adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Aprel 2021 13:27
21964
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: PİYADALAR HƏYATLARINI TƏHLÜKƏYƏ ATIRLAR

Qaydaları pozan 96 piyada barəsində inzibati protokol tərtib edilib

Hər bir hərəkət iştirakçısı evdən çıxıb harasa gedəndə bir şeyi dərindən düşünməlidir: mən işə sağ-salamat gedib, işdən də evə salamat qayıtmalıyam! Yəni bunu düşünən və yaddaşında saxlayan hər bir piyada təbii ki, elə istədiyi kimi də günü başa vuracaq. Amma nə etmək olar ki, bəzi piyadalar bu barədə çox bəsit düşünür və hətta sürətlə gələn avtomobillərə məhəl qoymur və onların hərəkət etdiyi yerdən qaça-qaça keçməyə cəhd edirlər. Təbii ki, bu da bir çox halda ölümlə nəticələnən və ya xəsarətlə bitən hadisəylə qurtarır.

Təsadüfi deyil ki, xeyli vaxtdır Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmriylə hərəkətin təhlükəsizliyi ilə bağlı respublikanın bütün şəhər və rayonlarında yol polisinin gücləndilirmiş iş rejimində fəaliyyət göstərməsi, kobud qayda pozuntularına qarşı mübarizənin daha da geniş vüsət alması və eləcə də digər  hərəkət iştirakçıları üçün təhlükə törədə biləcək halların aradan qaldırılması üçün xüsusi tapşırıq verilib. Bu tapşırıq bütün polis orqanları tərəfindən və o cümlədən yol polisi tərəfindən diqqət mərkəzində saxlanılıb və hər gün demək olar ki, həm şəhərlərdə, həm də qəsəbələrdə hərəkətin təhlükəsizliyi ilə bağlı yol polisi reydlər keçirir.

Əlbəttə, kobud qayda pozuntusu  deyəndə ilk növbədə avtoxuliqanlar, sərxoş sürücülər və eləcə də qaydaları davamlı olaraq pozan digər intizamsız insanlar yada düşürlər. Bununla yanaşı, cənab nazirin əmrində piyadaların təhlükəsizliyi ilə bağlı və eləcə də “Dayanma” “Durma” qaydalarının pozulması və digər məsələlər də diqqət mərkəzində saxlanılıb. Bayaq dediyimiz kimi, hərəkətin təhlükəsizliyi ilə əlaqədar artıq bir həftədən çoxdur ki, həm Bakı şəhərində, həm də rayonlarda reydlərə start verilib.

Abşeron rayonu da Bakının  bir addımlığında yerləşir. Daha doğrusu, Xırdalan yaşayış sahəsi şəhər statusu alandan sonra burada həm əhalinin sayı artıb, həm də nəqliyyat vasitələri əvvəlki vaxtlara nisbətən daha da çoxalıb. Nəqliyyat vasitələrinin çoxalması hərəkətin intensivliyini artırmaqla yanaşı, bir çox problemlərin də baş verməsinə şərait yaradır. Ona görə də Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin üzərinə bu mənada böyük məsuliyyət düşür. Başqa sözlə demiş  olsaq, Xırdalan şəhərində də digər yaşayış sahələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi çox önəmli əhəmiyyət kəsb edir. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün isə yol polisi şöbəsi birmənalı olaraq 24 saat işləməli, mövcud problemlərin vaxtında aradan qaldırmalı və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görməlidir.

Əlbəttə, ilk növbədə mövcud qanuna, yəni “Yol hərəkəti haqqında” Qanuna həm sürücülər, həm də piyadalar əməl etməyə borcludular. Aydındır ki, əgər yol hərəkəti qaydalarına hamı əməl etsə, nə qəzalar baş verər, nə də bu qəzalar zamanı ölənlər və xəsarət alanlar olar. Amma hadisələr isə göstərir ki, hər yerdə olduğu kimi, bu rayonda da həm sürücülər, həm də piyadalar mövcud qaydalara əməl etmirlər. Və nəticədə dediyimiz həmin hadisələr baş verir.

