SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: O PUL SƏNİN DEYİLSƏ...

  42440   |  
Şriftin ölçüsü  

... Adamlar çox vaxt sevinirlər. Ona görə sevinirlər ki, getdikləri yerdə ayaqlarının altında pul görürlər, qızıl əşyalarla üzləşirlər və hətta daha bahalı şeylərə rast gəlirlər. Və onlar aşağı əyilir, o pulu, o qızıl əşyanı dədsinin malı kimi götürüb qoyur cibinə, heç nə olmayıbmış kimi yoluna davam eləyir...

... O pulu, o qızılı itirən adamın isə qanı itin qanına dönür, həftələrlə, aylarla özünə gələ bilmir, dərdin və kədərin içində çapalayır. Axı itki pis şeydi. İstəyir bir manat itir, istəyirsə də əlli-yüz manat! Və həmişə də gözün axtarır ki, o itirdiyin pulu, o itirdiyin qızılı nə vaxtsa tapacaqsan . Düzdür, sahibi onu tapa bilmir. Amma Allahı sevən vicdanlı insanlar o pulu, o qızılı tapanda heç vaxt sakitləşmir, itkinin sahibini axtarıb tapırlar...

... Dəfələrlə həm avtobusda, həm taksidə, həm də digər nəqliyyat vasitələrində yaddan çıxıb qalan pulu tapan adam ya televiziya kanallarına müraciət edib, ya da elə həmin avtobusu idarə edən sürücüyə üz tutub. Çətinliklə də olsa sahibini axtarıb tapıblar və pulu ona qaytarıblar. Səhv eləmirəmsə, hansısa rayonda bir iş adamının pul kisəsi yerə düşübmüş, pul kisəsinin yanında onun ünvanı, telefon nömrəsi də varmış. Onu bir uşaq tapır. 15 min manat dəyərində pulu uşaq zəng edib sahibinə verib. 100 dollar da çıxarıb "şirinlik” kimi uşağa verəndə uşaq onu götürməyib və deyib ki, mən özgənin haqqını və pulunu yeyə bilmərəm. Onu götürsəm, axirətdə nə cavab verərəm. Bu 15-16 yaşlı uşağın düşüncəsi, bu da biz söhbət açacağımız pul tapan qadının münasibəti.

Noyabrın 14-də həmkarım, "Kənd həyatı” qəzetinin baş redaktoru Sabir Hüseynovla metronun "Elmlər Akademiyası” stansiyasından çıxıb 39 nömrəli marşrutun dayandığı dayanacağa gəlirdik. Dayanacağa 2 metr qalmış yolun qırağında səpələnmiş pullar gördük. Biz çatana qədər orta yaşlı, dolu bir qadın beşlik, onluq və manatlıq pulları xüsusi bir canfəşanlıqla yığmağa başladı. Pulları yığandan sonra da dədsinin malı kimi sayırdı. Gözü doymayıb yenidən ətrafda pul axtarırdı. Xanıma dedik ki, o pul sənin deyil, niyə götürürsən? Heç olmasa soruş gör, bəlkə dayanacaqda duranlardan birinin cibindən düşən puldu?

Xanım acıqlı-acıqlı dilləndi:

- Sizin pulunuzdu?

- Xeyr! – dedik.

- Onda sizin deyilsə, əl çəkin məndən, pulu tapmışam, vəssalam! Heç kimə də verən deyiləm! Ağlı var, kimsə pul itirməsin. Yerə düşübsə, götürməliyəm, mən oğru-zad deyiləm ki!

Düzdür, o qadın oğru deyildi. Amma ona halal və vicdanlı insan da demək olmazdı. Çünki halal və vicdanlı adam ən azından tapdığı pul və aşya barəsində qanunla hüquq-mühafizə orqanlarına, lap elə yaxınlıqdakı polisə müraciət edə bilər. Və bununla da onun sahibi axtarılar, kimin halal haqqı isə onun özünə verilər. Çox təəssüf ki, bizdə bəzi insanlar başqalarının haqına girməyi və onu yeməyə öyrəşiblər.

