adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil  ABBAS: EVİMİ SÖKƏ BİLƏRSƏN, TORPAĞIMI YOX

AQİL ABBAS
172478 | 2021-01-08 11:15

Bu, bizim həyətimizdi. Bu dağılan ev də bizim evimizdi

1963-cü il. Atam bir seçim qarşısında qalmışdı. Bayat kəndindən Ağcabədiyəmi köçmək, yoxsa Ağdamamı?

Hindarxdan aşağı Ağcabədinin bütün kəndləri Ağdamla bağlı yaşayırdılar. Bazarlığa da, iş dalınca da Ağdama gedərdilər və sair və ilaxır.

Həmin bölgənin insanları Ağcabədini iki dəfə görərdilər, bir pasport alanda, bir də əsgərliyə gedəndə. Mən özüm bir ağcabədili kimi birinci dəfə o rayonu 1971-ci ildə gördüm.

Atam seçim qarşısında idi. Biz Bayatdan (Ağdamdan 18 km., Ağcabədidən 32 km.) Ağdamamı köçək, yoxsa Ağcabədiyə?

Ağdamı seçdi. Çünki Ağdam çox inkişaf etmiş bir şəhər idi. 10 orta məktəbi, iki 7 illik musiqi məktəbi, muğam məktəbi, Dövlət Dram Teatrı, mədəniyyət evi, 4 kino-teatrı, 4 texnikum, muzey-filan,abad şəhər, parklar, bağlar, bulvarlar...

Bu gün Azərbaycanın hər rayonunda bir və ya iki park ola bilər, amma 60-70-ci illərdə Ağdamda 7-8 park və bulvar vardı və sair və ilaxır. Mən bu yazıda Ağdam haqqında yazmaq istəmirəm.

Və atam Ağdamı seçdi. O vaxt (yəni 1963-cü ildə) Ağdamdan ev aldı. Bu evi də həmin vaxt Ağdamda baş memar işləyən bir urus vəzifəsindən istifadə edib həyət evi tikib satırdı. Biz bu evi də həmin urusdan aldıq. Üç otaqlı bir ev idi, bir on sot da torpağı vardı. Sonra atam daha üç otaq tikdirdi və həmin torpağın 2 sotunu bağışladı qonşudakı hökumət evinə. Ağdamda hökumətin tikdirdiyi çoxmənzilli binalara hökumət evi deyirdilər.

Həyət bomboş idi. Təbii ki belə deyildi

Və mən şəhərdəki meyvə ağaclarından, eləcə də Kənd Təsərrüfatı Texnikumunun həyətindəki şitilliklərdən, həm də öz kəndimizdəki bağlardan pöhrələri çıxarıb gətirib həyətimizdə əkirdim. Atam bircə fındıq ağacı əkdi, onu da bilmirəm ya Zaqatala, ya da Balakəndən gətirmişdi.

Yəni həyətimizdəki bütün ağacları mən əkmişdim. İki-üç ilin içində həmin ağaclar böyüdü, hətta meyvə verməyə başladı.

İşğaldan sonra evimizə gedərkən ilk dəfə tanıdığım əlimlə əkdiyim gilas ağacı oldu. O gilas ağacı işğaldan əvvəl hələ o qədər böyümüşdü ki, yuxarı budaqlardakı gilası yığa bilmirdik.

Demək olar ki, həyətimizdəki bütün ağacları kəsiblər. Amma çox qəribədir ki, kəsdikləri ağacların yerində nar bitib. O nar ki "Quran"da adı çəkilib.

Və bir də Ağdamda dağıdılmış həyətlərdə bir az əvvəl dediyim kimi, təbii nar bitmişdi, bir də əncir ağacları. "Quran"da hər iki ağacın adı keçir.

Deməli, cənnət Ağdamdır. Çünki "Quran"da adları çəkilən meyvələr Ağdamda bitib.

Evimizə gedərkən ən çox nar ağaclarına rast gəlirdim, paçallayıblar. ANAMA demişdi ki, yoldan kənara çıxmayın, çünki minalanmış ola bilər. Amma vecimə almadım ey, keçdim minalanmış yerdən bir nar üzdüm və ləzzətlə yedim. Dünyada belə ləzzətli nar yeməmişdim.

