SON DƏQİQƏ:

"Ədalət"in vaxtı: Sayman Aruzla

  49625   |  
Şriftin ölçüsü  

İnsanı həyata bağlayan səbəblərdən biri də arzularının arxasınca getmək bacarığıdır.  Dünənin nostalgiyası, sabahın xəyalı insan hafizəsinin, düşüncəsinin qaçılmaz məqamları olsa da, müdrik insan bu arzular naminə bu gününün gerçəkliyini yaşamalıdır, zamanın, təbiətin ona nə demək istədiyini anlamalıdır. Həmsöhbətimin təbiri ilə desək: "Zamandan düz istifadə etməkdənsə, zamanında düz istifadə etmək daha yaxşıdır”. Elə isə "Ədalət”in vaxtı”nın növbəti qonağını tanıyaq:

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, şair Sayman Aruz (Həsənzadə) - 1977-ci il, martın 21-də Cənubi Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və fars dili və ədəbiyyatı fakültəsinə daxil olub.

Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunub. 2001 və 2009-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakida nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq" adında şeir və "Yüz il inqilab" adında roman kitablarının müəllifidir. Dünya Azərbaycanlıları Yazarlar Qurumunun (DAYAQ) təsisçisi və rəhbəridir.

Hazirda Bakıda yaşayır.

 

...Və Sayman Aruzun zaman anlayışı:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Həqiqət budur ki, məkan anlayışı var, zaman anlayışı məkanı dərk etmək üçün yaradılıb. Bir məkandan – A nöqtəsindən B nöqtəsinə olan müəyyən məsafəni başa düşmək üçün zaman anlayışına ehtiyac var. Əslində, zaman anlayışının əhəmiyyəti yoxdur. Məsələn Mövlanə deyir ki, ağcaqanad baharda doğulur, payızda ölür, deməli qışı görmür. Yəni onun ömründə bizim təqvimimiz yarımçıq qalır. Yaxud deyirlər ki, Allah dünyanı 7 günə yaratdı. Amma onun hər bir günü bizim bildiyimiz gün deyil, Allahın dərgahında zaman anlayışı tamamilə fərqlidir...


– Ya da ümumiyyətlə yoxdur...


– Bəli, zaman anlayışı insanlar üçün yaradılıb ki, gününü, işini qura bilsin, qarışıqlıq olmasın. Arif insan laməkan olduğu kimi, lazaman olar.

 

nsan zamanı öz həyatını tənzimləmək üçün yaradıb”

 

– Zamanı insan yaradıbsa, onu idarə edən, ona diktə edən də özüdür?

– Əslində insan zamanı öz həyatını nizama salıb, tənzimləmək üçün yaradıb. Amma əksinə oldu, insan özü zamanın əsirinə çevrildi. Sanki biz robot yaratmışıq ki, ev işlərində kömək etsin, amma özümüz robotun nökərinə çevrilmişik. Onu gah təmir edirik, yağlayırıq, qoruyuruq, təmiz saxlayırıq... 


– Elə insanlar var ki, onlar dediyiniz kimi lazamandırlar, bəziləri zamanına uyğun deyillər, ən azından özləri belə hesab edir. Hər halda razılaşaq ki, belə insanlar var – onların bu zamana aid olmadığını anlayırsan. Bu nədən qaynaqlanır?

– İnsan təbiətin bir hissəsidir. Zamanın mənası yoxdur, sadəcə, onun təkamül tərəfini seyr etməyin mənası var. İnsan öz təkamülünü axtarır. İnsanın beynindəki zaman anlayışı, kobud desək, təbiətin vecinə deyil, o, öz axarı ilə gedir. Təbiətdə isə müxtəlif zamanlar və məkanlar var – paralel zamanlar. Bu artıq sübut olunub ki, paralel zamanlar bir-birinin yanında öz tepmi ilə hərəkət edirlər. Bəzi Quran təfsirçiləri belə deyirlər ki, insan dua edərkən əgər ürəkdən, səmimi şəkildə edirsə, o dua dünyanın yaranmamış vaxtına qayıdır. Əgər insanın duası təbiətin mütləq şüuru ilə harmoniya yaradırsa, dünyadan öncəyə gedib çıxan bu duaya nəzərən Allah insanın gələcəyini yazır. İnsan müxtəlif vaxtlarda, müxtəlif dövranlara hərəkət edə bilər. Ruh və cism anlayışı var. Məsələn, Mövlanə deyir ki, ürək insanı ariflərin məkanına, can isə torpaqla suyun həbsinə çəkib aparar. Ruh zamanda həll olub onun bir hissəsinə çevrilir və müxtəlif zamanlarda çox rahat hərəkət edə bilir.

