SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Rəşad Məcidlə

  46425   |  
Şriftin ölçüsü  

"Vaxtınızı planlı şəkildə tənzimləyin, faydasını elə özünüz görəcəksiniz”, - müdriklərdən biri belə deyib. Müdriklər bəzən hər kəsin bildiklərini sözə çevirib möhürləyirlər. Amma o da var ki, bu təkrarlar olmasa, özümüzə nəyin faydalı olub-olmadığını da unuduruq. Unutmayanlar, zamanı planla qurub idarə edənlər bu həyatda qazananlardır. Planlı vaxtdan boşuna danışmadım. "Ədalət”in vaxtı”nın bu qonağı ilə görüş təyin edəndə yarızarafat, yarıciddi eşitməyə alışmadığımız vaxt söylədi. Bilirdim ki, məni – vaxtdan, zamandan danışmaq istəyən müxbirin dəqiqliyini yoxlamaq istəyir. Yeri gəlmişkən dediyi vaxtda ordaydım. Üzündəki razılıq təbəssümü söhbətimizin səmimiyyətinə işıq tutdu. Amma əvvəlcə həmsöhbətimi daha yaxından təqdim edim:

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid -  1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1985-ci ildən "Elm və həyat" jurnalında başlayıb. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür. "Hələ ki vaxt var", "10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə", "Çiyələk Qadın" adlı kitabları işıq üzü görüb.

 

...Və Rəşad Məcidin zamanla bağlı fikirləri:

 

"Zaman anlayışı yaşa və işlərin bolluğuna, rəngarəngliyinə görə dəyişir”

 

 - Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

- Yaşımın müxtılif dönəmlərində zaman anlayışı və qavramı fərqli olub. Məsələn, uşaqlıqda mənə 2000-ci il uzaq və əlçatmaz bir dövr kimi görünürdü. Amma 2000-ci il bu gün artıq keçmişdir. İnsan yaşa dolduqca illər, zaman daha da qısalır. Gənc yaşlarda bir il məfhumu mənim üçün uzun bir zaman kəsiyi idisə, son on ildə mənim üçün bir il göz açıb-yumunca keçən bir müddətdir, ildırım sürətlidir. Zaman anlayışı yaşa və işlərin bolluğuna, rəngarəngliyinə görə dəyişir. Bununla bağlı bir rus yazıçısının sözlərini tez-tez sitat gətirirəm. O deyir ki, XXI əsrin adamı bir həftədə XIX əsr rus kəndlisinin 70 illik ömründə gördüyü qədər adam, aldığı qədər informasiya alır. Zaman insan duyğularına, düşüncələrinə xeyli zədələr də vurur. Yəni zamanla dopdolu yaşanmalı hisslər illərin sürətində zədələnir.


- Zamanın sürətindən tez-tez şikayətlənən adamsınız…

- Bəli, şikayətçiyəm… 2015-ci il dünən başlamışdı, artıq bir ay geridə qalır. Göz açıb-yumunca il də bitəcək.


- Zaman və insan: hansı hansını idarə edir?

- Mənə elə gəlir ki, burda qarşılıqlı və qarışıq idarəetmə üsulu var. Elə məqam olur ki, zaman insanı idarə edir. Bəzən insan zamana hakim olur. İndi yaşın elə dönəmidir ki, zamanı daha çox idarə edə bilirik.


- Yəni insan zamana diktə edə bilər…

- Əlbəttə! Mən şəxsən planlı yaşamağı sevirəm. Planlı yaşamaq, əslində, vaxta qənaət etmək deməkdir. Hər hansı bir işi saatına, dəqiqəsinə qədər bölürsən. Məsələn, müasir texnologiyalardan istifadə edib, 6 aydan sonra görəcəyim işi qeyd edirəm, o da vaxtında bunu xatırladır. Bu mənada həm də zamanı idarə edirik.

 

"İstənilən zamandan baş çıxaran adamlar bacarıqlı insanlardır"

 

- Zamanın nəbzini tutmaq asandımı, kimlərə müyəssər olur?

- Azərbaycan qavramında zamanın nəbzini tutmaq deyəndə daha çox işgüzar, fərasətli adamlar kimi anlaşılır. Çünki, qarışıq, dəyişkən zamanlarda özünü itirməmək, zamanın ovqatına uyğunlaşdırmaq, həqiqətən də daha çox dinamik, fərasətli adamların işidir. Mən belə adamlara müsbət yanaşıram. Bu cür soyuqqanlı düşünən, istənilən zamandan baş çıxaran adamlar bacarıqlı insanlardır. Müəyyən bir məqamdan sonra, zaman onların, belə deyək, əlində olur. Zamanı idarə edən, ona diktə edənlər də elə bu cür fərasətli olanlardır.


- Zamanın sizdən aldıqları çox olub, yoxsa sizin zamana verdikləriniz?

- Burda bərabərlik də ola bilər, amma hesab edirəm ki, zaman mənə çox şeylər verib. Bizə elə bir dönəmdə yaşamaq qismət oldu ki, doğulanda böyük imperiyanın tərkibində yaşayırdıq, qapalı bir cəmiyyətdəydik. Amma sonra tamamilə fərqli situasiyalara düşdük: müstəqil olduq, bu yolda itkilər verdik, müharibə gördük. Bizim bu 25 ildə gördüyümüzü başqa dönəmlərdə yaşayan insanlar bəlkə bir ömür görməyiblər. Bu mənada zamanın bizdən aldıqları da çox oldu. Bir çox insan zamanın o ağır diktəsinə uyğunlaşmadı, əzildi. Amma bu proseslərdən salamat çıxmağı bacaran insanlar da oldu. Ona görə düşünürəm ki, məncə zamanla hesabımız bərabərdir.

 

"Zaman insan duyğularını doyunca yaşamağa imkan vermir"


- Bəzi insanlar öz zamanlarında yaşamadıqlarından gileylənirlər. Başqa bir zamanda, dövranda doğulmalı olduqlarını deyirlər. İnsan niyə belə düşünür, niyə öz zamanı ilə dost ola bilmir?

- Düzü, məndə də belə olur. Bəzən zamanın sürətindən şikayətlənirəm, texnologiyanın mənəviyyatı ötdüyündən bezirəm. Yuxarıda dediyim kimi, bu zaman insan duyğularını doyunca yaşamağa imkan vermir. Bəlkə də, yaradıcı adam olduğum üçün emosiyalara daha çox qapılıram, hisslərə, duyğulara daha çox önəm verirəm. Bu emosiyaları da həzm etmək üçün sakit, sabit bir zaman lazımdır.


- Elə isə özünüzü hansı dövranda görmək istərdiniz?

- Hərdən fikirləşirəm ki, kaş XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayardım. Texnologiyanın hələ təzə-təzə yarandığı o sakit, mənəviyyatın hakim olduğu dövrlər… O zamanın kəşfləri də stabil idi. Təyyarələrin, cürbəcür telefonların, internetin olmadığı o zamanın sürəti də elə qatar sürəti kimi idi. Məncə insan fiziologiyasına, qavramına, əslində qatarın sürət tempi daha uyğundur, daha həmahəngdir.

 

"Ötən hər il insana nəsə öyrədir”

 

- Həyatınızda vaxt itkisi çox olub? Ən çox nəyə təəssüflənmisiniz?

- Olub əlbəttə. Ən çox  40 yaşa qədər fikirləşirdim ki, gərək bunu etməzdim, buna yol verməzdim, belə daha uğurlu olardı. Amma vaxt keçdikcə, düşüncələr dəyişir. İndi belə düşünürəm ki, hər bir insanın yaşadığı həyat onun istədiyi həyatdır. Bundan çoxunu istəyirdisə, daha çox çalışardı, əzmkarlıq göstərərdi. Ona görə hesab edirəm ki, bu gün həyatım budursa, deməli bunu arzulamışam, belə olmasını istəmişəm. Belə olduqda da ötən illərdəki vaxt itkisinə artıq təəssüflənmirəm. Çünki ötən hər il, hətta hər bir itki insana nəsə verir, öyrədir.


