adalet.az header logo
  • Bakı 7°C
26 Iyul 2021 12:22
95129
MƏMLƏKƏT
A- A+

Şəhidə qoyulan “hörmət” yoxsa laqeydliyin pik həddi Gədəbəydən  REPORTAJ

 

Yazıma başlamamışdan əvvəl Gədəbəy rayonundan olan tanınmış-tanınmamış bütün jurnalistlərə bir iradımı bildirmək istəyirəm. Buna hətta qınaq da deyə bilərsiniz... Hazırda 2021 –ci ildi, texnika əsridi, 2004-cü ildən “Google”- axtarış proqramı ilə istənilən məlumatı əldə etmək mümkündür.

 

Çox təssüf ki, belə bir inkişaf dövründə (bəlkə də həmkarlarımın səhlənkarlığı ucbatından )1994-cü ildə şəhid olmuş Tofiq Əli oğlu Həsənov haqqında “Google”-ni bir-birinə vursamda, heç bir yazılı materiala rast gəlmədim. Hara baxırsınız gədəbəyli jurnalistlər? Hanı, şəhid Tofiq Həsənov haqqında, onun zülm və zillət içərisində yaşayan övladları, 1994-cü ildən üzü bu yana şəhidin 3 balasına baxıb, böyüdüb, ev-eşik edib sonda xəstə düşən xanımı haqqında olan reportajınız, müsahibəniz? Haqlı qınağımı davam etdirəcəyəm...

 

Kimdir Tofiq Həsənov?

 

 

 1955-ci ildə Gədəbəy rayonu Arıqıran kəndində doğulmuş Tofiq Həsənov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə könüllü olaraq, əldə silah atılıb. Yəqin elə həmin ili Azərbaycanda Başkənd əməliyyatı deyilən bir uğurlu döyüş əməliyyatının olduğunu da unutmamısınız! 1992-ci ilin 6-8 avqust tarixlərində baş tutmuş döyüş əməliyyatı Gədəbəyin Başkənd qəsəbəsinin Azərbaycan ordusu tərəfindən ələ keçirilməsi, Mutudərə və Qasımağalı kəndlərinin işğaldan azad etməsi ilə nəticələnmişdir. Başkənd əməliyyatı Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri olub. Üstəlik əməliyyatın nəticəsi dəyişməz olaraq qalıb. Məqsəd düşmən yuvası adlandırılan Başkəndin ələ keçirilməsi və 26 kəndin üzərini alan təhlükənin aradan qaldırılması idi. Bu əməliyyatda əsas hədəflərdən biri də, Xocalıda girov götürülən əsirlərin dəyişdirilməsi üçün, maksimum dərəcədə erməni əsir götürülməsi idi. Başkənddə əməliyyat keçirilənə qədər qəsəbədə minlərlə erməni yaşayırdı. Başkənddə Azərbaycan ordusunun əməliyyatları uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx mahalının 26 kəndinin birbaşa mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçəcəkdi. Düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 PDM və digər texnikası məhv edilmişdir. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd edilsə də, düşmən itkilər verərək geri çəkilməli oldu Bax, həmin döyüşün ən fədakar iştirakçısı olub T.Həsənov.

 

 

 Fədakar döyüşçüyə, ailəsinə, yadigar balalarına etinasız münasibət

 

Niyə fədakar - onu da açıqlayım. 1992-ci ildə Tofiq bəyin özünə məxsus, şəxsi QAZ-66 markalı yük avtomobili olub. Həmin avtomobili ilə səngərdəki əsgərlərə ərzaq, silah, geyim daşıyıb. Çünki o vaxt yük avtomobillərinə böyük ehtiyac olsa da, yenicə qurulmuş müstəqil Azərbaycanın və Müdafiə Nazirliyinin bu ehtiyacı qarşılayacaq büdcəsi yox idi. Bunu şəhidin qızı Ramilə deyir. O həm də qeyd edir  ki, istəsəniz atamın sağ qalmış silahdaşlarından da soruşa bilərsiniz: “ Atam özünü müharibəyə elə həsr etmişdi ki, evin ehtiyaclarından da xəbəri yox idi. Anam deyəndə ki, evdə filan şey bitib, deyirdi ki, müharibədi, dözmək lazımdı. 1941-45-ci illərdə heç çörək də olmayıb , amma hamı dözüb, siz də dözün. Atam orduda snayperçi olub. Sovet ordu sıralarında olarkən qazandığı hərbi biliklərə görə kəşfiyyatçı kimi də fəaliyyət göstərib. Atamın tay-tuşları bilir, Gədəbəy dağlarında nə qədər döyüş olubsa, hamısında atam döyüşüb. Düşmənin kifayət qədər canlı qüvvəsini də, texnikasını da məhv edib. Sonuncu döyüşə 25 yanvar 1994-cü ildə Kəlbəcər dağlarında qatılıb. Düz fevralın 4-nə qədər... fevralın 4-də...” (Telefonun o başında səs kəsilir, yəqin ki, qəhər imkan vermir)...

Davam edir: “Atamın məzarı Gədəbəy rayon Şəhidlər Xiyabanındadır. Onu tanıyanların hamısı bilir, hamısı deyir ki, Tofiq cəsur, qorxmaz adam idi, ən təhlükəli yerlərə kəşfiyyata onu göndərirdilər. Və elə o təhlükəli bir yerdə erməni snayperçisinin gülləsinə tuş gəlmişdi”.

 

 - Atanızı itirəndən sonra hansı problemlərlə üzləşdiniz, sizi niyə incitdilər?

 

- Atam döyüşə gedəndə evimiz sadəcə palçıqla sıvanmışdı. Təmirsiz, rəngsiz... Bilirsiniz, Gədəbəy yağışlı - qarlı yerdi. Müharibə bitəndən 3-4 il sonra evimiz dammağa, çürüməyə başladı. Neçə illər qışda buz kimi soyuq, yayda isti olan o daxmada yaşadıq. Gədəbəydə onlarla bina tikildi, hətta qazilərə və şəhid ailələrinə də ev paylandı, amma nədənsə o evlərdən bizə verilmədilər. Heç gəlib maraqlanan, “ehtiyacınız varmı-yoxmu?” deyən də olmadı. Heç kim! Nə hökümət və dövlət orqanları, nə də adi sıravi xalq nümayəndələri... Qardaşım Ramil fəhlə işlədi, çalışdı, bir az pul topalayıb evin daman hissələrini təmir etdi, tək daşdan hamam tikdi, evin üstünü yenilədi.

 

 

 - Ev vermədillər verməsinlər, heç olmasa, təmir üçün müəyyən materiallarla sizi təmin etdilərmi?

 

- Anam ərizə ilə dəfələrlə Gədəbəy rayon icra hakimiyyətinə müraciət etdi. Nə ərizədən bir səs çıxdı, nə tikinti materiallarından... Heç maraqlanan olmadı ki, əri şəhid olan kimsəsiz bir qadın Arıqıranla Gədəbəyin arasında yollarda qalıb, balasının min bir əziyyətini gördükcə ürəyi ağrıyır, əlacı əlaqədar təşkilatlarda görür... Onlar isə bir şəhid ailəsinin ağrısını –acısını görməzdən gəlirlər.

 

- Ali qanunlarımıza görə, şəhidə ev verilməyibsə, torpaq sahəsi mütləq verilməlidir. Bu haqda məlumatınız varmı?

 

- Əlbətdə var. Amma hansı səbəbdən bilmirəm, bizə torpaq sahəsini də çox gördülər... Ehhh, 3 ilə qədər bütün gücü, bilik və bacarığı ilə döyüşlərdə seçilən, qəhrəmanlıqları ilə fərqlənən bir şəhidin adını heç bir yerdə çəkmirlər. Çox istərdim, Gədəbəyin küçələrindən biri onun adını daşısın, kəndin mərkəzində büstü yaxud məktəbdə xatirə guşəsi olsun. Çox istərdim... Amma şəhidin övladlarına-ailəsinə 27 ildir sərgilənən laqeyd münasibəti görəndə anlayıram ki, arzum baş tutan deyil”.

 

 

Şəhidin yarı(sı) Sədaqət xanımın iztirabları

 

 

Şəhidin xanımı Allahverdiyeva Sədaqət Hidat qızı 27 ildir Həsənovlar ailəsinin həm anasıdır, həm atası. 3 övlad böyütmək, oxutmaq, onları şəhid Tofiqin adına layiq yetişdirmək hər qadının işi deyil. Uşaqlar böyüdükcə, problemlər böyüdü. Sədaqət xanım bu problemlərin öhdəsindən gəlməyə bütün gücü ilə çalışdı. Öhdəsindən gələ bilmədiyi problemlər olanda, çarəsiz qalanda isə özünü hövlanak Şəhidlər Xiyabanına yetirir, çarəsizliyin verdiyi acı göz yaşlarını həyat yoldaşının mərmərdən baxan kədərli baxışları altında məzarın üzərinə səpələyirdi. Çəkdiyi əziyyətlərin müqabilində xeyri də oldu, ziyanı da... hər 3 övladı ailə-uşaq sahibidir. Atalarının adına uyğun olaraq, ləyaqətləri ilə yaşayırlar. Ziyan isə odur ki, yarımçıq xəstə düşüb Sədaqət xanım, sağ böyrəyi əməliyyat olunub, 2009-cu ildən də dializ xəstəsidir...sol böyrəyi pis vəziyyətdədir. Hər 6 aydan bir həkim onun böyrəyini təmizləyir. Avqust ayında növbəti dəfə getməlidir, ona da lazım olan 500 manat yoxdu. Belə ağır xəstəliklə çarpışdığı halda bilmədiyimiz səbəbdən heç onu pensiyaya da çıxartmırlar. Ramilə xanım sonda çox kədərli səslə bunları söylədi: Fikirləşirəm ki, anamın, qardaşımın, qardaşımın 2 oğul övladının və həyat yoldaşının – 5 nəfərin yaşadığı o uçuq-sökük ev Tofiq Həsənov kimi qəhrəman bir şəhidə qoyulan “böyük hörmət” in göstəricisidir.

 

27 ildə bizimlə  maraqlanmayan,  dərdimizə, problemimzə ortaq olmayan məmurların, sıravi vətəndaşların etinasızlığı anamın dərd əlindən xəstə düşməsinə səbəb olub. Bizi görməzdən gələnlərə üzümü tutub deyirəm: Şəhidinizin ruhu qarşısında heçmi vicdan əzabı çəkməyəcəksiniz? Axı , o şəhidin yarı(sı) ölüm təhlükəsi ilə burun-burunadır...Ağlım kəsəndən ata nəvazişi görmədim. Anamı xilas etmək istəyirəm, çırpınıram , əlimdən heç nə gəlmir... Mənim səsimi eşidin. Anamı ölməyə qoymayın!Qoymayın...

 

 

Qınağın davamı...

 

Yeri gəlmişkən, T. Həsənov şəhid olanda onun böyük övladı Ramilənin 12, Pərvanənin10, Ramilin isə 9 yaşı olub.1994-cü ildən demirəm, heç olmasa 2000-ci ildən üzü bu yana kim gedib bu ailəni ziyarət edib, problemlərinə dəstək olub, yazıb-pozub əlaqədar təşkilatlara çatdırıb? Belə bir jurnalist olub? Var? Varsa, bu ailənin problemləri başından aşır, niyə indiyənə qədər heç bir problem yerindən tərpənməyib, həllini tapmayıb.

 

 P.S. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev  cənabları imkanınız varsa, Arıqıran kəndinə təşrif buyurun! Orda   şəhid Tahir Həsənovun ailəsi acınacaqlı gündədir. Kömək əlinizi əsirgəməyin!Yox əgər başınız çox qarışıqdırsa, icra hakimiyyətində kifayət qədər məsul şəxs var , onlardan birini göndərin Sədaqət xanımı və onun övladlarını dinləsin! 27 il diqqətdən kənarda qalan bu şəhid ailəsi üçün artıq xahiş etmirik, tələb edirik! Həsənovlarla maraqlanın!

Davamı olacaq....

Əntiqə Rəşid