Kin və nifrət siyasətlə uyuşmaz

MEHMAN CAVADOĞLU
2206 | 2021-10-09 11:05

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycanla gərginləşən münasibətlər fonunda qəfil Moskvaya səfər etməsi bir çox dedi-qodulara yol açdı, hətta bəzən ən adi, ən primitiv təfəkkürün belə sərhədlərinə sığmayan fantastik siyasi versiyaların səslənməsinə səbəb oldu. Çünki avqustun 11-dən, yəni Azərbaycan İran yük maşınlarının qanunsuz olaraq öz ərazisinə gəlməsinə görə rəsmi Tehrana nota verdiyi gündən sonra iki ölkə arasındakı münasibətlər xeyli pisləşmiş, daha doğrusu, daim mövcud olan, ancaq nəzakət xətrinə boğazdan yuxarı xoş sözlərlə ört-basdır edilən gərginlik açıq müstəviyə çıxmışdı. Hərçənd, Azərbaycan narazılığın rəsmi nota səviyyəsinə qədər şişməməsi üçün xeyli cəhdlər göstərmiş, Qarabağa qanunsuz yükdaşımalara son qoymağı müxtəlif kanallar vasitəsilə dəfələrlə qarşı tərəfin nəzərinə çatdırmışdı. Amma farslar demiş, çifayda.

Narazılıqlar açıq müstəviyə çıxandan sonra İran rəsmiləri bir-birlərinin ardınca ən ağır və təhqiramiz ifadələrlə Azərbaycanı yamanlamağa başladılar. Bu yamanlama və qaralama prosesində əyalət mollalarından tutmuş ali dini rəhbərə kimi bütün ranqlardan olan dövlət adamları və ictimai-siyasi elita təmsilçilərinin az qala elliklə iştirakı isə bir ayrı dəstgah idi. Sanki illərlə ürəklərində yığılıb qalmış xıltı dağıtmaq üçün çoxdan fürsət axtarırmışlar. Bir yandan İslam İnqilabı Keşikçiləri Korpusunun Təbrizdəki bölməsinin rəhbəri Hüseyn Pirismayıl bu cür davranışların Azərbaycanın mövcudluğuna təhlükə olduğunu bildirir, digər yandan ölkənin xarici işlət naziri İranın öz sərhəddində İsrail hərbçilərinin mövcudluğuna dözməyəcəyini və qəti tədbirlər görəcəyini bəyan edir. Bəs, bu mifik İsrail hərbiçiləri necə, nə vaxt İran sərhədlərinə gəlib, həmin sərhədlərin harasında yerləşiblər? Onları nə bir görən olub, nə də haqqında eşidən. Sadəcə, ali dini lider sərhəddə sionistlərin olduğunu bildirdikdən sonra ağız-ağıza verən əsabələr həmin yalanı tirajlamaq üçün sanki növbəyə durmuşdular.

Azərbaycanın bölgəyə İsraili gətirməsiylə bağlı İranın əvvəlcə əyalət mollaları, sonra rəsmi şəxsləri tərəfindən söylənilən yalanları dövlət prezident İlham Əliyev elə İranla sərhəddə yerləşən Cəbrayıl rayonundan, özü də çox orijinal bir üslubda təkzib elədi: “Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Əslində, rəsmi Tehranın Azərbaycana qarşı qəzəbinin kökündə onun 44 günlük müharibədə çaldığı möhtəşəm qələbəni həzm edə bilməməsi amili dayanır. Dağlıq Qarabağ münaqişəsi başlayan vaxtdan bu günə kimi İranın bu prosesdə həmişə Ermənistanın yanında yer alması heç kimə sirr deyil. Onların bütün sülh və barış təşəbbüsləri də son nəticədə Azərbaycanın ciddi itkilərlə üzləşməsinə səbəb olub. 1992-ci ildə Şuşanın İran prezidenti Haşimi Rəfsəncaninin təşəbbüsüylə Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı sazişdən bir gün sonra işğal olunması da bu günə kimi cavabı bilinməyən çoxsaylı “Qarabağ müəmmaları”ndan biri olaraq qalır.

