adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QƏLBİNDƏ CƏNNƏT YAŞADAN XANIM

FƏRİDƏ RƏHİMLİ
24762 | 2019-01-13 12:40

Deyirlər qəlbində cənnət yaşadan insanlar var, getdikləri hər yerə hüzur daşıyan, həm də həssas, tez inciyən, içdən, səmimi, ürəyi gözəl insanlar. Allah bizi bax, o insanlarla qarşılaşdırsın!

Mən həyat yolumda elələri ilə rastlaşanda sevinmişəm həmişə. Bunu, mənə Allahın bir lütfü hesab eləmişəm. Bu insanların yoluma çıxmasını təsadüf deyil, zərurət bilmişəm və bu zərurətlər ömrümə ömür qatıb. İnsan yaşadığı həyatda, cəmiyyətdə, işlədiyi yerdə, ailədə onu anlayan, duyan, qiymətləndirən insanların əhatəsində olarkən özünü rahat, güclü, xoşbəxt hesab edir. Çünki bir insan ancaq dəyərini bilənlərin yanında qiymətlidir.

O zərif xanım da həyat yolumda müsbət aurası ilə mənə rast gələn – qəlbində cənnət yaşadanlardandı. Əvvəl sadə bir insan kimi tanıdım. Aramızda xoş münasibət yaranandan sonra isə şair, baş redaktor olduğunu öyrəndim. Açığı, zərif, hüzünlü görkəmi, ürəyiyumşaqlığı, səmimiliyi, üzündə daim məskən salmış və ona bir az da yaraşıq verən səmimi təbəssümü, milli adət-ənənəyə sadiq geyimi, saç düzümü, sadə davranışı ilə sevdim onun insanlığını. Və bu təkcə mənim fikrim deyil, son onillikdə milli adət-ənənəmizin "soyuq ellər”dən uzanan əllər vasitəsilə erroziyaya uğraması, mentalitetimizin yad təsirlər altına düşməsi qadınlarımıza da təsirsiz keçməyib. Bu onların geyimindən tutmuş, yeməyinə, zərərli vərdişlərdən asılılığa düşməsinə, ailə bağlarının zəifləməsinə qədər hər şeydə özünü göstərir. Və belə bir zamanda öz milliliyini hərtərəfli qoruyub saxlayan bu inanclı, imanlı xanımı necə sevməsinlər. Bu üzdən də təkcə media cameəsində deyil, adi insanların da ona münasibətinin fərqli olduğunu açıq-aşkar görmək, duymaq mümkündür. Təbii ki, qısqanclıqlar da olur ona qarşı. Bizim mühitdə əgər öz ayaqları üstə dura bilən qadınsansa, gülən gözlərini, bitməyən enerjini, təbəssümünü, dərdlərinin, acılarının sənə verdiyi gücü belə qısqanacaqlar!.. İnsanın həyatındakı acılar onun ömür naxışlarıdı, təcrübələridi, möhkəmlənməsi, yıxılıb, yenidən qalxmağı öyrənməsi üçün səbəbdi.

...Sonralar onun rəhbərliyi altında çalışmağa başlayanda isə daha incə mətləblər açıldı mənim üçün onun haqqında. Və gördüm ki, onun

durumunda olub, bu sadəlikdə qalanlar barmaq sayı qədərdi. O "bar verdikcə başını əyənlərdən” olub həmişə. Adətən rəhbərlik haqda yazı yazanda məqsəd bir umacaq, təmənna, borc olaraq qəbul edilir. Buna görə də indiyə qədər işlədiyim yerlərdəki müdirlərimin intellekti, yaradıcılığı, insanlığı haqda bəzən yazmaq istəsəm də yanlış anlaşılmaqdan çəkinmişəm. Amma onun barəsində asanlıqla yaza bilirəm. Çünki içim rahatdı ki, onu və məni tanıyanlar bu yazının səmimi olduğuna inanacaqlar. Əslində, bir-birimizdən dostluqdan başqa asılılığımız da yoxdu. Çünki dərziyə köç deyəndə iynəsini yaxasına sancıb çıxdığı kimi, yazar da qələmini götürüb gedəcək... Arada sadəcə bir bağ var, anlayış! Bir də qarşılıqlı hörmət, sayğı. Onun uşaqlığı, gəncliyi, yaşadığı bu illər ərzindəki zəngin xatirələri hərəsi bir yazı mövzusudu. O qədər maraqlı danışır ki, həyat hekayələrindən epizodları, sanki peşəkar bir rəssamdı və söhbətlərində "çəkdiyi” o rəsmlər gözümün önündə hər bir ştrixi ilə canlanır. Onu tanıdıqca nədən şeirlərinin belə yanğılı, içdən, təsiredici, doğma olduğunu anlayıram.