 

"Cismim bu zəmamənindir, ruhumsa başqa”

 

– Bəs siz necə, öz zamanınızdasız?

– Yox, mən hərdən Şəmsi Təbrizinin, Mövlanənin, Əttarın zamanına qayıdıram.


– Bu, yaradıcılıqla əlaqədardır, yoxsa özünüzü məhz o zamanda görmək istəyirsiz?

– Bu, ruhumun azadlığıdır. Ruhumla cismim heç vaxt uyğun gəlməyib. Cismim bu zəmamənindir, ruhumsa başqa. Həzrət Əli və onunla yanaşı bir çox müdriklər belə deyblər ki, insanlar öz zamanlarına bənzəyirlər, zəmanəsinin övladı olurlar. Belə baxanda, zamanla uyğunlaşırıq ki, ictimai işimizi, yaradıcılığımızı, şəxsi həyatımızı qura bilirik. Sadəcə olaraq, ruhu zəncirləmək, onun boynuna ip salıb idarə etmək olmur. O, onsuz da istədiyi yerə gedəcək. Amma cism ona yoldaş ola bilmədiyi üçün ziddiyət yaranır. Cism əziyyət çəkir, qocalır, ruh isə cavan qalır. Ruh həmişə hərəkətdədir, keçmişə, gələcəyə merac edir. Biz bir hədəfə baxırıq, özümüzə bu gün lazım olanı ondan götürürük, amma hədəflə bağlı digər məlumatları yaddaş arxivləşdirir, başqa vaxt lazım olanda istifadə edir. Yer Kürəsi, insan, hüceyrələr – hamısı hərəkətdədir. İnsan hüceyrələrinin titrəyişindən bir dalğa gəlir gözə. O dalğa bizim gözümüzün dərk edə biləcəyi dalğadır, onun hüdudlarından kənar olsa, hədəfi görməyəcəyik. Balıqların, qarışqaların da səsləri var, amma biz eşitmirik, çünki qulağımız bunun üçün nəzərdə tutulmayıb, necə ki, itlərin hiss etdiyi qoxunu hiss edə bilmirik. Yəni biz görmürük, duymuruq, amma o demək deyil ki, bu yoxdur. Biz özümüzü tanımırıq, öz ruhumuza, bədənimizə əmr edə bilmirik, qafilik. Öncə özümüzü tanımalıyıq.


– Amma insan özünü tanımadan zamana diktə eləmək istəyir... Elə isə zamana diktə edənlər kimlərdir – seçilmişlər?

– Təxminən 10 il bundan öncə belə bir yuxu gördüm ki, Bakıya gəlmişəm, məşhur adam olmuşam. Bu gün o yuxuda gördüklərimi yaşayıram. Sanki kimsə mənim beynimə gecəykən yerləşdirdi ki, sən seçilmiş birisən. Deməyim odur ki, insanlar müəyyən bir yerdə artıq seçilirlər. İnsanın təbiətlə münasibəti o həddə çatandan sonra təbiət insanı özü seçir, bəzən məcbur edir. Bəlkə də elə alın yazısı budur, insanlar onun izahını verə bilmirlər, ya da zaman və məkan anlayışını "sındırandan” sonra anlayacaqlar...


– Şeirlərinizdə zamanı əks etdirmisizmi? Yəni insan və zaman münasibəti varmı?

– Yox, buna cəhd etməmişəm. Şeirlərim daha çox Güney Azərbaycanın milli oyanış hərəkatına həsr olunub. Şovinizmə olan etirazlarımı əks etdirmişəm. Bütövlüyə can atan hissələrin oyanışı, mübarizəsindən yazmışam. Hətta sevgidən yazanda belə orada bir asilik hiss olunub. Çünki üsyankar olmasan, tələb yaranmaz. Nəyinsə gərək əksinə gedəsən, ziddiyətlərin məhsulu daha gözəl olur. Mövlanə deyir, gecə gündüzün əksidir, amma ikisi bir yerdə həyatı yaradır. Necə ki, soyuq və isti, şirin və acı ziddir, amma həyatın dadıdır. Həmçinin, şeirlərimdə irfani və fəlsəfi anlamlar da var. Onlara gərək dərindən varasan, çünki başa düşmək bir az çətindir. Şimali Azərbaycanda şeirlər nisbətən sadə yazılır, oxuyan kimi anlaşılır. Mən də bəzən kodlardan, simvollardan istifadə edirəm.


– Yəni anlayana...

– Doğrudan da elədir. Mən belə dərin mənalı şeirlərin tərəfdarıyam.


– Bəs anlamayanlar? Onları nəzərə almırsız? Şimallılar üçün bir az sadə yazmaq istəməmisiz?

