adalet.az header logo
  • Bakı 18°C

Unudulan adamın monoloqu - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
52075 | 2021-06-12 10:01

Divarla söhbətlərim

 

Yəqin ki, bu sizə həm gülməli gələcək, həm də elə belə... Yəni düşünəcəksiz ki, nəsə uydurur, nəyləsə gündəmə gəlmək istəyir, ya da ağlı uçur, əsəb pozulur, deməli sayıqlayır. Bax, bütün bunların hamısını siz düşünməkdə haqlısız. Mənim sizin heç birinizə etirazım ola bilməz. Birincisi, hər kəsin baxış bucağı var, görmək, dərk etmək qabiliyyəti mövcudur, üstəlik seçim etmək, sayqı duymaq və yaxud da özünü görməməzliyə vurub yanından keçib getmək, lap bəd ayaqda cırıb tullamaq... Bütün bunlar təzə bir şey deyil, hər gün görürük, şahidi oluruq və yaxud da eşidirik. Doğrudur, telekanallarımız belə məqamlardan şou düzəltməyi sevir. Az qala bir gün axşama kimi «Şok! Şok! Şok!» deyir və əlavə edir ki, «Bir azdan, Bir azdan, Bir azdan» və ən maraqlısıda budur ki, həmin o şokun bir azdanı keçəndən sonra bəlli olur ki, sən demə kimsə kiminsə saç düzümünə irad tutur və yaxud da hansısa bir sözünə dodaq büzür və biz bir gün axşama kimi bu şokun nə olacağını oturub gözləmişik...

Bunu söz gəlişi dedim, daha doğrusu yazdım. Məqsədim yazının birinci abzasındakı fikrə aydınlıq gətirmək idi. Yəni, yenə qayıdıram həmin nöqtəyə ki, münasibət bildirmək də, sevib-sevməmək də hər kəsin öz ixtiyarındadı. Bu nöqtədə qulağımda rəhmətlik İlhamə xanımın ifası sələnir. O səs deyir ki, «Yaşın nə dəxli var». Yəni sevgi üçün, sevmək üçün, sevilmək üçün yaşın dəxli də, fərqi də heç bir önəm daşımır. Əsas sözün köküdür. Yəni, Sev!-dir. İndi qalır həmin o yükün altına çiyin vermək, o sevgini ürəyinə köçürmək, ruhuna hopdurmaq. Onu nəfəs kimi özünlə hər yerə aparmaq və hər yerdə də o nəfəsi almaq, ciyərlərinə çəkmək, varlığını ayaqda saxlamaq!..

Hardasa bir xatirə kölgəsi düşür üstümə. Başımı qaldırıb baxıram. İlk anda mənə çox uzaq bir məsafə təsiri bağışlayır bu görüntü. Sonra yavaş-yavaş o kölgənin qalınlaşdığını, üstünə tərəf yavaş-yavaş əyildiyini təkcə hiss etmirəm, həm də görürəm. Deməli, ya o kölgənin sahibi yaxındadır, ya da mən o kölgənin altındayam. Hər iki halda nəticə budur ki, o kölgə var. Və mən də onu görürəm. Bax, onda həmin o xatirənin ip ucu başlayır çözülməyə. Dəniz sahili, eşidilən ancaq ləpələrin pıçıltısıdı. Bu sahildə ləpələrdən başqa kimsə yoxdur. Elə bil tənhalıq hakimdir ki, onun ağırlığı adamı diz çökdürür və mən də dizlərimin büküldüyünü hiss edirəm. Əyilib bir ovcuma qum götürürəm, o biri ovcuma su. İkisini də bir anda qaytarıb atıram dənizə. Dəniz diksinir elə bil. Mən çevrilib baxıram. Sahildə dayanmısan... ləpələrlə... əsəbi şəkildə nəyisə çözürsən və özümdən asılı olmadan bu mənzərəni misralara köçürürəm:

 

Sahilə gəlmisən, təklikdən bezib,

Ləpə tapdalayıb, dalğa qovursan...