Adətən şəhərdə doğulub-böyüyən qızlar rayonlu oğlanla ailə quranda narazılıqlar, kəndi bəyənməmək, o sadə insanlara ağız büzmək kimi hallar olur. Amma o, kəndə gəlin köçərkən orada yaşadığı illər haqda elə həvəslə, sevgiylə söhbətlər etdi ki, sanki o kəndi gəzib gəldim. İçindəki zəngin təəssüratla xatırladığı kənddə sabah oyanarkən havanın ətrini, gül-çiçəyin xoş rayihəsini, təzə biçilmiş otun, yağış yağarkən torpağın qoxusunu elə məftunluqla təsvir etdi ki, kənd qızı olaraq gənclik illərimin xatirələri təzələndi.

Allah ona – şair, Xatirə Kitabı Redaksiyası və "Yada düşdü” jurnalının baş redaktoru Nəzakət xanım Məmmədliyə çox şey bəxş edib – sevilməyi nəsib edib, şöhrət, yaradıcılıq qabiliyyəti – şairlik verib, idarəetmə, rəhbərlik şansı bəxş edib, imkanlar yolu açıb, amma təkəbbürdən qoruyub. Sadəliyini, səbrini almayıb ki, bu da insanda, xüsusən də qadında və rəhbərdə gözəl xüsusiyyətlərdəndi. Səbirli olanlar, yaxşı olmaqdan vaz keçməyənlərsə, mütləq bir gün qazanırlar, istəklərinə yetirlər.

Bəlkə kənardan səbirli görünür? Çünki o deyir ki:

Ömür ocağında közüm ah çəkir,

Qələm doluxsunur, sözüm ah çəkir,

Ümid qara geyib, dözüm ah çəkir.

Azıb dərd içində ünvanım mənim.

İnsan üç şeyi gərək unutmasın: öncə nə idin, indi nəsən, sonra nə olacaqsan? O, atasının da Bakıda doğulduğu halda babasının yurdunu görmək üçün, soy-kökünü tanımaq üçün axtarışa çıxıb, sərhədlərin açıldığı ilk illərdə Ərdəbilə - baba yurduna səyahət edib, qohum-əqrabalarını tapıb, içindəki o əhdinə çatıb, Allahına şükür edib ki, bununla üzünü doğru-düzgün görmədiyi, həyatdan erkən köçən atasının da arzusunu yerinə yetirmiş olub...

Hər şey gəldi-gedərdi dediyimiz bu həyatda yaxşılıq qalacaqsa, nədən ürək qıraq, qəlb parçalayaq ki?! Deyir qırdığın ürəyin sahibinə yaxşı bax, yolun səni bir gün mütləq ona aparıb çıxaracaq... O, həmişə ürək qırmaqdan çəkinib. Kollektivdə birinin xətrinə dəydisə, mütləq könlünü almağa çalışacaq. Onu da deyim ki, onun şirin dilindən qurtulmaq mümkün deyil, məqsədinə mütləq çatacaq!!! Bu yolda ona səmimiyyəti kömək edir. Səmimi, dürüst olmaqdan isə qorxmamaq lazımdı, ən pis halda itirəcəyin yanlış insanar olacaq.

Əvvəllər nədənsə onun Qərbi Azərbaycandan, Dərələyəzdən, Zəngəzurdan, sonralar Qarabağdan olduğunu zənn etmişdim. Bəlkə də bu, onun yurd nisgili, torpaq həsrəti ilə yazdığı şeirlərinin şüuraltıma etdiyi təsirdəndi.


Qürbətdə üşüyən yurdum,

Yerində tövşüyən yurdum,

Qəbrini gövşəyən yurdum,

Arzun kül oldu, kül oldu.


Nə yaman ağırdmış yuxun,

Yağmalanıb varın-yoxun.

Öz içində boğulduğun,

Neçə il oldu, il oldu.


Çəkim hardan-hara kimi,

Haray yox, bu haray kimi...

Gözlərim daşıb çay kimi,

Sinəm göl oldu, göl oldu.


Bu ağrımın yoxdu adı,

Ömrün-günün itib dadı.

Ürək hər gün harayladı,

Susan dil oldu, dil oldu.


Qəlbimin həvəsin deyim,

Gah uca, gah həzin deyim.

Kaş elə gün gəlsin, deyim –

Arzun gül oldu, gül oldu!


– deyən insanın bakılı - "şəhər qızı” olduğunu ağlımdan da keçirməmişdim. Onun aləmində "haralısan” sualı önəm daşımır.

Ad insan həyatına təsirsiz qalmır. O, adının həyatına etdiyi təsiri hər an üzərində hiss edənlərdəni.

Deyirlər qəlbində cənnət yaşadan insanlar var, getdikləri hər yerə hüzur daşıyan... Bax, onlardandı Nəzakət xanım!


TƏQVİM / ARXİV