– Düşünmüşəm ki, az olsun, öz olsun. Bir müəllif hamının sevimlisi ola bilməz, hamı üçün yaza bilməz. Peyğəmbərlər dahi idi, müdrik idi, amma hər kəsin peyğəmbəri deyildilər, onları istəməyənlər də vardı. Yazı var ki, müəllifi nə qədər sağdı, oxunur. Yazı da var ki, zamansızdır, bütün dövrlərdə ona müraciət olunur. Şair gərək oxucunu düşündürsün, onu axtarışa vadar etsin, oxuduğunun mənasını tapmağa çalışsın. Yazı ölməzlik qazanmalıdır, ona əsrlər sonra da müraciət olunmalıdır. Yaşayarkən unudulmuşlar var, amma minillər qabaq cismani ölənlərsə bu gün əsərləri ilə yaşayır.

 

"Zamandan şikayət etməyə haqqım yoxdur”

 

-  Zamanın sizdən aldıqları çox olub, yoxsa verdikləri?

- Düzü, zamanı elə də mühakimə etməmişəm. Amma düşünürəm ki, zaman mənimlə ədalətli davranıb. Məndən çox şeylər alıb – istər mənəvi, istərsə də cismani olaraq, əvəzində çox şeylər də verib. Zaman sevdiklərimi, ailəmi, uşaqlığımı aldı. Ancaq bunun müqabilində mənə bu günümü – yeni ailə, şöhrət, dostlar verdi. Ona görə də zamandan şikayət etməyə haqqım yoxdur.


- Keçmişlə bağlı təəssüfləriniz olurmu?

- İnsan həyatında ümumiyyətlə, keçmişlə bağlı təəssüflər çox olur. Təbii ki, məndə də, olub. Amma həqiqət budur ki, insan öz səhvlərinin məhsuludur. Elm də çoxsaylı təcrübə və sınaqlar əsasında yaranır. Bəlkə də həyatımdakı o səhvləri etməsəydim, indiki yerimdə olmazdım. İnsanı püxtələşdirən elə səhvləridir. Daşı su o tərəf-bu tərəfə çırpıb cilalayır.


- Yaradıcı adamlar, adətən vaxt qrafiki ilə yaşamırlar...

- Doğrudur, xoşbəxtlikdən Yazıçılar Birliyində sərbəst mühitdir, rəhbərlik bu baxımdan işçilərə şərait yarasıb.  Amma öz gələcək planlarımla bağlı düşünürəm, onu həyata keçirməyə çalışıram. Fəaliyyətimlə əlaqədar mənim müxtəlif görüşlərim, tədbirlərim var və bunlara çox məsuliyyətli yanaşıram. Amma bütün bunlar mənim ruhi sərbəstliyimi əlimdən almır, çünki o planlar elə mənim ruhuma görədir, sevdiyim işlərdir.


- Vaxtınızı ən çox nəyə həsr edirsiz?

- Düşünməyə. Fikirləşirəm, çək-çevir edirəm... Gələcəyimlə, yaradıcılığımla bağlı, bəzən fəlsəfi mövzular məni düşündürür. Hərdən hansısa şeiri, qəzəli o qədər düşünürəm ki, harda, hansı zamanda olduğumu da unuduram. Daxilimdə bu proses çox ciddi şəkildə gedir, içimdə böyük axtarış var. Mövlanə şeirə kəşf və şühud deyirdi. Yəni sən nəyisə axtarırsansa, ona da şahid olursan. Həyat da belədir, öz içində axtarmasan, özünü kəşf etməsən, həyatı dərk etməzsən. İnsan həyatı bir dairədir. Durduğun yer həm başlanğıc, həm də sondur.

 

"Zamandan düz istifadə etməkdənsə, zamanında düz istifadə etmək daha yaxşıdır”

 

- Vaxtla bağlı insanlara nə tövsiyə edərdiz?

- Özlərini vaxtın əsiri etməsinlər. İnsan çox məsuliyyətli ola bilər, hər şeyi vaxtında edər, amma həyatda heç bir təsiri olmaz. Nə qədər alimimiz var, amma onlardan nə qədəri dünyada öz sözünü deyə bilir?! Deməli zamandan düz istifadə etməkdənsə, zamanında düz istifadə etmək daha yaxşıdır. Bəxt insanın qapısını bir dəfə döyər, xoş o adama ki, qapını vaxtında aça bilir. Təbiətin öz qanunları var, onun üçün sənin nəyi saat neçədə etməyin əhəmiyyətsizdir, o öz bildiyini edəcək. Təbiət sənin ümumilikdə nə etdiyinə baxır, ona görə səni qiymətləndirir. İnsan özü özünə daha düzgün qiymət verə bilər, bir şərtlə ki mərifət sahibi olsun, dərk etsin.

Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.  


Şəfiqə Şəfa

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK