adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ŞIX SANATORİYASINDAN QEYDLƏR - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
98050 | 2020-12-19 13:46

Esse

İstirahət etmək, hardasa dincəlmək, ilboyu gərgin zehni və fiziki əməkdən sonra münasib bir məkanda rahatlanmaq kimin istəyi deyil ki!? Bu hər kəsin arzusu, həm də haqqıdır. Amma bəzən istəmək bəs etmir, istəklə şərait üst-üstə düşməlidir ki, arzunu reallaşdırasan. Qarşını kəsən, getməyinə mane olan o qədər yerli, yersiz səbəblər çıxır ki... Bəzən də özünə ayırmağa vaxt tapa bilmirsən və ya bu vaxtı özünə qıymırsan.  Cabir Novruz demiş:

Gərəksiz işlərə qarışır başım,

Gərəkli işləri görə bilmirəm...

   Bir vaxt kabinet qonşusu olduğum iş yoldaşım bu sarıdan özünə qarşı cox diqqətliydi, məzuniyyətini də hər il bir yerdə  keçirirdi. Sağlamlığının qeydinə qalır, müxtəlif yerli və xarici ölkələrdə olan sanatoriyalarda dincəlir, orda digər millətlərin həmişə daha çox gəldiyini qeyd edərək bizim millət olaraq özümüzü bu işdə "arxa plana” keçirdiyimizi təəssüflə vurğulayırdı... Nə deyim, haqlı idi.

    Ailə-məişət qayğıları adamın vaxtını ən çox alan və bitməyən qayğılardır. Elə hamı kimi mənim də həyatımda əsas nöqtəni vurur. Ay necə dolanır, gün necə keçir xəbər tutmuruq bəzən, bir onda başımızı qaldırırıq ki, il sona yetir. Sənin də zehnin, beynin yüklənmiş, telefon, bilgisayar ekranı kimi dolmuş vəziyyətdədir. Gərəkdir” boşaldıb "rahatlayasan, yoxsa işləməyəcək...

     ...Mənim ŞIX sanatoriyasına gəlişim lap təsadüfdən oldu, amma təsadüflər zərurətdən doğur axı. Yaradıcı insanların ata ocağı hesab edilən AYB-nə Azərbaycan Həmkarlar Konfederasiyasından verilən göndəriş mənim qismətimə düşdü. Vaxta az qalırdı, qabaqda isə şənbə və bazar günləri vardı, bütün qeydiyyat işlərini həftənin birinci, elə 14 günlük müalicə-istirahət kursunun ilk gününə saxlamalı oldum. Səhər tezdən AYB və Yazıçılar Poliklinikası arasında vacib məsələləri həll edib üz tutdum gözəlim sanatoriyaya...

      Şıx sanatoriyası Bibiheybət qəsəbəsində, Abşeron yarımadasının  Şıx burnunda yerləşir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə yaradılan və Elmi Artroloji Mərkəz kimi fəaliyyətə başlayan bu məkan sonradan sanatoriya statusu almışdır. Sanatoriya iki şöbədən ibarətdir. Birinci şöbəsində 1992-ci ildə Şuşa şəhərindən məcburi köçkün düşmüş ailələr yerləşdirilmiş, 2019-cu ildə onlar dövlət tərəfindən Qobu qəsəbəsində tikilən evlərə köçürülmüşlər. Hal-hazırda həmin şöbədə əsaslı təmir işləri gedir və tezliklə yenidən istifadəyə veriləcəkdir.  