Bəlkə də həsrətin perikib qaçar –

Bir ovuc suyu sən göyə sovursan...

 

Mən xəyal edirəm gerçək durumu,

Gözümün dibində gəlib durursan.

Səni ləpələrlə tək qoyduğumu –

Onu tapdamaqla, üzə vurursan...

 

Qarışıq bir ovqat... və bir də dəniz,

Ruhumuz ovunsun hıçqırtılarla...

Sahildə...səssizcə, hiss etmədən biz –

Süstlənsin ləpələr, pıçıltılarla...

 

***

İndi dəniz mövsümüdür. Daha doğrusu, çimərlik açılır. Amma gerçəkdə dəniz fanatlarının mövsümü olmur. Onlar bütün zamanlarda dənizlə vaxtını keçirir, sevgisini bölüşür, dənizə sarılır, bəzən də özünü dənizin qoynuna atır. Bu məqamda ləpələrlə sevişmək də var, intihar da. Ona görə fanatlara hərdən içimdə acıyıram. Düşünürəm ki, qədərindən artıq olan hər şey mənasız bir nəticəyə gəlib çıxır. Təbii ki, bu mənim fikrimdi, mənim qənaətimdi. Amma bütün hallarda qədərdən artıq içilən suyun dərd verdiyini Şeyx Nizami bütün dünyaya bəyan edib. Deməli, artıq su dərd verirsə, mənim nəyəsə qulp qoymağım yersizdi. Ona görə də fanatlar özləri bilsinlər və mənim də onların işinə qarışmağımı günaha yazmasınlar. Hər kəs öz yolunda, öz işində... «Ya Allah!» deyib yolumuzun yolçusu olaq, işimizin sahibi...

Mən də elə bu istəklə üz tuturam sahilə. Gəlməyim, dənizlə görüşmək istəyim adi bir həvəs deyil, heç vaxt öldürmək də deyil. Bu sahildəki xatirələrimi arayıb-axtarmaq, onların necə olduğunu, necə yaşadığını görmək və bir də onları dinləməkdir. Bu yerdə köməyimə təbii ki, yaddaş çatır. Əgər qarıyıb, qocalıb əldən düşməyibsə, yəqin ki, əlimdən tutar, məni darda qoymaz. Pərt etməz xatirələrin yanında... budur, gəzdiyim sahil... bir az çöhrəsi dəyişib, bir az özünə əl gəzdirib, bəzənib-düzənib, bir az da yadlaşıb elə bil. Çünki aradan nə boyda zaman keçib. İllər üst-üstə yığılıb, aylar bir-birini qovub atıb illərin küncünə.  İndi hünərin varsa, axtar o künc-bucağı, görüm nə tapırsan...mən israrlıyam. Əgər qarşıma bir məqsəd qoymuşamsa, onun sonuna gedib çıxana qədər israrımdan əl çəkmirəm. Nəyin bahasına olursa-olsun gedirəm. Və bu gün də sahildə axtarıram xatirələrimi. Səninlə bağlı olan xatirələrimi. Söykənib baxıram dənizə. Söykəndiyim dəmir məchər rənglənib. Bir az da fərqli olurdu. Yəni, naxışları dəyişib, amma dəniz dəyişməyib. Həmin dayandığım yerdən baxıram. Yenə qağayılar öz işindədi, biri dənizə baş vurur, o biri üzür, bir ayrısı da havalanır. Qarışıq bir harmoniya. Sanki civə sütunudur, qaynayır və mən də sakitcə içimdə dənizlə danışıram..

- Yadında qalmışammı...o da yadındadımı...səni dindirmək üçün ləpələrinə əl etməyimiz, dalğaları saymağımız unudulmayıb ki...şəkil çəkdirməyimiz...hələ o şəkili çəkdirərkən dalğaların şahə qalxmasını istəməyimiz... bu ərkəsöyünlüyümüz, bu çılğınlığımız, sonra da daşların üstündə oturub əlimiz sənin sularında, nəzərlərimiz fotoaparatda... və nəhayət çəkilən şəkil... günlərin birində də o şəkilləri dua kimi cırıb ləpələrin üstünə səpməyimiz... deyəsən, çox uzaqlara apardı məni xatirələr. Hətta bir az da üşütdüm. Ona görə əlimdəki qələmi sıxdım. Hiss etdim ki, barmaqlarım tövşüyür və yazdım.

 

Qələmi möhkəm sıxan,

Barmaqlarım üşüyür...

Səbrimi sözə yığan –

Ağlım, ruhum, tövşüyür...

 

Gözümün dibinəcən

Cığır salır, nəm, cığır.

Çırpıram, cibiməcən –

Qəm tökülür, qəm çıxır...

 

Dururam, uduzmuş tək,

Boynu bükük, fikirli...

Təsbeh daşların az çək –

Bu sonuncu zikrdi...

 

Qayıdıram əvvələ,

Burda da artıq sondu...

Qısa qapanma ilə –

Baxdığın ekran söndü...

 

***

Hər bir insanın özünə doğma olan və ömür boyu da canında, qanında yaşatdığı anlar, xatirələr var. Onu unutdurmaq, onu yaddaş kartından silmək qeyri-mümkündür. Ən ağır, ən çıxılmaz durumda belə o an sənin qapını döyür, ürəyini səksəndirir və bir də görürsən ki, unutdun bütün ağırlıqları, bütün çətinlikləri. Sancan ürəyimin, göynəyən sinəmin mənası çevrilib olur məhz həmin o yaddaşdakı an. Bəlkə də bu ilahi bir təsəllidi. Bəlkə də bu Allahın sənə uzatdığı əlidi. Bəlkə də bu Məlik Məmmədi quyudan çəkən kəndirdi. Qaranlığa düşən işıqdı. Yəni, hər nədirsə, xilasdı. Və biz o xilasın adını özlüyümüzdə təsəlli kimi qeyd edirik. Hətta bəzilərimiz onu ötəri təsəlli adlandırırıq. Guya təsəlli ötəri oldu ya olmadı, nə dəyişib ki. Hansı mahiyyət erroziyaya uğrayır. Məncə heç biri. Əgər təsəllini dinləmisənsə, yaşamısansa, onu təzədən necə qovacaqsan, necə imtina edəcəksən.  Bu məqamda şəxsən mən bir Allah bəndəsi kimi təsəlliyə heç bir irad ifadə edə bilmirəm. Sadəcə susuram və qəbul edirəm ki, ömrümə hopan, ömrümə çevrilən həmin o təsəllinin mahiyyəti Sevgidir! Elə uzaqdan üstümə düşən kölgə də Sevgidir! Yanında olduğum, nəfəsini duyduğum da Sevgidir! Özümlə hər yerə aparıb-gətirdiyim də Sevgidir! Məni qolların üstündə hər yerə daşıyan da Sevgidir! Bunların ortaq məxrəci nəfəs! Bax, demək istəyirəm ki, aldığım nəfəs də Sevgidir! Onu da təbii ki, Allahım və Sənin üçün birmənalı şəkildə müəyyənləşdirib qəbul etmişəm. Bu yerdə yaddaşlara işıq salmaq üçün rəhmətlik, əbədiyaşar şairimiz Musa Yaqubun fikirlərinə üz tuturam... bu məqamda bugünün canlı klassiki olan Seyran Səxavətin fikirlərinə söykənirəm. Musa Yaqub yazmışdı k, «Əbülfətin pıçıltıları da Sevgidir!» Seyran Səxavət yazıb ki, « Ay Allah, Əbülfət səndən nə istəyir ki? – ancaq Sevgi! Qoy sevsin də...»

