adalet.az header logo
  • Bakı 11°C
07 Oktyabr 2021 12:11
1780
GÜNDƏM
A- A+

İlham Əliyev: “Yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq”...

2020-ci il oktyabr ayının 4-də 27 illik həsrətdən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Cəbrayıl şəhərini işğaldan azad etməklə 44 günlük Zəfər Qələbəsini təməlini qoydu. Cəbrayılın işğaldan azad edilməsinin bir illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu rayonda işğaldan sonra başlanan quruculuq –bərpa işləri ilə tanış olmaq məqsədilə səfərdə olub.

     Cəbrayıl ictimayyətinin nümayəndələri ilə keçirilən görüşdə şəhərin yenidən qurulması baş planı Prezidentə və ictimayyətə təqdim olundu. Prezident İlham Əliyev görüş zamanı çıxışında bildirdi ki, sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün gödtəricisidir. “Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.

   

Qəhrəman ordumuzun, düşmənin bir neçə xətdən ibarət qurduğu istehkamları yararaq qəhrəmanlıq və fədəkarlıq göstərdiyini vurğrlayan Prezident İlham Əliyev, qeyd etdi ki, əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər: “Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü”.

       Prezident, Cəbrayıl rayonunun inkişafında önəmli rol oynayacaq, 200 hektar ərazini əhatə edəcək “Araz Vadisi İqtsadi Zonası” layihəsi barədə məlumat verərək bildirdi ki, “Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar”.

Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə artıq Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. İlam Əliyev rayonda tikiləcək  birinci yaşayış binasının təməli qoyldu və bildirdi ki, bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Eyni zamanda rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.

 Böyük Qələbəmizin unudulmaz tarixini bir daha yada salan cənab Prezident bidirdi ki, Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. “Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir.    Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var idi.  Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı.

   “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır.Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir.Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar.44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik”.

 

Azərbaycan bütün təxribatlara üstün gələcək

44 günlük Zəfər Qələbəsindən sonra, ölkəmizə qarşı revanşizim xülyalarında olan və bununla bağlı müəyyən təxribatlara əl atmağa cəhd edən qüvvələrə də xəbərdarlıq etdi: “Təhdidlərin qarşısını almaq Azərbaycanın legitim hüququdur. Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz.

Hansısa əyalət mollasının sözləri münasibətlərin pozulmasına səbəb ola bilməz. İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun.

Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq.

 Azərbaycan heç kimin sərhədini pozmayıb. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri.Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir.

Uzun illər ərzində Azərbaycana qarşı edilən təzyiqlərin və təxribatların təməlində Qarabağ amili dururdu. “Siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız” kimi səsləndirilən tezislərə son qoyuldu. Bütün təzyiqlərin təməlində o dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Bununla da təzyiq göstərməyə çalışırdılar”.

 

Artıq müharibənin başa çatmasından bir ilə yaxın vaxt ötüb. Reqionda yeni reallıq və yeni perspektivlər yaranıb. Prezident İlham Əliyev Azərbaycanın əməkdaşlığa açıq ölkə olduğunu vurğulayaraq, bütün qonşu dövlətləri əməkdaşlıq platformasına qoşulmağa dəvət etdi:  “Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. İki ölkə arasında danışıqların gündəliyi artıq müzakirə olunur. Bəziləri bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Sərhədlərin delimitasiyası həyata keçirilsin.

Ermənistanla Azərbaycan arasındakı ədavət əbədi olmamalıdır. Regionda yeni dövr başlayır. Bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər.

5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycana qarşı yeni təxribatlar aparılır, biz buna hazır olmalıyıq. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə düşmən ordusunu darmadağın edərək qalib gələn Müzəffər Ordumuz, erməni faşizminə son qoydu.  “Erməni mifologiyasına son qoyuldu. Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki o, on min fərarisi olan ordudur. Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər”.

 

Hazırladı:  Rüstəm Hacıyev