adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Aqil ABBAS: NƏ OLDU, CƏNAB ZAKİR HƏSƏNOV?! 

AQİL ABBAS
55739 | 2021-07-29 12:25

Parlamentdəki  çıxışlarımın birində Müdafiə Nazirliyinin hərbi hospitalının fəaliyyətini, daha  dəqiq desək, qazilərimizə münasibətini  kəskin tənqid etmişdim. Və müdafiə nazirinə də məsləhət görmüşdüm ki, özü də bir getsin hospitalda müalicə olunsun, vəziyyəti bilsin.

Dərhal Müdafiə Nazirliyi böyük bir  bəyanat  verdi, üzərimə  hücuma keçdi. Sağ olsunlar ki, üstümə «Bayraktar» qaldırmadılar və məni ictimaiyyətdə çaşqınlıq yaratmaqda ittiham etdilər.

Və mən heç  bilməzdim ki, Müdafiə Nazirliyinin bir belə trolu var. Trolları da dronlar kimi  sağdan və soldan vurdu məni. Amma Tanrı mənim tərəfimdə oldu.

Hospitalın  rəhbərliyi də elə həmin gün mətbuat konfransı keçirtdi, bildirdilər ki, mən haqsızam, qaziləri hətta çiyinlərində gəzdirirlər, yağ-bal yedirdirlər və sair və ilaxır. Bir-iki qazini də  televizyona  çıxartdılar, özləri də  televizyona  çıxdılar.

Bəlkə  30 ildə ilk dəfəydi ki, hospitalın rəhbərliyi  mətbuat konfransı keçirirdi və jurnalistləri  hospitala  dəvət edirdi. Və təəssüf ki, jurnalistlər də  ictimaiyyəti və qaziləri narahat edən bircə sual da  ünvanlamadılar rəhbərliyə.

Nə isə… Dünən Dövlət  Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin  Hərbi Hospitalında əməliyyat həyata  keçirib və hospitalın  şöbə rəisini və bir  həkimi rüşvət üstə həbs ediblər.

Azərbaycanda heç kəs  çörəyi  qulağına  yemədiyindən hamı  yaxşı bilir ki, rüşvət alan da rüşvəti tək yeyə bilməz, bölüşməlidir. Təbii ki, bunu istintaq aydınlaşdıracaq, biz qabaqdangəlmişdik eləməyək.

Nə  oldu, cənab Zakir Həsənov? Bəs, hospitalda heç bir qazi incidilmirdi, işlər  yağ kimi  gedirdi?

Azərbaycanda belə bir atalar sözü var: «Tərifli motaldan qurd çıxar».

Tərifli hospitaldan da rüşvətxor  həkimlər.

P. S. Parlamentdəki çıxışımı saytda yenidən paylaşıram.

TƏQVİM / ARXİV