Oğluna görə 21 kişini öldürən ilk qadın "kabadayı"
“Kabadayı” deyərkən (bizdə bu sözün müxtəlif qarşılıqları var) ağlınıza ilk nə gəlir? Ağır yerişli, sərt baxışlı, əlində təsbeh, belində bıçaq, həmişə qara geyinən, hamıyla dalaşan birimi?
Özünəxas namus qaydaları olan və bu qanunlardan kənara çıxmayan, yaxşı döyüşə bilən, qorxusuz insanlardır kabadayılar. Belə baxanda, bütün bunlar kişilərə daha çox yaraşır, amma gözü dönən bir qadın düşünün…
Tarixə baxsaq, kabadayılar çox olub, əksəriyyəti də kişi. Bunların yarısı gerçək, yarısı uydurma. Amma bir qadın var idi, türk idi, İstanbulda qısa müddətdə adını hamıya tanıtdırmışdı.
Bəs yaxşı, bu qadın necə ortaya çıxmışdı? Necə mafioz olmuşdu?
Baltalı Hano…
Osmanlının daxilində baş verən üsyanlarla, başqa dövlətlərlə müharibələrlə yıxılma dövrünə girdiyi illərdə fermer bir ailənin qızı olan Hanzadə tarladakı məhsulları atası ilə toplayır, bazarlarda satırdı. Təbii ki, o dövrlər də çətinlik içində keçirdi. Müharibə, qıtlıq, yoxsulluq…Pul qazanmaq da çətin idi, xərcləmək də.
Atası bu yoxsulluqdan çıxış yolunu onu ibtidai sinfi bitirən kimi varlı bir adamla evləndirməkdə görür. Hanzadənin bu adamdan bir oğlu olur. Evlilik həyatına zamanla öyrəşib, zənginliyin də gözəl tərəflərini görəndən sonra bu dünyanı sevməyə başlayır.
Amma...
… oğlu altı yaşında ikən ərinin vəfatı ona ağır zərbə olur. Ərindən böyük bir sərvət ona qalır. O düşünsə də ki, ən azı maddi cəhətdən kef içində yaşayacaq, bu, ona qismət olmur. Çünki yoxsulluq dövründə bu pulları ona tək yedirtməzdilər. Dövrün ən öndə gedən mafiyalarından biri pulun qoxusunu alır. Bu adam Solak Liqor kimi tanınırdı. Bıçağı qorxunc dərəcədə yaxşı istifadə edən, biləyi güclü bir adam idi. Hanzadəyə də dəli kimi aşiq idi. Küçələrdə “Hanzadə” deyib bağırırdı.
Hanzadə də yalnız qalmaqdansa, onu sevən və qorumaq gücündə olan biriylə ömür sürməyi seçir.
Axşamların birində evə gəlib oğlunun evdə olmadığını görür. Baxmadığı küçə, axtarmadığı künc-bucaq qalmır. Yox ki yox. Qəribəsi budur ki, o hər axtarışa çıxanda sevgilisi ona mane olur. “Sən əziyyət çəkmə, adamların onsuz da oğlunu axtarır” deyib onu saxlayır. Hanzadə bu vəziyyətdən şübhələnir və bir gün kişi cildinə girib sevgilisinin arxasınca düşür. Onu izləməyə başlayır.
Solak Liqor üçün sıradan bir axşam idi.
Küçələrdə gəzir, dükanlardan xərac toplayırdı. Yorğunluğunu çıxarmaq üçün hamama üz tutur. Hanzadə də onun dalıyca hamama girəndə gördükləri onu sarsıdır. Oğlu hamamda “hamam oğlanı” kimi xidmət edirdi. "Hamam oğlanı” o dövrdə kişilərin cinsi ehtiyaclarını ödəmək üçün xidmət edənlərə deyirdilər. Oğlunun sevgilisi tərəfindən qaçırılıb bu işə məruz qoyulması Hanzadənin gözlərini qana bürüyür. Hamamda odunların arasındakı baltanı götürüb sevgilisinin kəlləsini üzür. Bununla ürəyi soyumayan Hanzadə hamamda olan 21 kişinin başını bədənindən ayıraraq oğlunu da götürüb qaçır.
Hələ gün doğmamışdı ki, bütün İstanbul ondan danışmağa başlamışdı. O gündən sonra o, Hanzadə kimi yox, “Baltalı Hano” olaraq adını tarixə yazdırır.
Osmanlının daxili qarşıdurmaları, üsyanlarına başı qarışdığı üçün bu hadisəylə maraqlana bilmir. Çevrədəki kabadayılar işə əl qoymağa fürsət tapmamış Hanzadə artıq adamlarını yığmışdı. Dövrün kişi mafiozlarının başını üzür, küçələrdə sərgiləyirdi. Təbii ki sərvətinə də sərvət qatırdı.
Yəni Hanzadə kabadayılıqdan mafiozluğa qədəm qoymuşdu. Təxminən 17 ay İstanbulda terror ab-havası əksik olmadı. Dövlətin öz problemlərindən baş açması cinayətkarlara da vaxt ayrılmasına yola açdı. Uzun müddətdən sonra Baltalı Hano xərac almaq və baş kəsməkdə günahlandırılıb güllələndi.
Beləcə, Hanzadə türk kabadayılıq tarixinə öz adını baltasıyla yazdırmış oldu.
Tərcümə şöbəsi: Eminquey