adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Avqust 2021 14:35
154248
MƏMLƏKƏT
A- A+

Vətən üçün döyüşən, dost üçün özünü fəda edən oğul - Çingiz Mikayılov zirvəsi


Onu kəndimizdə hamı tanıyırdı... Çingiz Cəmil oğlu Mikayılov 1963-cü il avqustun 5-də Ağdam rayonu Şıxlar kəndində (Baş Qərvənd ) anadan olub. Atası kolxozda traktorçu, anası isə kolxozçu olaraq çalışırdılar. Ailənin böyuk oğlu idi,  deyə,  evin yükünü hələ kiçik yaşlarından çiyinlərində hiss etdi.

Digər yandan da zəhmətkeş  eyni zamanda çoxuşaqlı, bir az da kasıb  ailədə böyüyürdü və zəhmətə erkən yaşlarından qatlaşdı. Çingiz həyətyani sahələrində, şəxsi təsərrüfatlarında  nəinki anasına- bacısına  kömək olardı. Həm də atasına  çöl işlərində  arxa - dayaq idi. Bütün günü tarlada çalışar, mal-qaranı otarar, ot çalar barama qurdlarını yemləmək üçün  çəkil (tut) yarpaqları toplayardı.  Ətrafdakılar -bəzi sinif yoldaşları, dostları onun evə bağlılığını, özünü   ailəsinin problemlərinə həsr  etməsinə görə, ona yuxarıdan aşağı baxardılar. Çingiz onlara fikir verməzdi, başını aşağı salıb işini görər, atmacalara cavab verməzdi. Beləcə qayğısız uşaqlıq illərinin əvəzinə qayğılarla yüklənmiş bir uşaqlığının nə vaxt gəlib kecdiyindən də xəbəri olmadı.  Zaman tələsik keçirdi sanki...Artıq böyümüşdü. Şıxlar kənd orta məktəbini bitirdi.  Qarşıda hərbi xidmət vardı. Iki illik əsgərliyini başa vurdu. Doğma  kəndinə döndü.  Zəhmətsevərlik canında vardı. Yurduna geri dönəndə də  dinc əməklə məşgul olmaq istəyirdi. Əvvəl “Gülçülük” sovxozunda sonra isə şəhərdəki zavodların birində fəhlə kimi  işə  başladı. Amma dinc əməklə məşğul olmağın zamanı deyildi. Bunu Çingiz aydın görürdü, anlayırdı.


Zaman o zaman idi ki, dinc, günahsız soydaşlarımız dişinə qədər silahlanmış erməni terror dəstələrinin və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində faciəli şəkildə qətl edilir, əsir və girov götürülür, minbir əziyyətlə tikib qurduqları evləri dağıdılır, yurd yuvaları xarabaya çevrilirdi. Bu azmış kimi o xarabaya çevrilmiş yurd-yuvanın sahibləri elindən-obasından pərən-pərən salınırdı.   Bu balacaboy, çəlimsiz , amma yurdsevər oğlan ermənilərin törətdikləri vəhşiliklərə dözmədi. Silaha sarılıb cəbhəyə yollandı. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin başçılıq etdiyi 836 saylı alayın   kəşfiyyat  rotasında döyüşlərə  atıldı. Fərrux, Umudlu, Sırxavənd və bir sıra yaşayış məntəqələrimiz  uğrunda xüsusi rəşadət göstərdi. Onun döyüş dostlarının dediklərinə görə,  təbiətcə sakit və mülayim olan Çingiz döyüş zamanı  tamamilə başqalaşar, düşmənə nifrəti ilə, cəsarəti ilə seçilərdi. Döyüş yoldaşı Rafiq Kərimov Çingiz Mikayılov şəhid olduqdan sonra onun nəşini   Şıxlar kəndinə gətirdiyi günü belə xatırlayır: 1992-ci ilin may ayının əvvəlləri idi. Fərrux   uğrunda qanlı döyüşlər gedirdi. İsmayıllı rayon Kürdmaşı kəndindən olan döyüşçü  İlqar Məmmədov ermənilərin mühasirəsinə düşür. Çingiz  bunu görür və həyatını təhlükəyə ataraq dostunu mühasirədən çıxartmaq üçün tələsiyir. Yaralı İlqara çatar-çatmaz snayper gülləsi Çingizi məqsədinə tərəf irəliləməyə imkan vermir. Sonradan ordumuzun əsgərləri hər iki əsgərin nəşini  oradan götürür. Yaralı İlqarın başı əzilib öldürülmüş, Çingiz isə qanaxmadan ölmüşdü. Çingizin nəşini kəndinə apardıq, yas mərasimində iştirak etdik,  atası Cəmil kişiyə, qardaşları Etibara və Ehtirama dərin hüznlə başsağlığı verib, igidlərimizin qisasını almaq üçün yenidən cəbhəyə yollandıq”


  Bir dəfə Çingizin bacısı Xanabərlə söhbətimizdə o bildirdi ki, qardaşı şəhid olduqdan sonra ona layiq olduğu təltif verilmədi:” Çingizin komandiri Şirin Mirzəyev şəhidin sənədlərinin səlahiyyətli  qurumlara verilməsini və onun təltif olunmasının vacibliyini söyləmişdi. Əmr də hazırlanmışdı.  Təəssüf  ki, bu əmrdən bir həftə sonra  Mirzəyev də şəhid oldu və qardaşımın adı bu günə qədər heç bir təltiflə anılmayıb”.


 Kəndin ilk şəhidiydi. O vaxt- Çingiz Mikayılovun şəhadətə yüksəlməsindən sonra şəhidimizin təhsil aldığı orta məktəbə onun adı verildi. Çox heyf ki, Şıxlar kəndi də 1994-cü il 26 apreldə ermənilər tərəfindən işğal olunduqdan sonra əhali pərən-pərən düşdü, məktəbin adı da unuduldu.


 44 günlük müharibədən sonra Azərbaycanın rəşadətli ordusu torpaqlarımızın böyük bir hissəsini, o cümlədən AğdamınŞıxlar və  digər kəndlərini işğaldan  azad etdi. Əminik ki, tezliklə pərən-pərən düşmüş Şıxlar camaatı öz yurd –yuvasına dönər, kənddə salınacaq yeni məktəb binası inşa edər və həmin məktəbə yenidən igid eloğlumuz Çingiz Mikayılovun adını verərlər.


Bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

 Əntiqə Rəşid