Gördünüzmü, mənim sevgi barəsində düşüncələrim də, hisslərim də, təkcə özüm üçün anlaşılan, özüm üçün qurulan dünya deyil. Onu görənlər də, duyanlar da var. Onların içərisində də adlarını qeyd etdiyim həmin bu ünlü imza sahibləri – Musa Yaqub və Seyran Səxavət də var!

Mən dəniz sahilində xatirələrimin izi ilə addımlayıram. Limana baş çəkirəm. Elə bilirəm ki, məndən qabaqda tələsib gəmiyə minirsən və əl edirsən, gəl deyirsən... inan ki, bu mənzərə mənə o qədər inandırıcı gəlir ki, yaxınlaşıram gəmilərin yan aldığı nöqtəyə... amma burada gəmi yoxdur... həmin o nöqtəyə də bir zəncir kilid vurublar. Birdən yadıma düşür ki, indi pandemiyadı. Adamların bir yerə yığışması, hətta dəniz gəzintisinə çıxması da mümkün deyil. Mən indi yaşadığımla o duyğunu birlikdə yaşadığımız günlərə çıxıb getmişdim. Özümü səninlə birlikdə dalğaların beşik kimi yırğaladığı qayıqda hiss etmişdim. Ona görə də bu hissləri normal qəbul etmək çətin olsa da, amma buna sizlərin cəhd etməyini çox istərdim. Axı burada bir az xəyalpərvərlik də var, bir az şairlik də, bir az da nostalji hisslərdən qopub ayrıla bilməmək də... bu isə o deməkdir ki, zamanın, məkanın ayrı-ayrılıqda öz gücü var. Zaman səni bu gündə tutur, məkan səni o günə qaytarır. Və yaxud da məkan səni bu gündə yaşadır, zamanın qanadları səni o günə çəkib aparır. Və bu da bir hərəkətdi. Dünənə, bugünə və sabaha olan hərəkət. Yaxşı ki, sükunətdən, hərəkətsizlikdən uzağıq. Yoxsa...

Bu məqamda cümə axşamlarının birində yazdığım misralar yaddaşıma gəlir. Onda yazmışdım ki:

 

Sən cümə axşamları

Həsrətinin adın an...

Salavat çevirəndə –

Ad çıxmasın yadından...

 

Kipriklərin küsülü –

Dəyməsin bir-birinə...

Dodaqların büzülü –

Susub könlün sirrinə...

 

Ancaq özündən danış -

Mən içində əriyim...

Hiss etməsin dost-tanış –

Mən içində kiriyim...

 

...sən cümə axşamları

Sıx sinənə ruhumu... 

Mən duyub qarışdırım –

Yatmadığım yuxumu...

 

***

Adətən, söz sözü çəkir deyirlər. Xatirələr də belədir. Birinin ətəyindən tutdunsa, çəkib aparır o birisinə. Dəniz kənarında axtardığım izlərimiz məni o sahil boyu çox dolandırdı. Hətta bəzən sahili də unutdum, elə ləpələrin üstü ilə, dalğaları tapdalaya-tapdalaya lap dərinliklərə doğru getdim. Havalanmış adam kimi. Batmadım, nə dənizin dərinliyində, nə də şahə qalxan dalğaların boyundan hündür ənginliyində. Görünür, bütün bunlar yaşadıqlarımızın Sənin, Mənim, Allahın bildiklərinin sehrindəndi, gücündəndi. Və nəhayət, bu həm də dörd divarla danışan bir adamın sevgisinin gücüdür. Bu adam bəlkə də elə özü də divardı – Sevgi divarı! Həsrətlə vüsalın arasında qalmış Sevgi divarı. İstəsən o divara əlini çəkib alnını söykəyə bilərsən... istəsən o divara iki gül də qoymaq ixtiyarındasan - İki gül...  Seçim sənindi!

 

TƏQVİM / ARXİV