Qurban bayramı Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
123567 | 2021-07-17 11:30

Təkcə bayramlarda yox, mən hər gün qurbanınam

 

İnanclar, inamlar...minillikləri aşıb-gəlib adət-ənənələrdir eləcə. Doğrudur, bizim milli kimliyimizə atəşpərəstlikdən sonra müəyyən inanclar, inamlar da daxil olub. Bəziləri qılınc gücünə, bəziləri də xalqın fəhmi ilə. Bu mənada qurban kəsmək, qurban demək, qurban getmək dinimizlə bağlıdır. Atəşpərəstlikdən sonrakı dinimizlə. Və zaman-zaman biz qurban kəsməyin, qurban deməyin girovuna da çevrilmişik, onu sevgi və sayqı ilə həyatımızda gerçəkləşdirən Allah bəndəsinə də...

Yəqin ki, bu fikirləri oxuyanda siz də müəyyən inanclara öz daxilinizdə münasibət bildirəcəksiniz. Mövzunun müsbət və sizi qane etməyən çalarları yaddaşınızda təzələyəcəksiz. Bu, təbii bir haldır. Mənim üçün həmin kəsilən qurbanın bir anlamı da qurban payının 7 ünvana çatdırılmasıdı. Bax, o 7 ünvan bir qurban payı ilə ailəsini sevindirirsə, bu artıq xoş niyyətdir, xoş məramdır. İnsanların bir-birinə açıq şəkildə dəstək olmasıdı. Və həmin məqamda səslənən dualar da məcburi deyil, insanın öz iç dünyasından gələn səsin dua formasıdır. Deməli, biz kəsdiyimiz qurbanlarla müəyyən çevrəni sevindirir və bu adamlarla Tanrı arasında bir dua körpüsü yaradırıq. Bu da saflaşmağa, inamlı olmağa, inanclı olmağa bir vəsilədi, bir dəstəkdi. Bütün hallarda isə bu xoş niyyət, xoş məramdı. Təki qurbanlarımız da bütün zamanlarda xoş niyyətlərin, xoş arzuların, həm də gerçəkləşən istəklərin adına kəsilsin!..

Bütün bu yazdıqlarımın məram və məqsədi təbii ki, artıq qapımızın önündə olan Qurban bayramını hər kəsin diqqətinə yönəltmək deyil. Onsuz da Azərbaycan insanı, onun içərisində də «Ədalət»in oxucuları Qurban bayramından kifayət qədər xəbərdardır, zamanını da bilir, imkanı daxilində qurban kəsəcək insanlarımız da öncədən öz seçimini edibdir. Məni düşündürən isə öncə Şuşada qurban kəsilməsi məsələsidi, özdə təkcə Şuşada yox, işğaldan azad edilmiş Ağdamda, Xocavənddə, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və Laçında da qurbanların kəsilməsi 30 illik bir həsrətin vüsalına şadlığımızın həm ifadəsi, həm görüntüsü, həm də onun bizi sevən və sevməyənlər qarşısında coşqu ilə təqdimatı olar. Yəni, artıq azan səsləri eşidilən Ağdamda, Şuşada, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Füzulidə qurbanların da kəsilməsi böyük qayıdışın sadə şəkildə ifadə etsək, daha bir atributu, daha bir göstəricisi, daha bir nüansı sayılar. Və deməli, bu, həm də 30 il dediyimiz bu qurbanların bir xalq olaraq birlikdə kəsilib, birlikdə qəbul olunduğunu dualarımızın toplumu kimi Tanrıya ünvanlanar. Bir anlıq siz də düşünün və gözünüzün önünə gətirin. Azərbaycanın bütün ərazilərində (İnşallah, Xankəndində də, Xocalıda da, Ağdərədə də qurban kəsmək nəsibimiz olar – Ə.M.) qurban kəsilir və 30 ilin böyük Zəfəri məhz xalqın həsrətinə qoyulan nöqtə, sevincinə kəsilən qurbanlar isə qələbəsinə ünvanlanan duaların təntənəsidi. Zənnimcə, bu, bizim həm də bir daha həm ölkə rəhbərinin, həm ordunun, həm də xalqın birliyinin ifadəsi kimi də çox gözəl əks-səda verə bilər. Odur ki, Ağdamda, Şuşada, Füzulidə, ümumiyyətlə, işğaldan azad etdiyimiz torpaqlarımızda kəsiləcək qurbanların seçiminə və bu inancın gerçəkləşməsinə elə bu andan, bu dəqiqədən hazırlaşmaq heç də gec olmazdı. Çünki vaxt az qalsa da, amma hələ ki, qalır...