Artıq Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsi bir həftədən çoxdur ki, müxtəlif qayda pozuntularına qarşı reydlərə başlayıb. Bu reydlər Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Nizami küçələrində və eləcə də Novxanı-Binəqədi yolunda keçirilib. Piyadalarla bağlı keçirilən bu reydlərdə 96 qayda pozuntusuna yol verən hərəkət iştirakçısı barəsində inzibati protokol tərtib edilib. Onu da qeyd edək ki, reyd zamanı çoxlu sayda qaydanı pozan piyadalar maarifləndirilib, onlarla səmimi söhbətlər aparılıb. Bu söhbətlər zamanı hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yolu keçərkən təyin olunmuş yerdən istifadə eləsinlər, avtomobillərin hərəkət etdiyi yerdən keçməsinlər. Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektorları, polis baş leytenantı Tural Şəkərov və polis baş leytenantı Amid Səmədov bu cür piyadalarla səmimi söhbətlər edərkən bir daha onlara diqqətli olmalarını məsləhət bilib. Əlbəttə, bir çox piyadalar yol hərəkəti qaydasını pozduğunu etiraf edib və təkrarən belə qayda pozuntularına yol verməyəcəklərini bildiriblər. Üstəlik də onların təhlükəsizliyini qoruyaraq dəyərli məsləhətlər və tövsiyələr verən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. Aydındır ki, yol polisilə hərəkət iştirakçıları arasında səmimi münasibətin yaranması çox önəmlidir. Bu mənada hər iki tərəf bir-birini anlayır və bir-birinə hörmətlə yanaşır.

Şöbənin əməkdaşları “Dayanma” və “Durma” qaydalarını pozulması ilə bağlı reyd də keçiriblər. Heç kimə sirr deyil ki, bir çox sürücülər həm də yol nişanlarına məhəl qoymur, avtomobilləri harda gəldi saxlayırlar. Məsələn, yol nişanında göstərilir ki, filan yerdə dayanmaq qadağandır. Amma bir də görürsən ki, qadağanedici nişanın yanında avtomobil saxlanılıb. Elə şöbənin əməkdaşları da keçirilən reyd zamanı “Dayanma” və “Durma” qaydalarını pozan 108 sürücü barəsində inzibati protokol tərtib edib. Üstəlik də qaydanı pozan bir neçə sürücü ilə maarifləndirici söhbətlər aparılıb.

Dünən isə Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq siqnallarını yeri gəldi-gəlmədi yandıran və eləcə də qaydaları pozub qəza vəziyyəti yaradan motosiklet və eləcə də mopedləri idarə edərkən təhlükəli şərait yaradan sürücülərə qarşı reydlər keçirib. Bu reyd zamanı da kifayət qədər qayda pozuntusu aşkar edilib. Və həmin sürücülər də təbii ki, inzibati məsuliyyətə cəlb olunublar.

Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis kapitanı Cəmin Abasov görülən işlərlə bağlı bir daha bizə məlumatlar verdi. Rəis bildirdi ki, cənab nazirin imzaladığı əmr polis idarəsinin rəisi tərəfindən diqqət mərkəzində saxlanılıb və bu barədə bizə bir daha konkret tapşırıqlar verilib. Həmin tapşırıq da ondan ibarətdir ki, bütün kobud qayda pozuntularına qarşı, eləcə də piyadaların təhlükəsizliyi ilə əlaqədar mübarizəni daha da gücləndirməliyik. Artıq hər gün rayon ərazisində reydlər keçirilir. Bu reydlərə KİV əməkdaşları və televiziyalar dəvət olunur. Bu da onunla bağlıdır ki, yol polisinin gördüyü işlər ictimaiyyətə çatdırlır. Və cəmiyyət də görür ki, yol polisi hərəkətin təhlükəsizliyi üçün öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Təkcə yol polisi ilə qayda pozuntularının qarşısını tamamilə almaq mümkün deyil. Bu işdə KİV-lərin və televiziyaların çox böyük köməyi var. Və bununla yanaşı, digər bir məsələ ondan ibarətdir ki, hərəkət iştirakçıları da məsulıiyyətli olub, qaydalara əməl etməlidilər. Sizi inandırım ki, hamımız bir yerdə olsaq, baş verə biləcək qəzaların və hadisələrin sayı minimum həddə enə bilər.

Göründüyü kimi, Abşeron rayonunda və eləcə də Xırdalan şəhərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün yol polisi bütün maarifləndirici tədbirləri vaxtında həyata keçirir. Çünki bu qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi hərəkətin təhlükəsizliyi üçün ən yaxşı çıxış yolu və maarifləndirici bir məqamdır. Bu məqamı birmənalı olaraq hər bir hərəkət iştirakçısı dəyərləndirməli, özünün də digərinin həyatını mövcud təhlükədən xilas etmək üçün qaydalara əməl etməlidir.