da rolu az olmayıb. Ancaq maraqlıdır ki, qiyamət əlamətləri səmavi dinlərdən öncə mövcud olmuş çoxallahlılıqda da vardı. Elə isə zamanın hər dönəmində insanlara agah olan bənzər vahimənin qaynağı hardandır? Bu sualı açıq qoymalı olcağıq, çünki hələlik "Dünyanın qara üzü"nün budəfəki mövzusu qiyamətin səbəbləri deyil, nəticələridir.

Biz – adi, ölümlü insanlar qiyamət deyərkən dəhşətli gurultular müşayiəti ilə partlayışlar, tufan, sunami, qarşısıalınmaz dağıntılar, yanğınlar və s. düşünürük. İnsan təxəyyülü güclü olur, o da var ki, ən ağlasığmaz təxəyyülün içində belə həqiqət payı var. Bütün dini rəvayətlərdə, elmi nəzəriyyələrdə, yaradıcılıq əsərlərində qiyamətin yuxarıda sadaladığım fəlakətlər əsasında baş verəcəyi bildirilir. Yalnız çox az hissəsində bu fəlakətlərin sadəcə ani bir dəyişiklik ilə baş verməsi qeyd olunur: Yer planetinin öz oxu ətrafında fırlanmağının dayanması. Çünki məhz Yerin bircə dəqiqəlik dayanması kifayət edər ki, qorxunc fəlakət, yəni qiyamət baş versin, bütün canlılar məhv olub, planet movcudiyyətini itirsin.

Əsər demişkən, dünya şöhrətli ingilis yazıçı Herbert Uells qələmi ilə sözün hər iki mənasında möcüzə yaradıb: yazıçı həm fantastik janrın sütunlarını möhkəmlədərək əsərlərində ən ağlagəlməz mövzulara elmi-bədii cəhətdən toxunub, həm də konkret olaraq, "Möcüzə yaradan” adlı hekayəsində haqqında danışdığımız məsələni – Yerin öz məhvərindən çıxmasını izah edib.

Hekayədə skeptik olan Foderingey adlı birinin anidən möcüzə yaratmaq qabiliyyətinə yiyələnməsindən bəhs olunur. Təsadüfən ortaya çıxan bu qabiliyyətlə Foderingey əvvəlcə kiçik möcüzələr yaradır, sonra keşişin onu həvəsləndirməsiylə daha böyük möcüzəyə əl atır – Yer kürəsinin fırlanmasını dayandırır. Hekayədən həmin parçaya göz ataq:

"... Siz sadəcə olaraq Yer kürəsinin dövr eləməsini dayandırın ki, qoy zaman da dayansın.

O, pencəyini axıradək düymələyib Yer kürəsinə bacardıqca sərt və əminliklə əmr verdi:

– Fırlanmağı dayandır!

Elə həmin anda o, sürətlə təpəsi üstə boşluğa yuvarlandı. Saniyəbaşı havada dövrə vurmasına baxmayaraq, düşünmək qabiliyyətini itirməmişdi. Axı fikir – çox heyrətamiz şeydir: o, gah qatran kimi yavaş-yavaş axır, gah da şimşək kimi bir anda çaxır! 

Bir neçə saniyə götür-qoy edən Foderingey əmr etdi:

– Qoy mən sağ-salamat yerə enim! Hər nə olursa-olsun mən yerin üstündə salamat qalım!

O, bu əmri vaxtında vermişdi, çünki sürətli uçuşun nəticəsində onun paltarı qızıb közərməyə başlamışdı. Foderingey şappıltı ilə yerə dəydi, amma zərbənin gücünə baxmayaraq, heç bir yeri zərər görmədi. Bazar meydanının saat qülləsi onun yaxınlığında uçub dağıldı və daşdan, kərpicdən, suvaqdan ibarət hissələri sıçrayaraq hər tərəfə sovruldu, elə bil bomba partlamışdı. Havada uçan inək divarın bir hissəsinə möhkəmcə çırpılaraq yumurta kimi əzildi. Sonra qulaqbatırıcı gurultu eşidildi: bütün ömrü boyu eşitdiyi gürultular bu səsin yanında yatan tozun xışıltısına bənzəyirdi. Ardınca daha bir neçə, nisbətən zəif gurultular eşidildi. Elə güclü külək əsirdi ki, Foderingey ətrafına baxmaq üçün çətinliklə başını qaldırırdı. Ətrafda hər şey çox əcaib görünürdü. Hər tərəf ayın ağımtıl, parlaq işığına, vıyıldayan küləyin qaldırdığı toz buludlarına bürünmüşdü, nə ağacları, nə binaları, nə də adət etdiyi heç nəyi sezmək olmurdu; burulğanın tozanağında itib-batan xaosdan, ildırımdan, yaxınlaşan qasırğadan başqa heç nə görünmürdü. Məsələ burasındadır ki, cənab Foderingey nəhəng planetin oxu ətrafında dövr etməsini dayandırarkən, onun səthindəki hərəkət edən müxtəlif cisimləri nəzərə almamışdı. Lakin Yer kürəsi öz məhvərində əslində elə sürətlə fırlanır ki, onun ekvatordakı səthi bir saatda min mildən artıq məsafə qət edir (bizim genişlik anlamımızda beş yüz mildən artıq.) Ona görə də Yer fırlanmanı dayandıran kimi hər şey istisnasız olaraq güllənin uçuşundan da dəfələrlə sürətli şəkildə yerindən qopub dağılmışdı. Və Yer üzündə mövcud olan bütün cisimlər yerindən qoparaq uçub, dağılıb, məhv olmuşdu”.