    Sanatorriyanın digər şöbəsi beş mərtəbəli, 68 otaqdan, 100 çarpayılıq yataq, yeməkxana və müalicəxanadan ibarət olmaqla  tam gücü ilə insanların xidmətindədir. Sanatoriyada əsas müalicə yerin 2000 metrədək dərinliyindən çıxan və temperaturu 80 dərəcəyə çatan hidrogen-sulfidli su əsasında aparılır. Burda həm də elektroişıq terapiyası, müalicəvi bədən tərbiyəsi, vannalar, naftalan yaxmaları, parafin terapiyası, masaj kabinetləri pasientlərin xidmətindədir. Bu sanatoriyada Artrit və poliartritlər,  Revmatoid artritlər, Xroniki mialgiya, kontrakturalar, artroz və osteoxondrozlar və s xəstəliklər uğurla müalicə olunur. Əraziyə daxil olarkən burda havanın da fərqli olduğunu duymamaq mümkün deyildir. İlboyu fəaliyyət göstərən sanatoriyanın müxtəlif duzlar, yod, brom buxarları ilə zəngin havası da insanın əhvalına təsir edir. Dənizdən əsən meh əsəblərə sığal çəkir, insanın ruhunu oxşayır. Yayda bu yerlərin hüsnü bir başqa olur, amma indi payızdır və sizə Şıxın sonbahar gözəlliklərindən bəhs edəcəm...

     Üzü Xəzər dənizinə baxan beş mərtəbəli bina elə uzaqdan adamı özünə cəlb edir. Yüngül və təmiz havanı udduqca ağ ciyərlərimin necə bayram etdiyinin fərqindəyəm. Geniş və səliqəli yollar da bələdçisiz-zadsız məni düz ünvana aparıb çıxarır. Yerli ağacların yarpaq tökümü paşlayıb, təbiət də fırçasını sarı-qırmızı rənglərə batırıb payızın canlı rəsmini çəkir. Sakitlik, rahatlıq, komfort, həmişəyaşıl ağacların əhatə etdiyi xiyabanlarda da hiss olunur.

    Pilləkənləri qalxıb avtomatik idarə olunan iki taylı qapıdan foyeyə daxil oluram. Təmizlik, genişlik məni ilk baxışdan sevindirir, yaxınlaşıb salamlaşır və sənədlərimi qəbul şöbəsində əyləşən Sahibə xanıma təqdim edirəm. Təbəssümlə qarşılıq verir və qeydiyyata alır... Amma mənim şəhərdə yarımçıq işlərim olduğundan geri qayıtmalıyam,  xanım bütün sutkanı xidmət göstərdiklərini bildirib yaxşı yol arzulayır...

    Artıq göndərişin ikinci günü səhər tezdən burdayam. Əvvəlcə sanatoriyanın baş həkimi ilə görüşmək istəyirəm, elə sağdakı şüşə qapıdan içəri adlayıb onun kabinetinə yaxınlaşıram, görüb içəri dəvət edir... Gültəkin xanım Süleymanova-uzun illər müxtəlif tibb ocaqlarında işləyən, zəhmətkeşliyi və biliyi ilə özünə hörmət qazanan bu həkim 2017 ilin oktyabr ayından etibarən Şıx sanatoruyasına baş həkim təyin olunmuş və 65 nəfərdən ibarət kollektivə rəhbərlik edir.  İşinə məsuliyyəti, müəssisəyə can yandırması, xəstərə diqqət və qayğıkeşliyi ilə kollektivin  hörmətini qazanmışdır. Söhbətimiz hərtərəfli alınır, istər-istəməz müharibə mövzusuna toxunur, ölkəmizin qazandığı qələbə sevincini də bölüşürük. Gültəkin xanım  qələbədən ürəklə söz açır, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin gördüyü işləri dəstəklədiklərini deyir. Ordumuzun, əsgərlərimizin cəsarəti, hünəri və müharibədə göstərdiyi igidliklərindən danışarkən isə bildirirki:

-Sanatoriyanın birinci mərtəbəsini müharibə əlilləri və iştirakçıları üçün reablitasiya mərkəzi kimi istifadə olunmasından ötrü rəhbərliyə müraciət etmişəm, düşünürəm təklifim qəbul olunar. İstəyirəm bizim də kollektivin bu məsələyə qatqısı olsun...

