adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Oktyabr 2021 12:48
2129
ƏDƏBİYYAT
A- A+

Yaxşı sözdür “sülhə məcburetmə” - Firidun Ağazadə yazır

Yaxşı sözdür “sülhə məcburetmə. Bu sözü rus və ingilis dillərində də təqdim etsək faydasız olmaz: “принуждение к миру”- "peace enforcement".

Ali Baş Komandanımız yağı düşməni sülhə məcbur etdi. Prezident İlham Əliyevin həmin jesti gözlərimin qarşısındadır: “Azərbaycan Ordusu mülki insanları, mülki obyektləri hədəfə almır, işğalçını sülhə məcburetmə əməliyyatı həyata keçirir. Biz düşməni sülhə məcbur edirik!” - deyib baş barmağını şəhadət barmağı ilə qoşalaşdırıb süngü kimi irəli uzadır. “Qarabağ Azərbaycandır!”

Bir yazımda yazmışdım: “44 gün ərzində, Vətən müharibəsindən əvvəl və sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın ən ünlü media vasitələrinə müxtəlif dillərdə yüksək peşəkarlıqla və diplomatik məharətlə verdiyi müsahibələr uzaq vuran artilleriya silahıdır”.

Bu müsahibələrlə Prezidentin əsas məqsədi diqqətin bir daha Azərbaycanın işğal altındakı ərazilərinə, beynəlxalq güclərin Azərbaycana qarşı ədalətsiz davranışlarına, Qərbin “ikili standartları”na, Ermənistanın işğalçılıq siyasətinə cəlb etmək idi - təcavüzkara qarşı analoji hallarda tətbiq edilən sülhə məcburetmə mexanizmləri niyə işə salınmır? Niyə təcavüzkarın adı deyilmir, ona qarşı sanksiyalar tətbiq olunmur, legitim sülhə məcburetmə əməliyyatı keçirilmir? BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri niyə kağız üzərində qalır?

Diplomatiyada “sülhə məcburetmə” anlayışı var. Beynəlxalq təcrübədə sülhə məcburetmə aktları həyata keçirilib – Kambocada, Şərqi Timorda, Ruandada, Somalidə, Yuqoslaviyada, Bosniya və Herseqovinada. Niyə Azərbaycanda olmasın? Sülhə məcburetmə aktları hərbi gücdən istifadə etmədən də - iqtisadi, hüquqi, maliyyə sanksiyaları vasitəsilə həyata keçirilə bilər. Amma 30 il idi ki, dünya Ermənistanın şıltaqlıqları ilə oynayır, işğalçıya “Dur!” demirdi...

“Qarabağda hərbi eskalasiya böyük riskdir, Azərbaycan buna gedirsə, görünür, danışıqların nəticə verəcəyinə ümid qalmayıb” – bu sözləri Karnegi Fondunun elmi işçisi Tomas de Vaal BBC-yə verdiyi müsahibədə demişdi. Ona görə də, qlobal təhlükəsizlik kontekstində Azərbaycanın təcavüzkar Ermənistana qarşı tətbiq etdiyi “sülhə məcburetmə” aktı regional təhlükəsizlik sisteminin yaradılması üçün də mühümdür.

Sülhə məcburetmə mexanizmi hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi aktıdır. BMT Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir. Başqa sözlə, düşmən cığallıq edirsə, müharibə qanunlarını pozursa, onu sülh davranışlarına məcbur etmək lazım gəlir. BMT TŞ-nın bu hüququnu da Azərbaycan özü həyata keçirdi. 2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Ermənistanı sülhə məcburetmə əməliyyatı idi.

...Və 44 gün çəkən Vətən Müharibəsində Azərbaycan tarixi ədaləti bərpa etdi, sülhə məcburetmə mexanizmini işə salıb təcavüzkar Ermənistanı havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan ərazilərindən “qovdu”. Cənab Ali Baş Komandan əks-hücum əməliyyatlarının başladığı ilk andan bu müharibənin sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.

Nə yazıq ki, bu sülhə məcburetmə əməliyyatı qansız olmur.

Allah şəhidlərimizə rəhmət eləsin.