adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AQİL ABBAS: KƏLBƏCƏRDƏ  ŞAMİL ƏSGƏROV  MUZEYİ…

AQİL ABBAS
36771 | 2021-05-25 14:18

Vaxtilə rayonlarda tarix-diyarşünaslıq  deyilən  muzeylər  açılırdı. Təbii ki,  həmin rayonların  ərazisində tapılan  müxtəlif qədim əşyalar, sənət əsərləri-filan və s.  ən çox da şəkillər bu muzeyi bəzəyirdi.

İki  muzey haqqında danışmaq istəyirəm.  Birində çox olmuşam, birini isə görməmişəm. Görmədiyim muzeyə Məmməd Arazın gözləri ilə baxmışam.

Birinci görmədiyim muzeydən danışım. Kəlbəcərdə xalqımızın ağsaqqallarından biri Şamil Əsgərov  yaratmışdı. Dövlətin  dəstəyi ilə yox, özü  düşüb  kəndbəkənd, qəbiristanlıq-qəbiristanlıq, evbəev gəzib  həmin muzey üçün əşyalar  toplayırdı. Birinə  yalvarırdı, birinə  xahiş edirdi,  birindən  söyüb alırdı, birindən  hörmətinə  görə alırdı. Və dişiylə-dırnağıyla çox  möhtəşəm  bir  muzey yaratmışdı. Məmməd Arazın dili ilə desək, bu muzeyə girən insan Kəlbəcərin  minillik yox, ikiminillik və daha çox tarixi ilə tanış olurdu.

Və bunların  çoxunu da öz cibinin   puluna edirdi. Hökumət muzeylərə  o qədər də pul ayırmırdı, necə ki, indi də  ayırmır. Yəni Şamil Əsgərov bütün var-dövlətini Kəlbəcərdəki  muzeyi yaratmağa sərf edirdi. Sonra  şərlədilər də, tutdular da, amma  çıxdı və yenə həmin muzeyi daha da  zənginləşdirdi.

İndi baxıram oğlu Bərzani həmin muzeyi yenidən yaratmaq üçün  Kəlbəcərdədi, kəndbəkənd gəzir, nələrsə axtarır,  nələrsə tapır. Təbii ki, o heç vaxt atasının yaratdığı muzeyi  bərpa edə bilməyəcək. Çünki ermənilər həmin  muzeyidarmadağın ediblər.

Biz çıxanda adamlar imkan daxilində  öz canlarını və bir də ehtiyacı  olan nələrisə  götürə bilirdilər. Kim idi  muzey  haqqında fikirləşən. O vaxt muzey ilə bağlı dövlət  və hökumət düşünməli idi, onda da  nə dövlət vardı, nə də hökumət. Yəni ermənilər Kəlbəcərin  minillik, iki minillik, bəlkə də daha çox bir tarixini   məhv elədilər.

İndi Bərzani kəlbəcərlilərə  müraciət edir ki, ona kömək olsunlar. Kimdə nəsə bir  şey varsa  muzeyə bağışlasınlar.

Məndə babamdan qalmış kiçik bir  xəncər var, bir az da  qırılıb,  həmin xəncəri Kəlbəcərdəki yeni yaradılan  muzeyə hədiyyə edəcəm. Bilmirəm bəlkə  100-150 ildən  çoxdu qalıb, babam Kolanı  Abbas bəyin xəncəridi, daha doğrusu, qəməsidi.

Belə bir muzeyi də Ağdamda Yusif  Əhmədov yaratmışdı. O da kəndbəkənd, qəbiristanlıq-qəbiristanlıq, evbəev gəzib  qədim  əşyaları toplamışdı. O da cibindən çox pul xərcləmişdi həmin  muzeyi yaratmaq üçün. Haçansa prokuror olmuşdu, hakim olmuşdu, həmin vaxt qazandığı pulları bu  muzeyin yaradılmasına  sərf etmişdi. Qeyri-adi bir adam idi, elə  Şamil  Əsgərov kimi. Orda Pənah xanın, İbrahim xanın, Məmməd bəy Cavanşirin qılıncları vardı. Yalvarırdım ki, Yusif müəllim  o Məmməd bəyin qılıncını  nə qədər  istəsən  pul verirəm, sat mənə. Deyərdi ki,  o səndən bahalıdı, pulun çatmaz. Həmin muzeyi də  hökumət  çıxarmadı, ermənilər  dağıtdı. Və yəqin indi aparıb üstündə adları   yazılmış qılıncların  yazılarını   pozub  ermənicə  nəsə yazıb  muzeylərdə saxlayırlar.  Amma xeyiri  yoxdu, türk qılıncı dünyadakı  bütün qılınclardan  fərqlidi. Yəni, erməni onun erməni  qılıncı olduğunu  deyə bilər, sübut edə bilməz.  Çünki  dünyanın  ekspertləri  çörəyi  qulağına yemir.

İndi Bərzani  Əsgərov gedib  Kəlbəcərdə öz atasının yaratdığı   muzeyi  yenidən bərpa edir. Görən, Ağdamda bunu  kim edəcək?

Yusif Əhmədov sirli adam idi, onun ailəsi haqqında heç kim məlumat bilmirdi. Yevlağın qəzet  redaktoru Əminə  Yusifqızı ilə  fəxr edərdi.  Və hamı onu  Yusif müəllimin qızı kimi   qəbul edirdi Ağdamda. Və mən bunu  heç vaxt  Əminə xanımdan soruşmadım, heç indi də  soruşmuram. Amma onu bilirəm ki, Əminə Yusifqızı Yusif Əhmədov kimi bir  kişiyə layiqli xanımdı.

Ola bilər ki, biz Bərzani kimi Ağdamda Tarix muzeyi  qura bilmədik. Amma  eybi yox, belə bir  muzeyi yaradarıq, Qarağacıdan da bir  ovuc torpaq qoyarıq o muzeyə ki, bizim  tariximiz budur.

Bərzani bəyə uğurlar  arzulayıram.

Və sonda.  Çox istərdim ki,  Kəlbəcərdə bir Aşıq  Şəmşir muzeyi də yaradılsın. Təkcə Kəlbəcərdə yox, Ağdabanda. Və muzeydə də Kəlbəcərdən  çıxan  böyük  şair və yazıçıların xatirə əşyaları  yer alsın: Miskin Abdaldan tutmuş Sücaət,  Elvüsala, Adil Cəmilə, Cavid Cabbarlıya qədər.

TƏQVİM / ARXİV