İran Qarabağ münaqişəsiylə bağlı indiyə kimi zahirən özünü bitərəf göstərib. Hətta 44 günlük müharibənin gedişində də, ondan sonrakı aylarda da nisbi neytrallığını qoruyub saxlamağa çalışıb. Ancaq bu onlara Ermənistanla hər sahədə sıx əməkdaşlıq etməyə, faktiki olaraq özü- özünü blokadaya salmış bu ölkə üçün nəfəslik rolunu oynamağa mane olmayıb. İran Ermənistana həm maddi, həm mənəvi dəstək olub, münaqişədən əziyyət çəkən müsəlman-şiə qardaşlarına bu fəlakəti yaşadan ölkəyə qucaq açıb, dar ayaqda onun yanında durub, bu azmış kimi həmin müsəlman-şiə qardaşlarının el-obasını, ev-eşiyini, yurd-yuvasını dağıdıb talan eləməkdə ermənilərə yardım edib, necə deyərlər, şəriyinə satıb yeyiblər.

Hüseyn Əmir Abdullahiyanın bölgədə yaşanan son gərginliklər fonunda ekspromt təsiri bağışlayan Moskva səfərini bir çoxları hansısa gizli planın tərkib hissəsi kimi qələmə vermək istəsə də, bu əslində əvvəlcədən planlaşdırılmış bir səfər idi və yeni qurulmuş hökumətin öz tərəfdaşlarıyla tanışlıq və qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər ətrafında mövqelərinin testləşdirilməsi cəhdiydi. Odur ki, İran-Azərbaycan sərhəddində baş verən son olaylar bu görüşdə müzakirə olunan məsələlər arasında heç də prioritet təşkil etmirdi. Həm də zahiri hay-küyü nə qədər qulaq batırsa da, ortada mahiyyətcə tələm-tələsik müzakirə olunası bir şey də yoxdur. Sadəcə, Azərbaycanın qələbəsini sinirə bilməyən, uzun müddətdir az qala ermənilər qədər bunun acısını yaşayan cənub qonşumuzun hikkəsi vurub üzünə çıxıb, vəssalam.

Moskva görüşündən sonra keçirilən mətbuat konfransında Lavrovun İranlı jurnalistin sualına cavabı İrana yönəlik tərs şapalaq idi. Onun Azərbaycan və Türkiyənin Xəzər dənizində, Azəbaycan, Türkiyə və Pakistanın Bakıda keçirdikləri birgə hərbi təlimlərlə bağlı İranlı jurnalistin sualına verdiyi cavabı olduğu kimi təqdim edirik: “Rusiya hərbi aktivliyin genişləndirilməsinə və hər hansı bir təlimin təxribat xarakteri daşımasına qarşı çıxır. Azərbaycan da bizim İranlı dostların bu yaxınlardakı sərhəddə keçirilən təlimləriylə bağlı narahatlığını ifadə edir. Xəzərə və Xəzər regionunun işlərinə qarışmağa zəmin hazırlayan xarici dövlətlərə gəlincə, biz bu gün öz həmsöhbətimizə, dostlarımıza dəfələrlə xatırlatdıq ki, Xəzər dənizinə çıxışı olmayan ölkələrin silahlı qüvvələrinin Xəzər dənizində iştirakını qəti qadağan edən Xəzərin hüquqi statusu haqqında konvensiyanın qüvvəyə minməsini mümkün qədər tezləşdirmək lazımdı”. Xatırladaq ki, Xəzəryanı ölkələrdən bu konvensiyanı ratifikasiya etməyən və bununla da onun işlək hala gəlməsinə mane olan tək ölkə İranın özüdü.

Bir sözlə, artıq bölgədəki münasibətlər sistemi siyasi-diplomatik çərçivələri aşaraq əzələ nümayişi mərhələsinə qədəm qoyub. İranın illərlə üzünə örtdüyü maskasının yırtılması və nəhayət, olduğu kimi görünməyə başlaması ən azı tərəddüdlərə son qoymaq baxımından Azərbaycanın işinə çox yarayır. Onsuz da, əsəblərinə hakim kəsilə bilməyən, güclü rəqiblərinin hayıfını zəif saydıqlarından çıxmağa adətkərdə olmuş bu cür rejimlərlə dil tapmaq mümkün olmadığına görə münasibətləri malalamağa, ona zahiri bərbəzək vurmağa ehtiyac yoxdu.

