adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Qanı xarab quşlar - Eminquey yazır

EMİNQUEY AKİF
112871 | 2020-10-16 13:19

Bizim bu “sülh quşcığaz”larının yemi artıq düşüb deyəsən. “Qoymayın, insanlar ölür” deyə cikkildəyirlər. Guyammış ki, biz insan ölümlərinə üzülmürük. Üzüləsi ölüm varsa, ən başda elə bir neçə gün əvvəl Gəncədə gecə yatdığı yerdə ölən, yaralanan insanlara üzülürük. Tərtərdə öz ölən doğmasını dəfn edərkən erməni gülləsinə tuş gəlib dünyasını dəyişən insanlar üçün üzülürük.

Bu “sülh quşları”nı kim yemləyir?

Hələ Tovuz hadisələrindən öncə statuslardan birində Hayk Tiqranyan adlı erməni profili rastıma çıxmışdı. Görmüşdüm ki, bizim “sülh quçcığazları” Haykla dimdik-dimdiyə verib bir-birilərinə Şuşada, Laçında birlikdə şərab içməyi arzulayırlar. Hayk bir can deyəndə, bizimkilər beş can deyirlər.

O vaxtdan bu yana bu Haykı xəlvətcə izləyirəm.

Müharibə başladı.

Bu Hayk mutasiyaya uğrayıb dönüb oldu “müharibə qarğası”.

Ermənilərin leyhinə statuslar yazmağa start verdi. Bir sözlə keçdi öz “terror”çularının tərəfinə. Amma bizim “sülh quşcığazları” Haykın uçub getdiyi yerdə hələ də dimdik döyəcləməyə davam edirlər.

Və bu gün Qarabağ sevinci yaşayan, müharibə ab-havasında olan insanlar tərəfindən haqlı olaraq “kış-kış”lanırlar.

                                               ***

Romalıların yaxşı bir atalar sözü var – Barış istəyirsənsə, savaşa hazır ol!

Bəs, yaxşı, barış istəmək günahdırmı?

Xeyr.

Bəs, yaxşı, bu gün məmləkətimizdə barış istəyən adamlar niyə linçə məruz qalır?

Axı, sülh istəyən adamı niyə linç eləsinlər?

Hə, bax, elə məsələ də budur.

Uşaq ikən əlimizdə olan oyuncaqları xalaoğlu ilə bölməyim yadıma gəlir. Onunla birgə keçib uşaqlığım. Aramızda dava düşməsin deyə mənə nə alırdılarsa, ona da ondan alırdılar. Bərabərsizlik olanda dava düşürdümü? Düşürdü!

İllərlə Azərbaycan torpaqlarında xalqımızla eyni suyu içən, eyni havanı udan, heç bir basqı görməyən, ən yaxşı vəzifələrdə oturan və sairə və ilaxır şeylərə sahib olan ermənilər sülh, barış içində yaşamırdılarmı? Yaşayırdılar.

Bu barışı, bu sülhü pozan bizmi olduq? Xeyr.

İllərdir bu səfalı yerlərə gözünü dikən bu köküxarablar nəhayət ki, istədiklərinə nail oldular. Elə bilin ki, (Allah uzaq eləsin) əminizoğlu sizin oyuncaqlarınızı götürüb dedi ki, bunlar mənimdir. Siz də qaldınız oyuncaqsız. Siz sülh, barış tələb edərdinizmi? Xeyr. Çəkilib bir küncdə ağlayardınız. Sonra məqam gözləyərdiniz ki, oyuncaqlarınızı geri alasınız.

Bu hələ ən məsum vaxtlarımızla apardığım müqayisədir.

Gələk əsas müqayisəyə.

Atam illərlə bir qardaşı ilə küsülü oldu. İllər qabaq əmim dünyasını dəyişənə yaxın yanına getdi, son günlərini yanında keçirtdi. Səhər ölüm xəbərini alanda ağlamışdım. Sonra atam dünyasını dəyişdi. Məndən zəng vurub soruşanda ki, Akifin məzarını harda qazaq? O halımla birbaşa, fikirləşmədən Qurban Əmimin yanında qazın demişdim. Atamın dəfn olunduğu yer kənd qəbiristanlığının ən hündür yeridir. Həm də sürüşməyə meyilli olan nöqtədir. Qəbiristanlığı ikiyə bölən uçurumun düz kənarındadır. İçim-içimi yeyir ki, bəlkə məzarın yerini dəyişdirim? Deyirlər, olmaz. Dində yaxşı qarşılanmır. "İlahi, sən özün qoru, ora sürüşməsin, uçmasın" deyib keçirdiyim 7 ildir. Şükür, min şükür ki, ora sürüşmür, uçulmur, dağılmır. Məncə, elə illərlə küsülü qaldığı qardaşı əlindən möhkəm-möhkəm tutub, saxlayıb...

Bunları niyə yazıram?

Mən, buradan 1 saat yarımlıq məsafədə olan sakit, dinc kəndimdə basdırdığım atamın məzarından bu qədər narahatamsa, gör, qohumunu, atasını, anasını erməninin işğalı altında qoyub gələn insanlar nələr çəkirlər?! Gör indi onlar hansı sevinci yaşayacaqlar doğmalarının məzarlarına qovuşanda...

Hamısına tezliklə qismət olsun.

Narahatlıq, nigaranlıq əclaf şeydir.

                                           ***

30 ilə yaxın ağladıq, sızladıq, eynən oyuncaqları oğurlanan uşaq kimi. Güc tapdıq özümüzdə. İndi “oyuncaq”ları geri almaq vaxtıdır. Bizim olanı qaytarmaq vaxtıdır. Atəşkəsi pozan biz deyilik, ermənilərdir.

Demək ki, biz həm də sülhü, barışı bərpa etmək üçün mübarizə aparırıq. Qarabağı işğaldan azad etmək sülhü bərpa etmək deməkdir. Qarabağ işğaldan azad olunacaq və orada yaşayan ermənilərə birlikdə yaşamaq təklif ediləcək. Sülh içində, barış içində. Eynən əvvəllər olduğu kimi. Biz fərqli şeylər istəmirik axı.

Sülh deyirsiniz, sülh olsun da.

Amma Qarabağsız sülhü düşünməyin aqibəti linç olunmaqdır.

Yəni başda dediyim atalar sözündə olduğu kimi – Barış istəyirsənsə, savaşa hazır olmalısan!

Əgər millətinin başına gətirilən oyunları heç nə olmamış kimi unudursansa, deməli, qanın xarabdır.

Məncə, bu “sülh quşcığazları”nın ayaqlarına bir məktub bağlamaq, məktubun içində “mən erməniyəm” yazmaq, sonra da Qarabağın səmasına buraxmaq lazımdır.

Görüm, Laçında, Şuşada şərab içmək istədikləri erməni dostları onları sağ buraxırmı?!

 

TƏQVİM / ARXİV