... Yadıma bir hədis düşür. Çox varlı bir adam dünyasını dəyişir. Onun da övladları deyirlər ki, bizim dədəmiz camaata zülm eləyib, onalrın haqqını yeyib. Qəbir evində sorğu-suala tutulanda cavab verə bilməyəcək. Qoy kənddən bir halal adam tapaq, bir küpə qızıl verək, dədəmizin günahının yarısını boynuna götürsün. Yoxsa dədəmiz o qədər günah eləyib ki, onu cəhənnəm odunda yandıracaqlar. Kənddə çox zəhmətkeş, halal, alın təriylə yaşayan bir kişi varmış. Onu tapırlar və bir küpə də qızıl verirlər ki, atamız dəfn olunanda gecə onun yanında qalarsan, günahının yarısını boynuna götürərsən. Kişi deyir ki, mənə qızıl küpəniz lazım deyil. Gedib axşam o dəfn olunandan sonra yanında qalaram. Kişi dəfn olunur, hamı qayıdıb kəndə gəlir. O təmiz adam da qəbrin bir tərəfində uzanıb sorğu-sual edənləri gözləyir. Bir müddətdən sonra inkir-minkir gəlir, görür ki, burda bir ölü var, bir diri. Deyirlər ki, birinci bu dirini sorğu-suala tutaq, görək kimdi və burda neyniyir?! Onlar həmin kişinin adını, soyadını və atasının adını soruşurlar. Deyirlər ki, hə, sən çox təmiz və halal adamsan. Amma sənin bir günahın var. Yadındadı, yolla getdiyin yerdə şalvarın düşürdü, yerdən bir kəndiri götürüb şalvarı bağladın. Bax, o kəndir sənin deyildi, o kəndiri niyə götürmüsın? Kişi görür ki, sorğu-suala cavab vermir, tez aradan çıxıb başıalovlu qayıdır kəndə bu varlı kişinin oğlanlarının yanına. Deyir ki, gedin atanızın zibilinə yiyə durun. Mən bir kəndiri götürdüyümə görə suallara cavab verə bilmədim. O ki, qala camaata zülm eləmiş və insanların dərisini soymuş dədənizin günahları ola.

Biz insanlar çox vaxt kiminsə haqqına girməyi, əlindəki, ovcundakı nə varsa almağı çox asan bilirik. Amma hər şeyin bir sorğu-sualı, bir zamanı var. Və o zaman gəlməmişə qədər heç olmasa özümüz-özümüzə dəyər verməli, kimlərinsə halal haqqını basıb yeməkdən çəkinməliyik. Ürəyində və qəlbində Allah sevgisi, vicdanı olan insan heç vaxt kiminsə halal haqqına göz tikməməlidir. Çünki kiminsə haqqını yeməyin geci-tezi var. Bir çox insanlar nə Allaha inanırlar, nə qanundan qorxurlar, nə də içlərində vicdan hissi var. Təbii ki, bu hisslərdən və duyğulardan məhrum olan adamlar nəyə desən gedərlər.

Amma Allahdan qorxmaq lazımdır. Və o cümlədən kimsə yolda ayağının altından 3-5 manat demirəm, 50-100 manat tapırsa, heç olmasa onun sahibini axtarsın. Əgər sahibini tapmırsa, gedib hüquq-mühafizə orqanlarına müraciət eləsin. Axı tapdığın o pul sənin deyil. Və günlərin birində sən də nəsə itirə bilərsən və gözün axtara-axtara qalar...

... Bir hadisəni də danışım, yazıma nöqtə qoyaram. Bir-iki il bundan əvvəl yay vaxtı işə gələndə 39 nömrəli marşrutda "Azərbaycan” nəşriyyatının yanındakı dayanacaqda düşəndə iş vəsiqəm və 190 manat pul yerə düşür. Və mənim də bundan xəbərim olmur. Sən demə, mənim də arxamca "Molla Nəsrəddin” jurnalının redaktoru və bir əməkdaşı gəlirmiş. O da vəsiqəni və pulları götürüb düz bizim 6-cı mərtəbəyə qalxır. Rüstəm müəllimin otağında əyləşmişdim. Bir də eşitdim ki, soruşurlar ki, Faiq Qismətoğlu hardadı? Otaqdan boylanıb dedim ki, burdayam. Jurnalın redaktoru soruşdu:

- Müəllim, görün nə itirmisiniz?

Əlimi köynəyimin döş cibinə apardım. Dedim ki, vəsiqəm və 190 manat pul hardasa düşüb. Məni soyuq tər basdı. Redaktor gülümsədi və dedi:

- Vəsiqənizi də, pullarınızı da tapmışıq. Buyurun, götürün!

Gözlərimə işıq gəldi. Pulun üstündən götürüb onlara uzatdım. Amma redaktor dedi ki, müəllim, Allah göydən baxır, o pulun bir qəpiyi də bizə lazım deyil. Sənin halal haqqındı tapıb gətirmişik. Görünür, siz də əməli-saleh insansınız və bu pul da bizim kimi Allahı sevən bəndənin qabağına çıxıb. Mən də hər iki gözəl ziyalıya və jurnalist dostumuza təşəkkür elədim və minnətdarlığımı bildirdim. Bax, belə insanlar da var, o təsvir etdiyimiz qadın kimi olanlar da. İtki çox pis şeydir. O, sahibinə qaytarılsa, çox gözəl olar...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK