adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Oktyabr 2021 11:40
822
MƏMLƏKƏT
A- A+

Ağ xalatın işığına hər zaman inanmışam...

Soruşsalar ki, səni həyata bağlayan nədir? Bəlkə də bir çox səbəb yazmağa çalışaram. Amma ilk cümləm, ilk sözüm yeganə övladım Aysu olar. Məni həyata bağlayan ən möhkəm, həm də ən kövrək tel elə odur.

Bu günlərdə Aysu xəstələnmişdi. Çox həyəcan keçirdim, narahat oldum. Görəsən nə idi xəstəliyi, soyuqlamışdımı, yoxsa insanları qoxuya salan virusamı yoluxmuşdu? Tərəddüd içində var-gəl edirdim. Ümid həkimlərə qalmışdı. Təcili 103-ü yığdım. Aradan bir neçə dəqiqə keçmiş Binəqədi rayonu Biləcəri qəsəbəsi 17 saylı Köməkçi Yardım Stansiyasının həkimləri harayımıza yetişdilər. Qonşum Mərziyyə xanım da yanımızda idi. Elə o da mən qədər  təlaş keçirirdi. “Uzaq qohumdan yaxın qonşu yaxşıdır”- məsələnin istiliyi də elə o anlarda canıma hopdu.

    Əlqərəz, həkimlərin tələm-tələsik həyacanlı şəkildə ünvana yetişməsi məni çox sevindirdi. Dərhal uşağı müayinə etdilər, qabaqlayıcı tədbirlər gördülər. Qızımın bənizi, rəngi, ruhu özünə qayıtdı. Qonşumda da, məndə də toxtaqlıq yarandı. Bildik ki, qorxulu bir şey yoxdur. Aysudan Covid-19 testi üçün yaxma da götürdülər. Şükür Allaha ki, testin də cavabı neqativ oldu. Həkimlərin səyi də hədər getmədi. Düşündüm ki, belə bacarıqlı, vətəndaş məsuliyyətilə çalışan həkimlərimizə quru sözlə də olsa təşəkkürümü bildirim. Həkim Zöhrab Nəsibov, tibb işçisi Nərmin İmanova və sürücü Yaşar Babayevə təşəkkürüm var.  Onlar qısa bir zamanda ünvana yetişməklə üzərlərinə düşən məsuliyyətin öhdəsindən uğurla gəldilər. Azərbaycan səhiyyəsinə inamımızı bir daha artırmış oldular.  Var olsun həkimlərimiz! Müharibə vaxtı da, sülh vaxtı da insanların dadına yetişirlər. Sağlamlığımız Allahdan sonra onların əlindədir. Demək, həkimlər həm də Allaha ən yaxın, ən doğma insanlardır.  Çünki cismani sağlamlığın keşiyində dayanmaq mənəvi sağlamlığın keşiyində dayanmaq qədər qiymətli və üstündür... Ağ xalatın işığına hər zaman inanmışam və çox sevindim ki, bu dəfə də inamım qırılmadı. 17 saylı Təcili Tibbi Yardım Məntəqəsindən gələn həkimlər qəlbimdə səhiyyəmizə qarşı fərəh hissi oyatdı.

Hüsniyyə Əlizadə