SON DƏQİQƏ:

GƏDƏDƏN BƏY OLAR…

  76167   |  
Şriftin ölçüsü  

Bir dəfə qəzetimizdə «Ulu məkan»nın təsisçisi və baş redaktoru, şair Əli Vahid Çaylının (Xəlilbəyli) şeirləri çap edilmişdi. Şeirlərin arasında biri - «Gədədən bəy olmaz» diqqətimi daha çox cəlb elədi. Və şeiri oxuyandan sonra içimdə yeni bir mövzu baş qaldırdı. Daha doğrusu, oxuduğum, gördüyüm və eşitdiyim hadisələri bu şeir yenidən mənim yadıma saldı. Düşündüm ki, Əli Vahid Çaylı öz gördüyünü nəzmə çəkib. Və mən də nə vaxtsa bayaq dediyim kimi, oxuduqlarımı, eşitdiklərimi və gördüklərimi bir daha hörmətli oxucularımızla bölüşmək istəyirəm…

Gədədən bəy olar, özü də lap yekəsindən. Amma bəydən heç vaxt gədə olmaz. Niyə gədə olmaz? Bunu çoxları yaxşı bilir. Çünki bəy oturuşuyla, duruşuyla və ən nəhayət mərdliyiylə seçilib və çox vaxt da buna görə elə ona «bəy» deyiblər. Bəy ki, bir söz dedi, vəd verdi, kiminsə qarşısında heç vaxt gözükölgəli olan deyil. Daha doğrusu, loru dildə demiş olsaq, bəy tüpürdüyünü yalamaz.

Ancaq indi gədə bəylər daha çoxdur. Elə bil ki, alçaq dağları onlar yaradıblar. Zalım uşağı zalım yekəxanalığından, cahilliyindən dünyaya sığmırlar. Bizim də kənddən belə bir gədə bəy çıxıb. Kənddə hamı onu dəli Gülşadın oğlu eşşək Əhməd kimi tanıyıb. Bu eşşək Əhmədin yeddi arxa dönənindən düz-əməlli adam olmayıb. Ya onlar oğurluq eləyiblər, ya kiməsə sataşıblar, ya da kiminsə malını basıb yeyiblər. Amma noolsun...

Və günlərin bir günündə bu dəli Gülşadın oğlu eşşək Əhməd bir qələt qarışdırdı və kənddən çıxıb getdi Rusiyaya. Müəllimləri də yaxşı bilir ki, dəli Gülşadın oğlu eşşək Əhməd adını və soyadını düzgün yaza bilmir. Yəni adını, soyadını yazanda nə qədər səhv eləyir…

Əlqərəz, bu eşşək Əhməd gedib çıxır Sankt-Peterburqa və orda da qoşulur göy-göyərti satanlara. On il ərzində nə təhər varlanırsa, gözü ayağının altını görmür. Və bir gün də hara çıxır ona «bəy» deyirlər. Eşşək Əhmədin Sanki-Peterburqda çoxlu obyektləri, kommersiya mağazaları, Bakıda villaları və eləcə də «novostroyka»larda bahalı evləri, bir sözlə, nə qədər desən var-dövlət qazanır bu on ildə…

Günlərin bir günündə də kənddə qayıdır, özü də 250 minlik bahalı «CİP»də. Camaat da məəttəl qalır ki, ay bala, bu eşşək Əhməd iki eşşəyin arpasını bölə bilmirdi. Bəs bu qədər var-dövləti hardan qazandı?! Dəli Gülşadın oğlu eşşək Əhməd bu var-dövləti ağlıyla, başıyla qazanmadı. Ona-buna «atmaqla», kəf gəlməklə əldə elədi bu qədər varı, dövləti. Və kənddə də onun keçmişini unudub çoxları ona Əhməd «bəy» deyirdi. Eşşək Əhməddə bu sözləri eşidəndə canına sarı yağ kimi yayılırdı. Və özünü göyün yeddinci qatında hiss eləyirdi…