Bu barədə əvvəlki yazılarımda yazmışam.

Məsələ nədir? Məşədi Abbas küçəsi demək olar ki, yox idi, poliklinikanın da küçəsi yox idi. Qazıblar və burdakı kommunikasiya sistemlərini söküblər. Küçələr təpə kimi görünürdü.

Fikirləşin, Qarabağda 150 minə yaxın ev və tarixi abidələr dağıdılıb. Bunu hər gün televizyonlarda görürsünüz.

Çox maraqlıdır ki, Ermənistan əhalisi bu qədər mənzili, ictimai binaları, tarixi binaları sökmək imkanında deyildi.

Yazmaq da çətindi, demək də. Dini dinimizdən, qanı qanımızdan olan qardaşlarımız bizim hər evimizi söküb özləri üçün aparmağa 300-500 dollar pul verirmişlər. Bu dəhşətdi, faciədi, yazılası deyil.

Yəni mənim və bizlərin Ağdamda, Füzulidə və ya hardasa dopdolu evlərimizi ermənilərə pul verirsən və aparırsan. Və həmin mebelləri öz evinə qoyursan, mənim və əzizlərimin yatdığı yorğan-döşəkdə yatırsan. Mənim evimdən söküb apardığın damın altında yatırsan. Ən böyük faciə budur. Ha fikirləşirəm, bunu qəbul edə bilmirəm.

Dünya bu qədər böyük bir faşizm görməyib. Faşistlər nə işğal etdiyi əraziləri yandırırdılar, nə də həmin ərazidə yaşayan insanları öldürürdülər.

Bu dəhşətdi ki, ermənilər dünyaya yeni faşizm gətirdilər. İşğal etdiyi ərazilərdəki Azərbaycan şəhərlərini, kəndlərini, tarixi abidələri məhv etdilər.

Bizim üçün sinaqoq da, kilsə də, məscid də, hətta atəşpərəstlərin məbədləri də müqəddəsdi. Amma onlar üçün Allahın heç bir evi müqəddəs deyil.

Bu məsələni də qoyduq bir kənara. Mən öz həyətimizdən, bizim üçün ocağımız Ağcabədinin Bayat kəndi olsa da, atamın Ağdamda qurduğu və 30 il orda yaşadığımız ocaqla bağlı bir yazı yazmaq istəyirəm və həmin ocaqdakı şəkilləri paylaşmaq istəyirəm.

Bu da bizim həyətimiz və bu da bizim dağıdılmış ocağımız

Xalq şairi Sabir Rüstəmxanlı publisist yazılarının birində bu həyəti, bu ev-eşiyi "Məhəmməd kişinin  ocağı" adlandırmışdı. Həqiqətən də ocaq idi.  Və özü də  bir  nəslin ocağı idi, pənah yeri idi. 30 ildə bu ev bir gün də qonaqsız olmadı. Kəndimizdən, Ağcabədidən Ağdama  hansısa bir  iş dalınca gələn,  bazarlığa gələn, hətta hamama gələnlər də mütləq bu ocağa dəyməliydilər, bir qismət çörək kəsməliydilər. İşləri ləngiyənlər gecə burda gecələməliydilər.

Atam da, anam da qonaq-qaranı çox sevərdi. Bəzən qonaq olmayanda atam darıxardı, ya bacanaqlarından  birinə, ya da dayılarımdan  birinə zəng edərdi ki:

- Gülçöhrə  yaxşı çığırtma  bişirib, dur gəl  bizə. Nərd də atarıq.

Anamın adı Solmaz idi, amma atam Gülçöhrə çağırardı. Və bütün qohumlar da atama görə anama Gülçöhrə deyirdilər. Bilmirəm atam niyə anamı elə çağırırdı. Bəlkə də "Arşın mal alan" filmindən xoşuna gəlmişdi bu ad…

Bu həyətdə kimlər olmayıb… Əbülfəz Elçibəy, xalq şairi Söhrab Tahir, xalq şairi Xəlil Rza Ulutürk, Məmməd Araz, Famil Mehdi …

… Mənim  rəssamlıq qabiliyyətim var, bu qabiliyyət  balaca  bacımda da vardı. Brejnevin portretini   çəkmişdi, vurmuşdular  divara. Evə daxil olan kimi birinci portret görünürdi.  Xəlil Rza içəri daxil olur və ilk olaraq gözünə   Brejnevin portreti dəyir. Atama deyir:

- Bu şüngülümün şəklini  bura kim vurub?

Atam da cavab verir ki, qızım. Xəlil Rza dartıb  portreti qopardır, kövrəlmiş  bacıma da deyir:

- Qızım, indən belə şüngülüm, müngülüm portreti  çəkmə. Yaxşı kişilərin şəklini çək.

Sonra o şəkil bir də ordan  asılmadı, atıldı…

… Şahmar Əkbərzadə, Abbas Abdulla, Aydın Məmmədov, Ağa Laçınlı, Qədir Rüstəmov, kinorejissor Aydın Dadaşov, Əhməd Elbrus, Əbülfət Misiroğlu, professor Vəkil Hacıyev, tənqidçi Vidadi Məmmədov, tənqidçi Nadir Cabbarov, Surxay Əlibəyli…

… Bu həyətdə  kimlər olmayıb…

… Xalq yazıçısı Anar,  xalq şairi  Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Vaqif Cəbrayılzadə, Vaqif Bəhmənli, Mehman Cavadoğlu, Rəşad Məcid, professor Şirindil Alışanov, professor Əmirxan Xəlilov, Ənvər Əhməd, yazıçı-ssenarist Əmir Pəhləvan…

Dünyasını dəyişənlərə min rəhmət, yaşayanlara  uzun  ömür, can sağlığı. Qoy evi  tikib qurtarım, Anar müəllim başda olmaqla yenə bütün  yazıçı, şair dostlarımı götürüb aparacam  Ağdama və bu  həyətə. Gözəl bir  çay  dəstgahı quracam.

Atam qonaq gələndə qoyunu özü  kəsərdi, özü doğrayardı və kababı da  özü çəkərdi. Bu dəfə bu  missiya mənim  üzərimə düşəcək, inşallah.

 

Həyətə girən kimi aşağıda görünən o dağılmış tikili qaraj idi

Amma heç  vaxt ora  maşın  salmazdıq, anbar kimi  istifadə edərdik. Bir də evdəki  kitabxanaya sığışmayan kitabları orda saxlayardıq.

Müharibə vaxtı göydən "qrad" yağanda çıxırdım o  qarajın  üstünə və baxırdım ki, "qrad" hara  uçur.

- Getdi Küllük təpəyə.

- Getdi Qaraçılar məhləsinə.

- Deyəsən, bazarı vurdular.

Deməli, Mehman Cavadoğlu, Əmir Pəhləvan Ağdamdayıq.  Gecə "qrad" başladı. Yenə qarajın  üstünə  çıxıb  baxıram. Atam  da, Mehmangil də  həyətdən  izləyir.

Atam hirslənib:

- Axmağın  biri  axmaq, bu uşaqları bura niyə gətirmisən? İndi bura qrad düşsə, bunlara bir  şey olsa atalarına nə cavab verəcəm?

Məni gic gülmək  tutur:

- Əşi, bura qrad düşsə sən sağ qalacaqsan ki, atalarına da hesabat verəsən?!

Bu pilləkanla  qalxardıq evə

Müharibə vaxtı gecələr atam çox zaman  yatmazdı. Əlində tüfəng, oturardı bu  pilləkanda. Qırmalı patronları   da donuz gülləsiylə əvəz eləmişdi.

Bir dəfə gecə Mehman həyətə düşəndə görür  atam əlində tüfəng oturub  pilləkanda. Soruşur:

- Məhəmməd dayı, burda niyə oturmusan?

- Evdə qonaq var axı. İt uşağı  qəfil şəhərə  girə bilər.

 

Bu gördüyünüz həyətdə 

üç-dörd nar ağacı qalıb, bir də gilas ağacı.  Qalan ağacların hamısını kəsiblər.

Bu bağı yenidən salacam. Və əvvəlkindən də gözəl.

 

Bu gördüyünüz dağıdılmış tikili isə

  24 ailəlik ikimərtəbəli hökumət evi idi. Bir zamanların görkəmli tarzəni, bəstəkar Ü.Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun  direktoru  Xosrov Fərəcov, "Lenin yolu" qəzetinin  redaktoru Müseyib Qurbanov, Şampan zavodun direktoru, uzun illər "Qarabağ" komandasının sponsoru  Səyavuş Fərzəliyev bu binada  yaşayırdılar.

Ağdam Musiqi Texnikumu da tenxnikum deyildi ey,  konservatoriya idi. Görkəmli muğam  ustaları, tarzənlər, bəstəkar Xəlil Cəfərov dərs deyirdi. Ağdamdan çıxmış bütün muğam  ustalarının  demək olar  hamısının müəllimi Məşədi Nəriman, Lentrus müəllim, Abbas müəllim və hətta Qədir Rüstəmov.

O vaxt bu texnikumun qiyməti fakültədən asılı olaraq 3-5 min manat  arası idi. Amma Xosrov Fərəcov təkcə binada yox, məhlədəki musiqi qabiliyyəti olan  uşaqların hamısını təmənnasız texnikuma qəbul eləmişdi. Biri də elə mənim  özümdən balaca qardaşım. Bir də binadakıların yarısından çoxunu bu texnikumda müxtəlif  texniki  vəzifələrə götürmüşdü. Digərlərinə də Səyavuş Fərzəliyev öz zavodunda iş vermişdi.

Bu da bizim küçədi

Bu küçənin başında, sağ tərəfdə İdris müəllimin eviydi. Yəqin ki evini təzədən tikəcək. Sol tərəfdə isə Zərgər Mamedin özünün və qardaşlarının  evidi. Yəqin Mamed əminin oğlanları Aslanla Valeh atalarının evini yenidən tikəcək. Görün bu küçədən əsər-əlamət qalıbmı? Ağdamın demək olar ki, küçələrinin 80 faizi bu vəziyyətdədi. Qazıb kanalizasiya borularını, su kəmərlərini söküb aparıblar. Bir neçə ana küçə qalıb ki, onları da qazıblar, su xətlərini, qaz xətlərini,  kanalizasiya borularını  çıxarıblar. Nəticədə eni iyirmi  metrlik  küçələrdən heç 4-5 metr qalmayıb.

Bu da bizim qonaqlı-qaralı evimiz

 İnşallah, yenidən  tikəcəm. Özü də elə olduğu kimi.

Mən öz həyətimizdən müəyyən şəkillər paylaşdım. Və videolarda da görmüsünüz, şəkillərdə də -  şəhərdəki  bütün  evlər, bütün  həyətlər bu vəziyyətdədi.

Cənab Prezident İlham Əliyev çıxışlarında, eləcə də  son çıxışında xüsusilə vurğuladı ki, Ağdam şəhərini əvvəlkindən də gözəl  tikəcəyik, memarlıq  üslubunu da saxlayacağıq.

Bəli, biz evlərimizi əvvəlkindən də gözəl tikəcəyik. Evlər də, həyət də gül açıb çiçəkləyəcək.  Bilirsiniz niyə? Dəfələrlə televiziyada, mətbuatda demişəm, çünki evlərimizin hər daşını qoyanda sevinc göz yaşlarıyla qoyacağacıq. Və o sevinc göz yaşlarımız da sevincdən çiçəkləyəcək.

Sonda. Məhləmizi, eləcə də həyətimizi minalardan təmizlədiyinə görə ANAMA-nın rəhbərliyinə, eləcə də bəstəkar Tofiq Əhmədovun adını unutduğum nəvəsinə  xüsusi təşəkkür edirəm. Bu dəqiqə onların zəhməti həm çox böyükdü, həm də ağırdı. Tanrı köməkləri olsun.

 

TƏQVİM / ARXİV