adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyun 2021 12:45
21815
MƏMLƏKƏT
A- A+

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olundu - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

Qeyd edək ki, Ə.Əliyev 1957-ci ildə dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

Qarabağ müharibəsi başlayanda Ə.Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.