Oxucu haqlı olaraq irad tuta bilər ki, bu fantastik janrda yazan yazıçının uydurmasıdır. Amma elmi izahatı da oxuyandan sonra Herbert Uellsin necə bir dahi, öngörücü, müdrik olduğunun şahidi olacaqsız.



Yerın fırlanmağı dayansa nə baş verər? 


Yer planetinin fırlanması saatda 1670 km-dir. Yerin oxu ətrafında fırlanmasını dayandırması ilə nəinki canlı aləm və insan əlinin yaratdığı tikililər, hətta minillik dağlar belə yerindən qopar. Vulkanlar Yer səthini əsl cəhənnəmə çevirər. Təsadüfən sağ qala bilmiş hər hansı canlı isə okeanların nəhəng sunamisindən can qurtara bilməz.  

Daha sonra Yerin bir tərəfində yarım il dözülməz istiliyi olan gündüz, yarım il isə sümüyə işləyən soyuq gecə hökm sürər. Günəş şərqdə deyil, qərbdə çıxar. Nəhəng dağıntı prosesi yerin quruluşunu da dəyişdirər: Antarktida, Qrenlandiya, Kanada, Sibir, Avropa, Çinin bir hissəsi, Yeni Zelandiyanın yarısı suyun altında qalar, əvəzində isə sualtı qayalar, dağlar quruya çıxaraq, yeni coğrafiya formalaşdırar.

Bütün bunlardan sonra Yer üzündə təsadüfən insan sağ qala bilibsə, o da həyatını Yerin altından davam etdirməli olar, üstə çıxmaq istəsə, dəyişmiş iqlimdən dolayı skafandr geymək məcburiyyətində qalar.

Bəs insan bu qədər sürətlə hərəkət edən yerin fırlanmasını niyə hiss etmir? Sual ritorik oldu, çünki cavab içində var: həddən artıq SÜRƏTlə fırlandığı üçün. Yəni yavaş fırlansaydı, biz bunu hiss edərdik, sürətin çoxluğu isə fırlanma dərəcəsini sabit saxlayır. Məsələn, şüşə kimi hamar yolda, sürətlə rahat maşınla gedirsiniz. Əgər pəncərələri qara örtüklə bağlasanız və maşının uğultusu və yardığı havanın səsi olmasa, ümumiyyətlə, getdiyinizi hiss etməyəcəksiz. sanki dayanmış maşının içində oturmusuz. Yerin fırlanmasının sürəti də yüksək və insan qulağı üçün səssiz olduğu üçün biz onu hiss etmirik. Amma cüzi olsa da hiss etmənin yolunu deyim, özüm sınaqdan keçirmişəm: Səma buludlu olanda, xüsusilə axşama yaxın, arxası üstə torpağa uzanın və hüdudsuz cəmaya tamaşa edin. Gözünüzü çox hərəkət etdirməyin, çalışın eyni yerə baxasınız. Təxminən on dəqiqəlik baxışdan sonra göyün həm qübbəşəkilli olduğunu, həm də fırlanmasını çox çüzi hiss edəcəksiniz. Təxminən aşağıdakı şəkildəki kimi:


  

Bu arada iki xəbərim var: biri yaxşı xəbərdi, biri pis. Əvvəlcə pisi deyim – şər deməsən xeyir gəlməz. Bəd xəbər odur ki, Yür kürəsinin oxu ətrafında fırlanmağının sürəti azalıb. Ay və Yer kürəsi arasındakı qabarma qüvvəsi səbəbindən hər yüz gündən bir sutka 1,5-2 millisaniyə uzanır. 140 milyon ildən sonra sutka 25 saatdan ibarət olacaq.

Şad xəbər də odur ki, Yer kürəsinin tədricən fırlanma sürəti azalıb tam dayanması 5 milyard il sonra baş verəcək. Yəni təkcə bizim yox, bizdən sonrakı 7 arxa dönənimizin də sümüklərinin torpağa qarışmasından çox-çox sonra! Yalnız həmin müddətdən sonra Günəş qırmızı nəhəngə çevrilib bizim Yer planetini udacaq...

Odur ki, ürəyinizi buz kimi saxlayın, amma qızğın əməllərdən, hərarətli günahlardan da qorunun, yoxsa buz əriyər, dama dama göl olub Yaradanın səbrini daşırdar. Onda Herbert Uellsin təsvir etdiyi möcüzə yaradanlardan kimsə ortaya atıla bilər...


Şəfiqə ŞƏFA