adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Yanvar 2021 20:02
32784
MƏDƏNİYYƏT
A- A+

“Anamın meyidinin yuyulmasına girən adamam” - VİDEOMÜSAHİBƏ

“Amaliya xanım teatrın təməlini elə qoyub, teatr kollektivi arasında münasibətləri elə qurub ki, bizdə qalmaqal yoxdur. Amma haradasa işləyəndə, hansısa bir serialda çəkiləndə görürsən ki, kimsə sənə qəribə hərəkətlər edir, qalmaqala sürükləyir. Mən 2003-cü ildən bu sahədəyəm, o qədər təcrübəsiz deyiləm ki, qalmaqala daxil olum”. “Ədalət” qəzetinin qonağı aktrisa Zülfiyyə Qurbanovadır.

-Ötən müsahibəmizdə demişdiniz ki, incəsənətdə baş verən hadisələr gizlin qalmır...

-Biz onu söhbət əsnasında demişdik. Amma yenə də həmin fikirdəyəm. Həmişə də o fikirdə olacam. Ümumiyyətlə, incəsənət elə bir sahədir ki, nəsə bir söz danışırsansa, nəsə bir hərəkət edirsənsə, o, yayılır. Heç nə gizlin qalmır. Hətta kimsə sənə haqsızlıq etmək istəyirsə, o, dönüb, dolaşıb qarşına çıxır. İncəsənət nələrinsə gizlin qaldığı bir sahə deyil. Burada hər şey üzdədir.

-Yəqin ki, qalmaqallar da baş verir...

-Səmimi deyəcəm. Bilirsiniz ki, mən Bakı Bələdiyyə Teatrında işləyirəm. Uzun illərdir ki, orada çalışıram. Əvvəllər Amaliya xanım rəhbərimiz olub, indi qızı Aynur xanım Muxtarova onun yolunu davam etdirir. Bizim teatrda belə bir şey yoxdur. Hər zaman demişəm, ailənin başçısı necə olarsa, rəhbər necə olarsa, teatr kollektivi də o cür olar. O əmrə, o hörmətə tabe olar. Amaliya xanım teatrın təməlini elə qoyub, teatr kollektivi arasında münasibətləri elə qurub ki, bizdə qalmaqal yoxdur. Amma haradasa işləyəndə, hansısa bir serialda çəkiləndə görürsən ki, kimsə sənə qəribə hərəkətlər edir, qalmaqala sürükləyir. Mən 2003-cü ildən bu sahədəyəm, o qədər təcrübəsiz deyiləm ki, qalmaqala daxil olum.

“İndi taktikayla hərəkət edirəm”

-Qalmaqalı gülüşləmi yola verirsiniz?

-Gülüşlə yola vermirəm. Bəlkə də, qəribə səslənəcək, görməzdən gəlirəm. Ən yaxşısı “Bir şeyi görmürəm” ədası yaratmaqdır. Ən gözəl şeydir, görmədim, eşitmədim. Bu da təcrübə ilə yaranır. Əvvəllər belə deyildim. Əvvəllər kimsə xətrimə dəyəndə anında cavab verməyə çalışırdım. Elə bilirdim ki, mütləq cavab verməliyəm. Sonra gördüm ki, bu mənim əleyhimə işləyən bir proses olur. Əvvəllər emosional idim. Artıq onu yığışdırmışam, indi taktikayla hərəkət edirəm.

-Həyatınız iki hissədən ibarətdir: şəxsi həyat və aktrisalıq...

-Hazırkı vəziyyətdə incəsənət fəaliyyətim şəxsi həyatımı üstələyib. Bu belədir və məni qətiyyən narahat eləmir.

-Peşimansınız, şəxsi həyatı qurban verdiyiniz üçün?

-Qurban vermək deyəndə, verməmişəm axı. Mənə deyiləndə ki, qurban vermisən? Soruşuram, o, nə deməkdir? Təbii ki, işimə görə bir çox şeylərdə, eləcə də şəxsi həyatda geri düşdüyüm anlar olub. Nə mənada? Tez həll olunmalı şeylər aktrisalıq fəaliyyətimə görə gecikib. Bu da qismətdir. Düşünürəm ki, mən başqa sahədə də olsaydım, belə olardı. Hər şeyi aktrisalığa bağlamıram.