Xalqın milli dəyərlərindən biri də övlada, soykökə, nəsilə, ümumiyyətlə, öz kimliyinə sayqısı və sevgisidir. Onlar da ifadəsini folklorumuzda, məişətimizdə, ədəbiyyatımızda, bütövlükdə, həyat tərzimizdə tapır. Bu mənada övlad boyu sevmək, əzizləmək daha çox anaların istəyidir. Onlar öz istəklərini «balama qurban olum!» deməklə və yaxud «boyuna qurban!» və digər ifadələrlə dilə gətirirlər. Bu «qurban olmaq» heç də fiziki anlamda anlaşılmır. Əksinə, bu, bütövlükdə ananın övladı üçün qurban getməyə hazır olmasının dilə gətirilməsidir. Elə bir sevgi, elə bir canıyananlıqdır ki, onun qarşılığı ancaq qurban olmaqda, qurban getməkdə tapılır. Bax, ananın da bütövlükdə özünü qurban deyən hər kəsin də niyyəti, məramı o içindəki sevgini, o canıyananlığı diqqətə çatdırmaq, təqdim etmək, göstərməkdir.

Başqa bir məqam da var. O da qurban deyənin içindəki niyyətdən, məqsəddən, məramdan asılıdır. Bəzən xəstəliklə, ağrı-acı ilə, həsrətlə, bəzən də ailə və yaxud fərdi problemlə bağlı da qurbanlar deyilir. Onlar bəzən adlı qurbanlar olur. Hansısa müqəddəs ünvanda kəsiləcəyi dilə gətirilir. Tutaq ki, kimsə qurbanı Mir Mövsün Ağanın ziyarətgahına, kimsə Cərgis peyğəmbərin ocağına, kimsə Seyid Lazım Ağanın və yaxud Seyid Əşrəf Ağanın ocağına, türbəsinə qurban deyir. Ümumiyyətlə, Azərbaycanda müqəddəs ünvanlar kifayət qədərdir. Onların arasında Gəncə İmamzadəsi, Naxçıvan İmamzadələri, Beşbarmaq ziyarətgahı və digərlərini göstərə bilərik. İnanclı insanlarımız da bu ünvanlara ziyarəti də qurban deməyə hər zaman öz iç sevgiləri ilə dilə gətiriblər. Mən də bir Allah bəndəsi olaraq ziyarət etdiyim yerlərin hamısında səslənən dualara öz duamı da qatmağa çalışmışam. O dualar da Allahıma, sənə və bütövlükdə iç dünyama bəllidir. Və bir də onu da qeyd edim ki, həmin duaların Allaha və sənə bəlli olan bir nüansı da var – O da Qurban Olmaqdır. Amma təkcə Qurban bayramında yox. Axı mən hər an qurban oluram və belə də olacaqdır...

...Fikrimin, duyğularımın bir-birinə sarmaşıq olduğu bu məqamda yenə xəyallandım, yenə Haqdan gələn səsin izinə düşüb çıxıb getdim buralardan... getdim ki, ruhum ruhunla qarşılaşsın və ona desin ki:

Bir az yaxında otur,

Oxu, ruhun duasın...

Bu vida pıçıltına –

Ruhumla qulaq asım.

 

Sən göylərə çox yaxın,

Mən də yerin tərkinə.

Ruhumu səngidəcək –

Gözdən axan hər gilə...

 

Oxu, bütün duyğunla,

Ruhum görsün içini...

Sevgini gizlətmənin -

Səndə olan gücünü...

 

...Hamıdan yaxın otur,

Candan oxu duanı.

Üzümdəkini götür –

Görə bilim, bu anı...

 

Hə, bəlkə də bu şeirin Qurban bayramına heç dəxli yoxdu! Bəlkə də... bəlkəsiz deyim ki, mən hər an qurban olduğum ünvana ruhumun pıçıltısının bayramda da, seyranda da çatdırmağa həmişə tələsmişəm. 

 

TƏQVİM / ARXİV