Son günlər İranın yollar və şəhərlərin inkişafı nazirliyi Ermənistanda ən dəbdə olan dövlət qurumlarından birinə çevrilib. Hazırda bu nazirliyin rəsmiləri Yerevanla əl-ələ verib artıq “Şimal-Cənub” nəqliyyat dəhlizi yaratmaq adıyla Yerevanın yolunu ağardıblar. Hətta bu yöndə hər gün ard-arda bəyanatlar və açıqlamalar verən nazir müavini Xeyrulla Hadəmi artıq Azərbaycanı bu layihədən uzaqlaşdırıb. Bildiyimiz qədər “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi üzərində iş çoxdan başlayıb və dünyanın bir çox böyük dövlətlərinin maraq göstərdiyi bu layihədə İranın iştirakına yardım məqsədilə Azərbaycan hazırda öz vəsaiti hesabına “Astara-Astara” dəmir yolu xəttinin çəkilişiylə məşğuldur. Təbii ki, Yerevanda ermənilərlə qol-boyun olub Azərbaycan əleyhinə gündə bir yalan danışan yollar nazirinin müavini əsl həqiqətləri bilməmiş deyil. Bir müddət sonra unudulub gedəcək bu cür “növbətçi” bəyanatlar sadəcə, vəziyyəti bugünkü konyukturaya uyğun olaraq daha da körükləmək üçün üçün ona və onun Tehrandakı ağalarına lazımdı.

İran-Ermənistan qardaşlığı son illər o qədər dərinə işləyib ki, artıq hər iki ölkə bir-birlərinə olan aşırı sevginin acı nəticələriylə üz-üzə qalmaq ərəfəsindədi. Son günlər Tehran qəzetlərində Ermənistanın Süniki tərk edəcəyi təqdirdə İran qoşunlarının bu bölgəni işğal edəcəyilə bağlı dərc olunan məqalələr buna sübutdu. Bir müddət əvvəl bölgənin sülh və əmin-amanlığa qovuşması, inkişafı naminə müxtəlif əməkdaşlıq formatlarının yaradılmasıyla bağlı çoxsaylı təkliflər irəli sürülürdü. Bu təkliflərin arasında İranın da iştirakını nəzərdə tutan “6-lıq formatı”nı ekspertlər daha münasb variant hesab etsələr də, Gürcüstanın tərəddüdü onun gerçəkləşdirilməsi yolunda müəyyən əngəllər yaratdı. Yaxşı ki, yaratdı və ilk gərginlikdəcə İran içinin paxırını açdı. Ən maraqlı, daha doğrusu acınacaqlı fakt isə bu ölkənin qəzetlərində Zəngəzurun Sünik kimi yazılmasıdı.

Bir sözlə, cənub qonşumuz son demarşıyla özünü regiondakı proseslərdə iştirakdan, yəqin ki, birdəfəlik təcrid etdi, necə deyərlər, legitimliyini itirdi. Bu boyda hoqqabazlıqdan sonra Azərbaycan onsuz da heç vaxt etibarlı tərəfdaş gözündə görmədiyi bu ölkənin Ermənistanın əliylə dal qapıdan regiona daxil olmasıyla razılaşa bilməz və razılaşmamalıdı. Onun uzun illərdi içində yığılıb qalmış kin püskürməsi Ermənistan sevgisindən çox Azərbaycana olan nifrətin məhsuluydu ki, Arazın şimalında bunu heç kim unutmayacaq və unutmamalıdı. Üstəlik, İran bu cığal davranışlarıya özünü bölgədə maraqları olan digər oyunçuların gözündən də saldı.

Kin və nifrət siyasətlə uyuşmayan istilahlardı və ona mübtəla olanların gec-tez məğlubiyyətlə üzləşəcəkləri qaçılmaz gerçəklikdi.

M. Cavadoglu

TƏQVİM / ARXİV