    İndi rahatlıqla müəssisə ilə tanış ola bilərəm. Sanator-kurort kitabçasını götürüb müalicə həkimimin yanına, ikinci mərtəbəyə qalxıram... Sevinc xanım Abbasova orta məktəbi 15 yaşında əla qiymətlərlə vaxtından tez bitirərək ali məktəbə daxil olmuşdur. 1998-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vuraraq  təyinatla bu müalicə müəssisəsinə göndərilmişdir. O vaxtdan bu günədək də içdiyi Hippokrat andına sadiq qalaraq peşəsinə olan sevgisini təmənnasız qayğıya, diqqətə çevirib insanlara paylayır. Pozitiv və mehribandır, kolleqa olduğumuzu isə biləndə üz-gözündəki təbəssüm ışığı bir az da sıxlaşır. Sonra kitabçanı alıb lazımı təyinatı ora qeyd edərək mənə qaytarır...

Qəlbi Tanrı istəyilə nurlanan,

Bir məlakə timsalıdı həkimlər.

Açar qapısını ümidsiz qalan,

Neçə dərdin dərmanıdı həkimlər...

 

Baxışıyla qəlbə ümid gətirən,

Ağrıları pərən salan, itirən.

Istəkləri bir-birinə yetirən,

Sönsuz arzu karvanıdı həkimlər...(Ş.Şahin)

    Müalicə prosedurlarına əvvəlcə birinci mərtəbədən başlamağı qərara alıram. Geniş dəhlizlər, tərtəmiz, müasir avadanlıqlarla təchiz edilmiş  müalicə kabinələri, diqqətimi özünə bənd edir. Amma bir məqam da fikrimi quş kimi uçurur ki, bu da hər tərəfdən eşidilən, zövqlə seçilmiş, asta notlarla səslənən həzin  milli instrumental musiqidir.  Musiqinin nəinki insan, hətta digər canlı orqanizmlərə də müalicəvi təsirini elm çoxdan sübut etmişdir. Tanınmış alim, professor, görkəmli virtuoz cərrah İbrahim Topçubaşovun əməliyyatlarını əsasən həzin musiqi sədaları altında apardığı heç kəsə sirr deyil. Musiqinin təsirindən ağrılar da sakitləşir, xəstə dərddən, ağrılardan bir müddətlik də olsa uzaqlaşır və rahatlanır. İndi burda, bu müalicə otaqlarında da ətrafa könül oxşayan, həzin musiqi ətir kimi, dəniz havası kimi yayılır, havada dalğalanaraq adamın ruhuna çökürdü...

     Burda çalışan orta və kiçik tibb işçilərindən söz açmasam insafsızlıq olar. Hər bir işçidə peşəsinə vurğuluq, işinə məsuliyyət, diqqət və qayğı, məhəbbət vəzifə borcundan daha çox şəxsi keyfiyyətə çevrilmişdir. İş yerinə ayaq basdığı andan etibarən öz şəxsi qayğılarını unudaraq yalnız müalicə üçün gələn insanları düşünən zəhmətkeş tibb bacılarına heyran olmaya bilmirsən! Üzündən təbəssüm əskik olmayan, elektroterapiya ilə pasientlərə yüksək səviyyədə tibbi xidmət göstərən İlhamə xanım, Gülşən xanım, Lətifə xanım, Qalina xanım, əlləri şəfalı masaj ustasıTamella xanım, müalicəvi vannaların sağlamlığa təsirini incəliyinədək bilən Güləbətin xanım, parafinlə özünəməxsus  davranan Təranə xanım və digərləri haqqında ürəklə danışmağa dəyər...

    Geniş dəhlizlər və bu dəhlizə açılan səliqəli, tərtəmiz, içində hər şəraiti olan, lazımı mebel və məişət avadanlıqları ilə təmin olunmuş komfortlu otaqlar... Burda  müalicə qiymətləri yüksək olsa da, Həmkarlar İttifaqı tərəfindən alınan göndərişlə xeyli ucuz başa gəlir. Elə müalicə alanların əsas hissəsi də göndərişlə gələnlərdir. İlk tanış olduğum İsmayıl müəllim şair olduğumu biləndə heyrətini gizlədə bilmir. Uşaq saflığı ilə geri çəkilib üzümə diqqətlə baxır:

-Dayanın sizə yaxşı-yaxşı baxım, hələ indiyədk söz adamını belə yaxından görməmişəm..Vallah siz möcüzəsiniz... Sonra yazdıqlarımın müqabilində maddi qazancımla maraqlanır, pulsuz olduğunu biləndə bir isə heyrəti bir az da artır... Mənim əlahəzrət sözün qulluğunda dayanmağın şərəfindən, məsuliyyətindən, onun Tanriya məxsusluğundan, sözün gətirdiyi mənəvi zövqdən və s söz açmaq həvəsim yoxdu...

    Sanatoriyanın yeməkxanası səhər tezdən axşam saat 7-yə kimi xidmət göstərir, işçilər öz pozitivlikləri ilə diqqətimi çəkir. Pasientlər burda gündə üç dəfə yeməklə təmin edilir. Təmizlik qorunur, stollar bir-birindən lazımi uzaqlıqda qoyulmuş, hər stol isə iki nəfər üçün hazırlanmışdır. hazırda pandemiya vaxtı olduğundan elə yeməkxananın qapısı önündə də divara dezinfeksiya edici məhlul kömplekti bərkidilmişdir. Adamlar həm də bütün günü maskadan istifadə edərək özlərini və ətrafında olanları qorumağı özünə borc bilir.

 ... İnsanlar əsasən bir süfrə arxasında daha tez mehribanlaşır.  Mən bura gələndən tək oturuğum yemək stoluna bu gün səhər bir xanım gəlib əyləşir, salam verib gülümsəyir. Tanış oluruq- Sübhanə Şahmalıyeva, dosent, Azərbaycan Hidrotexnika və Meliorasiya  İstehsalat Birliyi Su tələbatı və suvarma rejimi laboratoriyasının müdiri işləyir. Tez dostlaşırıq, söhbətimiz tutur... Hərdən axşamtərəfi havanın küləksiz olduğundan istifadə edib elə həyətdəcə gəzişirik...

    İnsanlar arasında sosial münasibətlər qurmaq  asan olmasa da, bu laqeydliyin artdığı, dünyanın bir telefona sığdırıldığı indiki zamanda daha vacibdir məncə... "Hər insan açıq bir kitabdır, oxunmağını gözləyər.”-söyləyirdi Şəms Təbrizi, "bütün kainat isə mövcud qarışıqlığı və mürəkkəbliyilə insanın içində gizlənmişdir.” Mən isə belə demişəm:

Deyirlər Allahın möcüzəsidi,

Sirdi başdan-başa hər nədi İnsan.

Adın dəyən yeri yanır dilimin,

Bəlkə Günəşdən bir zərrədi Insan...

 

...İçində çölünü gizlədib gedər,

Külündə közünün busəsi gedər.

Gedər.., canında bir qadası gedər,

Yanar bəxt dediyi kürədə İnsan...(Ş.Şahin)

 

     Artıq müalicə və istirahət müddəti sona yetir. Keçdiyim müalicə kursları, qəbul etdiyim prosedurlar xeyirli nəticələrini verir. Gülərüz, mehriban kollektivlə vidalaşmağa az qalır, gedəndə onların hərəsindən bir ovuc hərarət aparacağam özümlə..., təbəssümlərini dodaqlarıma, gülüşlərini gözlərimə çəkəcəyəm, özümdən isə onlara unudulmayacaq, xatırladıqca bitməyəcək  xatirələq qoyacağam...

    Dünən tarixdir, bu gün isə İlahinin insanlara bəxş etdiyi hədiyyə. Elə yaşayaq ki, unudulmayaq....

TƏQVİM / ARXİV