- Bəs bilərəkdən vaxt "öldürdüyünüz” məqamlar olub?

- Daha çox gənclikdə olub. Son illərdə isə çalışıram zövqlə yaşayım. Bu yaşadıqlarım da yaddaşımda gözəl izlər salsın.



- Bu müsahibə üçün sizinlə görüş təyin edəndə çox qəribə vaxt dediniz: 1-ə 25 dəqiqə qalmış… Adətən biz azərbaycanlılar yuvarlaq rəqəmləri sevirik – ya 1-in yarısı, ya tamamı olar. Bu rəqəm nəydi? Vaxt məsələsində bu qədər dəqiqsiniz?

- Hərdən zarafatla da deyirəm. Hətta bir dəfə - 2012-ci ildə xəbər saytlarından biri məndən Yazıçılar Birliyinin qurultayının nə vaxt keçiriləcəyini soruşmuşdu. Cavab vermişdim ki, 2014-cü il, aprelin 12-də saat 14:35-də keçiriləcək, götürüb elə də yazmışdılar.  Amma o da var ki, zarafat insanın xarakterindən irəli gəlir. Bəli, mən dəqiqliyi, vaxta məsuliyyətlə yanaşmanı sevirəm. Bu cür konkret rəqəmlər deməklə, əslində, qarşı tərəfin də dəqiqliyini, eyni zamanda yumorunu yoxlayıram, onu məsuliyyətə dəvət edirəm.  


- Qazandığınız uğurlarda vaxtı beləcə düzgün dəyərləndirməyinizin, planlı iş görməyinizin rolu varmı?

- Yəqin ki var. Çünki bu, artıq xarakterdi və kənardan baxan insanlar da bu dəqiqliyə üstünlük verirlər. Vaxta məsuliyyətli yanaşmağım güman ki, ətrafdakıların mənə olan düzgün münasibətini formalaşdırır.

 

"İndiki zamanda insanları sükunət darıxdırır”

 

- Vaxtınızı ən çox nə alır və nəyə vaxt sərf edirsiniz?

- Vaxtımı daha çox Yazıçılar Birliyində gənclərlə işə həsr edirəm, həm də bunu dinamik yerinə yetirirəm. Bundan başqa, qəzetin işi də vaxtımı həsr etdiyim işlərin başında gəlir. Əlbəttə, sırada öz yaradıcılığım da var.  Daha çox müxtəlif tədbirlər vaxtımı alır. Bəzən darıxdırıcı, uzun tədbirlər olur ki, fikirləşirəm onun yerinə başqa önəmli işlər görə bilərdim. Amma özüm aparıcısı olduğum tədbirlərdə insanları darıxmağa qoymuram. Çünki, indiki zamanda televiziya, internet vasitəsilə informasiya bolluğunda, müxtəlif texnoloji rəngarənglik içində yaşayan insanları sükunət darıxdırır. Ona görə də, tədbirləri daha canlı, dinamik, bir az yumor hissi ilə aparıram ki, insanlar darıxmasınlar. Konkret olaraq, ürəyimcə olmayan işlərin vaxtımı aldığını düşünürəm. 


- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

- Zövqlə yaşamağa çalışsınlar. Vaxtdan, yaşadığı dövrandan, həyatdan zövq almağı bacarsınlar. Arzularını həyata keçirməyə çalışsınlar. Mənim sonuncu kitablarımdan biri "Dəlicəsinə” adlanır. Onun da ideyası budur ki, bir insan nəyisə dəlicəsinə arzulayırsa, mütləq ona çatır. Əlbəttə ki, bu dəlicəsinə istəkdən başqa zamanın verdiyi imkan və macalın da əhəmiyyəti var. Ona görə də insanlara dəlicəsinə arzulamaq və onları həyata keçirmək üçün Allahdan vaxt, macal verməsini diləyirəm. 


Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa 


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK