“Alma” desəm gələrsən, “armud” desəm gəlməzsən

MEHMAN CAVADOĞLU
165825 | 2021-07-28 09:27

Son günlər Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin pozulması intensivləşib və yenidən informasiya bülletenlərinin əsas xəbərinə çevrilməyə başlayıb. Artıq 44 günlük müharibə başa çatandan, ermənilərin son ümid yeri olan mobil diversiya qrupları da məhv ediləndən və ya əsir götürüləndən sonra yaranmış nisbi sakitlikdən əsər-əlamət qalmayıb. Üstəlik, prosesin coğrafiyası xeyli genişlənərək 1994-cü il mayın 5-də Bişkekdə imzalanan atəşkəs sazişindən sonra çox nadir hallarda silah səsləri eşidilən Naxçıvana da “ayaq açıb”. 

Ən pisi də odur ki, atəşkəsin pozulması barədə xəbərlər getdikcə daha tez-tez yaralanan və həlak olanlar haqqında məlumatlarla müşayət olunur. Bu isə o deməkdir ki, söhbət əli silahlı əsgər və zabitlərin sərxoş rəqsləri vaxtı açılan təsadüfi atəşlərdən yox, ölkənin siyasi rəhbərliyi və ali hərbi komandanlığı tərəfindən planlaşdırılmış sistemli təxribatdan gedir. Yəni, erməni yenə qınından çıxır. Erməni qınından çıxırsa,  deməli, onun dil verəni var. Bunu biz yox, tarixi təcrübə deyir.

Cəbhə xəttindəki 30 illik “soyuq qarşıdurma” dövründə də atəşkəs tez-tez pozulur, ölən və yaralananlar olurdu. Həmin vaxt oyunun əsas arbitri olan “Minsk qrupu” ara-sıra buna münasibət bildirər, təəssüflədiyini söyləyər və “atəşkəsin pozulmasında tərəflər bir-birlərini ittiham edir” tipli yayğın cümlələrlə işini bitmiş sayardı. O dövrdə bölgədə daimi müşahidə missiyası olmadığı üçün bu cür başdansovdu münasibəti hardasa başa düşmək mümkün idi.

İndi arbitr dəyişib, daha doğrusu, Minsk üçlüyünün özünü bölgənin ən yaxın simsarı sayan bir üzvü asayişin qorunması məsuliyyətini öz üzərinə götürərək münaqişə zonasının düz mərkəzində yerləşib, amma o, asayişi qorumaq bir yana, heç atəşkəs pozulması haqqında sələfindən qalma “mücərrəd informasiyalar yaymaq” ənənəsinə belə son qoymayıb. Rusiya sülhməramlıları ilk günlər atəşkəs pozuntularınının nəinki qarşısını almaq barədə düşünmürdü, bu faktları  heç bölgədəki vəziyyətlə bağlı daha çox öz missiyalarının üstörtülü təbliğatına hesablanmış bir neçə  cümləlik məlumatlarına da salmırdılar. Bir sözlə, hər şeyi “informasiya yoxdusa, problem də yoxdu” klassik sovet yanaşmasıyla yola verməyə çalışırdılar. 

Atəşkəsin pozulması faktları sülhməramlıların məlumatlarında yalnız proses geniş miqyas alandan, ağır fəsadlar törədəndən və mətbuatın sərt təzyiqlərindən sonra öz əksini tapmağa başladı. Ancaq yenə də “atəşkəs pozulub” kimi ümumi sözlərlə. Kim pozub, niyə pozub, onu pozana qarşı nə tədbir görülüb? Ağdamda xüsusi Monitorinq Mərkəzinin fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu sualların cavablarının ən incə detallarına kimi “atəşkəs keşikçiləri”nə məlum olduğuna şübhə yeri qalmır. Amma yenə də həqiqət açıqlanmır, ictimaiyyətdən gizli saxlanılır və nəticədə daha böyük ustalıqla quraşdırılmış manupulyasiyalar həqiqətə çevrilir.

Bu günlərdə Ermənistan mətbuatında atəşkəsin intensiv olaraq ermənilər tərəfindən pozulması barədə rus sülhməramlılarına istinadən məlumatlar dərc olunub. Təbii ki, söhbət rəsmi məlumatdan getmir. Sülhməramlılar yerli sakinlərlə söhbət zamanı deyiblər ki, Ermənistan onları gözdən salmaq, vəzifələrinin öhdəsindən gələ bilmədiklərini “sübut etmək” üçün qəsddən atəşkəsi pozur. Məqsəd isə NATO-nun, əsasən də Minsk qrupunun üzvü olan ABŞ və Fransa qoşunlarını bölgəyə gətirməkdi.

İlk mənbədən gələn dəqiq fakt kimi maraqlı olsa da, hər halda informasiya deyil, incimiş adamın ərklə öz yaxınına söylədiyi və dar ayaqda asanlıqla təkzib olunası giley-güzardı. Ola bilsin ki, sülhməramlıların rəhbərləri hansısa siyasi-diplomatik motivlərə görə bu “giley-güzarı” daha mötəbər mənbələrə istinadən rəsmi informasiyaya çevirib gündəlik məlumatlar bülleteninə salmırlar və yaxud həmin rəhbərlərin rəhbərləri buna icazə vermirlər. Ancaq indiki həssas dönəmdə atəşkəsin kim tərəfindən pozulması onun pozulmasından daha vacib informasiyadı və bunu rəsmi şəkildə bəyan eləmək həmin missiyanın birbaşa vəzifə borcudu. Bəzən adi bir quru faktın da ictimai-siyasi və ya hərbi proseslərin gedişinə həlledici təsir göstərmək imkanına malik olması təzə politoloji kəşf deyil. Üstəlik, indiki mərhələdə bu daha çox sülhməramlıların özünə sərfəli olduğu üçün hamıya məlum olayların arxasına dürtülüb gizlənpaç oynamağın da bir anlamı yoxdu.

Şuşa azad olunan kimi, yəni Qarabağın büsbütün işğaldan qurtulmasına və Ermənistanın tam məğlubiyyətinə sayılı həftələr qaldığı vaxtda Moskva indi ona təpik atan bu ölkəni klinik ölümdən qurtarmaq üçün təkcə siyasi-diplomatik canfəşanlıq göstərmədi, həm də xeyli müəmmalı, müəmmalı olduğu qədər də qorxulu oyunlar oynadı (“İskəndər” raketi...  Naxçıvanda vurulan rus vertolyotu... Bakı ətrafında zərərsizləşdirilən raket və allah bilir, daha nələr). Nəticədə gecəyarı imzalanan sazişin mürəkkəbi qurumamış heç bir beynəlxalq və “yerli” manadatı olmayan ordusunu bölgəyə daşımağa başladı. Ən qəribəsi bu deyildi, ən qəribəsi o idi ki, rəsmi Kremlin bu demarşı onun Minsk qrupunda tərəf müqabili, bütün digər platformalardasa qatı düşməni olan ABŞ və Fransa tərəfindən alqışlarla qarşılandı.

Bu gün dünyanın elə bir nöqtəsi və guşəsini tapa bilməzsiniz ki, Moskva ora həqiqətən hansısa humanitaq fəlakətin, yaxud kütləvi qırğının qarşısını almaq üçün özbaşına, yəni beynəlxalq mandat olmadan (belə mandatı, ümumiyyətlə, ona etibar edən də yoxdu) qoşun göndərsin və Qərbin alqışını qazansın. Bu cür Qərb-Rusiya həmrəyliyi yalnız erməni platforması ətrafında mümkün idi. Hərçənd, Qarabağda heç bir qırğın təhlükəsi-zad da yox idi, Azərbaycan burdakı öz üzüdönük vətəndaşlarının bütün hüquqlarına hörmətlə yanaşacağını hər fürsətdə ən məsul kürsülərdən dəfələrlə bəyan etmişdi. 

Həmin dramatik günlərdə hadisələrə birbaşa barmaq eləmək imkanı olmayan Qərb status-kvonu qorumaq, yenidən bölgəyə dönüşü üçün vaxt qazanmaq naminə Moskvaya lazım olduğundan qat-qat artıq xeyir-dua verdi. İndi böhran səngiyib, status-kvo tam olmasa da qismən öz yerindədi və artıq “mavr öz işini gördü, getməyi mümkün olmasa da bizi özünə şərik eləməlidi” iştahına düşmüş tərəf-müqabillər öz uğuruna heç kimi şərik qoşmaq istəməyən, hər fürsətdə bölgənin yalnız humanitar yardım üçün öz partnyorlarının üzünə açıq olduğunu bəyan edən Rusiyanın müqavimətiylə üzləşdikləri üçün regiona dal qapıdan soxulmaq taktikası seçib.

Bununçun əllərində seçkilərdə Rusiya partiyalarını məğlub eləmiş Paşinyan boyda kozır da var.

Ağır məğlubiyyətdən sonra Ermənistan cəmiyyətinin keçirdiyi sarsıntı dərin böhrana səbəb olmuş, ölkə dəfələrlə vətəndaş müharibəsinin bir addımlığına gəlib çatmışdı. Heç kim bunun nəylə qurtaracağını bilmir, sadəcə, prosesin sonunu gözləyirdi. Böhranın tez başa çatması ən çox Azərbaycana lazım idi, çünki onu həmin ölkədəki daxili proseslərin nəticəsi yox, 10 noyabr sazişinin müddəalarının tezliklə yerinə yetirilməsi maraqlandırırdı. Ancaq böhran nisbi də olsa başa çatandan, Paşinyan yenidən xalqdan mandat alıb hakimiyyətinin ömrünü uzadandan sonra Rusiyaya və nizamlanma prosesinə yönəlik əvvəlki konstruktiv ritorikasını dəyişərək son vaxtlar bizim üzünü görüb səsini eşitməyə qəribsədiyimiz bəzi oliqarxlarımızın leksikonuyla desək, burcutmağa başladı. Halbuki bu mandat ona hansısa müstəsna qabiliyyətinə və müharibədən əvvəlki dövrdə həyata keçirdiyi bəzi uğurlu daxili islahatlarına görə verilməmişdi, xalq müharibə partiyasını təmsil edən Qarabağ klanınından bezdiyi, ölkədə hələlik onların qarşısına çıxan başqa real alternativ görmədiyi üçün məğlub baş nazirin ətəyindən yapışmağa məcbur olmuşdu.

Paşinyanın təkrar seçilməsi ermənilərdən çox Qərbi ruhlandırdı və indi o öz ərköyün övladının xilası naminə cəmi bir neçə ay əvvəl bölgəyə girişini alqışlarla qarşıladığı yağı düşməninin əl-ayağını cilovlamaq üçün hərəkətə keçib. Təkcə ermənilərə olan aşırı rəğbətinə görə yox, həm də Cənubi Qafqaz sevgisinə görə. Amma Cənubi Qafqazı sevib onun ən böyük dövlətinin maraqlarına həqarət göstərməklə orda möhkəmlənmək mümkün deyil. ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti dövründə masaya yatırılan, adı müxtəlif, mahiyyəti yuxarı-aşağı eyni olan çoxsaylı nizamlanma variantlarının heç birində Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünün saxlanmasından söhbət belə getmirdi. Ermənistana heç də Qərbdən az yaxın olmayan Rusiya gec də olsa bunu başa düşdüyünə görə bu dəfə 2016-cı ilin aprel döyüşləri vaxtı sərgilədiyi mövqeyindən geri çəkilməyə məcbur oldu. “Bu iş əvvəl-axır olacaqsa, qoy mənim iştirakımla olsun” deyə praqmatik mövqe sərgilədi. Əlbəttə, Rusiya variantı bizim üçün ideal deyildi, amma neyləyək ki, ondan daha yaxşı və daha real variant da yox idi.

İndi Qərb əsrlər boyu yalnız zoru öz siyasətinin leytmotivinə çevirmiş bir imperiyanın nadir diplomatik uğurlarından birinə şərik çıxmaq istəyir. Əsl gizlənpaçı onlar oynayır. Qulaqlarını seçkilərdə mətəyə birinci çatmış Paşinyanın “alma desəm gələrsiz, “armud” desəm gəlməssiz çağırışındadı. Ancaq unudurlar ki, Paşinyanın “alma” deməsinə Rusiya bir yana heç Azərbaycan da imkan verməyəcək və Ermənistan gec-tez 10 noyabr sazişinin müddəalarını həyata keçirməyə və sülh sazişi imzalamağa məcbur olacaq. Atəşkəs təxribatlarısa özlərinin olan-qalan nüfuzunun da üstündən birdəfəlik xətt çəkəcək.

M. Cavadoğlu

TƏQVİM / ARXİV