SON DƏQİQƏ:

Azər Dadaşov: "Mənim sənətdə ən böyük mükafatım Qara Qarayevin şagirdi olmağımdır"

  25486   |  
Şriftin ölçüsü  

Dahi bəstəkarımız Üzeyir bəy «Leyli və Məcnun» operası ilə Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoydu. Ötən illər ərzində Azərbaycan bəstəkarlarının əsərləri bütün dünyanı başdan-başa dolaşdı. Görəsən, Azərbaycan tarixində Üzeyir bəy olmasaydı, musiqimizin bu günkü vəziyyəti necə olardı? Tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Azər Dadaşovla söhbətimiz bu mövzuda oldu.

- Azər müəllim, Üzeyir bəy olmasaydı, Azərbaycan professional musiqisi bu gün hansı vəziyyətdə olardı? Üzeyir bəyə qədər Azərbaycanda musiqi xadimləri çox olub. Nə üçün Üzeyir bəy?

- Əslində bu barədə heç vaxt fikirləşməmişəm. Çünki gözümü açandan Üzeyir bəyin musiqisini dinləmişəm, onun kimi dahi şəxsiyyətin olduğunu bilmişəm, bütün əsərlərini də əzbərləmişəm. Əgər Üzeyir bəy olmasaydı, mənə elə gəlir ki, müasir Azərbaysan professional musiqi sənəti qat-qat zəif olardı. Bir şeyə xüsusi diqqət vermək lazımdır ki, Üzeyir bəy birinci olub və birincilər üçün nəyinsə əsasını qoymaq çox böyük çətinliklərin bahasına başa gəlib. Hesab edirəm ki, Azərbaycan xalqı o qədər istedadlıdır ki, üzeyirbəylər nə vaxtsa meydana çıxacaqdı. Üzeyir Hacıbəylinin meydana çıxmasında tarixi şəraitin, mühitin də böyük təsiri oldu. Mən Üzeyir bəyi Azərbaycan musiqisinin «peyğəmbər»i adlandırardım. Onu Allah bizə göndərdi ki, «Bu istedadlı xalq yazıqdır, onun musiqisinə nizam vur». Üzeyir bəy görün o vaxt təkbaşına nə qədər işlər görüb. Üzeyir bəy dahi şaxsiyyət idi. Şəxsiyyətləri də tarix yetişdirir, sayları da bir-iki, uzağı üç nəfər olur. Üzeyir bəy təkcə musiqiçi deyildi, axı. O, ictimai xadim idi, gözəl qələmi vardı, jurnalistlik edirdi, müəllimlik edib, dramaturq kimi əsərləri bu gün də sevilir.

- Üzeyir bəy olmasaydı, bu gün nələr olmazdı?

- Ən birincisi yaddan çıxarmayaq ki, Üzeyir bəy nəinki Azərbaycanda bütün şərqdə ilk operanı yazıb. O dövrdə istər İranda, istər Türkiyədə, istər digər şərq ölkələrində notla işləyən çoxlu bəstəkar vardı, amma buna baxmayaraq, azərbaycanlı bəstəkar birdən-birə opera bəstələdi. Burada Üzeyir bəyin istedadı ilə yanaşı ona stimul verən Azərbaycan milli musiqisini də yaddan çıxarmayaq. Üzeyir bəy musiqili komediyanın əsasını qoyub. Üzeyir bəy «Azərbaycan xalq musiqisinin əsasları» kimi fundamental kitab yazdı ki, sonrakı mərhələdə bu kitab musiqişünaslıq elminin inkişafına təkan verdi. Bir də Üzeyir bəy olmasaydı bu gün bütün dünyaya fərəhlə təqdim etdiyimiz «Koroğlu» kimi fundamental opera yazılmazdı. Məhz «Leyli və Məcnun» operası bu sənətin milli musiqi üzərində inkişaf etməsinə təkan verdi. Ola bilərdi ki, Azərbaycan bəstəkarlıq məktəbi sırf rus məktəbi əsasında yaradıla bilərdi.

Üzeyir bəy 40 il fəaliyyətdə olduğu müddətdə Azərbaycan musiqisini 200 il irəliyə apardı. O, bütün boşluğu təkbaşına doldurdu. Konservatoriyanın, Opera və Balet Teatrırın əsasını qoydu, orkestrlər yaratdı. Nəhayət, «Koroğlu» operası ilə Azərbaycan musiqisini dünya klassik musiqisi səviyyəsinə çatdırdı. Üzeyir bəy Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov kimi bəstəkarlara xeyir-dua verib. Mənim müəllimim Qara Qarayev deyirdi, «Biz gördük ki, artıq Bakıda öyrəniləsi heç nə qalmayıb, Üzeyir bəy bizi Moskvaya göndərdi». Üzeyir bəyin məktəbinə Şestokoviç kimi daha bir güclü məktəb əlavə olundu ki, bu da Azəraycan bəstəkarlıq məktəbinin bünövrəsini çox möhkəmləndirdi.

- Bəs niyə bu məktəb son 30 ildə nə üçün Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi bəstəkarları yetişdirmir? Biz hələ də bu məktəbin ilk 60 ilində yazılan əsərlərlə fəxr edirik. Bakı Musiqi Akademiyasının professoru kimi buna necə açıqlama verərdiniz?

- Doğrudur, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi sənətkarlar sağ deyil. Amma onların əvəzinə Firəngiz Əlizadə, Fərəc Qarayev, Polad Bülbüloğlu kimi bəstəkarlar var. Ona görə də, müasir Azərbaycan bəstəkarlıq məktəbi çox aşağı səviyyədədir demək, düz deyil.