-Rollarınız çoxdur. Həyatda hansısa bir rolu oynayırsınız, ya olduğu kimisiniz?

-Olduğum kimiyəm. Əslində olduğum kimi görünməsəm, deyərdim ki, bilirsiniz, qalmaqalla rastlaşanda pis oluram. O cür danışsaydım, deməli, mən rol oynayırdım. Belə deyil. Mən buyam. Lazım gəlir, emosional oluram, lazım gəlir, aqressiv oluram, lazım gəlir, sevgi dolu oluram, lazım gəlir ki, heç kimi görmək istəmirəm. Yəni tək qalıram özümlə. Bilirsiniz, cəmiyyətə bir dəfə oynayarsan, iki dəfə oynayarsan, üçüncü dəfə özünü ələ verəcəksən.

“Həyatımda qəribə bir dönüş oldu”

-Bəs sizə qarşı oynayarlar varmı həyatda?

-Çox. Bu barədə danışmaq istəmirəm açığı, neçə aydır, bilirsiniz ki, həyatımda qəribə bir dönüş oldu. O mənim üçün həyatın alt-üst olması idi, insanları tanımağım idi. Belə bir qarışıq dönəm idi. Fikirləşirəm ki, mən bu insanı necə tanımamışam. İllərlə çörək kəsdiyim insanlar vardı ki, onlar belə döndülər. Həyatda hər bir insanın müəyyən bir dönəmi olur ki, hər şey dəyişir. Xarakter olaraq da 6 ayda dəyişdim. Qəribə bir insan olmuşam. Özüm özümü analiz edirəm. Cəmiyyət bunu görməyə bilər, ancaq içimdə soyuqqanlılıq yaranıb. Əvvəl çox hissiyatlı adam idim. Məsələn, kimsə bir hadisəni danışırdı, bütün günü analiz edirdim. Gəlirdim, evdə pis olurdum, anama danışırdım, bacıma danışırdım. Anam deyirdi, çox yükləmə özünü. İndi elə deyiləm.

 

-Danışırsınız, gözləriniz dolur. Sizi kövrəltmək istəməzdim, amma faktdır ki, bu baş verdi, ananız rəhmətə getdi. Allah rəhmət eləsin. Ananın ölümü nəyi dəyişdi?

-Çox şeyi dəyişdi. Məni anamdan başqa heç nə kövrəldə bilməz, heç nə. Deyir, “Heç vaxt, heç vaxt” demə, amma Allah uzaq eləsin, gələcəkdə ailə qursam, övlad acısından başqa heç nə məni kövrəldə bilməz. Məsələn, kimsə yoldaşından ayrılırdı, düşünürdüm ki, niyə ayrıldı? Kaş ayrılmayardı və s. İndi qəribə bir soyuqqanlılığım formalaşıb, ayrılıb ayrılıb da. Tək qadındır, başını saxlayacaq, ağıllı-ağıllı uşağını saxlayacaq. Ölüm olmadığı təqdirdə bütün həyat hadisələrinə soyuqqanlı yanaşıram. Bir tək insan ölümlərinə pis oluram. Bu ölümün gətirdiyi bir soyuqqanlılıqdır insana. Bu barədə danışmaq istəmirəm (kövrəlir). Mənim çox ağrılı bir dönəmim oldu. Ölüm insana qəribə bir soyuqqanlılıq gətirir. Hər ölüm də yox, sevdiyin insanların ölümü.

“Hər şey hərlənir, çarxında rastlaşır”

-Söhbətlərimiz zamanı bir dəfə dediniz ki, anamın əlindən yemək yeyən insanlar vardı ki, yas mərasiminə gəlmədilər...

­-Mən utanan insan deyiləm və düşünən insan da deyiləm ki, mənim bu fikrimi desəm, hansısa rejissor məni seriala çəkməyəcək. Ona görə düşünən deyiləm ki, mən həmişə səmimi, dürüst, mərd olmuşam. Məni seriala çəkəcək, yekəxanalıq kimi çıxsa da, deyim. Çünki yaxşı aktrisanı hamı çəkir. O, məcbur olacaq mənimlə işləməyə. Hər şey hərlənir, çarxında rastlaşır. Anamın əlindən çörək yeyən rejissor dostlarım, aktyor dostlarım anam vəfat edəndə elə davrandılar ki. Onlar mənim anama necə bağlı olduğumu bilirdilər. Həyatımın toplam 3-4 ayını anamsız keçirmişəm.  O da necə? 20 gün hansısa ölkədə qastrolum, 15 gün festivalım, 10 gün hansısa tədbirim və s. Bu günləri toplasaq, mən dünyaya gələndən anam ölən günədək 4 ay onsuz zaman keçirmişəm. Mən heç bir yerdə qalmazdım. Qan bağı olan qohumumun evində belə gedib 1 gün qalmırdım. Halbuki deyirdilər, gəl, qal. Anama aşırı bağlı olan insan idim. Çünki bilirdim ki, anam mən olmayanda darıxır. Və mənim çevrəm də bunu çox gözəl bilirdi. Anamın ölümü qəfil oldu. Anamın vəfatından 1 ay əvvəl xəstəxanada başının üstündə dayandığım rəfiqəm vardı ki, yas mərasiminə gəlib, 10 dəqiqə başsağlığı verib getdi. Bəlkə də, bunları danışmalı deyiləm, amma danışıram. Çünki qorxacaq şeyim yoxdur. Çünki mən yaxşı dost olmuşam, mərd insan olmuşam. Hamıya lazım olanda qaçmışam.

-Bax bunlardır sizi, bəlkə də, soyuqqanlı edən...

-Bu dünyada ölüm hər kəsin başına gələn şeydir. Toy hər qapıda olmaya bilər. Mən ailə qurub toysuz gedə bilərəm, amma ölüm hər kəsin qapısında olur və olacaq. Eyni münasibəti göstərəcəm. Kinli adam deyiləm, amma bəzi şeyləri qaytarmaq mütləqdir. Lazımlıdır. Mən hər zaman deyirəm, mənə nəsə olsaydı, gəlməzdilər, amma ana başqa bir varlıqdır. Ana ölümü qəribədir.

Anam çox mərd qadın idi. Mənə həmişə deyirdi ki, səni ekranda heç vaxt ağlayan görməyim. Bir-iki dəfə olmuşdu ki, aktrisaların ağlamağını görmüşdü, demişdi ki, səndən bunu görməyim.

Bilirsiniz, mənim onsuz da çəkdiklərim dəyişmir. Amma ekranda çalışıram, onu bildirməyim. Çünki hər kəsin dərdi var. Anam rahat dünyadan köçdü. Mənə kimsə deyəndə ki, xətrinə dəydim? Deyirəm, yox, mən ölüm görmüş insanam. Mən anamın meyidinin yuyulmasına girən adamam (ağlayır).

Bir az kövrəldim, mənə vəfasız olan insanlardan danışdım, amma vəfalı dostlarım da oldu. Mən o ərəfədə şokda olsam da, hər şeyə nəzarət edirdim. O şokun altında gördüm ki, bəzi həmkarlarım anamın cənazəsi altına giriblər. Mən bunu unuda bilmərəm. Öldüyüm günə kimi də unutmayacam. Adlarını çəkməyəcəm, çəksəm, bəlkə də, özləri də inciyərlər. Bəziləri də ola bilər ki, həyəcandan görmərəm. Amma elə insanlar vardı ki, onlar anamın cənazəsi altında idilər. Onlara axirətədək vəfa borcum var.

-Allah rəhmət eləsin, Zülfiyyə xanım. Allah sizi və sizə doğma olan insanları qorusun. Dəvətimi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkür edirəm.

-Siz sağ olun. Mən də sizə minnətdaram.

Rövşən Tahir