adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: Ruhu sevindi

FAİQ QİSMƏTOĞLU
83977 | 2021-07-14 12:33

Mənim yaxın dostum və qardaşım, filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayev ölümündən bir neçə gün öncə demişdir ki, ali məktəblər üçün dərs vəsaiti hazırlamışam və o bir neçə gündən sonra çap ediləcək. Kitabım çıxanda sənə verərəm baxarsan, xoşun gəlsə, bir şey yazarsan. Ancaq o kitabının çap olunmağını görə bilmədi və mənim özüm də həmin günlər sıxıntılı  anlar yaşadım.

Ötən cümə axşamı onun yas məclisinə getmişdik. Qardaşı Azər müəllim kövrələ-kövrələ dedi ki, Məhəmmədəli müəllimin dediyi o kitab çapdan çıxıb. Masadan qalxıb evə girdi və bizə – Asif Talıboğluna və mənə onun yenicə çapdan çıxmış kitabını təqdim elədi. Sözün düzü, gözlərimiz doldu, amma bir az da sevindik. Ən azından ona görə ki, yaxın dostumuz və qardaşımız professor Məhəmmədəli Mustafayevin kitabı bizim əlimizdə idi. Sanki o kitabdan onun nəfəsini, onun səsini, onun gülüşünü və onun bu dünyaya olan sevgisini hiss edirdik. Bu sevgi əbədi bir dost sevgisi idi, dünya sevgisi idi, vətən sevgisi idi.

Həmin günü kitabı evə gələndən sonra vərəqlədim və yadıma bir vaxtlar bizə dərs demiş böyük ziyalı, böyük alim və böyük müəllim Mir Cəlal Paşayevin  «Ədəbiyyatşünaslığın əsasları» kitabı düşdü. Həmin kitabın biz hər bir səhifəsini əzbər bilirdik. Ona görə də böyük Mir Cəlalın götürdüyü imtahandan qrupumuzun əksər tələbələri «əla» və «yaxşı» qiymətlər aldıq. Və bir də Mir Cəlal müəllim heç kimə «iki» yazmazdı. Ağzını açsan belə bir «üç»ün vardı. Amma bizdə «üç» alan da olmadı. Hamımız yüksək qiymət aldıq.

Məhəmmədəli dostumuzun da yeni çapdan çıxmış «Ədəbiyyat nəzəriyyəsi» elmi kitabında da elə həmin nəfəsi duyduq. Əlbəttə, ədəbiyyatşünas alim olmaq, axtarışlar aparmaq, aylarla, illərlə kitabxanalarda əyləşib arxivlərdə yeni nəsə tapmaq elə də asan məsələ deyil. Bunu ancaq elm yolunda çarpışan, mübarizə və mücadilə aparan, halal zəhməti ilə gözünün nurunu axıdıb ortaya fundamental kitab qoyan Məhəmmədəli Mustafayev kimi alimlər bacara bilirlər.

O, sözün həqiqi mənasında elm adamı idi. Axtarışlar aparmağı, ortaya yeni bir kitab qoymağı bacaran bir alim idi. Çünki ömrünün çox hissəsini bu cür arxivlərdə, kitabxanalarda keçirərək, çox qaranlıq məsələlərə işıq salaraq əsl elmi həqiqətləri araya-ərsəyə gətirmişdi. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İsrafil Məmmədov, rəyçilər akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Rafiq Əliyev və filologiya elmləri doktoru, professor Yaqub Babayevdir. Kitab dərs vəsaiti ali məktəblərin, bakalavriat səviyyəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasları üzrə tədris olunan Ədəbiyyat nəzəriyyəsi fənninin proqramı əsasında tərtib olunmuşdur. Həmin ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu. Vəsaitdə ədəbi növlər və janrlar, ədəbi cərəyanlar, bədii sənətkarlıq məsələləri, ədəbi-nəzəri fikirdə milli ideyalar öz əksini tapmışdır. Onu da qeyd edək ki, kitab 7 bölmədən ibarətdir. Birinci bölmə sənət və ədəbiyyatın məqsəd və vəzifələri, ikinci bölmə ədəbi növlər və janrlar.lirik növ, üçüncü bölmə Epik növ, epos, əsatir və mif, dördüncü bölmə dramatik əsərlər: Komediya. Faciə.Dram, beşinci bölmə bədii sənətkarlıq məsələləri, altıncı bölmə ədəbi cərəyanlar, yeddinci bölmə Ədəbi-nəzəri fikirdə milli ideyalar adlanır.

Təbii ki, elmi kitablarda hər bir müəllifin mövzuya orijinal və yaradıcı yanaşması vacib şərtlərdən və elementlərdəndir. Tam səmimiyyətlə deyə bilərik ki, Məhəmmədəli Mustafayev uzun illər üzərində çalışdığı və araya-ərsəyə gətirdiyi bu elmi – «Ədəbiyyat nəzəriyyəsi» kitabında bütün mövzulara tam fərqli kontekstdən yanaşır, öz orijinal və qeyri-adi axtarışları ilə yeni bir mənzərə yaradır. Onun elmi üslubunda, mövzulara yanaşma  tərzində tam fərqli bir mövqe özünü əks etdirir. Başqa sözlə demiş olsaq, o hər bir mövzuya tam yaradıcı bir formada, yeni bir üslubda və yeni bir düşüncədə yanaşır. Məhz bu yanaşmalar da onun uzun illər əziyyət çəkdiyi kitabının daha uzun ömürlü və yadda qalan olmasına gətirib çıxarıb.

Biz inanırıq ki, filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayevin «Ədəbiyyat nəzəriyyəsi» kitabı həm elmi ictimaiyyət tərəfindən, həm də dərs vəsaiti kimi istifadə edilərkən, tələbələr arasında böyük nüfuz qazanacaq və yeni iz qoyacaqdır. Hər halda, Məhəmmədəli Mustafayev həmişə çalışıb ki, kiməsə bənzəməsin. Onun həm elmdə, həm də jurnalistikada öz yolu, öz üslubu və öz yanaşma tərzi olub.

TƏQVİM / ARXİV