adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Sentyabr 2021 16:51
1697
ƏDƏBİYYAT
A- A+

Şairlər qəribə olmasa... - İdris Şükürlü yazır

Məni duyğu-duyğu gətirdi dilə, 
Eşqim dərdimə də bal qatdı mənim. 
Günəşə ucalan ümidlərilə  
Bir az da şairlər aldatdı məni,
Dedilər ”yaşamaq gözəldi, qardaş”, 
Mən də bu gözəlin eşqinə düşdüm.  

Bu gözəlin, ruhani dünyamızın şeir aləminə, eşqinə düşəli  yazıb-yaradıb və həmişə də az olsun, özüm olum prinsipini əsas götürüb. Bir də görüb ki, “Şeir də bir yaxşılıqdır”, “Fevral havası” kitabları çapdan çıxdı. Kitab da ki, çapdan çıxdı, oldu oxucunun, xalqın. “Kəndimin şeirini yazacağam mən” deyən şair təkcə öz kəndinin, onun tablolara sığmayan, bənzərsiz təbiətini, azman dağlarını  əsrin dizini qatlamış qocalarını şeirə gətirmədi, həm də görkəmli ingilis şair və nasirlərinin əsərlərini orijinaldan tərcümə etdi, ingilis dilli digər xalqların ədəbiyyatından çoxlu hekayə, şeir və məqaləni dilimizə çevirdi. Beş dil bilməsi ona hörmət, şərafət gətirdi, onu dünya klassiklərinin inciləri ilə tanış etdi, tərcüməçilik yoluna çıraq tutdu. Otuzdan çox mətbuat orqanında çap olundu. Otuzdan çox kitab tərcümə elədi. Şeir də yazdı, esse də, diqqət çəkən məqalə də.   

“Səttar Bəhlulzadə, sən həmişə qəlbimizdəsən , “Azərbaycanlı caz şahzadəsi öz yolu ilə gedir” (Mayk Zaverin. Tərcümə “Herald Trübun” qəzetindəndir, məqalə Əzizə Mustafazadəyə həsr olunmuşdur), ”Qızıl” dedik, qızıl qana boyandıq”, “”Mən sülh ölkəsi gördüm  (İran səfərindən qeydlər), “Qırmızı”, “Qılınc və çörək”, “Qılınc kimi sıyrılmış” məqalələri, Şəkər Aslanın kitabına resenziya, “Humanitar təfəkkür və demokratik proses” (tənqidçi-ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadə ilə polemik söhbət), “Sözün çəhrayı rəngi” (Məmməd Arazın yaradıcılığı haqqında esse), “Bu yoxluğa inanılmaz” (Hafiz Baxışın yaradıcılığı barədə), “Neftayırma zavodu, çirkli suların hara axır?” adlı problematik yazısı və müəllifin qələmindən çıxa digər yazıları oxucunun yaddaşına köçüb, həmişə də bizi düşünməyə sövq edib. 

Azərbaycan Yazıçılar Birliyinin 1988-ci ilin mart ayında keçirilmiş plenumunda xalq şairi Xəlil Rza Ulutürk şeir-sənət problemlərindən danışarkən Azərbaycan xalqının ən nəcib diləklərini, çırpıntılarının canlandıran gənc şairlər arasında Firidun Ağazadənin də adını çəkib, ona ümidlər bəslədiyini bildirib. 1985-ci dekabrında Türkan kəndində Xəlil Rzanın imzaladığı iki vərəqlik yazını Firidun xatirə kimi özündə saxlayır. Xəlil Rza yazır: “Böyük ingilis şairi Şellidən, görkəmli Amerika sənətkarı Lenqston Hyuzdan, eləcə də ingilis dilli başqa xalqların ədəbiyyatından etdiyi tərcümələr göstərir ki, Firidun Ağazadə həm şeir texnikasına yiyələnmək, həm də ingiliscənin daha dərin qatlarını mənimsəmək yolunda səylərini səfərbər etmişdir”. 

Hər bir işdə səfərbər olan, “Azərbaycan təbiəti” və “Zəka” jurnallarında, “Azərnəşr”də, “İslamln səsi” qəzetində, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (Dövlət İdarəçilik Akademiyası), AzərTAc-da çalışan Firidun Ağazadə barədə bu qeydlər olsa-olsa qısa təəssüratlardır. Onun həyatı və yaradıcılığı, ədəbi-estetik maraq dünyası daha geniş və mənalıdır. 

Bu gün rayonda, kəndlərimizdə ədəbiyyat maraqlıları, şeir həvəsli gənclərimiz çoxdur. Qələmdən yapışaraq özünü jurnalistikaya, sözə həsr etmək istəyənlərimiz də, şübhəsiz, çoxdur. Belələrini həvəsləndirmək, istiqamətləndirmək üçün rayon qəzetlərimiz daim məqsədyönlü iş aparmalıdır. Çünki bu yolda hər şey fərdin özündən asılı deyil. Mühit lazımdır. İstedad mühitin meyvəsidir, deyiblər. Məhz bu haqda düşüncələri tərcüməçi-şairlə bölüşürük: 

“... Şeir yazmağa daha tez başlamışdım. Amma jurnalistliyə haçan başladım, yadımda deyil. Bir faktı deyim. Yaxşı futbol oynayırdım. Məktəbimizin komandası rayon birinciliyinə yarışlara getməli idi. Kolxoz sədri spartakiadaya getmək üçün bizə maşın vermədiyindən o il yarışlarda iştirak edə bilmədik. Bu mənə bərk təsir etdi. Rayon qəzetinə yazı göndərdim. Bir həftədən sonra atamı kolxoz idarəsinə çağırıb qınayırlar ki, sənə nə pisliyimiz keçib ki, qəzetə məqalə yazmısan. Mən məqaləni “F. Ağayev” imzası ilə göndərmişdim. Atamın adı da “F”  hərfi ilə başladığından sədr elə bilmişdi ki, məqaləni atam yazıb. “Başımdan böyük qələt” etdiyim üçün atam məni tənbeh etsə də, görürdüm ki, cürətim xoşuna gəlmişdi. Sonralar bildim ki, jurnalistika cəsarət istəyir adamdan. 

Çox keçməmiş yenə maraqlı bir hadisə oldu. Birisi yaza bilmək qabiliyyətmi görüb imzama sığınmış, öz qara-qura fikirlərini mənim imzamla qəzetə göndərmişdi – “donos” kimi. Amma mən onun xəttini tanıdım və ...

Orta məktəb illərində sinif və məktəb divar qəzetlərinin redaktoru həmişə mən olurdum. Görünür, yaza bilirdim. Ədəbiyyat əlimdən tuturdu. Bir də ki, mən çox mütaliə edirdim. Lap çox. İki-üç yoldaş idik – Rəsul, Məhərrəm, mən. Çoxlu bədii kitab oxuyurduq. 
Kitabxanaçını zinhara gətirmişdik. Xəlvətə çəkilib mütaliə etməyin xəstəsi idim. O biri fənləri də yaxşı oxuyurdum, amma ədəbiyyata, şeirə, mütaliəyə çox həvəs göstərirdim. Bunun “günahı” özü də ara-sıra şeirlər yazan ədəbiyyat müəllimimiz Yusifəli müəllimdə idi. Kişi bizi ədəbiyyatçı eləmişdi. M.Ə. Sabirin yubileyini əsl bayram kimi keçirtdik. Çox uğurlu, gözəl tamaşalar, səhnəciklər oynadıq. Yubiley məclisinə bütün kənd gəlmişdi. On iki yaşım vardı, yaman tərifləyirdilər məni...    

Altı-yeddinci siniflərdən şeir yazsam da, görünür, “kəndimiz dünyaya uzaqmış hələ”. Mənim yazılarım “yazı” ola bilmirdi. Mənim yazılarım “pozu” idi. “Bədii cəhətdən zəif” olduğu üçün onlardan “istifadə olunmurdu.” Sonralar, lap sonralar Məmməd Aslan xeyirxahımız deyəndə ki, “”sözü yazmaq bir istedaddı, onu göyərtmək (çap etdirmək) başqa bir istedaddı”. Bax, onda mən “gah dizimə çırpdım, gah ürəyimə”. Nə sadəlövh olmuşuq? Lerikdə, dağın başında oturub söz yaz, onu Bakıda qəzetdə çap eləsinlər. Harda görünüb bu? Amma məktəbimizdəki satirik qəzet üçün yazdığım şerlər dillərdə gəzirdi. 

Sonralar gördük ki, Tofiq Mütəllibov “Azərbaycan gəncləri” qəzetində şeiri növbə ilə çap eləyir. Elə onda bildik ki, qəzetdə bir şeir çap etdirmək Bakıda dördotaqlı bir mənzil almağa bərabərdi. İndi gəl bundan sonra yaz. Yaz, görüm necə yazırsan. 

Təbiətən, çox romantik adamam. Xəyallarımın sonu yoxdur. Realist ola bilmirəm. Uşaq da aldada bilər məni. Hadini, Cavidi oxumaqdan ləzzət alıram” – deyib söhbətə gözlənilmədən ara verir. Sanki ömür yolunu yenidən gedir, ötən günləri ələyir, ələkdə qalanı mənə demək istəyir. 

“...Sonra şəhər. Bakı həyatı. Xarici Dillər İnstitutu. Tələbəlik illərində institut qəzetində şeir, hekayə, məqalə çap etdirdim. Jurnalistika ilə ünsiyyət bağlayırdım. Publisistikanı çox sevirdim. Səyavuş Sərxanlı bizim üçün örnək olmuşdu. İngilis dilini öyrənirdim, tərcüməyə də başladım. İngilis şairləri Bayronu, Şellini tərcümə etməyə girişdim. Amerika şairi Lenqston Hyuzdan şeirlər tərcümə elədim: “Əvvəl-axır bu dünya Lenin yoluna gələcək”. Tərcümələrim tələbə yoldaşlarımın arasında əməlli-başlı səs salmışdı. 

Amma şair ola bilmirdim. Məgər şair olmağa gəlmişdim dünyaya? Redaksiyalardan dirsəklə vurub çıxarırdılar bizi.... Elə o günlərdə Sabir Rüstəmxanlı ilə tanış oldum. Deyəsən, dostlaşdıq da. Bir az ürəkləndim. Elə o vaxtdan Sabir Rüstəmxanlı sözünün təəssübünü çəkməkdən qürur duymaqdayam... Şeir mənə lazım idimi? Heç özüm də bilmirdim. Sadəcə, nə üçünsə yazırdım. Bəlkə də xəyallar yazdırırdı şeiri mənə. Beləcə, redaksiyalarda dirsək göstərə-göstərə uzaqlaşdırdılar bizi. Pisikdirdilər. Dirsək görə-görə cürətsiz və ürəksiz oldum. Məni ingilis dili müəllimi, nə bilim tərcüməçi kimi görmək istəyən qardaşım yanılmamışdı. Kənd müəllimmi kimi dərsini de, inəyini saxla, uşağını böyüt. Amma, axı, mənim istəyim bu deyildi. Axtardığım nə isə tamam başqa bir şey idi. İngilis dili müəllimi oldum. Bir neçə il doğma məktəbimizdə dərs dedim. Arada bir il də əsgər getdim. Könüllü. Kənd müəllimlərini əsgər aparmırdılar, amma mən getdim. Snayperliyi öyrənirdim, şeirlər, qeydlər yazırdım. Ukraynada Bakı üçün burnumun ucu göynəyirdi. 

Qayıdıb Bakıya gəldim. Bir müddət Təbiəti Mühafizə Cəmiyyətində işlədim. Orada “oformit” olunsam da, jurnalda çalışırdım. Təbiətə divan tutanları görəndə ürəyim ağrıyırdı. Nə isə, bir gün oradan uzaqlaşmalı oldum. 

Kənddə, bilmirdim, şeir yazım, Nəsimini əzbərləyim, yoxsa dəhnəmizdə suyu kəsən nanəciblə dava eləyim. Hampaçılığa qurşanım, ya Ramiz Rövşəni oxuyum. “Hamı necə, mən də elə” ola bilmirdim. “Əh, kişi şair olub! Yenə milisdən-silisdən (məhkəmə) olsaydı, bizə də arxa olardı.” Oxumuşlara verilən tələblər belə idi kənddə. Heç doğmalar da adamı başa düşmək istəmirdi. 

Vəzifəyə, vəzifəlilərə heç simpatiyam yoxdur. Yəqin, ona görə ki, vəzifə nöqtəsində insan münasibətlərinin necə eybəcər hallara düşdüyünü gördüm. Gördüm və həzər etdim. Həzər etdim və təskinliyi yenə də sözlərdə tapdım. 

Yaşın on doqquzunda sevgi yaxaladı məni. Vuruldum. Sözün əsl mənasında vuruldum. İndi, yaşın bu nöqtəsində də o sevgi nəğməsini oxuyuram. Çünki “hər yaşda qəribdi, on doqquz yaşda oxu daşa dəymiş sevgi nəğməsi”. 

Şerlər çap etdirsəm də, şair ola bilmirdim. “Kruq”a buraxmırdılar. Ona görə də qardaşıma yazırdım: “... Deyilməz sözləri dedirtdi mənə, mənə xarici dil öyrətdi, di gəl dilini bilmədim telefonların, ürək-göbəyimi yedirtdi mənə, ürəksiz elədi məni bu şəhər.” 

“Azərbaycan gəncləri” qəzetində çap olunmuş şerimin xəbərini mənə Məmməd Araz telefonda dedi. Pah, qanadım yox idi uçmağa! Məmməd Arazın sözündən, tərifindən bəxtəvər olmuşdum. O vaxt Məmməd Arazın yanında “Azərbaycan təbiəti” jurnalında çalışırdım... Bir faktı qeyd etməyə bilmirəm. Sonralar Məmməd Arazın 50 illiyinə bir esse yazdım. Tofiq Mütəllibov çap etmədi ki, Məmməd Araz haqında gərək tanınmış adamlar yazsın. (Yazdılar da.) Necə yəni!? O yazını sonralar çap etdirdim. 

Nə müsibətlə “Azərnəşr”ə işə düzəldim, mən bilirəm. Guya xahiş də etmişdilər. Amma, ax, bu məmurluq! Qapılarda nə qədər saxlayıb bizi?! Bacardığım işi vermirdilər, o yerləri “gül balalar, şitil oğullar” tuturdu. Amma xeyirxahlar da tapıldı. Qolumdan tutanlar da oldu. Radio üçün yazılar yazdım. Eldar Baxış onlarca şerimi radio ilə verdi. Gördüm ki, yazmaq olur, amma redaksiyalarla “dil tapa bilmirdim.” Ürəksiz eləmişdi məni gördüklərim. Bir az da şairlərlə tanışlığım şeiri gözümdən saldı. Məişətlərini gördüm. Gördüm ki, bunlar da adi adamlarmış. Bunlar da “çörək yeyirlərmiş.” Mən elə bilirdim, şair insanlardan yuxarıda, Allahdan aşağıda olar. Yəni, belə olmasını istəyirəmmiş. Məsələn, bulud kimi. Yağ, çıx get. Ümumiyyətlə, şairi tanımayasan, eləcə şeirini oxuyasan. “Allah tək sevdiyim şairlər vardı, özlərini gördüm, ürəksiz oldum.” Və, İdris, sən de, qardaş, mən bu düşüncələrlə Pirasorada qalıb dəhnə davası eləyə bilərdimmi? Amma, təəssüf, “doyunca yanmağa da qoymurlar adamı.” Bir yandan da, bu bazar iqtisadiyyatı... 

... Şəhər məni qoynuna buraxmırdı. Haray çəkirdim: “Hanı dərələrim, hanı düzlərim? Nə qədər, nə qədər ürəksizlədim, çıxıb gedəcəyəm mən bu şəhərdən”.  Sonralar, “Ulduz” jurnalında şerlərim çap olunanda Əhəd Muxtar mənə deyəcəkdi ki, “şair gərək həyasız olsun, qapıdan vurdular, bacadan girsin”. Bax, belə. 

Almanaxlarda şeirlərim çap olunurdu. Xəlil Rza “uğurlu yol” yazdı. Məmməd Araz, Məmməd Aslan şerlərimi oxudular, bəyəndilər, amma sözlərim az “göyərirdi”. Bir dəfə “Ədəbiyyat” qəzetinə şeir aparmışdım. “Azərbaycan” nəşriyyatında liftdə poeziya şöbəsini müdiri Davud Nəsiblə rastlaşdım. Məni tanıyırdı. Salamlaşdıq. “Sən ancaq tərcümə ilə məşğul olursan, ya şeir də yazırsan?”- soruşdu. Nə deyəydim, üzündə şeirdən bezgin bir ifadə vardı, mənsə onun yanına gedirdim. “Yox, əşşi, mən ancaq tərcümə eləyirəm” dedim.  Elə dedim ki, qoy bir az azad nəfəs alsın. Mərtəbələri fırlanıb güllə kimi nəşriyyatdan çıxdım. Birbaş Xəzərin sahilinə. Dənizlə ünsiyyətim tuturdu. ..
1988-ci il... Əvvəlcə “Çənlibel” dərnəyi, sonra Azadlıq Meydanı “milyonlardan biri tək” məni də çağırdı. Yəni, elə bundan əvvəl də milli ideyalar bizim qanımızda idi. İndi azadlıq və qurtuluş eşqimiz daha da sürəkli olmuşdu... 

“Azərnəşr”də tərcümə kitabım çap olundu. “Zəka” jurnalının məsul katibi işlədim. Amma öz kitabımı çap etdirə bilmirdim. Dərdimi dənizlə bölüşməklə kifayətlənirdim. Tez-tez Xəzərin sahilinə gedib dalğalara qulaq asırdım Xəyalpərvər bir gənc, sevən, şeir yazan bir cavan Xəzərin dalğalarında rahatlıq tapırdı...

Bir yandan da yaşın otuzu. Həyata möhkəm bağlanmaq lazım idi. Mənsə hələ xəyallardan əl şəkə bilmirdim. Hər nəsə, gözəl şeydi xəyala dalmaq. Hazırlığım vardı, amma kömək eləyən lazım idi. Odur ki, şair ola bilmirdim. Odur ki, şeirlərim yazı ola bilmirdi. 
Və ola bilmədi. “Azərnəşr”də işləməklə yanaşı, arada iki il “İslamın səsi” qəzetini redaktə elədim. İrana səfər etdim, ziyarətdə oldum. İman işığına yol getdim. Atamın din-iman söhbətləri qolumdan tuturdu, İslami məsələlərdən yazırdım. Çoxlu yazılmamış şeirlərim vardı (yəni, indi də var), amma yaza bilmirdim... Kitabımı çap etdirdim. Nə gecikmiş sevinc?! Və kitabı, şeiri, sözü öldürən bazar iqtisadiyyatı. Bu bazar iqtisadiyyatı deyilən şey mənim kimi romantiklərin axırına çıxdı... 

“Başım sözdən-sözə dəyəndən” sonra məndə bir öcəşmə, yaxşı mənada bir paxıllıq, həsəd hissi baş qaldırdı. Axı, niyə bizdən, bizim tərəfdən şair olmasın? Bizim bulaqlar, bizim çəmənlər, bizim dağlar şeirə layiq deyil? Ya bizim kəkliklərin ayağı xınalı deyil? Bəs onların nəğməsini kim yazacaq?  (Bu fikri sonralar Sabir Rüstəmxanlıda da oxudum). Məgər bizdə ancaq əməkçi heyvandarlar yetişir? “Bizim” deyəndə, mən konkret olaraq böyüdüyüm yerləri nəzərdə tuturam. Qeyd edim ki, hər yerdən dostlarım olsa da, gizli bir yerliçilik hissi də yaşayır içimdə və məncə, bu heç də pis deyil. Bir dağa, bir kəndə, bir ocağa məhəbbət yetirə bilməyən adam böyük bir ölkəni, Vətəni də layiqincə sevə bilməz.      

... Tələbəlik illərində tar çalmağı öyrəndim. Sonsuz bir həvəs məni ağdamlı, kəlbəcərli tələbə yoldaşlarımın yanına çəkirdi. Elə o illərdə saza vuruldum. Sazın üsyanları mənim içimdə idi. 70-ci illərdə “Azərbaycan gəncləri” qəzetində “Müjdə” ədəbi dərnəyi fəaliyyət göstərirdi. Orada Aşıq Şəmşiri iki dəfə uzaqdan gördüm. Gənclərlə görüşə gəlmişdi. Sonralar Aşıq Şəmşir saz haqqında gəraylımı oxuyacaq, məni Məmməd Aslandan soruşacaqdı... “

Burada Məmməd Aslanın “Saxla izimi, dünya”  (“İşıq” nəşriyyatı, 1989) kitabından, “Şəmşir şamının işığında” yazısından bir parçanı oxuculara təqdim etsəm yerinə düşər: “... Gözəl qoşma, mükəmməl gəraylı, xoruz səsi eşitməmiş təcnis onun (Dədə Şəmşiri) qulağına hamıdan tez çatardı. 

Ömrünün son çağlarıydı. Növbəti görüşümüzdə xoş-beşdən sonra: 

-    Ay oğul, - dedi. – Bu Firidun Ağazadə kimdir?
-    Eşitməmişəm, Şəmşir əmi.
-    Nə danışırsan!? Sən eşitməyəndə, tanımayanda, bəs kim tanıyacaq?!

“Bu Firidun kimdi, nəçidi?” - deyə soruşmurdum. Çünki aşıq belə sorğu ilə ancaq qələm əhli olanları xəbər alırdı. Sonra da başladı eşitdiyim bu adamdan bir gəraylını məftunluqla əzbər deməyə: 

Nə halətdi, nə qəmdi bu? 
Can odlandı, nədəndi bu? 
Telli sazda nə dəmdi bu? – 
Çəkib zilə, oxay, oxay!  
    
-    Ay oğul, çox gözəl deyib, kəm-kəsirsiz yaradıb. Amma bu “oxay!” sözünü bizdə deyildiyi kimi “oxxay!” yaxud “oxqay!” şəklində söyləsək, lap ürəkdən tikan çıxarar:

 Alışdımı beçə pərdə, 
Hal biləni salar dərdə. 
“Baş Sarıtel” dinən yerdə 
Döndüm telə, oxay, oxay! 

“Ruhani”dən ilham istə, 
“Divani”dən qiyam istə, 
“El havası” dünyam üstə 
Gur şəlalə, oxay, oxay! 

 ...Bəmin yanar, zilin yanar, 
Kərəm kimi külün yanar. 
Dilnən desən dilin yanar,
De saz ilə, oxay, oxay!

- Ayrı bəndləri də var, onlar da gözəldi! Amma möhürbəndi yoxdur. Əvvəl yazı-pozu sən deyən inkişaf etməmişdi, söz sahibinin adını bu təxəllüs bəndlər xalqın yaddaşında saxlayırdı. İndi mətbuat, dəftər-kitab, savad hər kəsin öz malını öz adına yazır. Genə deyirəm, olsa, yaxşıydı, qoşmanı təxəllüssüz görəndə elə bilirəm başı çiynində olmayan adam görürəm. 

Nə yazıq ki, açığın bu müəllifi tanımaq marağına işıq tuta bilmədim. Bu maraqla, şairlə çox sonralar, elə bu gəraylının sorağınca gəzib tanış oldum. 

Dədə Şəmşir ömrün hər fəslində, hər ayında, hər günündə beləcə gözəl şeir axtarır, həqiqi şair soraqlardı. Məmməd Arazla da beləcə tanış olmuşdu.” 

“...Amma nə faydası?  Soyuq-soyuq baxışla söndürürlər adamı. Öldürürlər adamı”. Neçə illərdi ki, gündəlik yazıram. Bunun əsasında avtobioqrafik bir povest başladım, yarımçıq qaldı. Kimə lazımdır? Ümumiyyətlə, heç nəyi axıracan apara bilmirəm. Romantiklərdə bir hərdəmxəyallıq da olur.     

İyirmi ildən çoxdur ki, AzərTAc-da (Azərinformda) tərcüməçi işləyirəm. Tərcüməçiliklə yanaşı, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (Dövlət İdarəçilik Akademiyasında) ingilis dilindən dərs demişəm, Azərbaycan Mətbuat Şurası ilə yaxından əməkdaşlıq edirəm. “Azərbaycan ədəbiyyatında mifoloji obrazlar” adlı elmi işim neçə illərdi yarımçıq qalıb. İşin bir hissəsi hazırdı. Şair ola bilmədim, alimliyə nə hacət. Mənim aləmimdə bir Məmməd Araz min alimə dəyər. Amma Məmməd Araz ha!   

Ehtiyatda olan zabit kimi hərdən hərbi toplanışlara çağırırlar. Elə şair kimi də ehtiyatdayam... Belə...

Amma, nə deyirsiz, deyin, gözəl şeydir xəyala dalmaq. Xəyala dalın, görərsiz...”

Bu təvazökar ziyalı ilə söhbəti necə qələmə aldım, dediklərindən nəyi nəzərdən qaçırdım, biləmmərəm. Amma onu bilirəm ki, şairlər qəribə olmasa, şair olmazlar ki!.. 

İdris Şükürlü, 
Əməkdar jurnalist