- Fikrət Əmirov simfonik muğamlara görə SSRİ Dövlət Mükafatına layiq görüləndə cavan oğlan idi. Qara Qarayev Konservatoriyanın rektoru olanda 30 yaşı vardı. Cahangir Cahangirov da, ona Stalin Mükafatını qazandıran «Arazın o tayında» simfonik poemasını bəstələyəndə tələbə idi. Bu gün belələri varmı?

- Sualın cavabını özünüz dediniz. Bəlkə də məndən bu sözümə görə inciyəcəklər. Bu gün Bakı Musiqi Akademiyasında Qara Qarayev, Cövdət Hacıyev yoxdur, Fərəc Qarayev Moskvadadır, İsmayıl Hacıbəyov, Aqşin Əlizadə dünyasını dəyişdi. Firəngiz Əlizadə kimi dünya şöhrətli bəstəkarı bilmirəm nə üçün ora dəvət etmirlər, Yaxşı ki, Aydın Əzimov oradadır. Bəzilərində ola bilsin istedad var, amma müəllimlik üçün hələ yetişməyiblər. Əvvəlki təhsil olmadığı üçün bu gün qaraqarayevlər yetişmir.

- Bir pedoqoq kimi bu günkü gənclikdə hansı çatışmamazlıqları müşahidə etmisiniz?

- Bu gün gənclərin arasında istedadlıları çoxdur. Bu yaxınlarda onlardan bir neçəsi ilə yaxından tanış oldum, birini ola bilsin Bəstəkarlar İttifaqına üzv qəbul edək. İnanıram ki, 3-5 ildən sonra gənclərimiz səsi daha aydın eşidiləcək. Amma yenə də deyirəm, müəllim şəxsiyyət olmasa, yetişdirdiyi tələbə də özü kimi olacaq. Qara Qarayevi biz çox tez itirdik. Əsas faciəmiz boşalan yerləri doldura bilməməyimizdir. Bu boş yerlər çox aydın hiss olunur.

- Bəstəkarlıqdan başqa Qara Qarayevdən nə öyrənmisiniz?

- Mənim sənətdə ən böyük mükafatım, uğurum, elə Qara Qarayevin şagirdi olmağımdır. Biz dərslərdə yalnız musiqi ilə məşğul olmurduq. Qara müəllim hər dərs deyirdi ki, Moskvadan «İnostrannaya literatura», «Vokruq sveta», «Nauka i jizn» jurnallarını mütləq alıb oxuyun. Bu jurnalları sonradan dərsdə müzakirə edirdik. Mənə Qara müəllim özü dedi ki, «Bratya Karamazov» filminə bax. Yay vaxtı mənə xüsusi tapşırıq verirdi ki, get filan rəssamların emalatxanasına, onun əsərləri ilə tanış ol. Bütün bunlar sonradan yaradıcılıqda öz müsbət təsirini göstərirdi. Çünki o quru-quru bəstəkarlığı öyrətmirdi.

- Qara Qarayevin tələbəsi olan Azər Dadaşov heç olmasa özü kimi tələbə yetişdirə bilibmi?

- Mən sizə deyim ki, uzun illərdir bəstəkarlıq kafedrasından uzaqlaşdırılmışam. Yəni hazırda bəstəkarların deyil, musiqişünasların yetişdirilməsində bir balaca pay sahibiyəm.

- Azər müəllim, bu gün not tapmaq doğrudanmı çətinləşib?..

- Bu yalan sözdür. Doğrudur, şairə baxanda bəstəkarın işi çox çətindir. Cəmisi 7 not var, amma əgər bəstəkarın ürəyi doludursa, ona bu da kifayət edir. Bəstəkar istedadlıdırsa, onun üçün not tapmaq çətin deyil, heç axtarmağa da ehtiyac yodur, çünki onun ürəyi notla dolub-daşır. İntəhası bir narahat doğuracaq məsələ var ki, müasir dünyada musiqi texnologiyası günü-gündən dəyişir. Eksperiment aparmaq olar, amma elə etməlisən ki bədii cəhətdən özünü doğrultsun. Belə çıxır ki, artıq Avropada həzin musiqinin yerinə qapı cılıtısına qulaq asmağı xoşlayırlar. Melodiyanı, harmoniyanı ləğv edib onu qapı cırıltısı ilə əvəz etmək sənət deyil. Bunun axırı yoxdur.

- Azər müəllim, ciddi musiqi sizcə insanları nə üçün cəlb etmir?

- Ciddi musiqini başa düşməyə dinləyicinin səviyyəsi olmalıdır. İnsanlar düşünməkldən çox əylənməyə üstünlük verirlər.

- Bu sənət adamı dolandırırmı?

- Əvvəllər yaxşı idi, dövlət özü maraqlanırdı ki, filankəs nə yazmısan? Sifarişlər verirdi, festivallara göndərirdi. Amma indi sistem dəyişib, ildə heç olmasa bir-iki əsərimizi alsalar, dolanmaq olar. Mənə elə gəlir, bu gün elə bir mexanizm işlənməlidir ki, xaricdəki kimi bəstəkar yalnız dövlətdən asılı olmasın. Söhbət ciddi musiqidən, simfonik əsərlər yazan bəstəkardan gedir.

- Bu sənətin gələcəyinə inanırsınızmı?

- Həm inanıram, həm də inanmaq istəyirəm. Bir şeyi dəqiq bilirəm ki, bu torpağın suyundan içən insanların arasından mütləq istedadlı bəstəkarlar çıxmalıdır. Məni rahat saxlayan budur.

 

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK