SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ... VƏ ƏLİ SƏFƏROĞLU

  38294   |  
Şriftin ölçüsü  

... Onlar bizdən nə az, nə çox 7-8 yaş böyük idilər. Kim idi onlar?! Bizim tələbə dostlarımız Əli Səfəroğluydu, Beydullaydı, Rəhmanıydı, Əhmədiydi, Nizaməddiniydi, Teyfuruydu... Və bunlar bizim ağsaqqallarımız sayılırdı. Ən azından ona görə ki, həyat təcrübələrinə görə, bizdən daha çox görüb götürmüşdülər, bərkə-boşa düşmüşdülər, həyatın hər üzünü görmüşdülər. Yəni onlar birilirdilər ki, eniş nədi, yoxuş nədi, həyatın çovğunu, tufanı nə deməkdi? Və bu çovğundan, bu tufandan insan necə xilas ola bilər? Hansı yolu getsə büdrəməz, işığa çıxar və arzularına qovuşar...

Biz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda iki qrupumuz vardı: bir qrupun  nümayəndəsi indiki xalq yazıçısı Afaq Məsud, bizim qrup nümayəndəsi isə İradə xanım idi. O İradə xanım ki, atası Qasım müəllim universitetin professoru olsa da, heç vaxt özünü çəkməz, çox sadə və səmimi aparardı. Və hətta çətinə düşən, imtahandan qorxan bəzi tələbə dostlarının atası Qasım müəllimə tapşırardı. Qasım müəllimin çöhrəsindən həmişə nur yağardı. Yəni o, İradə xanımın atası olmaqla yanaşı, elə bizim hamımız üçün çox doğmaydı, çox əziz idi.

Tələbə yoldaşlarım bir-bir gözümün önünə gəlir. Düz 41 il bundan əvvəl ADU-nun jurnalistika fakültəsini bitirmişik. Və bu 41 ildə tələbə dostlarımızın arasında “Xalq yazıçısı” adı alan da var, “Əməkdar jurnalist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adı alanlar da. Mən heç də bu yüksək fəxri ad alanlar haqqında söhbət açmaq istəmirəm. Hərçənd ki, onların hər biri barəsində nə qədər desən danışmaq olar. Amma mənim söhbət açacağım mövzu tamamilə başqadı...

Bu yaxınlarda dünyasını dəyişmiş istedadlı jurnalist, politoloq, tələbə dostum Bəhruzər Rüstəmov barəsində bir yazı qələmə almışdım. Qrupumuzun ağsaqqallarından olan “Azərbaycan” qəzetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı dedi ki, çox xoşuma gəldi. Hər şey olduğu kimi  və səmimidir. Mən də dedim ki, növbəti nömrədə haqqın dərgahına qovuşmuş dostumuz və qardaşımız, şair-publisist Əli Səfəroğlu barəsində gücüm çatsa, bir şey qələmə alacağam. Rəhman müəllim də dedi ki, çox savab iş görərsən və onun ruhunu sevindirərsən...

Əli Səfəroğlu bizdən yaşca böyük olsa da, amma bizə çox doğma və yaxın idi. Heç kimə demədiyi, danışmadığı sözlərini bizimlə bölüşərdi. Və səhv eləmirəmsə, Təzə bazarın yanındakı evlərdən birində kirayənişin qalırdı. Bir gün məni bazarın yanında gördü, götürüb apardı ora. Dedi Ucardan təzə qayıtmışam. Bilirəm, yeyib-içən deyilsən, rayondan yaxşı toyuq soyutması, çaxır, motal pendir və nar gətirmişəm. Nar da elə-belə nar deyil ey, gülöyşə narıdı. Adam yeyəndə doymaq bilmir. Sözün düzü, o biri təamlar məni bir o qədər özünə çəkməsə də, amma bu gülöyşə nar yaman özünə çəkdi. Mən bu yazını kompüterə diqtə edərkən dostumuz və qardaşımız, istedadlı dizayner Şamxal Şəbiyev dedi, müəllim gülöyşə demə ey, can dərmanı de, cənnət de, qlükoza de, yeyən kimi bir başa damara gedir...

... Getdik onların evinə, süfrəni açdı, o təamlarım hamısını düzdü süfrəyə. Narları da iki yerə böldü. Pah attonan, bu necə nariydi Allah?! Dənələri xalaoğlu Tərxanın sözü olmasın, fındıq boyda. Soyutma toyuğu əlinə götürüb iki yerə böldü. Dedi ki, indi çək dişinə, gör Ucarın necə dadlı toyuğu var. Özünə qalın stəkanda çaxır süzdü. Dedi ki, bəlkə sən də bir stəkan vurasan? Dedim yox, bir dəfə Rəhman saqqızımı oğurlayıb, indi də sən saqqızımı oğurlamaq istəyirsən, keçməz! Qəşəng sağlıq dedi, toyuğun döş ətini dişinə çəkdi və qalın stəkandakı çaxırı vurdu. Mən də başaldım toyuğu yeyəndən sonra gülöyşə narına girişməyə. Nə az, nə çox, 4-5 nar yedim. Dedi, darıxma ey, gedəndə də 5-6-nı verəcəm apararsan. Bir-birindən gözəl, sevgi şeirləri, məhəbbət şeirləri səsləndirdi. Nə başınızı ağrıdım, həmin gün bizim ömrümüzün ən gözəl anlarından biri oldu. Hələ indiyə kimi mən onun gətirdiyi nar qədər dadlı nar yeməmişdim.

Əli Səfəroğlu çox duzlu, çox yumorlu, çox şirin və çox da qılıqlı adam idi. Elə bir şirin dili var idi ki, istənilən adamı ələ almağı bacarırdı. Hətta bizim çətin və imtahanlardan qorxduğumuz müəllimlərin belə qəlbini ələ ala bilirdi. Bir müəllimimiz vardı, adını çəkmirəm, çox əzazil idi. Kim onun paltosunu, şubasını birinci tutsaydı, tay imtahandan qorxusu yoxuydu. Əli  Səfəroğlu da mühazirə bitəndən sonra o xanımın şubasını götürüb geyinməyinə kömək elədi. Müəllimə diqqətlə ona baxıb bazburutundan, görünüşündən çox xoşu gəldi. Üstəlik də Əli bir şeir dedi, ona ləzzət elədi. Güldü və dedi ki, sənin beşin hazırdı. Çünki o şeirdə Azərbaycan dilinin bütün gözəlliklərini, koloritini, şirinliyini və incəliyini təsvir eləmisən.

Onun şeirlərini bu gün çox tanınmış və məşhur aşıqlar belə ifa eləyirlər. Onlardan biri aşıq Əhlimandı. O aşıq Əhliman ki, çox vaxt Əli Səfəroğlunun sözlərinə bəstələnmiş mahnıları ifa edir. Səhv eləmirəmsə, onun bir çox şeirinə musiqini aşıq Əhliman bəstələyib. Əli həm gözəl şeirlər yazırdı, həm də bəhri-təvillər qələmə alırdı. Özü də o qədər şirin, o qədər gözəl şeirlər səsləndirirdi ki, adama ləzzət eləyirdi. Qrupumuzda bir oğlan vardı, sevdiyi qızın “hə”sini ala bilmirdi. Əli  bir şeir yazdı və dedi ki, get o qıza oxu, o qız sənə “yox” deməyəcək. Demə ey, şeiri Əli yazıb, de ki, şeiri özüm yazmışam. Dostumuz da o şeiri qıza oxumuşdu, qızın da ürəyi yumuşalmışdı, ona “hə” demişdi. Dərsə gələndə gördük ki, oğlanın üzü gülür və Əlini axtarır. Əlini  tapdı, üzündən öpdü və dedi ki, çox sağ ola, şeirin onluğa dəydi, qız razılaşdı...

Dostlarımızın ad günü, hər hansı mərasim olanda tamada Əli Səfəroğlu olardı. Onsuz da biz hamımız az-çox istedadlı idik. Amma o danışanda, şeir deyəndə, söhbət açanda hamımız susardıq və ona qulaq asardıq. Əli şeir demirdi ey, Əli danışmırdı ey, söhbət açmırdı ey, sanki bir gün işığıydı və o gün işığı bizim hamımızın ürəyini, qəlbini isidirdi. Əlinin o qədər yumorları, lətifələri var ki, danışanda uğunub gedərdik. Bir şeiri vardı “Fındıley”. Bir az yumor  vardı, bir az ironiya, bir az da sarkazm. Elə bil onun üzündə bir şeytan tükü vardı və bu şeytandan çox mələyə oxşuyurdu. Və o, gülən kimi, bir söz deyən kimi hamımız pıqqıldıyardıq. Qəşş edib özümüzdən gedərdik və deyərdik ki, ay Əli, Allah sənin köməyin olsun, bizi az güldür. Əli də deyərdi ki, mən sizə nə deyirəm, elə pık eləyən kimi uğunub özünüzdən gedirsiniz.

Müəllimlərin əksəriyyəti yaşlı və istedadlı olduğuna görə, ona hörmətlə yanaşardılar. Şirməmməd Hüseynov, Famil Mehdi, Nurəddin Babayev, Nəriman Zeynalov, Akif Rüstəmov, Cahangir Məmmədov Əliyə istedadına görə çox hörmət bəsləyirdilər. Üstəlik də, səmimiyyəti, isti münasibəti və insanlarla olan qılığı onu hamıya sevdirirdi.

Biz 4-cü kursu bitirib 5-ciyə keçəndə üç aylıq Nasosnu qəsəbəsinə hərbi təlimə getdik. Ona “zbor” deyirdilər. Çünki universitetdə oxuyanda hərbi dərslər keçirdik və üç ay təlimdə olandan sonra imtahan verib zabit rütbəsi alırdıq. Biz getdik Nasosnundakı hərbi kazarmaya. Komandir isə Əli Səfəroğlu təyin olundu. Heç 2-3 gün xidmət eləməmişdik ki, uşaqlar taxtabitinin əlindən boğaza yığıldılar. Kibrit qutusuna yığıb o taxtabitini Əli Səfəroğluna verdilər, o da aparıb polkovnikə göstərdi. Polkovnik bundan bərk əsəbləşdilər. Dedilər ki, Sovet əsgərinin olduğu yerdə heç vaxt taxtabiti ağlabatan deyil, siz böhtan atırsınız. Amma bizim uşaqların hamısı hərbi hissənin komandirini yanına getdilər və Əli Səfəroğluna arxa durdular. Hərbi hissəyə gedənlər Elşad,  Loğman, Nizaməddin, Ağalar, Mübariz, İbrahim idi. Bizim hamımızın etirazından sonra ondan əl çəkdilər.

“Zbor”da olanda bizə rəhbərlik eləyən mayor Maneviç idi. Insafən çox obyektiv və ədalətli adam idi. Amma bizi həddindən artıq incitdiyinə görə, bir dəfə uşaqlar söz qoydu ki, təlimdə o nə əmr versə, yerinə yetirməyək. Biz də getdik təlimə, Maneviç hamını sıraya düzdü, əmr verdi və heç kim tərpənmədi. Qışqırdı, bağırdı, yenə heç kim tərpənmədi. Hətta  Əli Səfəroğlunu hədələdi ki, sən necə komandirsən ki, bunları tərpədə bilmirsən. Hər yerdən əlacı kəsilən Maneviç dedi ki, xidmət etdiyim müddətdə heç bir vzvot, heç bir qrup mənə belə hörmətsizlik eləməyib. O yerə çökdü, başını tutdu və ağladı. Bizim ona yazığımız gəldi və yenidən ayağa qalxıb onu sevindirdik. Sanki Maneviçin gözünə nur gəldi və bildi ki, jurnalistika fakültəsinin tələbələrini haqsız yerə incitmək belə nəticə də verə bilər. Bu ona dərs oldu!..

Əli Səfəroğlunu yaxın dostları vardı: Elşad, Loğman, Vaqif, Ağalar. Vaqif də, Ağalar da Allah rəhmətinə gedib. Onlar hər gün yeyib-içər, ürəkləri istədikləri kimi hərəkət edər və komandirləri də razı salardılar ki, bizi incitməsinlər.  Elə onların köməkliyi ilə  bizim hər iki qrupdan bütün təlimə getmiş tələbələr qiymət aldı və zabit rütbəsi qazandı. Əgər o imtahandan kəsilsəydik, təbii ki, bizi iki il hərbi xidmətə aparacaqdılar.

... O illəri, o günləri, o anları xatırlayanda bir daha beş il bir yerdə oxuduğumuz tələbə dostlarım gəlib bir-bir gözümün önündən keçir. Gözümün önündən keçənlərdən biri də şair-publisist Əli Səfəroğludur. Rəhmətlik ona görə demirəm ki, yaradıcı adamlar - şairlər, yazıçılar heç vaxt ölmürlər. Əgər onun sözlərinə bəstələnmiş mahnıları aşıq Əhliman kimi böyük sənətkar ifa edirsə, deməli, vallah, Əli Səfəroğlu sağdır.

... Və hər dəfə onun mahnılarını eşidəndə Əlinin şeirləri, lətifələri, yumorları, zarafatları yadıma düşür. Çünki Əli Səfəroğlu istedadlı şair olmaqla yanaşı, həm də başdan-ayağa duz idi, bal idi, yumor idi. O yumorlar, o lətifələr yadıma düşəndə istər-istəməz çöhrəmə sevinc qonur, dodağım qaçır. Tək mənim yox ha, 1979-cu ildə universitetin jurnalistika fakültəsini bitirmiş bütün tələbələrin, dostların çöhrəsində bu sevinc yaranır və Əli Səfəroğlu yenidən xatırlanır, yenidən yaşanır və yenidən yada düşür.Yenidən xatırlananlar, yenidən yada düşənlər həmişə yaşayırlar...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-17
2021-04-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK