adalet.az header logo
  • Bakı 13°C
26 Oktyabr 2021 09:22
455
SAĞLAMLIQ
A- A+

Koronavirusun "AY.4.2" variantı ciddi yanaşılmalı mutasiyadır - Mütəxəssis

Dünyada geniş yayılan və yoluxmaların artmasında birbaşa təsiri olan koronavirusun "Delta" ştammının mutasiyaya məruz qalması alimlərin həyəcan təbili çalmasına səbəb olub. Mutasiyadan sonra ortaya çıxan "AY.4.2" adlı yeni variantın "Delta"dan belə daha təhlükəli olduğu qeyd edilir. Artıq yeni variant Birləşmiş Krallıqdan sonra ABŞ və İsraildə də aşkarlanıb. İsrailin Səhiyyə Nazirliyi ölkədə ilk dəfə Moldovadan gələn bir uşaqda görülən bu variantın hazırda 6 nəfərdə təsdiqləndiyini elan edib. İsrailli mütəxəssislər "AY.4.2"nin "Delta"dan 15 dəfə daha yoluxucu olduğu qənaətindədirlər.

Yeni variant barədə Trend-ə açıqlama verən infeksionist Nicat Əzimli də "AY.4.2"nin diqqətə alınmalı bir mutasiya olduğunu bildirib:

"Bu variantla bağlı hələki məlum olan əsas xüsusiyyət yoluxuculuğunun "Delta" variantından daha yüksək olmasıdır. Bu da virusun replikasiya sürətinin artmasına, gizli dövrünün qısalmasına və klinik gedişatın sürətlə inkişafına dəlalət edir. Digər bir məqam daha aşağı yaş qruplarında da klinik ağırlaşmaların müşahidə olunmasıdır. Bunlar nəzərə alınaraq çox ciddi yanaşılmalı mutasiyadır".

Qeyd edək ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan yeni tip koronavirusun (COVID-19) bu vaxta qədər bir çox variantı məlum olub. Bunlar "Alfa", "Betta", "Qamma", "Mu", "Delta", "Eta" və digər ştammlardır. Hazırda bu ştammlar arasında ən geniş yayılanı və daha təhlükəlisi "Delta"dır. "Delta"nın mutasiyaya məruz qalması nəticəsində ortaya çıxan "AY.4.2" variantı isə hələ dünyada o qədər də geniş yayılmasa da təhlükəlilik baxımından "Delta"dan da ağır qiymətləndirilir.