adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS: «KRUNK»UN SİMVOLU GƏNCƏ  QAPISINDAN SİLİNMƏLİDİ

AQİL ABBAS
3646 | 2021-10-12 18:10

Şuşaya kim  səfər edirsə, istəyir  bizimkilər, istəyir xaricdən gələnlər,  mütləq Gəncə qapısının  önündə şəkil çəkdirirlər  və bir çox  müsahibələri də həmin yerdə verirlər.  Həm bu şəkillər, həm də  müsahibələr  dünyanın bir çox mətbuat orqanlarında dərc olunur və  televiziya kanallarında yayımlanır.

Ay yarımdan sonra qələbəmizin bir ili  tamam  olur. Amma bu günədək həm bərpaçılar, həm  bizim  tarixçilər, həm də  elə yazı-pozu adamları  bir məsələni diqqətdən  qaçırırlar.

Qarabağ separatçılarının  Qarabağı Ermənistana birləşdirmək ideyaları  az qala  yüz ildən  artıqdı. Dəqiq tarixi  yadımda deyil, deyəsən   70-80-ci illərdə də «Krunk» adlı bir  təşkilat  yaratmışdılar, həm xaricdə, həm də  Sovet İttifaqında, həm də Azərbaycanda yaşayan ermənilər imkanları daxilində gizli  yollarla bu  təşkilata pul ödəyirdilər. Xankəndində və ətraf ərazilərdə yaşayan  erməni ziyalıları, yazıçıları, şairləri   bunu bir ədəbi təşkilat kimi bizə sırıyırdılar.  Bu təşkilatın da üzdə, başında  duranlar Azərbaycanın  Yazıçılar  İttifaqının üzvü olan  və olmayan erməni yazarları idi.

Əslində isə Xankəndində yaşayan və yüksək vəzifələr tutan mafiozlar idi.  Son illərdə təşkilata Robert Köçəryan rəhbərlik edirdi.

«Krunk» - Azərbaycan dilində  «durna» deməkdir. Təşkilatın  simvolu da  «durna qatarı» idi. 

Separatçıların  bayrağı əslində Ermənistanın  dövlət bayrağıdı. Və həmin bayraq da  durna qatarı ilə  iki  yerə bölünüb: böyük və kiçik  hissə. Mənası da odur ki, Dağlıq Qarabağ  Ermənistanın  bir hissəsidir və durna qatarı  onu  Ermənistana  birləşdirir.

Gəncə qapısının üstündə də  həmin simvol öz əksini  tapıb. Yəni  ermənilər  çox ustalıqla Gəncə  qapısını   durna qatarı ilə bəzəyiblər  və bizlər də bunu elə sadəcə bəzək kimi qəbul edirik.

Hazırda Qalada sürətlə  bərpa işləri gedir. Yaxşı olar ki, bərpaçılar  bu məsələni  diqqətə  alsınlar və «Krunk»un simvolunu  Gəncə  qapısından  silsinlər.

Həm Gəncə  qapısının  şəklini, həm  Ermənistanın  dövlət bayrağının, həm də  separatçıların bayrağının  şəkillərini  təqdim edirik.

 

TƏQVİM / ARXİV