Zarafat deyil, yeddi arxa dönəninə puluna, varına, dövlətinə görə rəhmət oxutdururdu. Elə ki, toya girirdi, tamada başlayırdı onu tərifləməyə: «Kəndimizin sayılıb-seçilən oğlu Əhməd bəyə eşq olsun!» Əhməddə cibindən 100 dollar çıxarıb tamadaya uzadırdı və tamada da bu 100 dolları alandan sonra kefi ala buluddan nəm çəkirdi…

Hələ yas məclisində molla onu görən kimi qımışır, sanki öz doğmasını görürdü. Və başlayırdı Əhmədin şəninə tərif deməyə. Deyirdi ki, ay camaat, bu Əhməd bəy var ha, kənd üçün çox qənimət adamdı. Allah onun ölənlərinin yerini behişt eləsin. Eşşək Əhməd də yenə əlini salardı qoltuq cibinə və qoltuq cibindəki bağlamadan bir göy yüzlük dollar çıxarıb mollaya ötürərdi. Deyərdi ki, mənim adımdan rəhmətə gedənə bir «Yasin» oxuyarsan. Molla da yüzlüyü alandan sonra dərindən nəfəs alar, sonra da qaşığı götürüb aşı elə gözünə təpərdi ki, elə bil aclıqdan çıxıb…

Gördünüz, gədədən bəy olur. Elə bilirsiniz bu gədə bəylər azdır? Hər yerdə, hər kənddə, hər məhlədə belə gədə bəylər kifayət qədərdir. Bəzən qanından, oturuşundan-duruşundan bəylik yağan insanlar da vəzifədə əyləşəndə ondan yuxardakı gədə bəyin təyziqlərinə məruz qalır. Çünki axı o, vəzifə görməyib və təsadüfən gəlib oturub yüksək bir kresloda, orda da başlayıb necə gəldi özünü aparıb: ona göstəriş verib, buna göstəriş verib, ona təpinib, buna təpinib.

Yadıma bir rəvayət düşür. Bir şah qızını kasıb bir oğlana verir. Və gətirib onu sarayda əyləşdirir. Axı yeznəsidir də, nə etməlidir? Elə olur ki, şah bir ziyafət təşkil edir. O ziyafətdə də qonşu ölkələrin şahları da olur. Şahın yeznəsi də məclisdə möhkəm yeyir-içir və yediyi sümükləri qulaqlarının arasına qoyur. Bu səhnəni görən qonşu məmləkətin şahları təəccüblənir və şaha deyirlər ki, bu necə yeznədir ki, oturuşunu-duruşunu bilmir. Şah isə utanır və qonşu vilayətin şahlarına deyir:

- Neynəyim, qızımı kasıb bir oğlana verdim ki, bəlkə adam olub adamlara qoşular. Sən demə, gədənin biriymiş. Bunun başına şahlıq tacı qoysam da, yenə gədə olaraq qalacaq.

Və günlərin bir günündə şah dünyasını dəyişir, oğlu olmadığına görə də həmin yeznəsini şah edirlər və başına da şahlıq tacı qoyulur. Bir müddətdən sonra şah gədəliyin göstərir və başlayır yenə yemək yeyəndə sümükləri qulağının arasına qoymağa. Buna dözməyən məmləkət ayağa qalxır və deyir ki, bizə əti yeyib sümüyü qulağının dibinə qoyan şah lazım deyil. Bu şah deyil e, gədədir, gədə…

Dünyanın çox qəribə işləri var. Bəylər qalıb qıraqda, gədələr bəy olub. Gədələr də bəy olanda, istər-istəməz hər şeyin yeri dəyişir. Necə ki, bizim kənddə dəli Gülşadın oğlu eşşək Əhməd bəydir və camaat da onu görəndə elə bil yeddi arxa dönəninə söyürsən. Amma dəli Gülşadın oğlu eşşək Əhmədin dünya vecinə deyil və çox adam da ona «bəy» deyir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK